"Dünya və regional fəlsəfə kontekstində Azərbaycan fəlsəfə tarixinin problemləri"

 

Dünən AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda keçirilən elmi konfransın mövzusu belə idi. Görkəmli Azərbaycan filosofu, əməkdar elm xadimi, Prezident təqaüdçüsü, fəlsəfə elmləri doktoru Zümrüd xanım Quluzadənin 80 illik yubileyinə həsr olunmuş konfrans, əslində yubilyarın həyat və yaradıcılığı, elmi nailiyyətləri, xidmətləri barədə məruzə və çıxışlarla, ünvanına deyilmiş xoş sözlərlə yanaşı, həm də onun bütün həyatını sərf etdiyi Azərbaycan fəlsəfə elminin mövcud durumuna, problemlərinə, milli fəlsəfəmizin dünya fəlsəfəsi kontekstində yerinin və rolunun dərk edilməsi, əlaqələndirilməsi zərurətinə, qarşıda duran digər həllivacib məsələlərə dair səmərəli və konstruktiv müzakirələrlə yadda qaldı.

 

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə tədbiri giriş sözü ilə açaraq, diqqəti Zümrüd xanımın Azərbaycan fəlsəfə elminin inkişafındakı danılmaz xidmətlərinə yönəltdi və konfrans iştirakçılarını müzakirələrdə fəallıq göstərməyə dəvət etdi.

Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü, professor Kamal Abdulla, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor Tofiq Rəsulov, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdirləri, fəlsəfə elmləri doktorları Rəfiqə Əzimova, Füzuli Qurbanov, Adil Əsədov, aparıcı elmi işçilər, fəlsəfə üzrə fəlsəfə doktoru Solmaz Rzaquluzadə, Rahil Nəcəfov və başqaları çıxış edərək bildirdilər ki, Zümrüd xanımın fəlsəfə tarixində öz yeri və sanbalı olan alimdir. O, bu gün də gənclik həvəsi və şövqü ilə yazıb-yaradır. Onun geniş elmi fəaliyyəti həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda maraqla qarşılanır və qəbul edilir. Beynəlxalq arenada bu əsərlərin internet versiyalarına türk, rus, ingilis, alman, fransız, fars, ərəb, hətta yapon və Çin dillərində 80-dən artıq saytda rast gəlmək mümkündür. Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Almaniya, Fransa, İngiltərə, Avstraliya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Misir və s. ölkələrdə Zümrüd xanımın əsərləri elektron kitabxana fondlarına daxil edilmiş və geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanmışdır.

Alimin gərgin əməyi sayəsində ərsəyə gəlmiş "Ümumvəhdət fəlsəfəsi və müasir elm" və "Ümumvəhdət fəlsəfəsi Lütfizadə konsepsiyaları" adlı elmi-nəzəri seminarlardakı çıxışlarından ibarət materiallar internetə daxil olduğu gündən bəri 300 mindən çox izləyici onları oxumuş və şərhlər yazaraq öz münasibətini bildirmişdir.

Alimin "Mistika və pnateizm" elmi məqaləsi də ən çox oxunan əsərlər sırasındadır. Məqalənin ingilis və rus dillərində internetə daxil olunan tərcümələri 20 mindən çox insanın marağına səbəb olmuşdur. Onun "Gender" adlı əsəri, eləcə də akademik Şnirelmanın məqaləsinə yazdığı cavabın yer aldığı elmi monoqrafiyaları 3 dildə internetə daxil edilmiş və indiyədək 100 minə qədər oxucunun diqqətini çəkmişdir. Tədqiqatçı alimin sadəcə ingilis və rus dillərində deyil, türk, ərəb, fars, fransız, alman dillərində bir sıra məqalə və xülasələri də böyük oxucu marağına səbəb olmuşdur. Zümrüd xanımın uzun illər elmi fəaliyyətinin əsas sahələrindən biri olan "İslam mədəni bölgəsi fəlsəfəsinin problemləri"nə həsr olunmuş elmi əsərləri də geniş əks-səda doğurmuşdur.

Konfransda həmçinin "Azərbaycan fəlsəfə tarixinin öyrənilməsi: ali məktəb təcrübəsi" mövzusunda Bakı Dövlət Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Q.Mürşüdlünün, "İslam fəlsəfəsinin ən yeni tarixində milli fəlsəfənin yeri və əhəmiyyəti" mövzusunda fəlsəfə elmləri doktoru K.Bünyadzadənin məruzələri də dinlənildi.

Əməkdar elm xadimi Zümrüd xanım Quluzadə çıxış edərək göstərilən diqqətə və ünvanına deyilən xoş sözlərə görə konfransın təşkilatçılarına və tədbir iştirakçılarına öz təşəkkürünü bildirməklə yanaşı, Azərbaycan fəlsəfəsinin dünya səviyyəsində tanınması üçün həmkarlarını daha qətiyyətlə çalışmağa çağırdı və tövsiyələrini verdi.

 

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.- 2012.- 12 aprel.- S. 4.