Yerli vergi və ödənişlər bələdiyyələrin maliyyəsinin əsasını təşkil edir

 

"Bələdiyyələrin maliyyə əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yerli (bələdiyyə) vergilər və ödənişlər bələdiyyə büdcəsinin maliyyələşmə mənbələrindən birini təşkil edir. Azərbaycan Respublikasında tətbiq edilən yerli vergilər, onların hesablanması və ödənilməsi qaydası Vergi Məcəlləsi və ona uyğun olaraq qəbul edilmiş "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunla müəyyən olunmuşdur.

 

Qanunvericiliyə əsasən, yerli vergilərə fiziki şəxslərin torpaq və əmlak vergiləri, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi daxildir. Bələdiyyə vergilərinin dərəcələri Vergi Məcəlləsində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Eyni zamanda vergi qanunvericiliyinə uyğun olaraq, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə qərar qəbul edə bilərlər.

"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi sahəsində bələdiyyələrə metodiki rəhbərliyin göstərilməsi Vergilər Nazirliyinə həvalə olunmuşdur. Bununla əlaqədar bələdiyyə orqanları ilə aparılmış məlumatlandırma və maarifləndirmə işləri ilə yanaşı, Vergilər Nazirliyi tərəfindən 2005-ci ildə yerli vergilər və ödənişlər barədə "Fiziki şəxslərin əmlak və torpaq vergisinin hesablanması haqqında" iki metodiki göstəriş, "Yerli tikinti materiallarına görə mədən vergisinin bəyannaməsi"nin forması, 2006-cı ildə 30-a yaxın hüquqi normativ sənəd hazırlanaraq bələdiyyələrin istifadəsinə verilmişdir. Bu baxımdan, yerli vergilərin toplanması mexanizmləri dayanıqlı şəkildə müəyyən olunmuşdur.

Vergi Məcəlləsi ilə müəyyən olunmuşdur ki, yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələrinin tənzimlənməsi üçün "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Bələdiyyə vergilərinin hər birinə ayrılıqda nəzər salaq. Əvvəlcə torpaq vergisi barədə. Azərbaycanda həyata keçirilən torpaq islahatları nəticəsində dövlət mülkiyyətində olan torpaqların müəyyən hissəsi vətəndaşların və bələdiyyələrin mülkiyyətinə verilib. Mövcud qanunvericiliyə əsasən isə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləridirlər. Təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq həmin şəxslər torpaq vergisinə cəlb olunurlar və onların mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.

Torpaq vergisi torpaq sahəsi barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə də torpaq vergisi tutulur. Fiziki şəxslər və bələdiyyə müəssisələri torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra bələdiyyələrdə 1 ay müddətində uçota durmalıdırlar.

Kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır. Bir şərti balın qiyməti 6 qəpikdir. Bəzi postsovet ölkələrində torpaq vergisi tətbiq olunarkən onun keyfiyyəti nəzərə alınmadığından vergitutma zamanı ciddi problemlər yaranırdı. Məsələn, uzun müddət Gürcüstanda əkin sahələri ilə örüş sahələri arasındakı fərq nəzərə alınmamışdı və bu orada torpaq islahatlarının xeyli ləngiməsinə səbəb olmuşdu. Azərbaycanda isə bu amil islahatların ilk günündən nəzərə alınmışdır.

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisi isə torpaq sahəsinin hər 100 kvadratmetrinə görə yerləşdiyi inzibati ərazidən asılı olaraq müvafiq dərəcələr üzrə hesablanır.

Fiziki şəxslərin torpaq vergisi bələdiyyələr tərəfindən hər il iyul ayının 1-dək hesablanır və vergi məbləğini özündə əks etdirən tədiyyə bildirişi avqust ayının 1-dən gec olmayaraq onlara çatdırılır. Hesablanmış torpaq vergisi bərabər məbləğlərdə cari ilin 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq fiziki şəxslər tərəfindən yerli (bələdiyyə) büdcəyə ödənilir.

Torpaq vergisi üzrə bəzi kateqoriyalı fiziki şəxslərə vergi güzəştləri nəzərdə tutulub. Belə ki, Vergi Məcəlləsinin 102.2-ci maddəsində də nəzərdə tutulmuş müharibə veteranlarının, milli qəhrəmanların, I və II qrup müharibə əlillərinin və s. şəxslərin ödəməli olduqları torpaq vergisinin məbləği 10 manat həcmində azaldılır.

Bəs əmlak vergisi barədə nə deyə bilərik? Əvvəla Azərbaycan Respublikasında rezidentqeyri-rezident fiziki şəxslər əmlak vergisinin ödəyiciləri hesab edilirlər. Əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən ərazi üzrə bələdiyyə tərəfindən hesablanaraq tutulur. Bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə 0,1 faizlə əmlak vergisi tutulur.

"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanuna əsasən, tikililər və onların hissələrinə görə fiziki şəxslərdən əmlak vergisi hesablamaq məqsədilə bələdiyyələr 3-5 ildə bir dəfədən çox olmamaq şərti ilə, ərazilərində yerləşən əmlakın qiymətləndirilməsi üçün qərar qəbul edə bilərlər. Əmlakın dəyəri fiziki şəxsin təşəbbüsü ilə və onun hesabına müstəqil peşəkar qiymətləndiricilər tərəfindən hesablana bilər.

Vergi Məcəlləsinə əsasən, fiziki şəxslər həm də mülkiyyətlərində olan suhava nəqliyyatı vasitələrinə görə onların mühərrikinin 1 kubsantimetri üçün 0,02 manat, mühərriki olmayan həmin nəqliyyat vasitələri üçün isə onların bazar qiymətinin 1 faizi həcmində əmlak vergisi ödəyirlər.

Əmlak vergisinin ödənilməsi barədə tədiyyə bildirişi bələdiyyələr tərəfindən həmin ilin avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır, hesablanmış vergi məbləği isə bərabər hissələrlə cari ilin 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq yerli büdcəyə ödənilir.

Əmlak vergisi üzrə bəzi kateqoriyalı fiziki şəxslərə və əmlaka görə vergi güzəştləri də nəzərdə tutulub. Belə ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində də nəzərdə tutulmuş müharibə veteranlarının, milli qəhrəmanların, I və II qrup müharibə əlillərinins. şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

İndi isə mədən vergisi barədə. Bələdiyyə vergilərinə aid edilən vergilərdən biriyerli əhəmiyyətli tikinti materialları olan kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı üzrə mədən vergisidir ki, bu da bələdiyyə büdcəsinə ödənilir.

Yerin təkindən çıxarılan bu tikinti materialları üçün mədən vergisinin dərəcəsi hər kubmetr üçün 50 qəpik məbləğində müəyyən edilmişdir.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq yerli bələdiyyə büdcəsinə ödənilir, bu barədə mədən vergisinin bəyannaməsi isə hər ay, yəni hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq bələdiyyəyə təqdim edilir.

Nəhayət, mənfəət vergisi haqqında danışaq. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi bələdiyyə büdcəsinə ödənilir və mənfəət vergisinin dərəcəsi 20 faiz həcmində müəyyən edilmişdir. Müəssisənin vergiyə cəlb olunan mənfəəti hesabat ilində əldə edilmiş gəlirlə həmin gəlirin əldə edilməsinə çəkilmiş xərclər arasındakı fərq kimi müəyyən edilir və mənfəət vergisinin bəyannaməsində əks etdirilir. Hesablanmış mənfəət vergisi bələdiyyəyə bəyannamə təqdim olunmaqla hesabat ilindən sonrakı növbəti ilin 31 mart tarixindən gec olmayaraq yerli büdcəyə ödənilir.

Eyni zamanda "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən Vergi Məcəlləsi ilə müəyyən olunmuş yerli vergilərlə yanaşı, aşağıda göstərilən ödənişlər də tətbiq edilir:

- Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş;

- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;

- bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionarya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;

- bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurortturizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir;

- bələdiyyə ərazilərində hüquqifiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimiya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir.

Bunlarla yanaşı, qanunda nəzərdə tutulmuşdur ki, qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən, hüquqifiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edə bilər. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır.

 

 

Xalq qəzeti.- 2012.- 12 aprel.- S. 6.