Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətini əks etdirən humanistliyin daha bir nümunəsi

 

İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin inkişafı, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Avropa və dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir.

 

Dövlət başçımızın 26 may 2011-ci il tarixli "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətini əks etdirən daha bir humanist addımdır.

Azərbaycanda insan hüquq və azadlıqlarının əsaslı şəkildə müdafiəsinin, insanların öz fikirlərini sərbəst ifadə etmələrinin təməli ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra qoyuldu. Ulu öndər bu sahədə qətiyyətli addımlar atdı. 1993-cü ildə ölüm hökmünün icrası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tam ləğv olunmasını xüsusi qeyd etmək lazımdır. Ölüm hökmünün ləğvi ilə ulu öndər bir daha təsdiqlədi ki, Azərbaycanda insanların hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.

Bununla yanaşı, ölkəmizin demokratik prinsiplərə sadiqliyi də beynəlxalq aləmdə öz təsdiqini tapdı. Çünki ölüm cəzasının ləğv edilməsi nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı şəkildə əksini tapmışdır. Bu cəzanın ləğvi, nüfuzlu qurumun insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Ulu öndərin insan hüquq və azadlıqlarının qorunması istiqamətində ölkəmizdə həyata keçirdiyi tədbirlər bu dəyərləri özündə yüksək səviyyədə əks etdirmişdir.

Bütün siyasi fəaliyyəti humanizm prinsiplərinə əsaslanan ümummilli lider Heydər Əliyev 1995-ci ildə Azərbaycanda əfv və amnistiya institutunu təsis etdi. Ulu öndərin imzaladığı əfv sərəncamları ən müxtəlif təbəqələrini əhatə edirdi. Bu sərəncamları qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verdi. Qüdrətli şəxsiyyət böyük humanistlik göstərərək imzaladığı əfv fərmanları ilə hətta 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların bir qismini bağışladı.

Ümumiyyətlə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv sərəncamı qəbul edildi. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən, 3 mindən çox şəxs isə bağışlanaraq cəzadan azad edilib.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş humanizm ənənələri bu gün də yüksək səviyyədə davam etdirilir. Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin humanizm prinsipləri, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların dövlət başçısına olan inamını daha da artırıb. Artıq Azərbaycan humanizm prinsiplərinə sədaqətli olan demokratik ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanıb.

Prezident İlham Əliyev 7 il ərzində 16 əfv sərəncamı imzalayıb. 2010-cu il dekabrın 29-da imzalanan sərəncam sayca 48-ci əfv sərəncamı idi. Qeyd etdiyimiz kimi, bu sərəncamların 32-si ulu öndər Heydər Əliyev tərəfindən imzalanmışdır.

Ölkə Prezidenti İlham Əliyevin 2010-cu il dekabrın 29-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı 92 nəfər məhkuma şamil edilib. Ümumiyyətlə Prezidentin imzaladığı əfv sərəncamları ilə 2500-dən çox məhkum cəzasının çəkilməmiş hissəsindən tam və yaxud qismən azad edilib.

Ümummilli lider Heydər Əliyevin humanist prinsiplərinin davam etdirilməsi istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın atdığı qətiyyətli addımlar da xüsusilə qeyd edilməlidir. M. Əliyevanın təşəbbüsü ilə 2007-ci il mayın 8-də Milli Məclis "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar qəbul etdi. Ulu öndərin anadan olmasının 84 illiyi ilə əlaqədar amnistiya qərarından 9 min 877 məhkum bəhrələnmişdir. Mehriban xanım Əliyeva Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək demişdir: "Hər bir aministiya humanizm ideyasının qələbəsidir. İndi həyat hər şeydən üstündür. Hər bir insan layiqli həyat sürmək hüququna malikdir və amnistiya aktını qəbul edərkən biz insanlara öz səhvlərini anlamaqda, cəmiyyətə qayıtmaqda və düzgün yol seçməkdə kömək etmiş oluruq. Mərhəmət, bağışlama və rəhmlilik - ən yüksək insani keyfiyyətlərdir".

Bütün bunlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir.

Bu günlərdə Prezident İlham Əliyev insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində daha bir yüksək humanizm nümayiş etdirmişdir. Ümumiyyətlə, Azərbaycanda bütün bayramların hər ailədə yüksək səviyyədə, xoş əhval-ruhiyyədə keçirilməsi üçün dövlət başçısı tərəfindən mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. Artıq xalqımız buna adət edib. Respublika Günü ərəfəsində Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalaması ölkədə həyata keçirilən humanizm prinsiplərinin davamı oldu. Ümumilikdə 90 nəfər şəxsə tətbiq edilmiş bu əfv fərmanı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərdən 70-i cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, məhbusların 2-sinin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş məhbuslardan 10-u cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, islah işləri cəzasına məhkum edilmiş şəxslərdən 2-si cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş şəxslərdən isə 6-sı cəzadan azad edilmişdir.

Göründüyü kimi, Respublika Gününün təntənəli şəkildə qeyd edildiyi bir vaxtda 90 ailəyə hədsiz sevinc bəxş edilmişdir.

Prezident İlham Əliyevin bu humanist addımı həm azadlığa çıxanlar, həm də cəzaları azaldılan şəxslər, onların ailə üzvləri, valideynləri, yaxınları tərəfindən böyük sevinclə qarşılanmışdır. Bu qətiyyətli addımı ilə möhtərəm Prezidentimiz bir daha təsdiqlədi ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin daim diqqət mərkəzində saxladığı zəruri məsələlərdəndir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 28 may.- S. 4.