Ötən illərin xatirələri.

 

 Xalq şairi Səməd Vurğunla üç görüş

 

Çoxdan xoş xatirəyə dönmüş bu söhbətin tarixi ötən əsrin ortalarına gedib çıxır. Qaynar avqust günləri arxada qalmışdı. Biz tələbə olmuşduq. Ürəkdən arzuladığımız müəllimlik sənətinə çatmaq üçün ilk addımı atmışdıq.

 

Oktyabr ayının ikinci yarısı başlanmışdı. Zəng vuruldu. Hamımızın ilk gündən böyük ehtiram bəslədiyimiz alim-yazıçı İsmayıl Şıxlı auditoriyaya daxil oldu. Başqa müəllimlərlə müqayisədə o, bizə daha yaxın idi: ədəbiyyatdan yazılı və şifahi imtahanları özü götürmüşdü. İndi isə xarici ölkələr ədəbiyyatından mühazirələr oxuyurdu. Ucaboy, mütənasib bədənli, həmişə təmkinli görünən alicənab müəllim dərsə başlamazdan əvvəl bir elan verdi: "Uşaqlar bu gün yazıçıların Natəvan adına klubunda bədii yaradıcılıq məsələlərinə həsr olunmuş müşavirə keçirilir. Davamı sabah olacaq. Mən öz dərslərimdən icazə verirəm, o biri dərslər üçün də nigarançılıq ola bilməz. Kim istəyir durub getsin. Tədbirdə Səməd Vurğun da iştirak edəcək".

Xəbər gözlənilməz idi. Təxminən 15-17 tələbə durub yazıçılar klubuna getdik. Müşavirə təzəcə başlamışdı. Gözümüz Səməd Vurğunu axtarırdı. Rəyasət heyətində yox idi, zalda da görünmürdü. Şairin gəlməməsindən bərk təəssüf hissi keçirdik. Maraqlı məruzələr oxundu, çıxışlar oldu.

Müşavirənin ikinci günü vaxtından xeyli əvvəl gəlmişdik. Sədrlik edən ilk natiqə yenicə söz verilmişdi ki, qapı açıldı, Səməd Vurğun salona daxil olub rəyasət heyətində oturdu. Bu an hansı hisslər keçirdiyimi təsvir etməkdə acizəm. Düzü, gözlərimə inana bilmirdim. Hələ uşaqlıqdan şeirlərini sevə-sevə oxuyub əzbərlədiyimiz böyük şair qarşımızda əyləşmişdi. Əynində boz tünd rəngli yaraşıqlı kostyum var idi. Döşünə Stalin mükafatı (sonradan Dövlət mükafatı) laureatının iki medalını vurmuşdu. Heç vaxt xəyala gətirmədiyim belə bir qeyri-adi görüşün həsrətində olduğumdan şairin hər sözünü, hər kəlamını, hər bir hərəkətini diqqətdən yayındırmamağa, hafizəmə həmişəlik həkk etməyə çalışırdım. Aradan keçən bu 56 il ərzində də ölməz şairlə bağlı bir sıra məqamları ən əziz xatirə kimi yaddaşda qoruyub saxlamışam...

Axırda müşavirəni Səməd Vurğun yekunlaşdırdı. Fikir verirdim, son dərəcə obyektiv, təmkinli və ədalətli qaydada.

Böyük şair ədəbiyyatımızın problemləri üzərinə qayıdaraq sərbəst şeir barədə mülahizələrini bildirdidedi ki, bu vəzn şeirimiz üçün çox da xarakterik deyil. Doğrudur, mən özüm də vaxtilə bu formaya müraciət etmiş, bəzi nümunələr yaratmışam. Ancaq əminəm ki, bu, bizim şeir ölçümüz, vəznimiz ola bilməz. Əgər Azərbaycan ədəbiyyatında sərbəst şeir ölçüsü deyilən vəzn varsa, bunun ən yaxşı nümunəsi Rəsul Rzanın "Lenin" poemasıdır...

Müşavirə qurtardı. Ancaq heç kim getməyə tələsmirdi. Səməd Vurğun Osman Sarıvəlli ilə birlikdə aşağı enib qarderoba yaxınlaşdı. O vaxtlar çox dəbdə olan Çin makintoşlarını geyinib, şlyapalarını başlarına qoydular. Osman müəllim dostunun qoluna girib, küçəyə çıxdılar. Onlar asta addımlarla indiki Bülbül prospektinə tərəf döndülər, biz isə heyran-heyran onları arxadan "müşayiət edir", hərəkətlərini izləyirdik. Bu, 1955-ci ilin bir payız gününün yadda qalan anlarıdır.

 

* * *

 

Şairlə ikinci görüş, tanışlıq bir növ qiyabi xarakter daşıyır. Həmin ilin noyabr ayında SSRİ parlament nümayəndə qrupu ilə Vyetnama gedən Səməd Vurğunun Pekində xəstələnməsi, müalicə olunması xəbəri ölkəyə yayıldı. Bizə bu informasiya nisbətən tez çatmışdı. Tələbə yoldaşımız Tamella Əliyeva şairin qızı Aybənizin rəfiqəsi idi, onlara vaxtaşırı gediş-gəlişi var idi. Bir gün o, həyəcanla dedi: "Uşaqlar, Səməd əmi xəstələnib, Pekində yatır".

Şairin Moskvada, Bakıda aparılan müalicələri yaxşı bir şey vəd etmirdi.

Bu arada Səməd Vurğunun anadan olmasının 50 illik yubileyini keçirmək barədə hökumət qərarı elan olundu, komissiya yaradıldı. Bakıda, digər şəhər və rayonlarda çoxlu tədbirlər oldu. Bizim Pedaqoji İnstitutda, Elmlər Akademiyasında, digər institutlarda, klub və mədəniyyət saraylarında keçirilən bir sıra mərasimləri xoş təəssüratı ilə indi də xatirimdə yaşayır.

Bir cəhəti ayrıca qeyd etmək istərdim: Bu yubiley tədbirlərinə qatılmaqla, sovet ədəbiyyatını yaradan böyük şəxsiyyətlərin, yazıçı və şairlərin, dövlət xadimlərinin, demək olar ki, böyük əksəriyyətini görmüş, çoxlarının çıxışlarına qulaq asmışam. Nikolay Tixonov, Konstantin Simonov, Pavlo Tıçina, Muxtar Auezov, Qafur Qulam, Qumer Bəşirov, Qalaktion Tabidze, Georgi Lebanidze, Pavel Antakolski, Aleksandr Tvardovski... və onlarla başqaları yubiley çıxışlarında Azərbaycan ədəbiyyatı, xüsusilə də Səməd Vurğun haqqında ürək sözlərini deyir, öz səmimi duyğularını bildirirdilər. Bütün bunları görüb-duymaq, gələcək ədəbiyyat müəllimi üçün, şübhəsiz, önəmli idi.

Bizim Pedaqoji İnstitutda, Elmlər Akademiyasında keçirilən yubiley tədbirləri daha maraqlı, yaddaqalan idi. Səməd Vurğun xəstə olduğundan onların heç birində iştirak etmədi. Təntənəli yığıncaqlardan birində şairin müfəssəl tərcümeyi-halını qardaşı, tarixçi alim, rektorumuz Mehdixan Vəkilovun dilindən eşitdik. O, bəzən təfərrüatlara varır, xüsusilə də şairin uşaqlıq, gənclik dövrünün ayrı-ayrı məqamlarını xronoloji ardıcıllıqla açıqladı. Bu epizodların hər birində S.Vurğun şəxsiyyəti, S.Vurğun cəsarəti, S.Vurğun səxavəti, S.Vurğun ucalığı, alicənablığı, onun kamilliyi xarakterik nümunələrlə ifadə olundu.

Mirzə İbrahimov bildirdi ki, 1937-ci il davam edirdi. Hər səhər bir qanqaralıq, faciə ilə rastlaşırdıq. Repressiya tüğyan edirdi. Hamımız Səməd üçün nigaran idik. Səhər tezdən biri-birimizlə şərti işarələrlə vəziyyətdən xəbər tuturduq. "Salamatlıqdır, çox şükür" sözlərini eşidəndə rahat nəfəs alırdıq...

Mehdi Hüseyn xatırlatdı ki, atası Əlibəy (Firudin Köçərli öldürüldükdən sonra Qazax Müəllimlər Seminariyasının rəhbəri idi) Səmədin əla oxumasından tez-tez danışarmış. Tədris planından əlavə keçilən fənlərdən (musiqi, nəğmə, rəsmxət) o, ən yüksək bilik, bacarıq göstərərmiş.

Yubiley təntənələri 1956-cı il may ayının 12-də M.F.Axundov adına Azərbaycan Dövlət Opera Balet Teatrında tamamlandı. Ora düşmək mümkün deyildi. Veriliş Azərbaycan radiosu ilə yayımlanırdı, biz onun başına yığışmışdıq. Şair özü təntənəli yığıncağın gedişinə xəstə çarpayısında radiodan qulaq asırdı. Yubilyarın adından yenə qardaşı Mehdixan Vəkilov çıxış etdi. Təntənəli yığıncağın iştirakçılarına şairin məktubunu oxudu. Məktubun son sözlərini deyərkən onu qəhər boğdu, həyəcanını saxlaya bilmədi. Bu sözlər hamını kövrəltdi, çoxlarımızın gözü yaşardı: "Sizə dünyanın ən şirin neməti olan cansağlığı arzulayıram!"

... Bakıxanov küçəsindəki geniş tələbə yataqxanasında riyaziyyatçı Vaqif Yolçiyevin otağı "məşhur" idi. Mənim şagird dostum Əziz Həsənov da bu otaqda qalırdı. Boş vaxtlarda çoxlarımız ora toplaşar, söhbət edər, bəzən nərd oynayardıq. May ayının 27-si idi. Yenə bura toplaşmışdıq. Radioda şən musiqi gedirdi. Saat 20-yə təxminən 15 dəqiqə qalırdı. Qəfildən musiqi kəsildi, diktorun hüznlü səsi eşidildi. O xəbər verdi ki, uzun sürən ağır xəstəlikdən sonra xalq şairi Səməd Vurğunun gözləri əbədi qapandı...

 

* * *

 

Səhəri günü bütün Bakı Səməd Vurğunla vidalaşmağa axışırdı. Cənazə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında qoyulmuşdu. Bakı Şəhər Sovetindən başlayaraq səki boyunca adamlar aramsız buraya axışırdı. Tabutun ətrafı böyük gül-çiçək dənizini xatırladırdı. Elə bil bütün Bakı küçələrə çıxmış, şairlə vidalaşmağa gəlmişdi. Dəfn Fəxri Xiyabanda oldu. Onda xiyabanın ətrafına hələ hasar da çəkilməmişdi. Böyük insan dənizi Fəxri Xiyabana yerləşmədi. Burada böyük mitinq oldu. Sovet İttifaqının hər yerindən gəlmiş adamlar Səməd Vurğun poeziyasının qüdrətindən danışır, respublika hökumətinə, mərhumun ailəsinə, yaxınlarına başsağlığı verirdilər. Beləcə, Bakı, ölkə ictimaiyyəti unudulmaz xalq şairi ilə vidalaşdı. Bu, həm bizim şairlə son görüşümüz idi.

 

* * *

 

Xatirə-qeydlərə buradaca nöqtə qoymaq olardı. Əgər bir məqamı nəzərə almasaydıq. Bu, şairin anadan olmasının Moskvada 70 illik yubiley tədbirlərindən aldığım təəssürat idi. 29 noyabr 1976-cı ildə Böyük Teatrda bu münasibətlə təntənəli yığıncaq keçirildi. Tədbirdə Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizədlərdən Azərbaycan rəhbəri Heydər Əliyev, ölkənin mədəniyyət naziri P.Demiçev iştirak edirdilər. Yazıçılar İttifaqının sədri N.Tixonov giriş sözü söylədi. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri İmran Qasımov Səməd Vurğun haqqında dolğun məruzə etdi, çıxışlar oldu.

Rəngarəng konsert proqramı tərtib edilmişdi. Söz Ağdamın "Qarabağ bülbülləri" ansamblına verildi. Onların ifasında "Qarabağ şikəstəsi" musiqimizin ölməzliyini bütün əzəməti ilə dünyaşöhrətli teatrın tağları arasından hər yana yaydı. Vətənin yeniyetmə bülbüllərinin çıxışını dinlədikcə düşündüm: Bu təntənə, coşğu bir tərəfdən, Səməd Vurğun şəxsiyyətinin etirafıdırsa, digər tərəfdən, Azərbaycan musiqisinin, muğamlarımızın əzəmətindən, onun ecazkar polifoniyasından doğan böyük əzəmətdir.

Ruhu şad olsun ölməz şairin!

 

 

Əsgər ƏSGƏROV,

ATU "Təbib" nəşriyyatının

baş redaktoru, respublika

Jurnalistlər Birliyinin üzvü

 

Xalq qəzeti.- 2011.- 11 sentyabr.- S. 4.