Binəqədi Rayon İcra Hakimiyyətində dövlət müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə tədbir keçirildi

 

Binəqədi Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev - müasir, müstəqil Azərbaycan" mövzusunda "dəyirmi masa" keçirildi.

Tədbirdən əvvəl iştirakçılar rayon icra hakimiyyətinin həyətində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoydular.

"Dəyirmi masa"nı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Alı Qocayev dövlət müstəqilliyinin əldə edilməsini Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirdi, müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıdığını vurğuladı.Qeyd etdi ki, 1993 - ildə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olması təhlükəsi aradan qalxmış, ümummilli liderimizin rəhbərliyi altında müstəqil dövlət quruculuğu istiqamətində məqsədyönlü, ardıcıl işlər görülmüşdür. Müasir Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınmış, iqtisadiyyat ağır böhran şəraitindən çıxarılaraq inkişaf yoluna qədəm qoymuş, nizami ordu quruculuğunda, eləcə də respublikanın həyatının bütün sahələrində dinamik tərəqqi təmin edilmişdir.

A.Qocayev qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siyasətini bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev uğurla həyata keçirir. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf sürətinə görə dünyada yüksək yerlərdə durur.

"Dəyirmi masa"da Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov, Bakı Pedaqoji Kadrların İxtisasartırması və Yenidənhazırlanması İnstitutunun rektoru, professor Asəf Zamanov Azərbaycanın müstəqilliyinin bərpası tarixi barədə ətraflı məlumat verərək, ulu öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutması üçün həyata keçirdiyi işlərdən danışdılar.

Sonda rayon icra hakimiyyəti və rayon gənclər və idman idarəsi tərəfindən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Binəqədi rayonunda yubiley tədbiri böyük bayram konserti ilə yekunlaşdı.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 18 oktyabr.- S. 9.