Uşaq zorakılığına "yox!"

 

Səbail rayonunda Avropa Şurasının "Uşaqlara qarşı zorakılıq" proqramı çərçivəsində tədbir keçirilmişdir.

 

132-134 saylı Təhsil Kompleksində rayon rəhbərliyinin və millət vəkillərinin, Avropa Şurası Baş Katibliyi və UNİSEF-in Azərbaycandakı nümayəndəliklərinin, hüquq-mühafizə orqanlarının, bir çox qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən "Biz zorakılığa yox deyirik!" mövzusunda toplantını giriş sözü ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açdı. O, qeyd etdi ki, bəşəriyyətin gələcəyi olan uşaqların problemlərinin həlli dövlətin, cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzində olmalıdır. Bu gün dünyada uşaqlara zorakı münasibətlər hamını narahat etməlidir. Hər gün dünyada orta hesabla 24 min beş yaşına çatmamış uşaq əsasən qarşısı alına bilən xəstəliklərdən tələf olur. İldə təxminən 500 milyon - 1,5 milyard uşaq müxğəlif zorakılığa məruz qalır. 150 milyon 5-14 yaşlı uşaq ağır əməyə cəlb olunur, 100 milyon ibtidai təhsil yaşlı uşaq təhsildən kənarda qalır. Qızların erkən nikaha məcbur edilməsi onların sağlamlığına ciddi zərər vurur. Daha sonra bildirildi ki, bu gün Azərbaycan əhalisinin 29 faizini uşaqlar təşkil edir. Ölkə rəhbərliyinin səyləri nəticəsində onlara göstərilən diqqət və qayğı günbəgün artmaqdadır. Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin təşəbbüsü ilə uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiya və protokollar ratifikasiya edilmişdir. Azərbaycan 1992-ci ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmuşdur. 1999-cu ildə ölkəmizdə "Uşaq Hüquqları haqqında" Qanun qəbul edilmişdir.

Prezident İlham Əliyevin 2006-cı il 29 mart tarixli sərəncamı ilə 2006 - 2015-ci illərdə dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı dövlət proqramı qəbul olunmuşdur. Uşaqlarla aparılan işlərin daha da genişləndirilməsi məqsədi ilə 2009-cu il "Uşaq ili" elan olunmuşdur. 2009-cu ilin dekabrında Azərbaycan Uşaqlarının I Forumu keçirilmişdir. Qəbul edilən hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində Milli Konsepsiyanı inkişaf etdirməyə yönəlmişdir.

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu uşaqların təhsili, sağlamlığı ilə bağlı iri layihələrə imza atmışdır. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən illər ərzində respublikamızın ən müxtəlif bölgələrində çox qısa müddət ərzində xeyli sayda müasir məktəb binası, körpələr evi, bağça və internat məktəbi tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Səbail rayonunda yaşayan 93772 nəfər əhalinin 26,5 faizini uşaqlar təşkil edir. Rayonda 17 orta, 2 orta ixtisas təhsil müəssisəsi, 1 peşə məktəbi, 17 məktəbəqədər tərbiyə müəssisəsi, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 3 musiqi məktəbi fəaliyyət göstərir. Rayonun orta məktəblərində 21324 uşaq təhsil, uşaq bağçalarında isə 1790 uşaq tərbiyə alır. Rayonda təlim-tərbiyə müəssisələri genişlənir, yeniləşdirilir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın "Uşaqlara qarşı zorakılıq" proqramının Azərbaycandakı parlament əlaqələndiricisi, millət vəkili Sevinc Fətəliyeva mövzu ilə bağlı geniş məruzə etdi.

Müzakirələrdə Səbail rayonunun şagirdlərinin uşaqlarla bağlı müxtəlif mövzularda məruzələri dinlənildi. Millət vəkilləri Gülər Əhmədova və Elmira Axundova, UNİSEF-in Azərbaycan Nümayəndəliyinin uşaq müdafiəsi şöbəsinin müdiri Munir Məmmədzadə, Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokotorulos, Bakı Şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Hüseyn Əliyev və başqaları mövzu ətrafında çıxış etdilər.

Sonda tədbirin təşkilatçılarından olan Milli Məclis komitəsinin sədr müavini Sevinc Fətəliyeva toplantıya yekun vurdu. İştirakçılara bukletlər paylandı.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2012.- 17 aprel.- S. 8.