Sumqayıtda bədii qiraət müsabiqəsi

 

Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin keçirlməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 14 yanvar 2010-cu il tarixli sərəncama əsasən Yazıçılar Birliyinin Sumqayıt şəhər bölməsi və Mərkəzləşmiş Kitabxana Sistemi tərəfindən keçirilən bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur.

 

Ötən ilin noyabrında təşkil edilən birinci mərhələdə MKS-ə daxil olan 20 kitabxananın yüzlərlə oxucusu iştirak edirdi. Onların ifasında söz sənətimizə forma və məzmunca yenilik gətirərək novator şair kimi geniş şöhrət qazanmış R.Rzanın bir-birindən maraqlı şeirləri dinlənilmişdir.

Bu günlərdə isə Səməd Vurğun adına Mərkəzi kitabxanada bədii qiraət müsabiqəsinin yekun turu keçirildi. Tədbiri Yazıçılar Birliyi Sumqayıt şəhər bölməsinin sədri Sabir Sarvan açaraq Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxarmış unudulmaz şairin yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməsindən danışdı və müsabiqədə hansı şərtlərin əsas götürüldüyünü diqqətə çatdırdı. Sonra müsabiqədə fəal iştirak etmiş oxucular elan olundu. Şəhərin ağsaqqal şairlərindən Əvəz Mahmud Lələdağ və Əşrəf Veysəlli müsabiqədə fəallıq göstərmiş 15 oxucuya həvəsləndirici mükafatları təqdim etdilər.

Əsasən yeniyetmə və gənclərin cəlb edildiyi müsabiqədə 6 saylı kitabxananın oxucusu Fatimə Qurbanova Rəsul Rzanın "Baş küçə" şerinə görə və 9 saylı kitabxananın oxucusu Könül Paşayeva "Mən bağa yox, ayrı bağa" şeirinə görə 1-ci yerə layiq görüldülər. 7 saylı kitabxananın oxucusu Fidan Məmmədova "Göy at", Mərkəzi kitabxananın oxucusu Günel Mustafayeva "Səhərin qapısında" , 4 saylı kitabxananın oxucusu Sarıtel Novruzova "Könlümə yağış düşdü" şeirinə görə 2-ci yerə, 12 saylı kitabxananın oxucusu Əlyəddin Həmidov " Sarı dana və balaca qız", 7 saylı kitabxananın oxucusu Kamran Murtuzlu "Ana qaz", 6 saylı kitabxananın oxucusu Nisə Cəbrayılova "Yetim küçə", 4 saylı kitabxananın oxucusu İradə Adıgözəlova isə "Nərgiz" şeirlərinə görə 3-cü yerə çıxdılar.

Qaliblərə Beynəlxalq Rəsul Rza Fondu tərəfindən ayrılmış, nəfis tərtibatlı kitablar hədiyyə olundu. Gənc qiraətçilər hazırladıqları şeirləri bir-bir təqdim etdilər, münsiflər heyətinin üzvləri ürək sözlərini söylədilər və beləliklə də bədii qiraət müsabiqəsi əsl poeziya bayramına çevrildi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 15 yanvar.- S. 8.