Astara: dövlət qayğısı sayəsində böyüyən, gözəlləşən diyar

 

... Mən Astarada dəfələrlə olmuşam. Hər dəfə rayonda olarkən yenilikləri görəndə çox sevinirəm... Mən bu uğurlarla bağlı bütün astaralıları ürəkdən təbrik edirəm...

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Ölkəmizin "cənub qapısı" sayılan Astara regional inkişaf Dövlət Proqramı üzrə həyata keçirilən tədbirlər nəticəsində simasını tamamilə dəyişmiş, gözəlləşmişdir. Mart ayının 13-də bölgəyə növbəti dəfə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Astarada Olimpiya İdman Kompleksinin, əsaslı təmir və yenidənqurmadan sonra mərkəzi rayon xəstəxənasının açılışlarında və kəndlərarası avtomobil yollarının istismara verilməsində iştirak etmiş, ictimaiyyət nümayəndələri ilə görüşərək səmimi söhbətlər aparmışdır. Dövlətimizin başçısı rayonda görülən işləri yüksək qiymətləndirmişdir.

 

Xəzərin aynasında güzgülənən, Talış dağlarının vüqarından özünə libas biçən Astaraya müsafirlər bir baxışdan vurulurlar. Həm təbii gözəllikləri, həm də bu yerlərə insan əlləri ilə vurulan özəl naxışlar Astaranı tanınan bir diyara çevirib.

Bu "cənub gözəli"nin hər tərəfi gül qoxuyur, səliqə-sahman göz oxşayır. Dövlət Bayrağı Meydanı, yaraşıqlı tikililər, zövqlə boyanmış hasarlar, işıl-işıl yaşıllıqlar, bir də gülərüz sakinlər... Regionların inkişafı Dövlət Proqramı Astaranın yeni növrağına vəsilə olub. Çoxlu sosial obyektlər tikilib, abadlıq tədbirləri ardıcıl davam etdirilir, əhalinin həyat tərzi xeyli yaxşılaşıb. Astaraya baxanda, sözün həqiqi mənasında adamın ürəyi açılır. Martın 13-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin rayona növbəti səfəri astaralıların qəlbində böyük qürur və sevinc duyğuları yaradıb. Onlar bu tarixi səfərin hər bir anını sonsuz fəxrlə xatırlayır, rayona göstərilən qayğıdan hədsiz fərəh və minnətdarlıq hissi keçirirlər. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov bu barədə deyir:

- Ötən il aprelin 15-də cənab İlham Əliyev Astaraya gəlmişdi. Üstündən heç bir il ötməmiş yenə təşrif buyurdu. Bu, böyük etimaddır. Möhtərəm Prezidentimizin Astara Olimpiya İdman Kompleksinin açılış mərasimində çıxışı zamanı söylədiyi fikirlər, verdiyi tövsiyələr bizi daha məsuliyyətli olmağa, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə daha ciddi səy göstərməyə ruhlandırır. Dövlətimizin başçısının rayonumuza ötənilki səfərindən sonra Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına quruculuq-abadlıq tədbirləri daha geniş vüsət almışdır. Astaralılar doğma yurdun tərəqqisi yolunda fədakarlıqlarını əsirgəmir, möhtərəm cənab Prezidentimizin müdrik və uzaqgörən siyasətini ürəkdən bəyənir və onun ətrafında sıx birləşdiklərini əməli fəaliyyətləri ilə nümayiş etdirirlər.

Astaraya budəfəki səfərində möhtərəm Prezidentimiz görülmüş işlərdən razılığını ifadə etdi. Bu, bizi qətiyyən arxayınlaşdırmır, əksinə, məsuliyyət hissimizi birə-beş artırır, xalqa daha layiqli xidmət göstərmək əzmimizi gücləndirir.

... Həmin gün əziz bir gün idi. Xalqımız çərşənbəni bayram edirdi. Rayonda bayram-bayrama, sevinc-sevincə qarışmışdı. "İdman ili"ndə ilk dəfə Astarada Olimpiya İdman Kompleksinin açılışı hər kəsə unudulmaz təsir bağışladı. Mərasim geniş konsert proqramı ilə davam etdi. Respublikamızın tanınmış incəsənət ustaları Astaranı əlvan bayram ərməğanı ilə daha da gözəlləşdirdilər.

Bu yaz Astaraya ikiqat əzmkarlıq, coşğu, yaratmaq, qurmaq həvəsi gətirib. Tikinti, abadlıq və quruculuq işləri get-gedə genişlənir. Rayonda inşaat işlərinin aparılması üçün 2011-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 46 milyon 837,2 min manat məbləğində vəsait yönəldilmişdir. Bu da əvvəlki illə müqayisədə 36,3 faiz çoxdur. İnvestisiyanın 62,4 faizi istehsal təyinatlı obyektlərin, qalanı isə qeyri-istehsal təyinatlı obyektlərin inşasında istifadə edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2011-ci il tarixli sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılmış 2 milyon manat vəsait hesabına şəhərin H.Əliyev prospekti, Azərbaycan, Nizami və A.Heydərov küçələrində abadlıq və təmir işləri aparılmış, yeni hasarlar çəkilmiş, səkilərə tamet döşənmiş, yan daşlar düzülmüşyeni işıqlandırma sistemləri quraşdırılmışdır. Ümumi uzunluğu 8 kilometr olan Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran və Kijəbə-Maşxan yolları, Ərçivan-İstisu avtomobil yolunun 9 kilometr məsafəsi, Siyaku-Şağlazüzə istiqamətində 2 kilometr yol əsaslı təmir olunaraq asfaltlaşdırılmışdır. Şəhərdaxili yollara 9000 kvadratmetr asfalt döşənmiş, şəhərin bütün küçələrində təmizlik, abadlıq və yenidənqurma işləri aparılmışdır.

Yolların istismara verilməsində iştirak edən Prezident İlham Əliyev sakinlərə xeyir-dua vermişdir: "Keçən ilin aprel ayında da Astarada idim, başqa kənd yolunun açılışında iştirak edirdim. Bu gün, bir ildən sonra isə Kijəbə qəsəbəsini başqa kəndlərlə birləşdirən yolun açılışında iştirak edirəm. Yol həyatdır. Yol olmadan inkişaf ola bilməz... Mənim arzum ondan ibarətdir ki, hər bir kənddə, hər bir qəsəbədə işlər yaxşı getsin, yaşamaq üçün, işləmək üçün bütün şərait olsun..."

Rayonun Kijəbə qəsəbə sakini Müslüm Qənbərov göstərilən qayğıdan hədsiz razılığını bildirdi:

- Möhtərəm Prezidentimizlə görüşün təəssüratları bizi hələ uzun müddət tərk etməyəcək. Görüşdə də qeyd edildiyi kimi, ulu öndər Heydər Əliyev 8 dəfə bizim qəsəbədə olub. Prezident İlham Əliyev də bu ənənəni davam etdirir. Onun tapşırığı ilə əsaslı təmir olunmuş bu yoldan Kijəbə qəsəbəsinin və 9 kəndin 12 min əhalisi, həmçinin ucqarda yerləşən Pəlikəş inzibati ərazi dairəsi üzrə 13 kənddə yaşayan 7 min sakin istifadə edir. Buradakı Bayraq Meydanı, ətrafda salınan istirahət parkı, abadlıq tədbirləri lap ürəyimizdən xəbər verir. Lovayın su anbarının təmiri vacib infrastruktur tədbirlərindəndir. Bütün bunlara görə hədsiz minnətdarıq. Görüm, ulu Tanrı sevimli Prezidentimizi minbudaq eləsin!

Heydər Əliyev parkında YAP Astara rayon təşkilatı üçün ikimərtəbəli inzibati binanın tikintisi başa çatdırılmış, parkın genişləndirilməsi ilə əlaqədar xeyli görülmüş, burada yerləşən beşmərtəbəli ictimai yaşayış binasının fasadı müasir tələblərə uyğun əsaslı təmir edilmişdir. Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Natiq İbadov da sevincini bizimlə bölüşdü:

- Son illərdə möhtərəm Prezidentimizin Astaraya ardıcıl səfərləri bizim üçün tarixi hadisələrdir. Onun tapşırığı ilə qısa müddətdə tikilib istifadəyə verilən bu gözəl, ikimərtəbəli bina hər birimizə gözəl töhfədir. Dövlət başçımızın buraya gəlməsi, bina ilə, yaradılan şəraitlə və ulu öndərə həsr olunan guşə ilə tanış olması, tapşırıq və tövsiyələrini verməsi qəlbimizi sonsuz qürur hissi ilə doldurmuşdur. Hər bir YAP üzvü, hər bir astaralı bundan ruhlanaraq Vətənə daha böyük məhəbbətlə xidmət göstərmək əzmindədir. Ölkəmizdə sayca 34-cü Olimpiya İdman Kompleksinin, Astara Rayon Mərkəzi Xəstəxanasının isə əsaslı təmir və yenidənqurmadan sonra açılışları rayonumuza dövlət qayğısının real bəhrələridir. Astaranın kənd yolları da yenilənir, insanların həyat şəraiti durmadan yaxşılaşır. Biz bu qayğının, diqqətin müqabilində daha da məsuliyyətlə çalışacaq, etimadı doğruldacağıq.

Rayonun Pensər, Kakalos, Ojəkəran, Kolatan, Şiyəkəran kəndlərinin qaz təchizatı bərpa edilmişdir. Sərək, Şuvi, Siyatük kəndlərinin qazlaşdırılması üçün yeni aparıcı qaz xətləri çəkilmiş, Şahağacı, Bala Şahağacı kəndlərinin qaz xətlərinin bərpası üçün hazırlıq işləri davam etdirilir. Rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 10 min 602-yə çatdırılmışdır.

Cənab İlham Əliyev Astarada olarkən bildirdi ki, 2013-cü ilin sonuna qədər bütün bölgələrdə qazlaşdırma layihələri maksimum dərəcədə başa çatacaq. O cümlədən, Astara rayonunda bu proses sürətlə gedir. Sosial layihələr əhaliyə göstərilən qayğının başlıca istiqamətini təşkil edir.

Rayonun ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin əsaslı təmiri, tikintisi, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə də ötən dövrdə xeyli görülmüşdür. Dövlət və yerli büdcə vəsaiti hesabına yeni məktəb binaları tikilmiş, mövcud məktəblər əsaslı təmir olunmuş, yeni avadanlıqlar alınaraq təhsil müəssisələrinə paylanmışdır. Hazırda 220 yerlik Suparibağ kənd, 360 yerlik Astara şəhər 7 saylı tam orta və 180 yerlik Rudəkənar kənd ümumi orta məktəb binalarının tikintisi, şəhər 2 saylı uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir. Yeni tədris ilində Lovayın kənd tam orta məktəbi, rayon Texniki Yaradıcılıq Mərkəzi, Ərçivan kənd 3 saylı tam orta məktəbinin tədris korpuslarında yerli büdcə hesabına əsaslı təmir işləri aparılmışdır.

Səfər zamanı cənab İlham Əliyevin açılışında iştirak etdiyi mərkəzi xəstəxana hazırda ən müasir tələblər səviyyəsindədir. Unudulmaz görüş zamanı Prezidentə minnətdarlıq edən həkim Aliyə Həsənova ürək sözlərini belə ifadə etmişdir: "Cənab Prezident, bu, Sizin bütün astaralılara göstərdiyiniz qayğının təcəssümüdür. Əvvəllər xəstəxanamız bərbad vəziyyətdə idi. Müasir tibb avadanlığına ciddi ehtiyac duyurdu. Xəstələrin burada stasionar müalicəsi üçün heç bir şərait yox idi. Əhali məcbur olub xeyli vaxt və vəsait sərf edib rayondan kənarda yerləşən tibbi mərkəzlərə üz tuturdu. Buna görə də Azərbaycanın cənub qapısı, ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycanın cənub mirvarisi olan Astarada belə bir xəstəxananın yaradılmasına sərəncam verdiniz. Bu xəstəxanada biz səhiyyə işçiləri əhaliyə daha yaxşı tibbi xidmət göstərəcəyik. Artıq həyatı xilas edilən hər bir insanın şəfa tapmasında Sizin böyük qayğınız danılmazdır, cənab Prezident!"

Prezident İlham Əliyevin növbəti səfərinin ən xoş təəssüratlarını yaşayan Astarada bu il daha mühüm vəzifələr həyata keçirilməlidir. Şəhərin kanalizasiya sisteminin qurulması, mərkəzləşdirilmiş istilik sisteminin yaradılması, rayonda qazlaşdırmanın başa çatdırması, elektrik təsərrüfatının yenidən qurulması, əhalinin içməli su ilə təminatı, şəhid ailələri və əlillər üçün yaşayış evinin, 8 məktəb və 5 inzibati ərazi nümayəndəliyi üçün yeni binanın, 5 piyadaavtomobil körpüsünün tikintisi, 10 ictimai yaşayış binasının və 5 məktəb, 3 uşaq bağçasının əsaslı təmiri, 93 kilometrlik qəsəbə və kənd yollarının asfaltlaşdırılması, dağlıq ərazidə yerləşən kənd yollarının əsaslı təmiri ən vacib məsələlərdir.

Bəli, Astarada qazanılan uğurlar ən yüksək səviyyədə təqdir olundu, qarşıdakı vəzifələrlə bağlı tapşırıq və tövsiyələr də verildi. İndi qalır bunları ikiqat səylə reallaşdırmaq. İnanırıq ki, həmin vəzifələrin yerinə yetirilməsi üçün astaralılar bütün imkanlardan səmərəli istifadə edəcək, rayonun daha da abadlaşdırılması və gözəlləşdirilməsindən ötrü qüvvələri tam səfərbər edəcəkdir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.-5 aprel.- S. 7.