Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur

 

Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir,əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.

 

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.

Bütün dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımının əsl mahiyyəti məhz ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Ölkəmizə qarşı törədilmiş cinayətlərin beynəlxalq aləmdə obyektiv qiymətləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq əksər beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar müraciətində Prezident İlham Əliyev bir daha xalqımızı əmin edib ki, dövlətimiz bundan sonra da Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparacaqdır.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə Xocalı soyqırımı dünya ictimaiyyətində XX əsrin ən böyük faciəsi haqqında daha dolğun təsəvvür yaratmışdır. Bundan əlavə, fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri" silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı nəşr olunan kitab və bukletlər də xarici ölkələrdə yayılır.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyasına 2009-cu ilin fevralından start verilmişdir. Hazırda 35-dən çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir sıra ölkələrində uğurla həyata keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü artıq dünyanın 100-dən çox bölgəsində qeyd olunmuşdur.

2012-ci il fevralın 26-da Bakıda 60 mindən çox insanın iştirak etdiyi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ümumxalq yürüşünü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin ən yüksək zirvəsi hesab etmək olar.

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında bu il aprelin 9-da imzaladığı sərəncam da erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin dünyaya çatdırılması istiqamətində aparılan işin məntiqi davamıdır. Sərəncamda deyilir: "Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır".

XX əsrin 80-ci illərinin sonunda SSRİ hökuməti, xüsusilə onun başında duranların qətiyyətsizliyi və Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. Belə ki, 1989-cu il avqustun 13-də ermənilər Şuşaya gələn su kəmərini partlatdılar. Ayın 17-də Əskəranda Şuşa-Ağdam marşrutu üzrə işləyən avtobusa ermənilərin hücumu, avqustun 28-də isə Şuşadan Bakıya, Ağdama və respublikanın digər rayonlarına gedən 9 avtobus və 1 yük maşını karvanının ermənilər tərəfindən atəşə tutulması nəticəsində 20-yə qədər adam yaralandı. Oktyabrın axırı və noyabrın əvvəllərində isə Şuşa yaxınlığında Ağa körpüsünün ermənilər tərəfindən partladılması nəticəsində Şuşanın ətraf rayonlarla əlaqəsi kəsildi və şəhər blokada vəziyyətinə düşdü.

Nəticədə Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu, 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Xüsusilə, 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əskəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Belə ki, bu dövrdə Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı və Ağdam-Şuşa, Laçın-Şuşa avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı.

Şuşanın Xankəndindən keçən telefon-rabitə xətləri noyabrın 24-dən kəsilmiş, şəhər və digər azərbaycanlılar yaşayan kəndlər tamamilə ətraf aləmdən təcrid olunmuşdu. Nəticədə Xocalı və Şuşa mühasirədə qalmışdı. Dekabrın 2-nə keçən gecə əsasən rus hərbçilərinin idarə etdiyi zirehli texnika növləri, o cümlədən döyüş maşınları ilə təmin olunmuş Ermənistan ordusu Xankəndi tərəfdən Kərkicahan qəsəbəsinə hücum edərək, oranı işğal etdi. Şuşadan isə əlavə kömək göndərmək qeyri-mümkün idi. Çünki rus hərbçiləri Şuşadan Kərkicahana gedən yolu bağlamışdılar. Eyni zamanda, Şuşa şəhərinin özü də hər gün erməni mövqelərindən intensiv top və raket atəşinə tutulurdu.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Hücum zamanı 30-dan çox azərbaycanlı öldürülmüş, 140-dan çoxu yaralanmış və əsir götürülmüşdü. Bu qanlı hadisələrin ardınca, fevralın 13-dən 17-dək isə erməni silahlı terror dəstələrinin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində 92 nəfər öldürülərək silos quyusuna atılmış, 117 nəfər kənd əhalisi girov götürülmüş və sonradan onların 77 nəfəri amansızlıqla qətlə yetirilmişdir.

 

(ardı var)

 

Elçin ƏHMƏDOV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

Xalq qəzeti.- 2012.-15 aprel.- S. 5.