Ədəbi şəxsiyyət və məfkurəvi ucalıq

 

Abbas Zamanovu kimlər tanıyır? Bu sadə suala ümumi şəkildə belə cavab vermək olar: elm və təhsil işçiləri, digər peşələrin aparıcı simaları, vətəndaşlıq keyfiyyətləri ilə seçilən ziyalılar, sayı-hesabı bilinməyən tələbələr! Sadaladığımız bu auditoriyanı konkretləşdirmək və statistik rəqəmlərlə uyğunlaşdırmaq, sadəcə olaraq, imkan xaricindədir. Çünki onları bir yerə yığıb-yığışdırmaq son dərəcə çətin və mürəkkəbdir. Abbas müəllimi onu tanıyanların hər birinə ayrıca bir obraz kimi də təqdim etmək mümkün deyil. Çünki Abbas Zamanov onu kənardan tanıyanlar üçün qeyri-adi bir sima, yaxından və yaxşı tanıyanlar üçün isə ədəbi-tarixi bir şəxsiyyətdir!

 

Abbas Zamanovu kimlər tanımır? Bu sadə suala ümumi şəkildə belə cavab vermək olar: elm və təhsil sistemində çalışmayanlar, vətəndaşlıq keyfiyyətinin nə olduğunu başa düşməyənlər, yaxud bilə-bilə anlamaq istəməyənlər və bir də ədəbiyyatdan, sənətdən peşə baxımdan uzaq olub ədəbiyyat və sənətlə heç zaman maraqlanmayanlar. Abbas müəllimi tanıyanlarla müqayisədə onu tanımayanların siyahısını adbaad tərtib etmək asandır. Çünki, Abbas Zamanovu tanımayanların, onun adını bir dəfə olsun belə eşitməyənlərin sayı o qədər də çox deyil.

Bəs nə üçün Abbas Zamanovun şəxsiyyətinə onu tanıyanlar və tanımayanlar mövqeyindən yanaşırıq? Bunun zəruriliyini şərtləndirən nədir? Bizcə, Abbas Zamanovun şəxsiyyətinə olan ehtiyac!

Abbas Zamanovun çap olunmuş elmi monoqrafiyalarının sırası qısadır: "Əməl dostları" (1979), "Sabir bu gün" (1985), "Sabir və müasirləri" (1973), "Sabir gülür" (1981). Elmi məqalələrinin sayı isə yüzlərlədir. Bu məqalələr M.F.Axundova, C.Məmmədquluzadəyə, Ə.Haqverdiyevə, H.Cavidə, A.Şaiqə, A.Səhhətə, A.Divanbəyoğluna, S.M.Qənizadəyə, S.S.Axundova, R.Əfəndiyevə, C.Cabbarlıya, M.Müşfiqə, S.Vurğuna, M.Rahimə, R.Rzayabaşqa sənətkarlara həsr edilmişdir. Həmin məqalələrin hər biri aid olduğu yazıçı və şairin yaradıcılıq xüsusiyyətlərinin öyrənilməsi baxımından həmişə diqqət və maraq doğurmuşdur. Ədəbiyyatşünaslığımızda sayılıb-seçilən məqalələr yazmaq, dərin tədqiqatlar aparmaq missiyası, əslində, Abbaz Zamanovun ilk fundamental tədqiqatından başlayır.

Söhbət ondan gedir ki, Abbas Zamanovun ötən əsrin 60-cı illərində namizədlik dissertasiyası kimi yazdığı "M.Ə.Sabir və müasirləri" elmi işi birbaşa doktorluq dissertasiyası səviyyəsində qəbul edilmişdir. Təkcə bunu demək kifayətdir ki, Abbas müəllimin dissertasiyasının istinad qaynaqları XX əsrin əvvəllərinə aid mətbuatdan götürülmüş ədəbi faktların qeyri-adi şəbəkəsinə bənzəyirdi. Tədqiqatçı alim hər hansı məsələnin sübutu üçün bir deyil, beş deyil, onlarla əsas və dəlil gətirirdi. Beləliklə, Abbas Zamanov "M.Ə.Sabir və müasirləri" əsəri ilə bir tərəfdən Azərbaycan ədəbi-elmi fikrini böyük vətəndaş şair M.Ə.Sabir barədə olan və həmin vaxta qədər üzə çıxmayan həqiqətlərlə tanış etdi, digər tərəfdən də ədəbiyyat tarixçiliyinə aid yeni tədqiqatların yönünü və istiqamətini müəyyənləşdirdi.

Abbas Zamanovun elmi yaradıcılıq yolunu Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadədən ayrı təsəvvür etmək mümkün deyil. Bəlkə, belə demək olar ki, Mirzə Cəlil və Sabir yaradıcılığının bugünkü tədqiqatçıya və oxucuya bu qədər aydın və anlaşıqlı formada çatması üçün müasir ədəbiyyatşünaslıq məhz Abbas Zamanova borcludur. Abbas müəllim həm Mirzə Cəlil və Sabirin yaradıcılıq problemlərini araşdırmış, həm də onların ədəbi-bədii təsir dairəsinin coğrafiyasını müəyyənləşdirmişdir. Həm Mirzə Cəlil və Sabirin öz zamanında aldığı müəyyən müsbət qiyməti təbii bir hal kimi ortaya qoymuş, həm də elə o vaxtlar onları layiqincə dəyərləndirə bilməyən ədəbi tənqidi fikrin gücsüzlüyünün səbəblərini göstərmişdir. Həm Mirzə Cəlil və Sabirin müasirlərinin portretlərini cızaraq, müasirləri ilə onların münasibətlərinin tam mənzərəsini yaratmış, həm də bir mətnşünas alim kimi Mirzə Cəlil və Sabir haqqında olan xatirələri toplayaraq çap etdirmiş, bu xatirələrin yeni nəsillərin yaddaşına köçməsinə və yenidən tədqiqinə nail olmuşdur.

Mirzə Cəlilin özü ilə Sabir arasındakı münasibətlərə gəldikdə isə Abbas Zamanovun bu sətirlərin müəllifi ilə müştərək şəkildə tərtib etdiyi "Mollanəsrəddinçi şairlər" kitabı onların vahid mənbədən qidalanıb vahid bir ideya uğrunda çalışmalarının bariz nümunəsidir. "Mollanəsrəddinçi şairlər" kitabı Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər SabirinSabir davamçılarının birliyinin nümayişidirçox doğru olaraq Abbas müəllim onları "bir yolun yolçuları" kimi səciyyələndirirdi.

Bütün bunlarla yanaşı, professor Abbas Zamanov üçün Mirzə Cəlil və Sabir bir-biri ilə yaradıcılıq əlaqələri quran sənətkarlardan daha çox, əməl dostları idi. Bəlkə də, "əməl dostları" anlayışı bizim ədəbi-elmi fikrə ilk dəfə Abbas Zamanovun qələmindən süzülüb gəlib. Yaxud da "əməl dostları" anlayışı məhz Abbas Zamanovun qələmindən çıxandan sonra bu qədər aktuallaşıb və vətəndaşlıq mövqeyinə çevrilib.

Təsadüfi deyil ki, Abbas müəllimin özünün də əməl dostları var idi. Bakıda Qulam Məmmədli, Naxçıvanda Yavuz Axundlu, Moskvada Əziz Şərif, Almaniyada Əhməd Şmide, Londonda Qulamrza Səbri Təbrizi, Türkiyədə Yavuz Akpinar, İranda Cavad Heyət və Fərzanə, İraqda Əbdüllətif Bəndəroğlu... Bu siyahını genişləndirmədən də, demək olar ki, Abbas müəllimin dostlarının coğrafiyası böyük bir ərazini əhatə edir və Şərqdən Qərbə, Şimaldan Cənuba uzanırdı. Həmin mötəbər insanların adlarını təsadüfən xatırlamıram. Düşünürəm və öz-özümə sual verirəm: həmin əməl dostları olmasaydı, Abbas müəlimin həyatı və ömür yolu necə olardı? Əlbəttə, mən Abbas müəllimin həyat səlnaməsini dostlarından kənarda, onlardan təcrid olunmuş şəkildə təsəvvür etməmişəm və heç vaxt da təsəvvür edə bilmərəm. Abbas Zamanovla onun dostları arasındakı qırılmaz və möhkəm dostluq telləri arxasında böyük vətəndaşlıq amalı mürgüləyirdi.

Abbas Zamanov bütün ömrü boyu müəyyən fasilələrlə müxtəlif vəzifələrdə çalışmışdır. Həmçinin ötən əsrin 70-ci illərində Bakı Dövlət Universitetində Azərbaycan sovet ədəbiyyatı kafedrasının müdiri olmuş və 80-ci illərdə universitetdə professor kimi fəaliyyət göstərmişdir. Abbas müəllim kafedra müdiri olduğu zamanlar bir pedaqoq olaraq ali məktəb müəllimləri içərisində analoqu olmayan addım atdı. Konkret olaraq diplom rəhbəri olduğu və gələcəklərinə inandığı tələbələr haqqında respublika mətbuatında məqalələrlə çıxış etdi və belə bir ənənənin başlanğıcını qoydu. Abbas müəllim deyirdi ki, hərgah qabaqcıl bir pambıqçı, üzümçü, tütünçü, sağıcı və s. barədə oçerklər yazıb qəzet və jurnallarda çap etdirmək mümkündürsə, nə üçün millətimizin gələcəyi olan və millətimizi gələcəkdə ziyalı kimi təmsil etməyə qüdrəti çatan bu gənc insanlar haqqında məqalələr yazılmasın? Məntiqi nəticədir ki, Abbas müəlimin o vaxtlar haqqında məqalə yazdığı tələbələrin əksəriyyəti indi elmlər namizədi, elmlər doktoru, professor, şair, yazıçı və publisistdirlər. Belə bir təşəbbüs və addım Abbas Zamanovun nə qədər uzaqgörən bir düşüncəyə malik şəxsiyyət olduğunu tam təsdiq edir.

Abbas Zamanov kafedra müdiri kimi də Azərbaycan ali məktəbləri sistemində analoqu olmayan başqa bir addım atdı. Təsəvvür edin ki, yaşı o qədər də ötməmiş bu mötəbər şəxsiyyət kafedra müdiri seçilməyəcəyi barədə şayiələrin üstündən keçərək yenidən Azərbaycan sovet ədəbiyyatı kafedrasına müdir seçildi. Amma bizim analoqu olmayan hadisə kimi qələmə verdiyimiz fakt yenidən kafedra müdiri olmaq faktı deyil. Məsələ burasındadır ki, kafedra müdiri seçiləndən bir gün sonra başqa bir qeyri-adi hadisə baş verdi. Abbas müəllim bütün kafedra üzvlərini öz həmkarlarını bir araya toplayıb könüllü şəkildə yeni seçildiyi kafedra müdiri vəzifəsini tələbəsi, professor Cəlal Abdullayevə həvalə etdi. Bu, Azərbaycan təhsil sistemində o vaxta qədər görünməmiş və bundan sonra da heç vaxt görünməyəcək bir addım - fövqəladə hadisə idi.

Abbas Zamanov Azərbaycan Dövlət Filarmoniyasının, M.F.Axundov adına OperaBalet teatrının və Nizami adına Ədəbiyyat Muzeyinin direktoru vəzifələrində də çalışıb. İlk baxışda adama qəribə gələ bilər ki, bir-birindən fərqli olan bu müəssisələrə eyni bir şəxs necə rəhbərlik edib? Amma Abbas müəllimi yaxşı tanıyanlar üçün burada qəribə olan heç bir şey yoxdur. Doğrudur, Abbas Zamanovun ixtisası baxımından onlar - muzey, filarmoniya, opera bir-birindən fərqli idi, amma Abbas müəllimin mənəvi irsi dəyərləndirmək və təbliğ etmək missiyası baxımından ədəbiyyatla musiqi, muzey eksponatı ilə mahnı, şair və yazıçı ilə xanəndə eyni funksiyanın daşıyıcılarıdır. O, ədəbiyyata və muzey eksponatına, musiqiyə və mahnıya milli-mənəvi irsimizin nümunələri kimi baxırdı, həm ədəbiyyat, həm də sənət adamının xalq qarşısındakı xidmətlərinin bərabərliyinə və böyüklüyünə inanırdı.

Abbas Zamanovun xalqımızın kitab mədəniyyəti, milli kitabın təbliği, Azərbaycan şair və yazıçılarının xarici ölkələrdə tanınması üçüneyni zamanda xaricdə yaşayan azərbaycanlıların milli şüurunun inkişafı və milli birlik ideyaları ətrafında savadlanması naminə nə qədər böyük və təmənnasız işlər gördüyü onun müasirlərinin yaxşı yadındadır və bu qeyri-adi həm də Abbas müəllimi öz müasirlərindən fərqləndirən cəhətdir. Abbas Zamanov Azərbaycan yazarları ilə xüsusən Türkiyə və İranda yaşayıb-yaradan ziyalılar arasında, sözün həqiqi mənasında, əlaqələndirici mərkəz idi. "Azərbaycan müəllimi" qəzetində onun məsləhəti və rəhbərliyi ilə çap olunan "Cənubdan səslər" seriyasına daxil olan məqalələrin hamısı birlikdə Azərbaycan tarixinə yaraşan yaddaş kitabıdır. Bu fəaliyyətinə görə Abbas müəllimi ən azı sovet dövründə rəsmi təşkilat kimi fəaliyyət göstərən "Vətən" cəmiyyəti ilə müqayisə etmək olar. Həmçinin unutmaq lazım deyil ki, Abbas müəllim həmin işləri hər hansı bir kollektivin üzvləri ilə yox, təkbaşına həyata keçirirdi. Görülən işlərin ən bariz nümunəsi və nəticəsi isə Türkiyədəki Ərzurum Universitetində Abbas Zamanovun poçt vasitəsilə və öz hesabına göndərdiyi kitablar əsasında yaradılmış və indi də fəaliyyət göstərən zəngin kitabxanadır.

Abbas Zamanov Azərbaycana gətirilməsi müşkül olan xarici nəşrləri - kitab, qəzet və jurnalları da bizim kitabxanalara gətirmək üçün ardıcıl çalışırdı və həmişə də buna nail olurdu. Ziyalılarımızın Abbas Zamanovun mənzil-kitabxanasına müntəzəm olaraq müraciət etmələri adi bir hal almışdı. Hətta Abbas müəlimin və Asiya xanımın yaşadığı üçotaqlı kiçik mənzildən oxu zalı kimi istifadə edən alimlərin də şahidiyəm.

Abbas Zamanovun xarici ölkələrdən Vətənə kitab gətirməsinin başqa bir parlaq nümunəsi "Kitabi-Dədə Qorqud" abidəsidir. Abbas müəllimgildə bu abidənin ilk nəşrlərindən tutmuş Baltikyanı ölkələrdə və hətta Amerikada çap olunmuş 50-yə qədər nüsxəsi toplanmışdı. Belə demək mümkünsə, Abbas Zamanovun mənzilində "Kitabi-Dədə Qorqud"un kolleksiyası yerləşirdi. Abidənin hər nüsxəsinin Abbas Zamanovun ünvanına gəlişi Abbas müəllim üçün həqiqi mənada toy-bayram idio, bu toy-bayram sevincini telefon vasitəsilə elə həmin gün akademik Həmid Araslı, professor Mirzağa Quluzadə və başqaları ilə bölüşməyi də özünə borc bilirdi.

Abbas Zamanov Azərbaycan ədəbiyyatşünaslığı tarixində olduğu kimi, xalqımızın tarixində də öz siması ilə yaşayır. Onun ötən əsrin 60-ci illərində Azərbaycan Milli Elmlər Akademiyasının "İsmayiliyyə"dəki böyük zalında Naxçıvanın bədnam qonşulara bağışlanmasına fitva verənlərə qarşı ucaltdığı gur səs və söylədiyi "Əgər Səməd Vurğun sağ olsaydı, bu gün Naxçıvanı Azərbaycandan ayıranlara qarşı qəti etiraz səsini ucaldardı" - sözləri bomba kimi partladı və o səsin cingiltisi hələ də qulaqlardan getməyib. Bu kəlmələr yazıçı və ziyalı sözünün "bir ordudan ziyadə" gücə malik olması barədə tarixi həqiqətin yenidən təsdiqi idi.

Abbas Zamanov ədəbi şəxsiyyətdir və Abbas Zamanov kimi şəxsiyyətlərə həmişə ehtiyac var.

 

 

Kamran ƏLİYEV,

filologiya elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2011.- 9 oktyabr.- S. 8.