Şəmkir: sosial-iqtisadi inkişaf möhkəm təmələ malikdir

 

- Əlcəklərinizi çıxardın bir salamlaşaq, hal-əhval tutaq... Üst-başları qıra, mazuta bulaşmış yolsalanlar gözləmirdilər ki, bu vəziyyətdə bir kimsə onlara yaxınlaşıb salam versin və elə ona görə də ilk anda duruxdular. Amma başçının təkidlə onlara sarı uzadılmış əlini görərək əlcəklərini çıxardıb görüşməyə başladılar.

Sifətləri dəyişdi, çöhrələrini təbəssüm bürüdü, sanki yorğunluqları da onları tərk elədi. Elə bil, gördükləri işin böyüklüyünü, əhəmiyyətini, onların əməyinə verilən qiymətin dəyərini yalnız indi hiss etməyə başladılar. Təbii ki, bu hisslərə başçının sadəliyi, səmimiliyi, insani keyfiyyətləri də qarışmışdı.

Nazim müəllim bizi görmürdü və onunla buradakı görüşümüz də təsadüf idi. Məqsədimiz Şəmkirdən Kür qəsəbəsinə gedən 12 kilometrlik yolun asfaltlaşdırılması işinin gedişi ilə yerində tanış olmaq idi. Məlumdur ki, Bakı - Qazax avtomagistralından qəsəbəyə ayrılan yolun təmiri üçün ölkə başçısı İlham Əliyevin 27 fevral 2012-ci il tarixli sərəncamı ilə rayona 3 milyon manat vəsait ayrılıb. Uzun müddət idi ki, 12 min nəfər əhalinin yaşadığı və 3 yaşayış məntəqəsini birləşdirən bu yolun asfalt döşəməsi dağılmışdı, avtomobillərin gediş-gəlişi olduqca çətinləşmişdi...

Fəhlələrə çevrilib nəyisə göstərmək istəyəndə bizi gördü və eyni səmimiyyətlə görüşüb hal-əhval tutdu:

- Jurnalist ki, yazını arayışlara baxıb yazdı, onu o saat hiss edirəm. Amma siz özünüz görməsəniz, adamlarla görüşməsəniz, vəziyyətlə yerində tanış olmasanız, yazmırsınız...

Nazim müəllim bu dəfə fəhlələri deyil, bizi ruhlandırırdı və təbii ki, onu uzun illər tanıdığımdan sözlərinin səmimiliyinə inanırdım.

Adamlar müxtəlif cür olur. Biri kobuddur, digəri səmimidir, başqa birisi mülayimdir, yaxud tez dəyişəndir və sair. Nazim Veysovu 25-30 il əvvəl necə tanıyıramsa, eləcə də qalıb. Söhbət onun sadəliyindən, səmimiliyindən, adamlarla tez ünsiyyət qurmaq bacarığından, həddindən artıq diqqətcil olmasından gedir. Gələn ilin martında 10 il olacaqdır ki, icra hakimiyyətinin başçısıdır. İki il Gədəbəydə, 2005-ci ilin aprelindən isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısıdır.

Əslində az müddət deyil və rayon rəhbəri üçün kifayətdir ki, əhalinin bütün təbəqələri haqqında məlumatı olsun, problemlərini öyrənsin, onların həlli yollarını tapsın və sair. Qeyd edək ki, bunların hamısına nail ola bilib. Məhz yuxarıda sadaladığımız keyfiyyətlərinə görə.

 

Səyyar qəbullar problemlərin həllində mühüm rol oynayır

 

Yazı stolumun üstündə rayon icra hakimiyyətinin ümumi şöbəsindən aldığım bir arayış var. Orada göstərilir ki, rayon icra hakimiyyətinin başçısı 2007-ci ildən bu günədək kənd və qəsəbələrdə 271 görüş və səyyar qəbul keçirib. Nəzərə alsaq ki, rayonda 66 yaşayış məntəqəsi var, o zaman hər kəndə, qəsəbəyə, şəhərə orta hesabla 4 görüş düşür.

Başçının müxtəlif vaxtlarda keçirdiyi görüşlərdə, səyyar qəbullarda bir neçə dəfə iştirak etmişəm və düzü onun təəssüratı uzun müddət yaddaşımdan çıxmayıb. Ona görə yox ki, bu görüşlərdə problemlərin çoxu elə yerindəcə həll olunub, qaldırılan məsələlərə operativ müdaxilə olunub və sair. Həm də ona görə ki, bu görüşlər bir çox hallarda mənə bir ailə üzvlərinin öz valideynlərinə münasibəti, istəyi, arzusu təsiri bağışlayıb. Qarşılıqlı hörmət, inam bu görüşlərin yüksək səviyyədə başa çatması ilə yadda qalıb.

İllər keçdikcə görüşlərin xarakteri, məzmunu, problemlərin adları da dəyişdirilib. Yadımdadır ki, ilk illər daha çox qaz, su, işıq problemləri üstünlük təşkil edirdi. Amma indi onların adlarını belə çəkən yoxdur. Hazırda Şəmkir şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işi həyata keçirilir. Sərxan massivində 3 su anbarının tikintisi başa çatmaq üzrədir. Ölkədə həyata keçirilən ən böyük layihələrdən biri Şəmkirdədir. Ümumi su tutumu 175 milyon kubmetr, bəndinin hündürlüyü 190 metr olacaq Şəmkirçay dəryaçasının tikintisi sürətlə davam etdirilir. İşlər başa çatdırıldıqdan sonra Şəmkir, Goranboy, Samux və Göygöl rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq. Dəryaçadan Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli su xətti çəkiləcəkdir. Artıq bu işlərə başlanılmışdır. Dəryaçanın tikintisi zamanı qurulacaq 6 ədəd hidroturbin vasitəsilə həm də 49 meqovatt elektrik enerjisi istehsal olunacaqdır.

Ötən il Şəmkirdə 65 min tondan çox taxıl tədarük olunmuş, məhsuldarlıq hər hektardan 38 sentneri keçmişdir ki, bu da respublikada ən yüksək göstəricidir. İndi görün, dəryaçay istifadəyə verildikdən sonra nələr olacaqdır. Şəmkirin məhsulunu yığıb-yığışdırmaq olmayacaq...

Səyyar qəbullar problemlərin həlli, əhali ilə ünsiyyət qurmağın ən təsirli növlərindən, iş üsullarından biridir. Bunu Şəmkirin inkişaf edən simasında aydın görmək mümkündür. Bu il də həmin sahədə işlər uğurla davam etdirilir.

2012-ci ilin əvvəlindən aprel ayının 1-dək Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən həftədə bir dəfə olmaqla yerlərdə 13 səyyar qəbul keçirilmişdir. Yerlərdə keçirilən qəbullarda 39 təklif irəli sürülmüşdür. İrəli sürülmüş təkliflərdən 7-si daxili yolların təmirinə, 5-i əhalinin qaz, su təchizatına, 9-u kənd təsərrüfatı məsələlərinə, 6-sı məktəblərin, səhiyyə və mədəniyyət müəssisələrinin təmir-tikintisinə, 5-i elektrik dayaqlarının təmirinə, 3-ü ünvanlı sosial yardımın verilməsinə və 4-ü digər məsələlərə dair olmuşdur. Təkliflərin 8-i müsbət, 11-i qismən həll edilmiş, 14-nün icrası nəzarətə götürülmüş, 6-sı əsassız sayılmışdır.

Bunlara adi rəqəmlər kimi yanaşmaq olmaz. Onların hər biri gərgin əməyin, operativ işin göstəricisidir.

 

İcra hakimiyyətinə yazaq, yoxsa daha yuxarı təşkilata?

 

Birmənalı şəkildə qeyd edək ki, adamların yerli icra orqanlarına olan inamı əvvəlki illərə nisbətən xeyli artıb. Bir fikir verin: əgər 7 il qabaq, yəni 2007-ci ildə 897 nəfər, bir il sonra 581 nəfər icra hakimiyyətinə müraciət etməyi qərara aldığı halda, keçən il bu rəqəm 1253-ə çatmışdır. Bu, yuxarı orqanlara göndərilmiş müraciətlərin sayından çoxdur.

Şəmkir kiçik rayon deyil. Əhalisinin sayı 200 min nəfərə çatıb. Dəqiq məlumata görə, rayonda 199 min 516 nəfər yaşayır. Yazı çapa gedənə kimi yəqin ki, 200 mini keçəcək. Çünki təkcə keçən il Şəmkirdə doğulanların sayı 3750 nəfəri keçmişdir. Bu statistik rəqəmləri ona görə xatırladırıq ki, 200 min nəfər əhalisi olan rayonda təbii ki, problemləri olan ailələr də var. Təəssüf ki, müraciətlərin bir hissəsini əsassız və həlli mümkün olmayan təkrar ərizə və şikayətlər təşkil edir. Nəzərə alsaq ki, belə müraciətlər əsasən bir qrup peşəkar şəxslər tərəfindən yazılır, o zaman əsl mənzərə aydın olur. Əlbəttə, bəzi idarə, müəssisə və təşkilat rəhbərlərinin vətəndaşların qəbulu işinə düzgün yanaşmamaq haqları da mövcuddur. Belələrinə qarşı rayon icra hakimiyyəti başçısı çox ciddi mübarizə aparır. Təsadüfi deyil ki, vətəndaşları narahat edən problemlərin aradan qaldırılmasında fəallıq göstərmədiklərinə, tapşırılan işlərin öhdəsindən gələ bilmədiklərinə görə təkcə keçən il rayon icra hakimiyyəti başçısının Qapanlı, Yeni həyat və Mehrili kənd inzibati ərazi dairələri üzrə nümayəndələri tutduqları vəzifələrdən azad olunmuşlar.

 

Təmizliyə ümumi nəzarət var

 

Bu günlərdə Gədəbəyə gedirdik. Şəmkirin içərisindən keçəndə gözlərimə inanmadım. Şəhərdə olan təmizlik, səliqə-sahman adamı valeh edirdi. Yasamal aşırımına kimi gedib çıxan, uzunluğu 5-6 kilometr olan prospektin hər iki tərəfində yaşayış evləri, ticarət, ictimai iaşə obyektləri, inzibati binalar olmasına baxmayaraq, yerdə bir dənə də olsun siqaret kötüyü, kiçik bir kağız parçası və ya hər hansı bir məişət tullantısına rast gəlmədim. Halbuki səhərin gözü, necə deyərlər, yenicə açılmışdı. Binaların fasadlarına düzülmüş gül dibçəkləri, asfalt yolun kənarına toplanmış kiçik torpaq təpəcikləri diqqətimi cəlb etdi. "Görəsən bunlar gecə yatmırlarmı?" Fikrimdən keçənləri qapısının girişində səliqə-sahman yaradan ağsaqqal kişi sanki hiss elədi. Ona yaxınlaşıb salam verəndən sonra özü sözə başladı:

- Təkcə "komunxozun" (kommunal müəssisələri kombinatı - H.Q) işçiləri deyil, biz özümüz də təmizliyə, yaşıllığa, səliqə-sahmana fikir veririk. Bax, burada kimi dindirsən, deyəcək ki, Nazim müəllimdən ayıbdır, gəlib görər, biabır olarıq. Bir də ki, şəhəri ilk növbədə özümüz təmiz saxlamalıyıq. Hər ay yarış keçirilir, ən təmiz məhəlləyə, evə, onun sakinlərinə rayon icra hakimiyyəti mükafat verir...

Sonradan öyrənirik ki, ağsaqqalın dediyi həmin yarış neçə illərdir ənənə şəklini alıb. Bundan başqa, hər həftənin dördüncü günləri icra hakimiyyəti başçısı müşavirə keçirir, ayrı-ayrı məhəllələrə təhkim olunmuş təsərrüfat rəhbərlərinin hesabatını dinləyir, konkret tapşırıqlarını verir. Bu da artıq ənənə şəklini alıb.

- Vaxt gələcək buna heç ehtiyac qalmayacaq, - deyə Nazim Veysov həmin kiçik müşavirələrə toxunur, - adamlar artıq özləri şəhərin təmiz saxlanmasının nə qədər vacib olduğunu dərk edir. Kimsə kiçik bir siqaret kötüyünü və ya kağız parçasını yerə atan görəndə onu tənbeh edir, məcbur edir ki, zibil qutusuna atsın. İnanırsınızmı, hətta bunun üçün də bir-biri ilə dalaşan və hələ də küsülü qalan qonşular var.

Maraqlı və həm də diqqətçəkən məqamlardan biri budur ki, Şəmkirdə kommunal müəssisələri kombinatının işçilərinə xüsusi qayğı ilə yanaşırlar. Onlara əmək haqqı vaxtlı-vaxtında verilməklə yanaşı, bütün bayramlarda rayon icra hakimiyyəti tərəfindən 8-10 kiloqramlıq ət, yağ, düyü, çay və digər ərzaqlardan ibarət bağlamalar göndərilir. Kombinat işçilərinin sayı isə 100-ə çatır.

Əslində bu faktın, yəni şəhərin həm də əhali tərəfindən təmiz və yaşıl saxlanması yuxarıda toxunduğumuz rəhbər işçi - əhali münasibətlərinin bir növ təcəssümüdür. Adamları ruhlandırmaq, onların əməyini qiymətlənirmək işinin necə aktual, vacib olması göz qabağındadır.

 

2011-ci il çoxdan arxada qalıb, bəs 2012-ci il?

 

Rayonda bütün sahələrdə yüksəliş, tərəqqi var. 2011-ci ilin uğurları da göz qabağındadır.

2011-ci ildə rayonda 397 milyon 86 min manatlıq, yəni 2010-cu ilə nisbətən 32,4 faiz çox ümumi məhsul buraxılmış, adambaşına düşən ümumi məhsul istehsalı 41,4 faiz artaraq 1997 manat olmuşdur.

Sənaye müəssisələrində 19 milyon 221 min manatlıq, kənd təsərrüfatında 201 milyon 572 min manatlıq, tikinti-quraşdırma sahəsində 98 milyon 926 min manatlıq məhsul buraxılmışdır.

Xidmət sahələrində 52 milyon 375 min manatlıq xidmət göstərilmişdir. Əmtəə dövriyyəsinin həcmi 206 milyon 600 min manat olmuşdur ki, bu, 2010-cu ildəkindən 13,2 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5 faiz artmışdır.

İl ərzində 630 ədəd fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. Əsas kapitala 108 milyon 588 min manat investisiya qoyulmuşdur.

2011-ci ildə 1970 iş yeri açılmışdır ki, onun da 639-u daimi iş yeri olmuşdur. Ümumiyyətlə, son 3 ildə (2009 -2011-ci illər) rayon üzrə 6266 iş yeri, o cümlədən 2106 daimi iş yeri yaradılmışdır.

Rayonun maliyyə sistemində davamlı tədbirlər həyata keçirilmiş, 2011-ci il üçün yerli gəlir və xərclər 33 milyon 35 min 851 manat, o cümlədən yerli gəlirlər 6 milyon 108 min manat proqnozlaşdırılmışdır. Yerli gəlirlərin proqnoz tapşırığı 6 milyon 179 min 435 manat və ya 107 faiz yerinə yetirilmişdir.

"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli fərmanına uyğun olaraq yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 2856 ailənin 13 min 298 nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir.

Təhsil sahəsində uğurlar ilbəil artır. Həyata keçirilən məqsədyönlü tədbirlər rayonun ümumtəhsil məktəblərini bitirən gənclərin respublikanın ali məktəblərinə qəbulu zamanı öz müsbət təsirini göstərmişdir.

2011-ci ildə orta məktəbləri bitirən 2272 nəfər şagirddən 1937 nəfəri (85,2 faiz) orta təhsil haqqında attestat aldı. Onlardan 988 nəfəri ali məktəblərə sənəd vermiş, 467 nəfər tələbə adını qazanmışdır. Bu göstərici 2005-ci ilə nisbətən 2 dəfə, 2010-cu ilə nisbətən isə 66 nəfər çoxdur.

Son illər ərzində rayonun ümumtəhsil məktəblərindən 58-i yenidən tikilmiş və əsaslı təmir olunmuşdur. O cümlədən, yenidən tikilmiş 190 məktəb binasının 6-sı Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmişdir.

Şəmkir rayonu respublikamızın qədim tarixə, zəngin mədəniyyətə malik rayonlarından biridir. Rayon ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması ön plana keçirilmişdir. Bu məqsədlə Muxtariyyat kəndi yaxınlığında yerləşən qədim Şəmkir qalasında və Qaracəmirli kəndi yaxınlığında yerləşən qədim yaşayış yerində konservasiya işləri davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli sərəncamı ilə 2011-ci il "Turizm ili" elan olunması ilə əlaqədar rayonda bir sıra tədbirlər həyata keçirilmişdir.

Heydər Əliyev Muzeyinin fəaliyyətinin genişləndirilməsinə, ümummilli liderin irsinin təbliği işinin yaxşılaşdırılmasına başlıca diqqət yetirilmişdir. Fəaliyyətində tədris, milli vətənpərvərlik tərbiyəsi və kütləvi tədbirlərin genişləndiyi nəzərə alınaraq 2011-ci il iyul ayından etibarən Heydər Əliyev Muzeyi Heydər Əliyev Mərkəzinə çevrilmişdir.

 

Kənd təsərrüfatı ilbəil inkişaf edir

 

Sarıtəpə kəndi yaxınlığında "Azaqro" MMC-yə məxsus istilikxana kompleksində tərəvəz məhsulları istehsal olunur. Hazırda kompleksin istehsal gücünün artırılması istiqamətində işlər davam etdirilir.

Müsbət haldır ki, kənd əməkçiləri tərəfindən xeyli sahədə istilikxanalar tikilmiş və həmin sahədə tərəvəz məhsulları yetişdirilir. İstehsal olunan məhsullar daxili bazarlarla yanaşı, xarici ölkələrə də göndərilir.

Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və mühərrik yağlarına görə 1 milyon 122 min 436 manat pul konpensasiyası verilmişdir.

Şəmkir rayonu vaxtilə respublikamızın üzümçülük rayonlarından biri olmuşdur. Hazırda rayonda 526 hektar üzüm bağı vardır. 2011-ci ildə üzüm bağlarından, vətəndaşların həyətyanı sahələrindən 21 min 872 ton üzüm istehsal olunmuşdur. Üzümçülüyün inkişaf etdirilməsi üçün rayonda potensial imkan vardır. Bununla bağlı zəruri tədbirlər görülür. Heyvandarlığın inkişafı, bu sahənin problemləri də daim diqqət mərkəzində saxlanılmışdır.

...Şəmkirin inkişafı göz qabağındadır. Ölkə Prezidenti İlham Əliyevin rayona göstərdiyi diqqət, qayğı, rayon rəhbərliyinin əhalinin bütün təbəqələri ilə qaynayıb-qarışması, səmimi, işgüzar münasibətləri Şəmkirdə həyata keçirilən işlərin təməlini qoyub. Bu təməl çox möhkəmdir. Möhkəm təməl üzərində qurulan iş isə baş ucalığıdır, başın daim uca olsun, ulu Şəmkir!

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2012.- 12 aprel.- S. 6.