Yeni kitablar. "Qoridən gələn qatar"

 

Tanınmış tədqiqatçı, yazıçı-publisist Şəmistan Nəzirlini çoxdan tanıyıram. İmzasını isə özündən əvvəl görmüşəm. Üslubu, seçdiyi mövzular həmişə ürəyimcə olub, araşdırmalarını sevə-sevə oxumuşam. Yazıları, kitabları mənəvi qidama çevrilib. İlk dəfə hərbi formada görəndə təəccüblənmişdim. Hərbçiləri sərt təbiətli, adamayovuşmaz hesab edirdim, Şəmistan müəllimdən isə doğmalıq, mehribanlıq yağırdı. Ürəyinin saf aynası olan gözlərindən işıq, nur tökülürdü. Ruhuna yaxın adamlara "gözəl insan" deyə müraciət edir.

 

Heyrət qibtə doğuran cəhəti tədqiqat aşiqi olmasıdır. Ömrünü arxivlərdə, kitabxanalarda saralmış, tozlu kağızlar, kitablar arasında əritməkdən zövq alır. Bu insan ötənləri-itənləri arayıb-axtarmaqdan yoruldum demir. Xırda bir tapıntıya görə ( bu bizə görə xırdadır, onun üçün dünya boyda sevincdir) uşaq kimi sevinir, qanad açıb uçmaq istəyir. Bütün əsərlərini ürəyinin sifarişi, qəlbinin diktəsi ilə yazıb.

Bu yaxınlarda Şəmistan müəllim kitabxanamıza "Qoridən gələn qatar" sənədli povestinin yeni, genişləndirilmiş nəşrini bağışladı. 1993-cü ildə 206 səhifədə nəşr olunmuş əsər, indi 492 səhifəlikdir. İlk nəşrdən fərqli olaraq, sonradan arxivlərin tədqiqatçıların üzünə açılması, yeni sənədlərin aşkar olunuması senzuranın olmaması belə bitkin bir əsərin ortaya çıxmasına imkan yaradıb. Kitab Azərbaycan ziyalılarının yetişməsində, maarifçiliyin inkişafında əvəzedilməz rolu olan Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin fəaliyyətinə həsr olunub.

Əsərdə Azərbaycanın ədəbiyyat, mədəniyyət mənəviyyat tarixində böyük əməyi olan Firudin bəy Köçərlinin həyat fəaliyyətinə xüsusi yer ayrılıb. Bu da səbəbsiz deyil. Kitabı oxuduqca, Firudin bəyin ömür-gün yoldaşı Badisəba xanımın xeyirxah əməllərini, xalq yolunda çəkdikləri zəhmətləri göz önünə gətirdikcə müəllifin onlara xüsusi diqqət məhəbbətinin səbəbini anlayırsan. Şəmistan müəllimin ən böyük xidmətlərindən biri elə budur: xalqın cəfakeş övladlarını soydaşlarımıza tanıtmaq. Qori Müəllimlər Seminariyasının ilk məzunlarından biri seminariyanın Qazaxa köçürülməsində böyük əməyi olan Firudin bəyin parlaq siması, fədakar vətəndaş obrazı kitabda bütün dolğunluğu ilə verilib. Seminariyanın digər məzunları, Azərbaycan tarixində layiqli yeri olan dəyərli ziyalılarımız haqqında da buradan çoxlarının bilmədiyi maraqlı məlumat əldə etmək olar.

Materialların toplanmasına uzun illər yorulmaz tədqiqatçı əməyi sərf olunduğunu hər sətirdən duymaq olur. M.F.Axundov, XX əsrin əvvəllərində Azərbaycan elminin, mədəniyyətinin inkişafında böyük əmək sərf etmiş Şıxlinskilər, Vəkilovlar kimi ziyalılarımız haqqında yazılanları oxuduqca daxilən zənginləşirsən. Müəllifin qəhrəmanlarının hər birinə bəslədiyi böyük hörmət sevginin işığı adamın qəlbində xeyirxah işlərə, xoş əməllərə çıraq yandırır. Əsl yaradıcılıq bu deyilmi?

Sənədli əsər yazmaq çox çətindir. Tarixi olduğu kimi, heç bir təhrifə, yanlışlığa yol vermədən, həm oxunaqlı yazmalısan. Sənəd dili ağır olur. Ona görə sənədli əsərlər, adətən, çətin oxunur. Şəmistan müəllimin əsərləri isə əksinə, çox şirin rahat oxunur. Tarixi tarix kitablarından yox, belə əsərlərdən oxumaq daha faydalıdır. Bədii dillə yazılanlar birbaşa qəlbə, hissiyata təsir etdiyindən yaddaşa hopur.

Kitab Azərbaycan tarixinin çox zəngin ağrılı bir dövrünə işıq salır, milli oyanış dövrü ziyalı nəslimizin tarixdə qoyduğu izləri bir daha yaddaşlarımıza həkk edir. Çox maraqlı tarixi faktlar var ki, onlar barədə ilk dəfə bu kitabdan oxuyuruq. Seminarist Əli Qasımovun böyük rus yazıçısı Lev Tolstoyla görüşünün tarixçəsi bu baxımdan çox maraqlı qürurvericidir.

"Qoridən gələn qatar" sənədli povestinin birinci nəşrini oxuyan məhrum xalq şairi Mirvarid Dilbazi kitabdan aldığı təsirin gücü ilə həm Şəmistan müəllimə, həm əsərin əsas qəhrəmalarından olan Firudin bəy Köçərliyə şeir həsr etmişidi. Yazdığı məktuba isə "Hörmətli Vətən oğlu, Şəmistan Nəzirli" xitabı ilə başlamışdı. İnsanın xidmətlərinə verilən ən böyük mükafat, titul Vətən övladı hesab edilməsidir.

Sonda əlavə etmək istərdim: Şəmistan müəllim, siz arzuolunan insan, sevilən yazıçısınız. Əsərləriniz həmişə oxucuların maraq dairəsində olub olacaq da. Çünki siz Vətəndən yazırsınız, xalqı vəsf edirsiniz. Vətənin, xalqın sizə cavabı isə səmimi sevgidir.

 

 

Xuraman İSMAYILOVA,

M.F.Axundov adına Milli

Kitabxananın şöbə müdiri,

əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2012.- 15 aprel.- S. 8.