Nizami rayonunda cari ilin doqquz ayının yekunları təhlil olunmuşdur

 

Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə tər gül dəstələri düzdülər. Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu.

 

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2011-ci ilin ötən doqquz ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunları ilə bağlı məruzə etdi. Natiq ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ilin ötən dövründə ölkəmizdə ümumi inkişafın davam etdiyini diqqətə çatdırdı. Azərbaycanda sosial-iqtisadi sahələrdə həyata keçirilən bütün islahatların əsas məqsədinin vətəndaşların rifahının yaxşılaşdırılmasına yönəldiyini vurğulayan məruzəçi ümumi inkişafı xarakterizə edən makroiqtisadi göstəricilərin getdikcə yaxşılaşdığını və bunun Azərbaycanı regionun lider dövlətinə çevrilməsinə imkan yaratdığını bildirdi. 2011-ci ilin ötən dövrünü Azərbaycan Respublikası üçün kifayət qədər uğurlu və yüksək nailiyyətlərlə zəngin bir dövr olduğunu qeyd edən natiq dedi ki, oktyabr ayının 24-də Prezident Sarayında dövlət başçısı cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında son illər ərzində ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirilmişdir. Belə ki, Prezident İlham Əliyev statistik göstəricilər əsasında Azərbaycanda sosial vəziyyətin, sənaye istehsalının, özəl bölmənin, qeyri-neft bölməsinin, o cümlədən kənd təsərrüfatının və digər bütün sahələr üzrə istehsalın yüksəlməsini və inkişafını təhlil edərək cari ilin yanvar-sentyabr ayları ərzində ölkədə ümumi daxili məhsulun 0,5 faiz artdığını, qeyri-neft sektorunda 8,2 faiz, qeyri-neft sənayesində isə 9,2 faizlik inkişafın baş verdiyini bildirmişdir. Dövlət başçısı ölkədə sosial proqramların uğurla icra olunduğunu vurğulayaraq 2011-ci ilin doqquz ayında makroiqtisadi vəziyyətin də sabit qaldığını diqqətə çatdırmışdır.

Ölkəmizin dinamik inkişafının təmin olunmasında Nizami rayonunun da yaxından iştirak etdiyini vurğulayan məruzəçi bildirdi ki, cari ilin doqquz ayında rayonun iqtisadi göstəricilərində xeyli artım müşahidə olunmuş, sənaye məhsulunun və bu sahədə göstərilən xidmətlərin həcmi 296 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründə istehsal olunan məhsullardan 16,6 faiz çoxdur. İstehsal olunmuş ümumi məhsulun 30,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Qeyd olundu ki, rayon üzrə ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-metal mineral maddələrin istehsalı 50 faiz, elektrik enerjisi istehsalı və qazın bölüşdürülməsi 22,7 faiz, süd məhsulları istehsalı 25,3 faiz, qaröıdalı yağı istehsalı 16,9 faiz, spirtli içkilərin istehsalı 35,1 faiz, beton, gips və sement məmulatları istehsalı 87 faiz artmışdır. Bu artımda rayon ərazisində fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Neftqaztikinti" Tresti, "NJT-2000" firması, "Kaspi Yıldız" MMC, "Bakı Yağ Qida Sənaye" ASC, "Körpü Tunel" ASC, "Azərtunelmetrotikinti" SC-nin DBK zavodu, "Ulduz" fabriki, "Zəhmət Ruzi" ASC və digər müəssisələr müstəsna rol oynamışlar.

Natiq bildirdi ki, hesabat dövründə rayonun tikinti təşkilatları öz gücləri ilə 246,1 milyon manatlıq podrat işləri görmüşlər ki, bu da ötən ilin müvafiq dövründəkindən 43,7 faiz coxdur. Tikinti sahəsində görülmüş işlərin 216 milyon manatı yeni tikinti, yenidənqurma və genişləndirmə işlərinə sərf olunmuşdur. Cari ilin doqquz ayında rayon iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 73,5 milyon manat həcmində investisiya yönəldildiyini diqqətə çatdıran natiq qeyd etdi ki, həmin vəsaitin 44,1 milyon manatı və ya 60 fazi dövlət, 29,4 milyon manatı və ya 40 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. İlin ötən doqquz ayı ərzində istifadə edilmiş investisiyaların 56,8 milyon manatı və ya 77,3 faizi istehsal təyinatlı obyektlərin tikintisinə sərf olunmuşdur ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 62,8 faiz çoxdur.

İlin ötən doqquz ayı ərzində rayon üzrə rabitə xidmətləri sahəsində 52,3 faiz, nəqliyyat üzrə isə 56,4 faiz artım əldə olunduğunu diqqətə çatdıran məruzəçi bildirdi ki, hesabat dövründə əmtəə dövriyyəsi və pullu xidmət göstəriciləri də xeyli artmış, onun həcmi 952,1 milyon manat təşkil etmişdir. Cari ilin doqquz ayında əhaliyə 182,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 0,6 faiz çox pullu xidmətlər göstərilmişdir. 2011-ci ilin doqquz ayında bir sıra ticarət mərkəzləri və iaşə xidməti obyektlərinin də istifadəyə verildiyini bildirən natiq hesabat dövründə özəl sektorun inkişafı nəticəsində rayonda 1331 yeni iş yerinin açıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, bütövlükdə isə 2003-cü ildən indiyədək rayon üzrə 17794 yeni iş yeri açılmışdır ki, onun da 17701-i daimidir. Cari ilin yanvar-avqust aylarında rayon üzrə orta aylıq əmək haqqının ötən ilin müvafiq dövrünə nisbətən 18,9 faiz artaraq 396,5 min manat təşkil etdiyini diqqətə çatdıran məruzəçi rayonda həyata keçirilən tədbirlərin sosial sahədə müsbət dəyişikliklərin təmin etdiyini bildirdi. Qeyd olundu ki, hazırda rayon üzrə 2157 ailə ünvanlı sosial yardım alır. Bundan əlavə, rayonda pensiya və müavinətlər də vaxlı-vaxtında verilir, sakinlərin işlə təminatı daim diqqət mərkəzində saxlanılır.

2011-ci ilin ötən dövrü ərzində rayonun elektrik enerjisi, istilik və qaz təchizatı sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verən İ.Mehdiyev qeyd etdi ki, hesabat dövründə ayrı-ayrı yerlərdə yeni transformatorlar quraşdırılmış, istismara yararsız kabel xətləri dəyişdirilmiş, 52400 abonentin elektrik sayğacları yenisi ilə əvəz edilmişdir. Bununla yanaşı, Keşlə qəsəbəsinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 2126 paqonometr uzunluğunda müxtəlif diametrli məhəllədaxili qaz xətti çəkilmiş, 7304 ədəd mexaniki qaz sayğacı "smart-kart" tipli sayğacla əvəz olunmuş, həmçinin 15 ədəd tənzimləyici dəyişdirilmişdir. Hesabat dövründə mənzillərin istiliklə təchiz edilməsi üçün lazımi tədbirlər həyata keçirilmiş, su və kanalizasiya təsərrüfatında mühüm işlər görülmüşdür.

İ.Mehdiyev 2011-ci ilin ötən dövrünü rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üçün də yüksək nailiyyətlərlə zəngin olduğunu diqqətə çatdırdı, bu sahədə əldə olunmuş uğurları sadaladı.

Tədbirdə çıxış edən digər natiqlər 2011-ci ilin doqquz ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosial və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar, Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğuladılar.

Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi. Bütün bu məsələlərin iclasın qərar layihəsində öz əksini tapacağı vurğulandı. Yığıncağın sonunda iclasın qərar layihəsi oxundu.

Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak edirdilər.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 2 noyabr.- S. 5.