Elmi əməkdaşlıq və inteqrasiya yollarında

 

Bakı tək iqtisadi məsələlərlə, mədəni irslə, idmanla bağlı deyil, eyni zamanda, elmin ən müxtəlif sahələri, daha çox da müasir təmayüllü konseptual istiqamətlərlə əlaqədar tədbirlərin sıx-sıx keçirildiyi paytaxta çevrilib.

 

Həmin tədbirlərdən biri də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı və ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilən Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası olmuşdur.

Son iki il ərzində İnsan Hüquqları İnstitutunun fəaliyyətində "Bioetika və tibbi hüquq" sahəsi prioritet istiqamətlərdən biri kimi dəyərləndirilməyə başlanmışdır. Elmi ictimaiyyət üçün tamamilə yeni olan bu elm sahəsinin sürətlə inkişaf etdirilməsi üçün institutumuz tərəfindən səmərəli və məqsədyönlü layihələr həyata keçirilir. İnstitutumuzda bir il öncə "Bioetika və tibbi hüquq" şöbəsi açılmış, eyni zamanda professor Vüqar Məmmədovun rəhbərliyi altında YUNESKO-nun bioetika üzrə kafedrasının təmsilçiliyi təsis edilmişdir. Ötən il dekabrın 24-də "Azərbaycanda Bioetikanın inkişafı" mövzusunda beynəlxalq simpozium keçirdik. Həmin tədbirdə YUNESKO-nun bioetika kafedrasının müdiri, professor Amnon Karmen də iştirak edərək bioetika və onun müxtəlif aspektlərini əks etdirən geniş elmi məruzə ilə çıxış etdi. Bu il yanvarın 26-da institutumuzda daha bir əhəmiyyətli tədbir - "Azərbaycanda palliativ yardım proqramı və bioetikanın əsas prinsipləri" mövzusunda elmi-praktik seminar keçirildi. Bu seminarda "Beynəlxalq Palliativ Yardım Təşəbbüsü" Proqramının direktoru xanım Meri Kallayev və proqramın baş eksperti cənab Stefan Konnor maraqlı məruzə ilə çıxış etdilər. Hər iki məruzəçi öz çıxışında bildirdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da palliativ yardımın inkişafına böyük ehtiyac vardır. Onlar bu sahədə dünya təcrübəsi, o cümlədən postsovet məkanında yerləşən ölkələrdə son 10-12 illik fəaliyyətlərinin nəticələri haqqında iştirakçılara ətraflı məlumat verdilər.

Fevral ayının 9-da institutumuzda çox əhəmiyyətli bir tədbir - YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan Bürosu ilə birlikdə "Bioetika: sənədlər... terminlər" kitabının təqdimat mərasimi keçirildi. Bu kitab institutumuz tərəfindən bioetika ilə bağlı hazırlanan qısa sənədlər toplusudur. Nəşrdə bioetikaya dair beynəlxalq sənədlər, o cümlədən Ümumdünya insan hüquqları bəyannaməsi, Nürnberq Məcəlləsi, Beynəlxalq Tibbi Etika Məcəlləsi, YUNESKO-nun bioetika üzrə proqramı üç dildə öz əksini tapmış, bioetika ilə bağlı bir sıra vacib terminlərin izah edildiyi qısa terminoloji lüğət də təqdim edilmişdir. Onu da qeyd etmək istərdim ki, Bioetika ilə əlaqədar institutumuzda keçirilən bütün tədbirlərdə təmsilçilik mötəbər və nüfuzlu olmuşdur. Həmin tədbirlərdə AMEA-nın rəhbərliyi, müxtəlif institutların əməkdaşları, Milli Məclisin deputatları, müvafiq nazirlik və komitələrin, beynəlxalq təşkilatların nümayəndələri, media mənsubları iştirak etmiş, müvafiq mövzularla bağlı müzakirələrdə fəallıq göstərmişlər. Ümumiyyətlə, biz bu istiqamətdə çox aktual olan mövzuların - prioritetlərin geniş ictimaiyyətə çatdırılmasında, hüquqi-etik aspektdə insanların maarifləndirilməsində, gələcək tədqiqatlarda elmi platformanın formalaşdırılması istiqamətində də ciddi aparır və ölkəmizdə insan hüquqları ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində, yəni bioetikatibbi hüquq sahəsi üzrə də fəaliyyət dairəmizi mütəmadi olaraq genişləndiririk. Bu fəaliyyətin nəticəsidir ki, "Bioetikatibbi hüquq" sahəsində görülən məqsədəuyğun işlər artıq dövlətimizin qanunvericiliyində və təhsil sistemində də öz əksini tapmaqdadır.

Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının məhz Azərbaycanda keçirilməsi YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə baş tutmuşdur. Sessiyanın gedişində dünya ictimaiyyəti bir daha Azərbaycanla tanış oldu, burada bioetikanın inkişafı və digər sahələrdə ölkəmizdə əldə edilən nailiyyətlər haqqında ətraflı məlumat əldə edə bildi. Mehriban xanım Əliyevanın ölkəmizdə bioetika elminin inkişafına xüsusi qayğı göstərməsi nəticəsində bu möhtəşəm və elmi-siyasi cəhətdən çox əhəmiyyətli bir tədbirə ilk dəfə Azərbaycanın ev sahibliyi etməsi, Azərbaycan hökumətinin də bu tədbiri dəstəkləməsi dövlət başçısı İlham Əliyevin apardığı düzgünuğurlu siyasətin təzahürü kimi yüksək qiymətləndirilmişdir. Çox sevindirici və təqdirəlayiq bir haldır ki, YUNESKO-nun baş direktoru, sosialhumanitar işlər üzrə sektorun rəhbəri xanım Pilar Alvares-Laso, YUNESKO-nun bioetika şöbəsinin müdiri xanım Dafna Qoldfans, o cümlədən "Bioetika üzrə Beynəlxalq Komitə"nin 36 ölkəni təmsil edən ekspertləri və çoxsaylı müşahidəçilər də bu beynəlxalq əhəmiyyətli elmi sessiyada iştirak etdilər. 18-ci sessiyanın iclasında bir çox xariciyerli ekspertlərin qlobal inkişaf baxımından əhəmiyyətli olan elmi çıxışlar ilə yanaşı, İnsan Hüquqları İnstitutunun direktor müavini, YUNESKO kafedrasının Azərbaycan Bürosunun rəhbəri, professor Vüqar Məmmədovun "Şərqi Avropada bioetika: təcrübə, perspektivlər və yeni etik çağırışlar" mövzusunda dolğun və məzmunlu məruzəsinin də iştirakçılar tərəfindən çox maraqla qarşılanması institutumuzun bu istiqamətdə məqsədəuyğun fəaliyyətinin bariz göstəricisidir. Bu məruzədə bioetikanın Azərbaycanda inkişafı, bu sahədə aparılan elmi-tədqiqat işləri ilə bağlı geniş məlumatla yanaşı, müvafiq istiqamətdə uğurların qazanılması və yeni-yeni nailiyyətlərin əldə edilməsi yolunda maneçilik törədən bütün problemlər də öz əksini tapmışdı. Eyni zamanda, məruzəçi tərəfindən bioetikanın tədris sistemində tətbiq olunması, mövcud olan qanunvericilikdə bu elmi sahə ilə bağlı əsas boşluqların həlli yolları və digər önəmli aspektlər də səsləndirildi.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov YUNESKO-nun təmsilçiləri ilə görüşündə YUNESKO-nun Azərbaycan Respublikasındakı Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, YUNESKO-nun bioetika kafedrasının müdiri, professor Vüqar Məmmədov və bioetika sahəsində Azərbaycanda əhəmiyyətli layihələri həyata keçirən İnsan Hüquqları İnstitutunun rəhbəri kimi mən də iştirak edirdim. Akademik Mahmud Kərimov YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın Bioetika üzrə Beynəlxalq Komitənin 18-ci sessiyasının Bakıda keçirilməsində əvəzsiz xidmətini və böyük rolunu xüsusilə qeyd etdi, YUNESKO-nun Baş direktoru xanım İrina Bokovaya bu təşəbbüsü dəstəklədiyi üçün öz minnətdarlığını bildirdi. Akademiyanın prezidenti böyük qürur hissi ilə qonaqların diqqətinə çatdırdı ki, son iki ildə "Bioetika" bir elm kimi Azərbaycanda çox sürətli inkişaf yolu qət etmiş, Elmlər Akademiyasında "Bioetikatibbi hüquq" ixtisası üzrə doktoranturadissertantura pillələri yaradılmışdır. Dövlət tərəfindən artıq bu ixtisasa aid şifrə təsdiq edilmişdir ki, bu da gələcəkdə müvafiq ixtisas üzrə gənc milli kadrların yetişdirilməsi üçün geniş imkanlar açacaqdır.

Cavab çıxışında xanım Pilar Alvares-Laso sessiyanın yüksək işgüzar səviyyədə keçirildiyinə görə bütün təşkilatçılara təşəkkürünü bildirdi, İnsan Hüquqları İnstitutunun Bioetikanın inkişafı ilə bağlı layihələrini və bu istiqamətdə həyata keçirilən tədbirləri çox yüksək qiymətləndirdi. YUNESKO-nun direktor müavini bir daha qeyd etdi ki, bu sahədə əldə edilən elmi nəticələr və qazanılmış nailiyyətlərə görə Azərbaycan regionda pioner hesab edilə bilər. Məhz bu səbəbdən də YUNESKO, ali təhsil müəssisələrində bioetika kursunu tədris edəcək məşqçilər - gələcək müəllimlər üçün təşkil ediləcək özünün ilk treninq-seminarını Bakıda keçirməyi nəzərdə tutur. Müvafiq seminarlarda qonşu ölkələrdən olan müəllimlərin də iştirakı nəzərdə tutulur. Bu seminarların keçirilməsi nəticəsində təkcə Azərbaycandan deyil, regionun digər qonşu ölkələrindən olan kadrların hazırlanması məsələsi də məhz respublikamızın bu sahədə aparıcı qüvvə olması ilə əlaqədardır.

İnstitutumuz artıq bir müddətdir ki, Azərbaycan Təhsil Nazirliyi ilə bioetikanın Azərbaycanda tədrisinin inkişafı ilə bağlı görüşlər keçirir. Nazirlik bioetikanın ortaali tədris müəssisələrində tədris edilməsi ideyasını tam dəstəkləmiş, hətta professor V.Məmmədovun "Bioetikayeni etik çağırışlar" mövzusunda məruzəsinin nazirliyin əməkdaşları üçün təqdimatını keçirmişdir. Təhsil Nazirliyində keçirdiyimiz müzakirələrdə Tibb Universitetində və sosial-humanitar fakültələrdə bioetikanın tədrisinin çox vacib olduğu bir daha vurğulanmışdır. Fikir mübadiləsi zamanı nazir bildirmişdir ki, artıq yeni tədris ilində Bakı Dövlət Universitetinin hüquq fakültəsində "Bioetikatibbi hüquq" ixtisası üzrə kafedra yaradılacaq və ya bu fənn kurs kimi tədris ediləcəkdir. Belə bir ideyanın gerçəkləşməsi heç şübhəsiz müvafiq dərsliklərin hazırlanmasını aktuallaşdırır.

Bakı Dövlət Universitetində bu dərs ilində tədrisi planlaşdırılan bioetika kursuna YUNESKO ilə əməkdaşlığımızın ikinci mərhələsində YUNESKO-nun kafedrası statusu verilməsi məsələsinin də artıq gündəmdə olması da məhz İnsan Hüquqları İnstitutunun səmərəli fəaliyyətinin nəticəsidir.

Bu gün hər bir institutun fəaliyyətinin keyfiyyət və səmərə əmsalı, akademik Ramiz Mehdiyevin dediyi kimi, onun beynəlxalq elmi fikrə inteqrasiyasının səviyyəsi ilə ölçülür. İnstitutumuz 2010-cu ildən etibarən həm beynəlxalq müstəvidə elmi əməkdaşlıq, həm də beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması istiqamətində fəal aparır. Belə ki, bu müddət ərzində Çin Xalq Respublikasının bir sıra elmi mərkəzləri ilə, o cümlədən hüquq və beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən qurumlarla institutumuz arasında çox ciddi və elmi-peşəkar münasibətlər yaranmışdır. May ayının 22-26-da İnsan Hüquqları İnstitutunun rəsmi dəvəti ilə Çin Xalq Respublikasından Müasir Beynəlxalq Münasibətlər Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti Azərbaycana səfər etdi.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, ÇXR-dən gələn qonaqlar Azərbaycanın nailiyyətləri haqqında əvvəlcədən ətraflı məlumatlara malik olsalar da, onların öz sözlərinə görə, burada gördükləri qarşısında çox heyrətləndilər.

"İnfrastrukturun inkişafına ayrılmış diqqət, şəhərin və onun ətrafının təşkil edilmiş, planauyğun inkişafı, gözəl Bakı küçələrindəki insanların əhval-ruhiyyəsi. Bütün bunlar dinamik iqtisadi yüksəlişin və ölkə rəhbərliyinin ölçülüdüşünülmüş siyasətinin göstəriciləridir". Bu fikirləri nümayəndə heyətinin başçısı, Müasir Beynəlxalq Münasibətlər Elmi-Tədqiqat İnstitutunun direktor müavini, cənab Di-Ci-E AMEA-nın prezidenti, akademik Mahmud Kərimovla olan yüksək səviyyəli görüşdə ifadə etdi. Nümayəndə heyətinin üzvləri olan alimlər qlobal iqtisadi böhran dövründə işğal edilmiş ərazi, silahlı münaqişə və ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkünlərin olması şəraitində, ölkənin dinamik yüksək sürətli iqtisadi inkişafı ilə bağlı Azərbaycanın unikal təcrübəsi ilə də çox maraqlandılar.

Nümayəndə heyətinin üzvləri Azərbaycan və Çin parlamentləri arasında əlaqələrin möhkəmlənməsi üzrə deputat qrupunun sədri, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Əli Əhmədovla, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidovla, İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə və parlamentin digər komitələrinin sədrləri ilə də görüşərək Azərbaycanda elmin inkişafı və parlamentin fəaliyyəti haqqında geniş və ətraflı fikir əldə etdilər. Çinli qonaqlar Azərbaycan Diplomatik Akademiyasında olan görüşdən və akademik Hafiz Paşayevlə fikir mübadiləsindən də çox məmnun qaldılar. Qısa bir zaman ərzində Diplomatik Akademiyada yüksək ixtisaslı gənc milli mütəxəssislərin və xarici ölkələrdən Azərbaycana təhsil almağa gələn vətəndaşların yüksək ixtisaslı diplomatik kadrlar kimi yetişdirilib hazırlanması sahəsində əldə edilən nailiyyətlər nümayəndə heyətinin xüsusi rəğbətini qazandı. Qonaqlar akademik Nailə Vəlixanlının rəhbərlik etdiyi Azərbaycanın tarix muzeyini ziyarət etdilər, "İçərişəhər" və digər memarlıq abidələri ilə tanış oldular, bir daha ölkəmizin qədim tarixi və mədəniyyəti haqqında dolğun məlumat və təsəvvür eldə etdilər. Atalar doğru söyləmişlər: "Min dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır". Sosial proqram çərçivəsində və 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı ÇXR nümayəndə heyəti üçün Qobustana və "Atəşgah" məbədinə də ekskursiya təşkil edilmişdi. Burada gördüklərindən də onlar çox heyrətləndilər. Ümumiyyətlə, ÇXR nümayəndə heyəti Azərbaycandan gözəl təəssüratlarla, xoş düşüncələrlə ayrıldı və qonaqlar burada müşahidə etdikləri hər bir şey haqqında öz müsbət fikirlərini ifadə etdilər.

Biz əməkdaşlığımızın üfüqlərini genişləndirməkdə maraqlıyıq. Polşa Respublikasında olan səfirimiz cənab Həsən Həsənov vasitəsilə Polşanın Hüquq və Ədalət Partiyasının tabeçiliyində olan Sobieski İnstitutu ilə əlaqələr qurulmuşdur və artıq qarşılıqlı elmi əməkdaşlıq haqqında müqavilə layihəsi müzakirə olunur.

Təbii ki, ölkəmizdə keçirilən hər bir beynəlxalq tədbir Azərbaycanın bir daha bütün dünyaya tanıdılması, burada bir çox sahədə yüksələn xətlə gedən dinamik inkişafın qonaqlar tərəfindən müşahidə edilməsi və qiymətləndirilməsi cəhətindən çox mühüm bir əhəmiyyət kəsb edir. Bu tədbirlər sayəsində elmimizin, mədəniyyətimizin inkişafı, mədəniyyətlərarası dialoq və dinlərarası tolerantlıq, insanlarımızın xoş niyyətli və sülhsevər olması bir daha bəşəriyyətin diqqətini Azərbaycana cəlb edir. Ən önəmlisi isə odur ki, dünya ictimaiyyəti Azərbaycanı öz təmsilçilərinin gözüylə görərək, burada gedən proseslərə düzgün qiymət verə bilir. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, məhz bu beynəlxalq tədbirlər və qarşılıqlı əlaqələr sayəsində və müxtəlif ölkələrdən gələn nümayəndə heyətlərinin Azərbaycanın elm, incəsənət və ictimai-siyasi xadimləri ilə yanaşı, geniş ictimaiyyət ilə də görüşləri nəticəsində Azərbaycan-Ermənistan münaqişəsi və Dağlıq Qarabağla bağlı əsl həqiqət, onu bilməməzlikdən və görməməzlikdən gələnlərin, məkrli siyasət yürüdənlərin diqqətinə daha düzgün şəkildə və tam gerçəkliyi ilə çatdırılır ki, bu da bizim ən böyük uğurumuz sayıla bilər. Eyni zamanda, Azərbaycanda keçirilən hər bir tədbir elmin, incəsənətin, mədəniyyətin, tolerantlığın inkişafına təkraredilməz və zəngin töhfələr verməklə yanaşı, beynəlxalq müstəvidə yeni-yeni əməkdaşlığın yaranması və hərtərəfli əlaqələrimizin inkişafında böyük əhəmiyyətə malikdir.

 

 

Aytən MUSTAFAYEVA,

AMEA İnsan Hüquqları İnstitutunun

direktoru, Milli Məclisin deputatı,

hüquq elmləri üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 23 sentyabr.- S. 4.