Qəhrəmanlıq
zirvəsi
Alı Mustafayev – 60
Azərbaycanın
Milli Qəhrəmanı, şəhid jurnalist-şair Alı Mustafayevin
anadan olmasının 60 illiyi
tamam oldu. Bu münasibətlə Rəşid Behbudov adına Mahnı Teatrında
keçirilən yubiley mərasimində qəhrəmanın
xatirəsi qədirbilənliklə yad olundu, onun milli
telejurnalistikamızda keçən mənalı
yaradıcılıq yolu, poetik
irsi diqqət mərkəzində oldu.
Alı
Mustayev Qazaxın Qazaxbəyli kəndində dünyaya göz
açmışdı, doğma obasında orta təhsil
almışdı.1975-1981-ci illərədə Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsində oxumuşdu. Hələ
tələbəlik illərindən Azərbaycan Televiziyası
ilə sıx yaradıcılıq əlaqəsi
saxlamış, ali təhsilli jurnalist kimi ilk və son iş
yeri "AzTV"nin xəbərlər baş redaksiyası
olmuşdu. 10 illik telejurnalist fəaliyyəti dövründə
Alı Mustafayev saysız-hesabsız müxtəlif janrlı
süjetlərin müəllifi olmuş, operativ reportyor, zəkalı
şərhçi kimi tanınmışdı.
1988-ci
ilin fevralında Dağlıq Qarabağ münaqişəsi
xalqımızın dincliyini pozanda Alı narahat, vətənpərvər
telejurnalist kimi daim hadisələrin qaynar nöqtələrindən
reportajlar hazırladı, öz şərhləri ilə
xalqı birliyə, mübarizəyə
çağırdı. Ekstremal şəraitdə
telesüjetlər hazırlayarkən dəfələrlə həyatı
təhlükə qarşısında qaldı. Bir dəfə
Şuşadan ezamiyyətdən qayıdarkən içərisində
olduğu vertolyot Xankəndindən quldurların
atdığı raketin hədəfi oldu. Vertolyot yerə dəyib
alovlansa da, Alı ağır xəsarətlə ölümdən
yaxa qurtardı. Bütün bunlar onu qorxutmadı, düşmənin
üstünə yeriməkdən çəkindirmədi,
mübarizə əzmi bir az da artdı.
1991-ci
ilin noyabrında - SSRİ-nin süqutu günlərində Azərbaycan
rəhbərliyinin maymaqlığından istifadə edən
Ermənistan silahlı qüvvələri Dağlıq
Qarabağın dinc azərbaycanlı kəndlərində
soyqırımı və etnik təmizləmə aparanda
Alı Mustafayevin yaraları hələ sağalmamışdı.
1991-ci ilin 18-19 noyabarında azğın quldurlar Xocavəndin
Qaradağlı kəndində kütləvi qırğın
törədəndə bu xəbəri yataqda eşidən cəsur
telejurnalist bütün gecəni yata bilmədi. Səhəri
sevimli iş yeri Azərbaycan Televiziyasına gəlib təcili
Ağdama yola düşən qrupa rəhbərliyi öz
üzərinə götürdü. Yoldaşlarının səhhətindəki
problemləri təkidlə xatırlatması onu bu ağır
səfərdən çəkindirə bilmədi.
Noyabrın
20-də Ağdamdan Azərbaycanın dövlət və
hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri
Qaradağlıya aparan hərbi vertolyota Alı Mustafayevin
reportyor qrupu son anda özünü yetirdi. Cəmi 10 dəqiqədən
sonra isə Qarakənd üzərində erməni cəlladların
raketlə vurduğu vertolyot içəridəkilərin dəhşətli
ölüm kamerası oldu...
Min
bir əziyyətlə böyümüş, yüksək dəyərlərlə
tərbiyələnmiş, Vətənin ağır günlərində
sözü, qələmi, mikrafonu ilə düşməni hədəfə
almış 39 yaşlı jurnalistin böyük arzuları
çilikləndi, ömür yolu taleyin amansız
hökmü ilə yarımçıq qaldı. Alının
gözəl ailəsi - tələbəlik və həm də
ömür-gün yoldaşı Lalə xanım, 2 oğlu bu
məşum qəzadan sarsılanlara yadigar və təsəlli
oldu. Bir də sənət dostlarına, qədirbilən
insanlara sənədli-bədii
yaradıcılığının gözəl örnəklərini
qoyub getdi. Çəkdiyi süjetlər Dağlıq
Qarabağ münaqişənin ilk dövrləri ilə
bağlı videoxronikanın qiymətli epizodları oldu.
Alının dərin lirizm, fəlsəfi düşüncə,
alovlu vətənpərərliklə aşılanmış
misraları şəhid jurnalistin bitkin obrazının mənalı
çalarları kimi xatirələrə işıq, hərarət
gətirdi.
Ötən
21 il Alı Mustafayevi qəhrəman soydaşımız, istedadlı
jurnalist və şair kimi bir daha hamıya sevdirdi. Bu ad jurnalistikamızın tarixində
unudulmaz bir dəyər kimi yer aldı. Onun ömür
yolu yeni nəsillər üçün
cazibəli bir timsal kimi həmişə
göz önündədir.
Yubiley mərasimində bütün
bunlardan geniş söhbət açan tanınmış telejurnalist,
Alı Mustafayevlə
10 il bir
redaksiyada çalışmış
Telli Pənahqızı
şəhid həmkarımızın
unudulmaz xatirəsi ilə bağlı bir çox məqamları yada saldı. Milli Qəhrəmanın tələbə
yoldaşı İlqar
Həsənov və Mirzə Yusifov onun nəcib və yetkin xüsusiyyətlərindən səmimiyyətlə
söz açdılar,
kövrək xatirələri
dilə gətirdilər.
Alı Mustafayevin adını daşıyan orta məktəbin yetirmələrinin
onun məktub və şeirləri əsasında hazırladıqları
bədii kompozisiya hamını təsirləndirdi.
Alının şeirləri,
ona həsr olunmuş poetik nümunələr, sözlərinə
bəstələnmiş mahnılar,
yada düşən xatirələr, ekranda görünən foto-video
təsvirlər şəhid
qəhrəmanın kimliyini
müxtəlif yönlərdən
göz önünə
gətirdi, onu ruhən bugünümüzə
qovuşdurdu.
Sonda
yubilyarın həyat yoldaşı Lalə Mustafayeva Alının
xatirəsinə göstərilən ehtirama görə ailəsi
adından razılığını bildirdi, şəhidlərimizin
ruhunun onların haqq işinin qalib gəlməsi ilə dinclik
tapacağını söylədi.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2012.-17 aprel.- S. 10.