Azərbaycan - Qırğızıstan münasibətləri yeni mərhələyə qədəm qoyur

 

Bizim iqtisadi, enerji və əlbəttə ki, siyasi sahələrdə qarşılıqlı münasibətlərin gələcək inkişafına dair böyük planlarımız mövcuddur. Bu gün biz münasibətlərimizin inkişafının yeni mərhələsinə başlayırıq.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 mart 2012-ci il

 

 

Bakıya baxdıqca yalnız yaxşı mənada həsəd aparmaq və fikirləşmək olar ki, bizim Bişkek də, əlbəttə, belə olmalıdır. Biz bunu öyrənəcəyik. Çox şey öyrənəcəyik.

 

Almazbek ATAMBAYEV,

Qırğız Respublikasının Prezidenti

Bakı 30 mart, 2012-ci il

 

 

Bu, Türk dünyasının daha geniş əməkdaşlığına töhfə kimi qiymətləndirilir

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, xüsusən, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamız öncə regionun, daha sonra isə bütövlükdə dünyanın istənilən ölkəsi ilə səmərəli əməkdaşlıq etmək yolunu tutdu. Bu siyasi kursun əsas istiqamətlərindən biritürk dünyasını təmsil edən dövlətlərlə, türkdilli xalqların yaşadığı ölkələrlə əməkdaşlığın genişləndirilməsi idi. Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi, diplomatik təcrübəsi və liderlik məharəti nəticəsində bu istiqamətdə kifayət qədər uğur əldə edildi. Ancaq çox təəssüf ki, Bakının bütün səylərinə baxmayaraq, qardaş Qırğız Respublikası ilə münasibətlərdə bir sərinlik var idi. Bunun əsas səbəbi dost ölkədə yaşanan müxtəlif proseslər, hakimiyyətin əldən-ələ keçməsi, siyasi sabitliyin olmaması idi.

 

Maraqlıdır ki, bu faktı qardaş ölkənin dövlət başçısı Almazbek Atambayev martın 30-da -Bakı səfəri zamanı dönə-dönə yada saldı. Hətta, cənab Atambayev geridə qalan dövrü Bakı və Bişkək üçün "itirilmiş müddət" kimi qiymətləndirdi: "... Həqiqətən də 20 il itirilmişdir. Görünür, qismət belə imiş, Allah belə istəmişdir. Lakin bu gün bütün istiqamətlər üzrə irəliləmək üçün neft emalı zavodundan başlamış bank, turizm sahələrinə, Azərbaycan - Qırğızıstan İnvestisiya Fondunun yaradılmasına qədər qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik". Dost ölkənin Prezidenti əmindir ki, itirilən 20 ili qarşıdakı iki ildə fəal işləməklə qaytarmaq mümkün olacaqdır. Ona görə də ikitərəfli münasibətlərimiz tamamilə başqa səviyyəyə qaldırılmalıdır.

Qırğız Prezidentinin Azərbaycana səfəri ilə bağlı öz mülahizələrini söyləyən ekspertlər daha çox üç məsələnin üzərində dayanırlar. Birincisi, cənab Atambayev geridə qalan 20 ilin itirildiyini (təbii ki, daha çox Qırğızıstan üçün) etiraf edirbu itkinin əsas səbəbini də gizlətmir. İkinci məsələ dost ölkənin dövlət başçısının Azərbaycana ilk səfərini yada salması ilə bağlı idi: "Mən çox şadam və fəxr edirəm ki, Azərbaycan bu dərəcədə dəyişmişdir. Mən burada 21 il bundan əvvəl də olmuşam. Dünən və bu gün isə gördüm ki, əlbəttə, bu, tamamilə başqa Azərbaycandır. Ona görə ki, bizdən fərqli olaraq prezidentlər sarıdan sizin bəxtiniz gətirmişdir. 1993-cü ildən başlayaraq yaxşı bünövrə qoyulmuşdur. Bu indidavam edir. Ona görə də Azərbaycan belə tərəqqi edir, yüksəlir".

Ekspertlərin vurğuladığı üçüncü məsələ isə cənab Atambayevin növbəti etirafı dilə gətirməsidir. Sənədlərin imzalanması mərasimindən sonra keçirilən birgə mətbuat konfransında qırğız prezidenti keçmişdə qalan səhvlərin təkrar olunmayacağına əminlik ifadə edərək dedi: "Ən başlıcası, bizim birlikdə görməli olduğumuz işlər vardır. Düşünürəm ki, bu dəfə artıq bu fəaliyyət xəttindən çəkilməyəcək və fəal işləyəcəyik".

Qırğızıstan Prezidentinin Azərbaycan səfəri çərçivəsində əməkdaşlığın yeni mərhələsini təmin edəcək 6 mühüm sənəd imzalandı. Prezidentlərin Birgə Bəyanatı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatına qəbul olunması üzrə Protokol, vergi qanunvericiliyinə riayət edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş, mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş, eləcə də mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş ölkələrarası münasibətləri yeni müstəviyə qaldıracaq.

Vurğulanmalı başqa bir məqam da ondan ibarətdir ki, ölkələr və xalqlar arasındakı münasibətlərin yaxşılaşdırılması, eləcə də dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi məsələsində ayrı-ayrı siyasətçilərin rolu danılmazdır. Bu məqamın təsdiqini Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransında Almazbek Atambayevə müraciətlə söylədiyi fikirlərdə də gördük. Dövlət başçımız dedi: "Siz Qırğızıstana rəhbərlik edəndən sonra biz münasibətlərimizin inkişaf dinamikasını, bu münasibətləri inkişaf etdirmək üçün real, ciddi əzmkarlıq göstərildiyini görürük. Ən başlıcası, biz öz vədlərimizə və razılaşmalarımıza sadiqik". Xatırladaq ki, Almazbek Atambayev Bakıya rəsmi səfər edən ilk qırğız dövlət başçısıdır.

Diqqətçəkən məqamlardan biri də Azərbaycan - Qırğızıstan dostluq və qardaşlıq münasibətlərinin türk dünyasının birliyinə növbəti töhfə olması məsələsi idi. Təbii ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev bu istiqamətdə çox mühüm addımlar atıblar, türk dünyasının ümumi birliyinə töhfələr veriblər. Martın 30-da keçirilən mətbuat konfransında isə Prezident İlham Əliyev məsələni bir qədər də konkret şəkildə ifadə etdi: "Mən hesab edirəm ki, Qırğızıstan Prezidentinin türk dünyasının səylərini birləşdirmək üçün fəal mövqeyi birliymizi möhkəmləndirəcəkdir".

Almazbek Atambayevin Heydər Əliyev Fondunda olması, Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü, Milli Məclisin deputatları qarşısında çıxışı, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etməsi, ali qonağın şərəfinə dövlət başçımızın və onun xanımının adından rəsmi ziyafət verilməsi regionun və dünyanın kütləvi informasiya vasitələri tərəfindən maraqla izlənildi və geniş işıqlandırıldı. Hamının yekdil rəyi isə belə oldu: Azərbaycanın uğurlu xarici siyasəti rəsmi Bakını Avrasiyanın ən inamlı və etibarlı ölkəsinə çevirir. Diplomatiyamızın son dövrdə qazandığı nailiyyətlər də məhz bu inam və etimadın nəticəsi kimi qiymətləndirilir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.- 1 aprel.- S. 1.