Kəlbəcərlilər mütləq doğma yurdlarına qayıdacaqlar

 

Bu faciəni heç bir vaxt unutmaq olmaz. Faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də onu daim yaşatmaq lazımdır ki, bu faciədən hərə özü üçün ibrət götürsün, yaşatmaq lazımdır ki, dünya xalqları bilsin. Erməni qəsbkarları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Ona görə bunu yaşatmaq lazımdır, unutmaq olmaz, nəsillərdən-nəsillərə ötürmək lazımdır.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

 

Bunu Azərbaycanın gündən - günə artan gücü də təsdiqləyir

 

Tarixən dövləti və torpağı olmayan, xalqımızın mərhəmətindən, xeyirxahlığından və humanist keyfiyyətlərindən özünəməxsus formada istifadə edərək Azərbaycan ərazisində sığınacaq tapan ermənilər müxtəlif dövrlərdə ciddi başağrısına çevrilmiş, ölkəmizə qarşı iyrənc, ağlasığmaz ərazi iddiaları ilə çıxış etmişlər.

Hər dəfə xalqımıza qarşı terror və soyqırımı kimi qeyri-insani cinayətlər törədən ermənilər öz himayədarlarının hesabına sonradan bizim torpaqlarımızda özlərinə sığınacaq tapmağı da "bacarmışlar". Ermənilər Azərbaycan ərazilərində məskunlaşdıqca həmin ərazilərin onlara məxsus olması barədə əsassız iddialar qaldırmağa başladılar. Hətta bu yolda tarixi saxtalaşdırmaqdan belə çəkinmədilər. Getdikcə azğınlaşan ermənilər zaman - zaman soydaşlarımıza qarşı dəhşətli terror aktları törətmiş, rus imperiyasına arxalanaraq azərbaycanlıları öz doğma yurd - yuvalarından didərgin salmışlar.

1905-ci, 1918-ci və sonrakı illərdə ermənilərin torətdikləri ağlasığmaz hadisələrin qarşısı yetərincə alınsaydı, 1988-ci ildə və ondan sonra cərəyan edən proseslərə daha hazırlıqlı olardıq. Ulu öndər Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrindən istefasından sonra ermənilərin əl - qolu daha da açıldı və Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun himayədarlığı altında Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə həyata keçirdilər. Həmin vaxtdan başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon bir - birinin ardınca işğal olundu. İşğal zamanı erməni hərbi birləşmələri ağlasığmaz vəhşiliklər törətmiş, kəndləri, qəsəbələri, şəhərləri yerlə yeksan etmiş, tarixi - mədəni abidələri məhv etmişlər.

Milli tariximizin ən böyük faciələrindən biri də Kəlbəcər rayonunun işğalıdır. Hələ 1990-cı il iyul ayının 11-də erməni separatçıları tərəfindən "Tərtər - Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası həyata keçirilmiş və nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər isə yaralanmışdı.

19 il əvvəl - 1993-cü il aprelin 2-də Ermənistanın işğalçı qüvvələri havadarlarının köməyilə Kəlbəcər rayonunu işğal etmişlər. Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdır. Bu qanlı olay zamanı 1 şəhər, 1 şəhər tipli qəsəbə, 129 kənd erməni qəsbkarlarının işğalı altına düşmüşdür. Bir çox yaşayış məntəqələri vəhşiliklə dağıdılmış, 511 nəfər rayon sakini və 55 hərbçi öldürülmüş, 321 nəfər girov götürülmüşdür. Rayonun 13 min yaşayış evi, 500 ictimai bina, 96 orta məktəb, 76 səhiyyə müəssisəsi, 62 körpü, 37852 hektar meşə sahəsi, 4 tarixi abidə, 172 mədəniyyət ocağı, 100 minlərlə baş mal-qara, qoyun-quzus. düşmən işğalında qalmış, talan edilmiş, yandırılmış və erməni xislətinə uyğun vəhşiliklə dağıdılmışdır.

1993-cü ilin təxmini hesablamalarına görə, Kəlbəcərin işğalı ilə ümumilikdə Azərbaycana 1 milyard dollara yaxın maddi zərər vurulmuşdur. Rayonun işğalı zamanı 60698 nəfər yerli əhali öz yurdundan qovularaq çıxarılmışdır. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı (maldarlıq, tütünçülük və arıçılıq) təşkil edirdi. Rayonda 31 kolxoz, 2 sovxoz fəaliyyət göstərirdi, hər il min tonlarla müxtəlif kənd təsərrüfatı məhsulları istehsal olunurdu. Respublikanın 21 rayonunun 3 milyon baş qoyun-quzusu və 100 min baş mal-qarası yay aylarında Kəlbəcər yaylaqlarında bəslənirdi.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Hazırda Kəlbəcər rayonunun əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məcburi köçkün şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13 minədək fərdi mənzil, 37.852 hektar meşə sahəsi inditalan olunmaqdadır. BMT-nin, ATƏT-in və digər nüfuzlu beynəlxalq qurumların prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

Ermənistan silahlı qüvvələrinin ərazilərimizin, o cümlədən Kəlbəcər rayonunun işğalında iştirakı, qeyri - insani hərəkətləri və qəddarlığı beynəlxalq qurumların sənədlərində də öz əksini tapmışdır. Məsələn, bu işğal qeyri-hökumət təşkilatı olan "Human Rights Watch"un "Azərbaycan: Dağlıq Qarabağda münaqişənin 7 ili" (Nyu-York, 1994-cü il, səh. 67-73) məcmuəsində də təsdiq olunub. Bundan əlavə, 1998-ci ildə Ermənistanda keçirilən seçkilər zamanı səyyar səsvermə qutuları Kəlbəcər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respublikasının dövlət sərhədindən keçirilib. Bu da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanda 1998-ci il martın 16-sı və 30-da keçirilən prezident seçkilərinə dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini tapıb.

Kəlbəcərin işğalı zamanı çoxlu sayda tarixi - mədəni abidələr erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə dağıdılmışdır. Rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Cəlal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçənli kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilib.

Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da bu gün işğal ərazisində qalmaqdadır.

Hazırda işğal altında olan Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmişdir. Onun ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü 125 metrdir. Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağsol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, AğdamGoranboy rayonlarının ümumilikdə 79 min hektar əkin sahəsi suvarılırdı. Sərsəng su anbarı işğal altında qalandan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan 400 min nəfər əhali isə daim təhlükə altındadır.

Öz doğma ata - baba yurdlarından didərgin salınmış soydaşlarımıza həmişə böyük qayğı göstərilib. Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri də qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi, məşğulluğunun artırılması və rahat yaşamalarının təmin olunmasıdır. Bu gün bunu bütün qaçqın və məcburi köçkünlər hiss edirlər. Kəlbəcərlilər gələcəyə böyük ümidlə baxırlar. İnanırlar ki, yenidən öz isti ocaqlarına qayıdacaq, doğma ev - eşiklərində rahat yaşayacaqlar. Buna Azərbaycanın gündən - günə artan qüdrəti, beynəlxalq aləmdə möhkəmlənən mövqeyi də təminat verir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 3 aprel.- S. 6.