Neft sənayesinə dövlət qayğısı yüksək nailiyyətlərə zəmin yaradır

 

Ötən ilin uğurları

 

Azərbaycan dövlətinin neft strategiyasının əsas məqsədi neft və qaz sərvətlərindən xalqımızın rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla reallaşması Azərbaycanın iqtisadi qüdrətini ilbəil artırır. 2010-cu ildə Azərbaycanda neft və qaz hasilatı rekord səviyyəyə çatmış, ölkəmizin ixrac potensialı xeyli artmışdır. Məhz bunun nəticəsidir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu getdikcə artır. Neft sənayesinə dövlət qayğısının ilbəil artması , neftçilərin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bu şərəfli peşə sahiblərini yeni-yeni nailiyyətlərə ruhlandırır.

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti modern bir quruma çevrilmiş, neft sənayesinin maddi-texniki bazası gücləndirilmiş, mütərəqqi texnologiyaların tətbiqinə diqqət xeyli artırılmışdır. Bütün bunların nəticəsidir ki, son illər şirkət üzrə neft və qaz hasilatına dair dövlət tapşırıqları vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilir. Təkcə onu demək kifayətdir ki, 2010-cu ilin yekununa görə, şirkət üzrə 9 milyon 51,4 min ton neft (qaz kondensatı ilə birlikdə) və 7 milyard 578,5 min kubmetr qaz hasil olunmuşdur.

Heç şübhəsiz, bu uğurların əldə olunmasında "Azneft" İstehsalat Birliyinin də öz payı vardır. Belə ki, birlik üzrə həyata keçirilən kompleks tədbirlər, əvvəlki dövrlərdə olduğu kimi, 2010-cu ili də uğurla başa vurmağa, neft sənayesinin inkişafı üçün nəzərdə tutulan tapşırıqları artıqlaması ilə yerinə yetirməyə imkan vermişdir.

Ötən il "Azneft" İstehsalat Birliyi tərəfindən yataqların səmərəli işlənməsi, neft və qaz-kondensat hasilatı üzrə dövlət tapşırıqlarının yerinə yetirilməsi istiqamətində bir sıra mühüm işlər həyata keçirilmişdir. Məlum olduğu kimi, yataqların işlənməsinin səmərəliliyinin artırılması, neft və qaz-kondensat hasilatı üzrə dövlət tapşırıqlarının yerinə yetirilməsində istismar quyularının qazılması, geoloji-texniki tədbirlərin aparılması xüsusi əhəmiyyət kəsb edir. 2010-cu ildə "Azneft" İB üzrə işlərin həm kəmiyyətcə, həm də keyfiyyətcə yüksəlməsi təmin olunmuş, quyuların istismara daxil edilməsi və onların hesabına neft-kondensat və qaz hasil edilməsi, istismar quyularının yüksək məhsuldarlıqla və optimal rejimdə işləmələri, geoloji və texniki tədbirlərin aparılması sahəsində yüksək uğurlar əldə edilmişdir.

2010-cu il ərzində "Azneft" İstehsalat Birliyi üzrə 7 milyon 219 min 300 ton əvəzinə 7 milyon 278 min 749 ton neft hasil edilərək plan tapşırığına 100,8 faiz əməl olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 21 min 935 ton çox neft hasil edilmişdir. İstehsalat birliyi üzrə ilin əvvəlindən neftin təhvili planı da artıqlaması ilə yerinə yetirilmiş, 7 milyon 185 min 815 ton əvəzinə 7 milyon 240 min 833 ton neft satılmışdır.Bu da neft satışı planının 100,8 faiz yerinə yetirilməsi deməkdir.

Son illər "Azneft" İstehsalat Birliyi tərəfindən qaz hasilatının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Belə ki, 2010-cu il ərzində birlik üzrə 7 milyard 21 milyon 87 min kubmetr qaz hasil olunmuşdur. Bundan əlavə, il ərzində istehsalat birliyi üzrə dövlətə 6 milyard 204 milyon 169 min kubmetr "mavi yanacaq" təhvil verilmişdir. Neft və qaz hasilatının artırılması üçün prioritet sahələrdən biri də fəaliyyətsiz fondda olan quyuların təmir olunaraq istismara qaytarılmasıdır. Ötən ilin əvvəlindən birlik üzrə 85 yeni quyu istismara daxil edilmişdir ki, bunun da hesabına 161 min 265 ton əlavə neft alınmışdır. 2010-cu il ərzində "Azneft" İstehsalat Birliyinin neft və qazçıxarma idarələri tərəfindən fəaliyyətsiz fonddan 136 quyu təmir olunaraq istismara daxil edilmiş, bunun da nəticəsində 48 min 570 ton əlavə neft çıxarılmışdır.

Bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də 2010-cu ilin əvvəlindən fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimlərin seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olmuşdur. Belə ki, istehsalat birliyi üzrə ümumi istismar fondundakı 5748 quyudan 4385 fəaliyyətdə olan quyulardır. Onu da qeyd etmək lazımdır ki, istismar fondundakı quyulardan 5635-i neft, 113-ü isə qaz quyusudur. Hazırda fəaliyyətdə olan quyuların 4291-dən neft, 94-dən isə qaz hasil edilir. 2010-cu il ərzində "Azneft" İB üzrə 3345 əvəzinə 4253 texniki tədbir həyata keçirilmiş, bunun da nəticəsində 77 min 279,8 ton əlavə neft alınmışdır. Ötən ilin əvvəlindən istehsalat birliyi üzrə 791 əvəzinə 912 geoloji tədbir həyata keçirilmiş, nəticədə 312 min 18 ton neft çıxarılmışdır ki, bu da nəzərdə tutulduğundan 44 min 423 ton artıqdır.

Hər il olduğu kimi, 2010-cu ildə də istehsalat birliyi üzrə yeni texnika və texnologiyaların istehsalatda tətbiqinə ciddi fikir verilmişdir. Tərtib edilmiş kompleks tədbirlər proqramının əsas tərkib hissələrindən biri də elmi-tədqiqat institutları üzrə alınan işləmələrin, həmçinin əldə edilmiş müasir xarici və yerli alət və avadanlıqların istehsalatın müxtəlif sahələrində tətbiqindən (dərinlik nasosu ilə işləyən quyularda yeraltı və yerüstü avadanlıqların başqaları ilə əvəz edilməsi - vintli nasosla istismar üsulunun tətbiqi, mancanaq dəzgahının başqa avadanlıqla əvəzlənməsi və s.) ibarətdir.

Ölkənin qaz təminatını yaxşılaşdırmaq sahəsində əldə olunmuş mühüm uğurlardan biri də Qaz Anbarları İstismarı İdarəsinin "Azneft" İB-nin tərkibinə verilməsidir. Bu idarənin əsas fəaliyyət istiqaməti isə yaz-yay aylarında yeraltı anbarlara qaz vurmaq və payız-qış aylarında "mavi yanacağı" anbarlardan götürərək əhaliyə və sənaye obyektlərinə çatdırmaqdan ibarətdir. Ötən ili uğurla başa vurmuş Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən qazvurma mövsümündə (aprel-noyabr aylarında) yeraltı qaz anbarlarına 3 milyard 57 milyon 108 min kubmetr həcmində qaz qəbul edilmiş, istehlakçılara 3 milyard 78 milyon 207 min kubmetr təhvil verilmişdir.

Qaz anbarlarının aktiv qaz həcminin artırılması məqsədilə mühüm yenidənqurma işləri aparılır. Mövcud qaz-kompressor aqreqatlarında aparılan təmir-bərpa işləri, yeni modifikasiyalı qaz kompressor aqreqatlarının quraşdırılması və həyata keçirilən geoloji-texniki tədbirlər isə gələcəkdə də qaz anbarlarına nəzərdə tutulan həcmdə qazın vurulmasına imkan yaradacaqdır.

Son illər ölkəmizin neft və qaz hasilatı strategiyasında əhalinin və iqtisadiyyatın "mavi yanacaq"la etibarlı şəkildə təminatı mühüm yer tutur. Ölkə Prezidentinin "Əhalinin və iqtisadiyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" 2000-ci il 29 iyun tarixli fərmanında bununla bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi bu sahədə ciddi dönüşə səbəb olmuşdur.

Azərbaycanın neft-qaz sənayesinin bu yeni tarixi mərhələsində "Azneft" İB üzrə sosial sferada həyata keçirilən işlər də mühüm əhəmiyyət kəsb edir. Belə ki, 2010-cu ildə "Azneft" İstehsalat Birliyinin idarə və müəssisələrində çalışan işçilərin sosial məsələlərinin həlli istiqamətində xeyli işlər görülmüşdür. İlin əvvəlindən istehsalat birliyi üzrə işçilərə 1320.5 min manat həcmində maddi yardım göstərilmişdir. "28 May" NQÇİ-nin sifarişi ilə "Neftqaztikinti" tresti tərəfindən M.Hadi küçəsindəki 18 mənzilli yaşayış binasının, Balaxanı qəsəbəsində ikimərtəbəli 26 mənzilli ailəvi yataqxananın tikintisi başa çatdırılmışdır. İstehsalat birliyində çalışan işçilərin və onların ailə üzvlərinin istirahətinin və müalicəsinin səmərəli keçirilməsi məqsədilə istirahət evləri və sanatoriyalara getmək üçün 614 nəfərə göndəriş verilmişdir.

2010-cu il neftçilərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində "Neft Daşları" və "28 May" NQÇİ-lərində də xeyli iş görülmüş, yataqxana korpuslarında, qəsəbə ərazisində, sexlərdə briqadalarda, ayrı-ayrı özüllərdə əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Belə ki, dərin dəniz özülləri məişət avadanlıqları, soyuducu kameraları, soyuducular, televizorlar, mətbəx avadanlıqları ilə təmin olunmuş, mühəndis texniki işçilərinin xidməti otaqlarında təmir işləri aparılmış, təzə və köhnə qəsəbələri birləşdirən asfalt yol bərpa olunmuşdur, Çilov adasında yaşıllaşdırma və abadlaşdırma işləri davam etdirilmiş, yeni parklar salınmış, 16 minə yaxın müxtəlif ağac və bəzək kolları əkilmişdir. Adada müasir standartlara cavab verən və lazımi məişət avadanlıqları ilə təchiz edilmiş tibb məntəqəsi neftçilərin istifadəsinə verilmişdir. Hazırda neftçilər üçün 4-cü yataqxananın, yeni inzibatı binanın, qonaq evinin tikintisi davam etdirilir. Ötən il Çilov adasında bioloji təmizləmə qurğusunun ikinci buraxılış kompleksi işə salınmış, OSMOS tipli su təmizləyici qurğusunun tikintisi başa çatdırılmışdır. Adada yeni uşaq bağçasının, məktəbdə isə idman zalının tikintisi tamamlanaraq istifadəyə verilmişdir.

Hazırda istehsalat birliyinin digər idarə və müəssisələrində də işçilərin sosial-məişət şəratinin yaxşılaşdırılması sahəsində işlər davam etdirilir.

Ötən ili yüksək nailiyyətlərlə başa vuran ölkə neftçiləri cari ildə də dövlət plan tapşırıqlarının yerinə yetirilməsi, ölkəmizin çiçəklənən bir diyara çevrilməsi, vətənimizin iqtisadi cəhətdən daha da qüdrətlənməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər etmişlər.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 30 yanvar.- S. 2.