Biləsuvar sürətli inkişaf yolundadır

 

Sovet dövründə Puşkin adlandırılan Biləsuvar müstəqillik illərində tarixi adına qovuşduqdan sonra rayonun inkişafına da ciddi fikir verilmiş, burada abadlıq-quruculuq işləri sürətlənmişdir. Yeni əsrin əvvəllərindən qədim diyarın müasirləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər xüsusilə ardıcıl xarakter daşımağa başlamışdır.

 

Bu gün Biləsuvar adı həm də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata yurdu kimi dillərdə fəxrlə dolaşır. İki il öncə bir yay gecəsi Tərtər istiqamətində atəşkəsi pozan neçə-neçə erməni hərbçisini təkbaşına məhv edən və sonra da şəhid olan Milli Ordumuzun giziri Mübariz Ağakərim oğlu İbrahimov millətimizin qəhrəmanlıq tarixinə qanı ilə qızıl sətirlər yazdı.

Mübarizin örnək həyatından hamı iftixarla danışır. Bu il martın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri çərçivəsində Masallı Gənclər Mərkəzinin açılışında M. İbrahimov adına Biləsuvar rayon məktəb-lisey kompleksinin 11-ci sinif şagirdi Gövhər Ağazadənin çıxışını xatırlayıram. Gənclərə dövlət qayğısından razılığını bildirən məktəbli qız fərəh dolu həyəcanla demişdi: "Möhtərəm, cənab Prezident, Siz Mübariz İbrahimova, onun qəhrəmanlığına yüksək qiymət verdiniz və onu Azərbaycan qəhrəmanlığının zirvəsi ilə - Milli Qəhrəman adı ilə mükafatlandırdınız. Məktəbimizin qarşısında Mübariz İbrahimovun şərəfinə abidə ucaldılıb. Oxuduğu məktəbə onun adı verilib. Yaşadığı kənddə ev-muzeyi yaradılıb. Ümumiyyətlə, rayonumuzda keçirilən bütün tədbirlərdə Mübariz İbrahimovun xatirəsi xüsusilə anılır. Onu demək istəyirəm ki, bu gün Mübariz İbrahimov kimi vətənpərvərlik ruhunda böyüyən gənclərimizin sayı çoxdur. Biz gənclər hər birimiz Sizin qaldırdığınız bayraq altında torpaqlarımızı düşməndən azad etməyə hazırıq".

Dövlətimizin başçısı cavabında dedi ki, Mübariz İbrahimov Azərbaycan xalqının böyük oğludur, böyük qəhrəmandır. Onun xatirəsi hər birimiz üçün əzizdir. O, işğalçıya qarşı vuruşa gedəndə dəqiq bilirdi ki, döyüşdən qayıtmayacaq. Düşmənləri məhv etdi və özü də qəhrəman kimi həlak oldu... Bizim Mübariz kimi oğullarımız çoxdur.

Bəli, gənclərimizin hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarının, vətənpərvərlik ruhunda tərbiyə almalarının nəticəsidir ki, onlar məhz Mübariz kimi hünər, şücaət göstərməyə hazır olduqlarını bildirirlər. Elə Gövhər Ağazadənin dediyi kimi...

Artıq altı ildir ki, Biləsuvarda gənclər üçün möhtəşəm Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Burada örtülü zal, hovuz, mehmanxana, açıq stadion, tennis kortu, voleybol və basketbol meydançaları, kotteclər və digər idman qurğuları gənclərin ixtiyarındadır. Şəhərdə gənclərin and yeri olacaq "Bayraq Meydanı" yaradılır. Milli Qəhrəmanın adını daşıyan küçədə tağvari giriş qapısı müasir üslubda yenidən qurulur. Abadlıq tədbirləri həyata keçirilir. Mübarizin ailəsi üçün Əliabad kəndinin giriş hissəsində ikimərtəbəli yaşayış evi tikilib, ərazidə yaşıllıq zolağı salınıb. Şəhərdəki Gənclər parkının yenidən qurulması reallaşdırılır, parkda Heydər Əliyev Muzeyi yaradılacaq. Gənclər Mərkəzi, Elektron kitabxana tikiləcək və s. Çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimləri bir qayda olaraq təntənəli şəkildə keçirilir ki, bunun da vətənpərvərlik tərbiyəsi baxımından önəmi böyükdür.

Rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin qayğıları da unudulmur. Onlar üçün kəndlərdə fərdi evlər, şəhərdə isə çoxmənzilli yaşayış binaları tikilərək istifadəyə verilib. Sonra da hündürmərtəbəli bina və fərdi evlərin tikintisi davam etdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il oktyabrın 7-də rayonda olarkən "Biləsuvar AQRO" adlanan süd emalı zavodunun açılışında iştirak etmişdir. 2010-cu il aprelin 29-da Biləsuvara səfəri zamanı isə dövlət başçısı "Azərsun" Holdinqin nəhəng konserv zavodunun, rayon mərkəzindəki "Ana və Uşaq" Mərkəzinin, gömrük-buraxılış məntəqəsində yük terminalının və 12 kilometrlik dolama yolun açılış mərasimlərində iştirak etmiş, xeyir-dua və tövsiyələrini vermişdir.

Regional mərkəzin müasir cərrahiyyə bloku, poliklinikası, ginekologiya, perinatal və digər şöbələri var. Tikintinin zövqlə və keyfiyyətlə başa çatdırıldığını vurğulayan dövlət başçısı deyib ki, indi əsas məqsəd burada yaxşı tibbi xidməti təmin etmək olmalıdır. Hazırda mərkəzdə bu yöndə səylər göstərilir.

Rayonun infrastrukturu genişlənməkdə davam edir. Yeni tikilən "Biogübrə" zavodu, təsis edilən "Biləsuvar-Süd" MMC kənd təsərrüfatı məhsullarının istehsalı və emalı baxımından önəmlidir.

Biləsuvarın sürətli inkişafı daha bir qurumun - sərhəd keçid məntəqəsinin təzədən qurulması və yeni gömrük məntəqəsinin yaradılması zərurətini ortaya qoymuşdu. Rayona səfəri zamanı Prezident İlham Əliyev yeni yaradılan bu obyektə də gəlmiş, məntəqənin imkanları və iş şəraiti ilə tanış olmuşdur.

Prezidentin rəmzi lentini kəsdiyi Biləsuvar dairəvi yolu ölkəmizin iqtisadi qüdrətinin, potensialının göstəricilərindəndir. Bu rahat yol cənub bölgəsinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasında əvəzsiz rol oynayır. Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolu ilə hərəkət edən tranzit nəqliyyat vasitələri artıq iki ildir ki, Biləsuvar şəhərinə girmədən keçib gedir.

Rayonda olarkən görüşdüyüm icra hakimiyyətinin başçısı Mahir Quliyev dedi ki, dövlət qayğısı sayəsində Biləsuvarda möhtəşəm işlər görülüb. Perspektivdə görüləsi işlər də yetərincədir. Bütün bunlar yalnız və yalnız möhtərəm Prezidentimizin uğurlu siyasətinin, elmi-konseptual idarəetmə bacarığının nəticələridir. Regional inkişaf Dövlət Proqramını dövlət başçımızın şah əsərlərindən saymaq olar. Bunun sayəsində, inşallah, bölgələrimiz daha da gözəlləşəcək, sosial məsələlər tam şəkildə həllini tapacaq. Siz jurnalistlər məsələyə məhz bu yöndən yanaşsanız, məhz bu yüksəlişi, bu tərəqqini vəsf etsəniz, hamının ürəyindən olar.

İcra hakimiyyətindən bir qədər aralıda, yaşıllıqlar qoynunda unudulmaz xalq şairimiz Səməd Vurğunun abidəsini gördüm. Ona baxıb öz sözləri ilə pıçıldadım: "Şairim, aç, payla söz xəzinəni, şeiriyyət ilhama çağırır məni". "Muğan" poemasında tikinti-quruculuq işlərini çox böyük bir ilhamla vəsf etmiş şairin qanadlı misraları könlümü işıqlandırdı: "Şəfəqlər içində sayrışır Muğan", "Baxıb cəlalına sevinir torpaq..." Ötən il Biləsuvarın kəndlərində 1,6 kilometr, şəhərdə isə 8 kilometr yol asfaltlaşdırılıb. Daxili imkanlar hesabına 60 kilometrlik yola qum-çınqıl qarışığı səpilib. Ələt-Astara və Bəhrəmtəpə-Biləsuvar magistral yollarında təmir aparılıb.

Rayon ərazisində tikinti və abadlıq işləri xeyli genişlənib. Neçə-neçə məktəb əsaslı təmir edilib, Maliyyə idarəsinin inzibati binası əsaslı təmir olunub, "Aqrolizinq" ASC-nin rayon Aqroservisi üçün bina və texnika parkı, Səmədabad kəndində yanğından mühafizə bölməsi inşa edilib. Bir çox küçədə yeni işıqlandırma sistemi qurulub. Əhaliyə keyfiyyətli rabitə xidməti göstərilməsini təmin etmək məqsədilə yeni elektron ATS-lər quraşdırılıb.

Biləsuvar şəhərinin mərkəzi küçələrində ümumi görünüşə xələl gətirən kommersiya obyektlərinin fasadları ağlay daşlarla üzlənir. Ötən il əhalinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə Amankənd, Ağalıkənd və Yuxarı Cürəli kəndlərində modul tipli sudurulducu qurğular tikilib. Hazırda Bağbanlar, Ovçubərə, Dərvişli və Aranlı-Çinarlı kəndlərində bu işlər davam etdirilir. Son illərdə rayonun 6 kəndində müasir tələblərə cavab verən səhiyyə ocaqları istifadəyə verilib. Yeni regional müalicə mərkəzi də əhalinin sağlamlığında əvəzsiz rol oynayacaq.

Rayonda mədəni tədbirlər də genişlənir. Son vaxtlar Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası fəallığını artırıb.

Biləsuvar sürətli inkişaf yolundadır. Bu inkişafın təməlində dövlət qayğısının dayanması iftixar doğurur.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.-11 aprel.- S. 6.