Azərbaycan Olimpiya hərəkatı milli azadlığımızın bəhrəsidir

 

İnsanların fiziki və mənəvi keyfiyyətlərinin inkişafına təsir edən, idman vasitəsilə gənclərin qarşılıqlı anlaşma və dostluq ruhunda tərbiyəsinə, millətlər arasında sülhün bərqərar olmasına kömək edən Olimpiya prinsipləri bütün dünyada xalqların xeyirxah iradəsini stimullaşdırır. Olimpiya hərəkatı dedikdə, təkcə idman yarışları və idmançılar təsəvvür olunmur. Qədim zamanlardan yaranaraq, bəşəriyyətin fiziki və zehni sağlamlığı uğrunda çalışan Olimpiya hərəkatı idman yarışlarının keçirilməsi ilə bərabər, həm də idmanın təbliğini, tədrisini, onun həyatımızın başqa sahələri ilə əlaqəsini əhatə edən hərəkat kimi böyük önəm daşıyır. Olimpiya oyunları dünya xalqlarının və ölkələrinin bir-birinə tanıdılması, təbliğ edilməsi baxımından əvəzsiz rol oynayır.

 

Ümummilli liderimiz Heydər Əliyev hər bir dövlətin, hər bir xalqın mədəniyyəti ilə sıx bağlı olan idmanı dövlət siyasətinin mühüm qollarından biri kimi fərqləndirmiş, Olimpiya hərəkatına dövlət qayğısını daim xüsusi nəzarətdə saxlamış, milli mədəniyyətin tərkib hissəsi kimi dəyərləndirmişdir.

Təsadüfi deyildir ki, müstəqil Azərbaycanda həyatın digər sahələri ilə yanaşı, idman, xüsusən Olimpiya hərəkatı da yüksək sürətlə inkişaf etmiş, bu sahədə böyük nailiyyətlər əldə edilmişdir.

Ölkəmizdə Olimpiya hərəkatının tarixi 1952-ci ildə keçirilmiş Helsinki Yay Olimpiya Oyunları ilə başlanmışdır. Həmin il idmançılarımız ilk dəfə SSRİ yığma komandasının tərkibində Olimpiya oyunlarında iştirak etmişlər. O vaxtdan ötən 56 il ərzində Azərbaycan bu oyunlarda iştirak etsə də, Olimpiya hərəkatına sərbəst qoşula bilməmişdi. Ulu öndər Heydər Əliyev Milli Olimpiya Komitəsinin 10 illik yubileyində çıxışı zamanı demişdir: "Müstəqillik, milli azadlıq Azərbaycan xalqına çox şeylər veribdir. Dünyada gedən Olimpiya hərəkatına azad, sərbəst qoşulmaq, orada özünü göstərmək və bununla da Azərbaycanda idmanın, bədən tərbiyəsinin inkişafını daha da sürətləndimək də bizim məqsədimiz olubdur".

Müstəqil Azərbaycanda Olimpiya hərəkatının inkişafına nəzər salsaq, ötən illər ərzində respublikamızda bu sahənin yüksək templə inkişaf etdiyinin şahidi olarıq.

1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradılsa da, Azərbaycan həmin il Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında müstəqil dövlət kimi təmsil oluna bilmədi. Çünki komitə yaranıb Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınanadək lisenziya yarışları artıq başa çatmışdı. Həmin oyunlarda Olimpiya yığmamız Müstəqil Dövlətlər Birliyinin birləşmiş komandası tərkibində iştirak edərək, 1 qızıl medal qazanmışdır. Barselona-1992 Olimpiya tariximizin yeni bir səhifəsinə çevrilmişdir. Müstəqilliyimizin ilk illərində dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanına əsasən respublika Gənclər və İdman Nazirliyi (1994), daha sonra İdman Fondu yaradılmış (1995), idmanın inkişafı üçün Prezident Fondundan vəsait ayrılmışdır. Dövlətin diqqət və qayğısı sayəsində ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində görülən işlərin miqyası getdikcə genişləndirilmişdir.

Müstəqil dövlət kimi, 1996-cı ildə Olmpiya oyunlarina ilk dəfə qatılan Azərbaycan Atlantada bir gümüş medal qazanmışdır. Bu, uğurlu nəticə olsa da, ölkəmizi dünyada güclü idman ölkəsi kimi tanıtdırmaq üçün kifayət etmirdi. Dünyaya səs salmaq üçün Olimpiya oyunlarinda daha yüksək uğurlar qazanmaq, ölkədə Olimpiya hərəkatını, idmanı sürətlə inkişaf etdirmək tələb olunurdu. Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülmüş işlər, ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaətbəxş sayıla bilməzdi. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirmişdir. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçilmişdir. Şübhəsiz, Olimpiya hərəkatı yalnız Olimpiya oyunlarında iştirakla məhdudlaşmadığı üçün Milli Olimpiya Komitəsi öz fəaliyyətini genişləndirməli, müxtəlif tədbirlər həyata keçirməli, beynəlxalq Olimpiya hərəkatına fəal qoşulmalı idi.

Həmin dövrdə ölkəmizdə idmanın maddi-texniki bazasını yaratmaq, zalların və meydançaların öz təyinatları üzrə işləməsinə nail olmaq, onların bərpası, idman avadanlıqlarının yeniləri ilə əvəz edilməsi zərurəti kəskin şəkildə özünü göstərirdi. Əgər idmanın inkişafı üçün normal şərait və imkan yoxdursa, idman potensialının artmasından, böyük idmanda uğurlar qazanılmasından danışmağa dəyməz. MOK-un prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkə idmanının maddi-texniki bazasının yaradılması, inkişafı və yenidən qurulması sahəsində genişmiqyaslı işlərin görülməsinə başlanılmışdır. 1998-ci ildə Bakıda ilk dəfə beynəlxalq yarış təşkil olunmuş və idmançılarımız burada ilk nailiyyətlərini qazanmışlar. Azərbaycanda qısa vaxt ərzində idmanın inkişafı istiqamətində görülən tədbirlər nəticəsində uşaq, yeniyetmə və gənclərin bu sahəyə marağı artdı, gənc nəsil ənənəvi idman növləri ilə yanaşı, yeni idman növləri ilə də maraqlanmağa və məşğul olmağa başladı.

Müasir idman qurğularının, idman mərkəzlərinin, idman komplekslərinin tikilməsi zərurəti yarandığı üçün güclü quruculuq işlərinə başlanıldı. Azərbaycan Prezidentinin idmana göstərdiyi diqqət və qayğı beynəlxalq idman və Olimpiya təşkilatlarında böyük əks-sədaya səbəb oldu. 1997-ci ildə Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Məclisində Azərbaycan Prezidenti Heydər Əliyev Olimpiya hərəkatı və idman sahəsində böyük xidmətlərinə görə görkəmli dövlət xadimlərinə verilən "Olimpiya ləyaqəti" mükafatı ilə təltif edildi.

Həmin dövrdə Sidney Yay Olimpiya Oyunlarına hərtərəfli hazırlaşmaq üçün Milli Olimpiya Komitəsi böyük səylə çalışırdı. Görülən işlərin nəticəsi uğurlu oldu. 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında idmançılarımız iki qızıl və bir bürünc medal qazanaraq, dövlətimizin 199 ölkə arasında 34-cü olmasını təmin etdilər. Əldə edilmiş qələbə bir daha sübut etdi ki, ölkəmizdə Olimpiya hərəkatı sürətlə inkişaf etməyə başlamışdır.

Çox keçmədən paytaxtda min nəfərdən artıq tamaşaçı tutumuna malik iki universal zaldan ibarət möhtəşəm Olimpiya İdman Kompleksi istifadəyə verildi. 2000-ci il oktyabrın 20-də kompleksin açılış mərasimində ümummilli liderimiz Heydər Əliyev, həmin dövrdə Avropa Olimpiya Komitəsinin prezidenti olan Jak Roqq, AOK-un baş katibi Mario Paskente və bir çox qonaqlar iştirak edirdilər. Cənab Heydər Əliyev həmin mərasimdə çıxış edərək, qısa bir müddətdə, bu cür müasir, beynəlxalq standartlara uyğun olan gözəl bir kompleksin yaranmasını Azərbaycanda quruculuq, yaradıcılıq işlərinin nümunəsi kimi dəyərləndirdi. "Biz bu quruculuq işlərini aparmışıq, aparırıq və gələcəkdə daha da sürətlə aparacağıq", - deyə gəncləri daha yüksək zirvələrə səsləyən ulu öndər Azərbaycan gəncinin, Azərbaycan insanının potensial gücünün çox böyük olduğunu qeyd etdi: "Həm fiziki gücü böyükdür, həm də onun mənəvi iradəsi böyükdür. Ona görə də əgər biz hamımız bu işə kömək etsək, idmanın inkişafına şərait yaratsaq, idmanı kütləvi etsək və bütün insanlar üçün bədən tərbiyəsini mütləq onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki sağlamlığını, mənəvi sağlamlığını təmin edəcəyik".

Həmin mərasimdə çıxış edən Jak Roqq Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini yüksək qiymətləndirdi: "Azərbaycan Milli Olimpiya Komitəsinin əldə etdiyi uğurlardan böyük qürur hissi duyuruq. Sizin Milli Olimpiya Komitəniz çox dinamik bir təşkilatdır. Burada çox təcrübəli insanlar çalışır və onların çox yaxşı ideyaları vardır. Hətta deyərdim ki, Sizin Milli Olimpiya Komitəniz yeni yaranmış milli Olimpiya komitələrinə nümunə göstərilə bilər".

İdmana dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanda bu sahəyə yüz minlərlə gənc cəlb olundu. Onlar böyük həvəslə idmanla məşğul olmaq istəyirdilər. Bunun üçün isə güclü maddi-texniki baza lazım idi. Milli Olimpiya Komitəsi ölkənin müxtəlif yerlərində Olimpiya idman komplekslərinin tikintisini davam etdirdi və qısa müddət ərzində Bakının Maştağa qəsəbəsində ən müasir standartlara cavab verən Olimpiya İdman Mərkəzi və bir-birinin ardınca hər bir şəraiti olan digər Olimpiya idman kompleksləri istifadəyə verildi. Ölkəmizin bütün regionlarında idman ifrastrukturunun gücləndirilməsi sahəsində böyük işlərin görülməsinə başlanıldı.

2001-ci ildə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin növbəti toplantısı Bakıda Milli Olimpiya Komitəsinin yeni tikilmiş inzibati binasında keçirildi. Beynəlxalq idman qurumlarının rəhbərlərinin ölkəmizə səfərləri bundan sonra sürətlə artmağa başladı. Əlaqələrimizin yüksək səviyyədə qurulmasının və inkişaf etdirilməsinin bariz nümunəsi olaraq, ölkəmizdə bütün sahələr üzrə, eləcə də idman üzrə mötəbər tədbirlərin keçirilməsinə başlanıldı.

Gənc nəslə böyük ümid bəsləyərək "Gələcək Olimpiya Oyunlarında Azərbaycanda idman daha da yüksələcək", - deyən ulu öndər MOK-un 10 illiyinə həsr olunmuş yubileydə əminliklə bildirdi: "Mən inanıram ki, Milli Olimpiya Komitəsi bu gün burada bəyan etdiyi vədləri yerinə yetirəcək, Afina Olimpiya Oyunlarına daha çox və yüksək səviyyəli idmançılar hazırlayıb aparacaqdır. Oradan Azərbaycana yeni medallar gətirəcəkdir". Ulu öndərin müyyən etdiyi inkişaf konsepsiyasını yüksək dinamizmlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurları sayəsində Afina Olimpiadasında böyük nailiyyətlər əldə edildi.

Afina Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil etmiş idmançılarla Prezident Sarayında keçirilən görüşdə Prezident İlham Əliyev Azərbaycanda idmana rəhbərlik edən bütün qurumlar tərəfindən aparılmış vahid siyasətin öz nəticələrini verdiyini, Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, idman cəmiyyətləri, idman federasiyalarının birgə fəaliyyətinin ümumi işə böyük kömək göstərdiyini xüsusi vurğuladı. Dövlət başçısı Azərbaycanın son illər ərzində beynəlxalq idman qurumları ilə çox səmərəli əməkdaşlıq etdiyini, beynəlxalq idman aləmində Azərbaycanın tanındığını vurğuladı: "Ölkəmizdə keçirilmiş beynəlxalq yarışlar onu göstərir ki, beynəlxalq federasiyalar və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycana böyük hörmət və inam var, bizim fəaliyyətimiz dəstəklənir. Təsadüfi deyil ki, Azərbaycan, bəlkə də, yeganə ölkədir ki, Olimpiya oyunları ərəfəsində burada üç lisenziya turniri keçirilmişdir. Əlbəttə, bu, bizə imkan verdi ki, həm ölkəmizi beynəlxalq idman aləmində daha yaxşı tanıdaq, həm də bu turnirlərdə idmançılarımız daha rahat şəkildə və azarkeşlərin dəstəyi ilə lisenziyalar qazansınlar".

Afina Olimpiadasından sonra Pekin Yay Olimpiya Oyunlarına hazırlıq başlandı. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri geniş miqyas aldı. Uşaq və yeniyetmə idmanının inkişafı istiqamətində mühüm addımlar atıldı.

Pekin Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Olimpiya oyunları kimi çox böyük və dünyanın ən mötəbər, birinci idman yarışında 7 medal qazanmağın çox böyük nailiyyət olduğunu bildirdi və qeyd etdi ki, Pekində medal qazanan bütün idmançılar Olimpiya oyunlarında ilk dəfədir ki, medal qazanırlar: "Bu da çox vacib göstəricidir. Bu onu göstərir ki, son dörd il ərzində bu idmançılar belə böyük nailiyyətlərə çatıblar. Bu, onu göstərir ki, keçən dörd il ərzində Azərbaycanda idmanın inkişafında, idmançıların hazırlanmasında çox böyük işlər görülmüşdür".

Dövlət başçısının dediyi kimi, bütün bu amillər onu göstərir ki, müstəqil Azərbaycan dövləti uğurla inkişaf edir. Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: "Müstəqilliyi şərtləndirən müxtəlif amillər var. Həm müstəqil siyasət aparmaq imkanlarımız, güclü iqtisadiyyat, güclü sosial siyasət, ölkəmizdə sabitliyin, əmin-amanlığın bərqərar olunması, Azərbaycanda təhlükəsizliyin təmin olunması - yalnız belə şəraitdə idmanın inkişafı mümkündür. Kasıb ölkələrdə, problemlərlə üz-üzə qalan ölkələrdə idman, adətən, sürətlə inkişaf etmir. Ümumiyyətlə, idmanın inkişafı hər bir ölkənin potensialının əlamətidir, onun təzahürüdür. Təsadüfi deyil ki, Azərbaycan - dinamik inkişaf edən ölkə, çox sürətlə inkişaf edən ölkə və iqtisadi artım baxımından son üç il ərzində dünyada birinci yerdə olan ölkə güclü idman imkanlarına da malikdir".

Ölkəmizdə bütün sahələrin dinamik inkişafı, artan imkanları nəticəsində son vaxtlar bir sıra idman növləri üzrə mötəbər turnirlər yüksək səviyyədə keçirilir. Azərbaycan postsovet məkanında ilk dəfə olaraq 2016-cı ildə keçiriləcək olimpiadaya ev sahibliyi etmək üçün BOK-a rəsmi müraciət etmişdir. Bakı iddiaçı şəhər kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qeydə alınmışdı. Olimpiya oyunlarını keçirmək üçün Bakının iddiaçı şəhər statusu alması Olimpiya hərəkatı sahəsində qazandığımız daha bir uğurun nümunəsidir. Şübhəsiz, hər hansı bir şəhərin iddiaçı statusu alması üçün onun hərtərəfli inkişaf etmiş infrastrukturu, bütün sahələrdə inkişafı nəzərə alınır. Belə bir qərarın qəbul edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev MOK-un 15 illik yubileyində çıxışı zamanı dediyi kimi, Azərbaycanın paytaxtı yeddi ən inkişaf etmiş şəhərlərin arasındadır və biz bununla, bir tərəfdən, onu göstəririk ki, ölkəmizdə idmana çox böyük diqqət göstərilir və idmanın inkişafına çalışacağıq. Digər tərəfdən, bu, onu göstərir ki, gənc müstəqil dövlət olan Azərbaycan artıq özünü o qədər güclü hesab edir ki, Olimpiya oyunları kimi dünya miqyaslı beynəlxalq yarışların keçirilməsinə də cəhd edir.

Təəssüf ki, ilk dəfə iddiaçı şəhər qismində çıxış edən Bakı ev sahibliyi hüququnu qazana bilmədi. Əslində, Olimpiya oyunlarının tarixində heç bir ölkə və yaxud şəhərin ilk dəfədən oyunlara ev sahibliyi etmək cəhdi baş tutmayıb. Təcrübə göstərir ki, olimpiadanı keçirmək hüququnu ilk cəhddən qazanmaq çox çətindir. Hər bir dövlət çalışır ki, bu möhtəşəm idman tədbiri onun şəhərində keçirilsin və buna görə də rəqabət çox yüksək olur. Bu yaxınlarda Bakı yenidən öz ərizəsini BOK-a təqdim edib və ərizə qeydə alınıb. Paytaxtımız İstanbul, Doxa, Madrid, Roma, Tokio ilə birgə 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyi etmək uğrunda mübarizə aparacaq. Bu dəfə Bakının şansları bir qədər də yüksəlib. Ötən son dörd ildə Bakının infrastrukturunun inkişafı istiqamətində çoxlu işlər görülüb və bu işlərin miqyası daha da genişləndirilir. Artıq paytaxtımızda 65 min tamaşaçı tutumuna malik Olimpiya stadionunun təməli qoyulub. Gimnastika və üzgüçülük kompleksləri inşa ediləcək. Bu günə qədər 31 müasir Olimpiya idman kompleksi, yüzlərlə stadion, zallar və digər idman qurğuları inşa edilib və edilməkdədir. İkinci dəfə namizədliyini irəli sürən Bakı artıq bu sahədə müəyyən yarış təcrübəsinə malikdir. Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq miqyasda böyük nüfuz qazana bilmiş, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilmişdir. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq Bakıda olarkən Olimpiya hərəkatı sahəsində də böyük uğurlara imza atan Azərbaycan Milli Olimpiya Komitəsinin öz işi ilə beynəlxalq miqyasda böyük nüfuz qazandığını bildirmiş və "Bu gün qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyin Azərbaycan modeli vardır" fikrini səsləndirmişdir.

Əgər paytaxtımız Olimpiya oyunlarını keçirmək hüququ qazanarsa, güclü infrastruktur yaratmaqda böyük təcrübəsi olan Azərbaycanda olimpiadaya hazırlıqla bağlı heç bir çətinlik olmayacaq. Əksinə, olimpiadanı öz ölkəsində görmək arzusu ilə yaşayan xalqımız bütün səylərini birləşdirəcək və paytaxtımız dünyanın ən möhtəşəm idman tədbirinə yüksək səviyyədə ev sahibliyi edəcək.

Hazırda respublikada İdman və Olimpiya hərəkatı muzeyinin yaradılması üçün hazırlıq işləri gedir. Yaxın gələcəkdə belə bir muzey öz qapılarını hamının üzünə açacaqdır.

Azərbaycanda Olimpiya hərəkatının və idmanın qısa müddətdə belə surətli inkişafı Milli Olimpiya Komitəsinə İlham Əliyevin rəhbərliyi sayəsində reallığa çevrilmişdir. Cənab İlham Əliyev idmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.

Hazırda idman və Olimpiya hərəkatının inkişafı istiqamətində görülən işlərin miqyası genişləndirilir. Azərbaycan dünyada idman dövləti kimi tanınır, uğurlarımız beynəlxalq qurumlar tərəfindən qeyd edilir. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi artıq adi hala çevrilmişdir. Bakıda dəfələrlə dünya, Avropa çempionatları, digər beynəlxalq turnirlər yüksək səviyyədə keçirilir. Bu il 2012-ci ilin Yay Olimpiya Oyunlarına hazırlıq üçün həlledici ildir. İdmançılarımız çoxsaylı lisenziya yarışlarında iştirak ediblər və nəticə ürəkaçandır. Təmsilçilərimiz London Olimpiadasına indiyədək 23 lisenziya əldə ediblər. Bu yaxınlarda Bakıda boks üzrə London Olimpiadasına lisenziya xarakterli dünya çempionatı keçirildi. Təqdirəlayiq haldır ki, MDB məkanında məhz Azərbaycan ilk dəfə belə bir möhtəşəm yarışa ev sahibliyi edib. Bu cür yüksək səviyyəli beynəlxalq yarışlar postsovet məkanında yalnız 1989-cu ildə Moskvada keçirilib. Boks üzrə XVI dünya çempionatına 113 ölkədən 570 boksçu qatılmışdı. Dünya çempionatında 92 idmançı London Olimpiadasına vəsiqə qazanmışdır. Boksçumuz Məhəmmədrəsul Məcidov bütün rəqiblərini üstələyərək dünya çempionu titulunu qazanmışdır. Ümumilikdə isə 9 çəki dərəcəsində təmsil olunan milli komandamız London Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanmışdır.

Çempionatın final mərhələsinin qarşılaşmalarını izləyən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etmişdir.

Həmin gün Bakıda 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakterli cüdo üzrə kişilər arasında Dünya kuboku kimi mötəbər yarışların təntənəli açılış mərasimi olmuşdur. Ölkəmizdə mötəbər idman yarışlarının keçirilməsi artıq ənənə halını almışdır. 1997-ci ilə qədər hətta kiçik beynəlxalq turnirin ölkəmizdə keçirilməsi müşkül məsələ idisə, indi dünyanın bütün nüfuzlu idman təşkilatları ən mötəbər yarışları ölkəmizdə keçirməyə can atırlar. Çünki sülhsevər ölkəmizdə siyasi sabitlik hökm sürür, turnir və tədbirlər yüksək səviyyədə, ədalətli oyun prinsipləri əsasında keçirilir.

Uğurlarımız ildən-ilə artır. 2010-cu ildə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 675 medal qazanmışlar. Onlardan 206-sı Olimpiya idman növləri üzrə qazanılmış medallardır. Bu il isə nəticələr daha yüksəkdir. İdmançılarımız Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə beynəlxalq arenalarda keçirilən yarışlarda ölkəmizi layiqincə təmsil etmişlər.

Azərbaycanda yüksək idman uğurlarına imza atan, Olimpiya hərəkatına fəal şəkildə qoşulan gənc nəsil yetişir. Yeniyetmə idmançılarımız Sinqapur Yay Olimpiya Oyunlarında çox böyük nailiyyətlər əldə ediblər. 204 ölkə arasında idmançılarımızın 11-ci yeri tutması böyük nəticədir. Bu, bir daha Azərbaycanda idmanın inkişafının sistemli xarakter daşıdığını göstərir. Gənc idmançıların yüksək səviyyədə çıxışı o deməkdir ki, gələcəkdə dünya çempionatlarında, Olimpiya oyunlarında daha yüksək nailiyyətlər əldə edəcəyik. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev çıxışlarında ölkəmizdə gənc nəslin yetişdirilməsi sahəsində görülən işləri yüksək qiymətləndirdiyini demişdir: "Gənc nəslin yetişdirilməsi üçün ölkəmizdə aparılan siyasət çoxşaxəlidir. Burada biz fəaliyyətimizi təkcə idman sahəsi ilə məhdudlaşdırmırıq. Uğurları təmin etmək üçün ümumiyyətlə gənclərdə, o cümlədən idmançılarda möhkəm iradə olmalıdır, vətənpərvərlik ruhu yüksək səviyyədə olmalıdır, Vətən sevgisi olmalıdır. Biz gənclərimizə bu nəcib əlamətləri aşılayırıq. Azərbaycanda bu sahədə işləri yüksək qiymətləndirirəm".

İdmançılara qayğı və diqqətin artırılması işi dövlət səviyyəsində davam etdirilir. Şübhə yoxdur ki, bütün sahələrdə olduğu kimi, idman və Olimpiya hərəkatı sahəsində də Prezident iradəsi və diqqəti respublikamıza daha möhtəşəm uğurlar gətirəcəkdir.

 

 

Ağacan ABİYEV,

Azərbaycan Dövlət Bədən Tərbiyəsi

və İdman Akademiyasının rektoru,

Milli Olimpiya Komitəsinin baş katibi,

Milli Məclisin deputatı, professor

 

Xalq qəzeti.- 2011.- 18 oktyabr.- S. 6.