Cinayətkarlıqla mübarizədə zaman fərqi yoxdur

 

Qənaətimə görə insanlar iradələrinə xas olaraq haqq yolundan azırlar. Ona görə də canlı varlığın ruhu onun bədəninə hakim olmalı, təfəkkürü instinktinə və psixi inikasına sahib çıxmağı bacarmalı, nəfsinin və iradəsinin ədalətli hakimi, ağası olmalıdır. Belə olarsa cinayətlərə uzanan yol daralacaq.

 

Müəyyən qrup və ya fərdlər tərəfindən müəyyən vaxt ərzində və ərazidə törədilən cinayətlər varsa, deməli, cinayətkarlıq da mövcuddur. Tarixən cinayətlər peşəkar, mütəşəkkil qrup və müəyyən fərdlər tərəfindən törədilib. Hüquq-mühafizə orqanlarının vəzifəsi isə cinayət təqibinə başlamaq, istintaq aparmaq və həmin işlərə məhkəmələr tərəfindən hüquqi qiymətin verilməsi, yəni cəza təyin etməklə sosial ədalətin bərpasından ibarətdir. Lakin həyata keçirilən mübarizə tədbirləri nə qədər güclü olsa da hələ ki, cinayətkarlığı bütövlükdə ləğv etmək mümkün olmamışdır.

2011-ci ildə qeydə alınmış 22982 cinayətin 83 faizi açılmış, cinayətkarlığın quruluşunda əvvəlki illərdə müşaiyət edilən sabitlik gərgin əməliyyat-axtarış fəaliyyəti nəticəsində qorunub saxlanılmışdır. Qeydə alınmış cinayətlərin 90 faizini az ağır, 10 faizə qədərini ağır və xüsusilə ağır əməllər təşkil etmişdir. Ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz, qəsdən adam öldürmə və ona cəhd faktları 2,2 faiz, quldurluqlar 11 faiz, hədə-qorxu ilə tələb etmələr isə ötən illə müqayisədə 29,2 faiz azalmışdır. Adamları girov götürmə faktları ilə bağlı məlumatlar isə dinamikada qeydə alınmamışdır.

Qeyd olunan rəqəmlər belə deməyə əsas verir ki, cinayətkarlıqla mübarizə sözün həqiqi mənasında müharibənin başqa vasitələr və metodlarla həyata keçirilməsidir. Müharibədə sərrast nişanlayıcıların və kəşfiyyatçıların rolu danılmaz olduğu kimi, burada da məxfi aparatın, mahir peşəkar əməliyyatçıların və ərazidə əməliyyat şəraitinə yaxşı bələd olan polis əməkdaşlarının bacarığı mühüm əhəmiyyət kəsb edir. Amma yenə ictimai münasibətlərə zidd olan halların qarşısına sədd çəkmək imkan xaricində olmuşdur. Ölkə daxilində cəmiyyətin normal inkişafına ziyan vuran qüvvələrlə mübarizə geniş ictimaiyyətin iştirakı və dəstəyi ilə başa gəlmişdir.

Hərəkət və hərəkətsizliklə törədilən belə neqativ halları doğuran səbəb və şəraitin aradan qaldırılması da diqqətdən kənarda qalmamışdır. İctimaiyyətə bəzən bəlli olmayan bu detalların hazırlanıb həyata keçirilməsində peşəkar iqtisadçıların, sosioloqların, müxtəlif profilli hüquqşünasların və digər mütəxəssislərin rolu olmuşdur. Təbii ki, mübarizənin ağırlığı birbaşa DİN-in üzərində qərar tutmuşdur. 2011-ci ildə mütəşəkkil cinayətkarlıqla aparılan mübarizə nəticəsində 492 ağır və xüsusilə ağır cinayət; o cümlədən 16 qəsdən adam öldürmə, 67 quldurluq və 57 soyğunçuluq törətmiş 560 nəfərdən ibarət 186 mütəşəkkil qrup zərərsizləşdirilmişdir.

Sadə insanlar bəzən "cinayət nədir, nə üçün cinayət baş verir,onu törədənlərlə nə etmək lazımdır?" suallarına cavab tapa bilməsələr də, buya digər ictimai təhlükəli əməllərə görə təqsirkarların azadlıqdan məhrum edilməsinin şahidi olduqda "cəza əmələ görə dövlətin adekvat reaksiyasıdır" formulasına da birmənalı münasibət olmur. Aşağıdakı təhlili apararkən respublika hüquq - mühafizə orqanlarının və onun mühüm qolu olan DİN-in əməliyyat-axtarış fəaliyyətini qiymətləndirmədən ötüb keçsək ədalətsizlik olardı. Cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2011-ci ildə Azərbaycanın MDB və Şərqi Avropa ölkələri sırasında öncül yerini qoruyub saxlaması ilk növbədə mühafizə orqanı kimi DİN-in xidməti olduğu qeyd edilməlidir.

Keçmiş illərdən bağlı qalmış 246, o cümlədən 51 ağır və xüsusilə ağır cinayət, 1000-ə yaxın cinayət isə əməliyyat-axtarış tədbirləri nəticəsində "isti-izlər"lə açılmışdır. Yerli və dövlətlərarası axtarışda olan 2173 nəfər, o cümlədən xarici ölkələrdə gizlənmiş 104 təqsirləndirilən şəxs axtarılıb həbs edilmişlər. Beynəlxalq axtarışda olan 70 nəfərin, interpola üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri beynəlxalq polis təşkilatının milli bürosu tərəfindən müəyyən edilmişdir.

Əməlin subyektlərinə tətbiq edilən cəza, onların xeyrinə və qəlblərində müəyyən harmoniyanı bərpa etmək üçün bir vasitədir-desəm yanılmaram. Cəzanı tətbiq etməklə belə şəxslərin gələcəkdə neqativ hallardan çəkilməsinə imkan yaranır. Cəzanın labüdlüyü cinayətkarların ətrafına və yaxınlarına da xəbərdarlıq eyhamı, zəruri profilaktik tədbiridir. Digər tərəfdən qanun qarşısında hamının bərabər olması fikrinə inam yaranır. Xırda xətalara görə tənbeh olunmaq, ictimai təhlükəli əməllərin nəticəsindən asılı olaraq, cinayət təqibinə məruz qalmaq bu prinsipin ana xəttini təşkil edir. 2011-ci ildə cinayətkarlıqla mübarizənin müqayisəli təhlilində qanunun bu prinsipi prosesual cəhətdən özünü göstərir. 2011-ci ildə müxtəlif cinayət törətmiş və ittihamı təsdiq edilmiş 13 792 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmişdir.

Cinayətlərin müəyyən hissəsi cəzasızlıqdan yaranır. Nə qədər ki, cinayətlərə görə cəza yoxduryaxud gec tətbiq olunur, ictimai təhlükəsizlik üçünqorxu halları yaranır. Baş vermiş cinayətlərə görə maddi ziyanın ödənilməsi də sosial ədalətin bərpasına yönələn bir addımdır. 2011-ci ildə baş vermiş cinayətlərə görə dəyən ziyanın 73,7 faizi ödənilmişdir. Bu 2010-cu illə müqayisədə 8,8 faiz çoxdur

Ümumiyyətlə, qüvvədə olan qanunvericilik bazasının ən mühüm vəzifəsi kimi 2011-ci ildə cinayətkarlıqla, onu doğuran səbəb və şəraitlə mübarizə güclənmişdir. Transmilli mütəşəkkil cinayətlərdən sayılan narkotik vasitələrin daşınması, saxlanılması və istifadəsinə qarşı həyata keçirilən mübarizə nəticəsində 367 ton narkotik tərkibli bitki kütlə halında məhv edilmiş, qaçaqmalçılıq yolu ilə çoxlu çəkidə narkotik maddənin ölkəyə gətirilməsinin qarşısı alınmışdır.

Milli fəaliyyət planı əsasında insan alverinə qarşı aparılan çevik mübarizə nəticəsində 67 cinayət faktı aşkarlanmış, 20 nəfər məsuliyyətə cəlb edilmiş, 16 nəfərdən ibarət 7 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu cinayətlərin qurbanına çevrilmiş 28 nəfərin reabilitasiyası və cəmiyyətə qayıdışı təmin edilmişdir. İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun rəhbərliyi və təşkilatçılığı, habelə insan alverinə qarşı mübarizə idarəsinin gərgin xidməti nəticəsində bu istiqamətdə mübarizə ötən illərlə müqayisədə xeyli güclənmişdir. Təkcə DİN-in "qaynar xətti"nə 15 minə yaxın zəng daxil olmuş və hər bir məlumat araşdırılmışdır.

Cinayətkarlıq bütün cəmiyyətlərə xas olan qaçılmaz və normal hal, qanunauyğun hadisədir. Ona görə də belə halların qarşısını almaq üçün "cəzalandırma" metodu ilə yanaşı, maarifləndirmə - profilaktik və xəbərdarlıq tədbirlərindən də istifadə etmək lazımdır. Respublika DİN-in "102" və "Təhlükəsiz şəhər" sistemlərinin cinayətlərin qarşısının alınmasında rolu əhəmiyyətlidir. Təkcə "102" xidmətinə daxil olan məlumat əsasında 2500 -ə yaxın hüquqa və əxlaqa zidd halların qarşısı alınmış, 1609 cinayət işi başlanmışdır .

Konkret olaraq ölkə ərazisində baş verən cinayətlərin açılma vəziyyətinin təhlili, xüsusi təhlükəli cinayətlərin qeydiyyatı və onunla barışmaz mövqedə olmaq vətəndaşlara gətirəcək ziyanın qarşısını almağa və cəmiyyətin sağlamlaşdırılmasına kömək etmişdir.

Həyata keçirilən tədbirlərə söykənərək belə nəticəyə gəlmək olar ki, cinayətkarlıq- cəza təhdidi altında və cinayət qanunvericiliyi ilə qadağan edilən ictimai təhlükəli əməllərin baş verməsi prosesidir. Bu anlayış altında cəmiyyətə xas olan çoxlu sayda təhlükəli əməllərin "təkrar istehsalı" baş verir. Yəni cəmiyyət sanki belə əməllərin öncədən toxumunu səpməklə onun inkişafına , "istehsalına və istehlakına" xidmət edir. Bunu isə tam məhv etmək xülyaya qapılmaqdır.Konkret hadisələr nəticə ilə müəyyən edildiyi üçün cinayətkarlıq da konkret halsosial qanunauyğunluq kimi cəmiyyətdə yaranır.Cəmiyyət dəyişdikcə onun " ekranında" da dəyişikliklər təsvir olunur. Bir az da obrazlı ifadə etsək, cinayətkarlığın artıb-azalması cəmiyyətə xas sosial orqanizmin vəziyyəti ilə xarakterizə olunur.

2011-ci ildə baş vermiş cinayətlərin dinamikasına, kəmiyyət və növlərinə diqqət yetirdikdə mübarizənin vəziyyətinin "sosial orqanizmin" vəziyyətinə uyğun olduğunun şahidi oluruq və cəmiyyətin hər bir üzvünün belə halların qurbanına çevrilib - çevrilməməsindən asılı olmayaraq, zərər çəkməsi qaçılmaz olur. Əhalidə olan 1037 odlu silah və 32 mindən çox patron götürülmüş, təqsiri olan 95 nəfər məsuliyyətə cəlb edilmişdir.

Bəzən cəmiyyətin əksər üzvü ölkədə cinayətkarlığın vəziyyəti barədə qısa xülasəni KİV-dən eşitdikdə onlarda başqa cür təsəvvür yaranır. Belə təsəvvürlərə qapılmaq böyük okeanı səmadan təyyarə ilə seyr etməyə bənzər. Dərinliklərdə, okeanın üst səthində nələrin baş verməsi barədə məlumatı olmur. Toxunduğum misalda okeanın dərinliyinə baş vurmaqla müəyyən tədqiqatlara malik ola biləriksə, cinayətkarlıqla mübarizə işində də mübarizənin iştirakçısına -leqalya qeyri-leqal subyektinə çevrilməklə çoxminli şəxsi heyətin çətin və şərəfli peşə ilə məşğul olmasının şahidinə çevrilirik. Bir növ " sosial orqanizmin təhlükəsizliyinə biganə qalmayaq" şüarı hamımızı düşündürməlidir.

Arxeoloqlar qədim daş dövrünə aid daşlaşmış saxsıların üzərində canlı varlığın müxtəlif ləpirlərini tapıb araşdırırlar. Həmin yerin, izin kimə və nəyə məxsus olması barədə mühakimə yürüdürlər.

Amma cinayətkarlıq barədə oxşar fikir söyləmək çətindir. İnsanların yaddaşında cinayətkarlıqla bağlı ictimai münasibətlərin yalnız keçmişbugünkü səciyyəvi xüsusiyyətləri özünə yer alır. Yadda əxlaqa və qanunlara zidd davranışlar, hadisələrin cəmiyyətdə müəyyən rezonansa məruz qalması və digər stereotiplər qalır və bəzən də bu adətə-vərdişə çevrilir. Cinayətkarlıqla mübarizədə ehtimallara söykənməklə kriminoloji proqnoz vermək həmişə uğur gətirmir.

Cinayətkarlıq insanların davranışlarından kənarda yox, onların iradəsi ilə düşüncələri vəhdət təşkil etdiyindən cəmiyyətin əlavə məhsulu kimi baş verir. İl ərzində qeydə alınan 22.982 cinayətin hər birində bu faktorları sezmək olur.

Həyat və zaman dəyişildikcə, cinayətkarlığın dinamik mənzərəsi də dəyişir. Müəyyən dövr ərzində formalaşmış doqmatik təlimlər və cinayətkarlıqla mübarizə haqqında qanunauyğunluqlar natamam olduğundan yeni şəraitə keçid ərəfəsində və daha sonra təhlükəli hallar davam edir.

Qrup halında baş verən cinayətlər nə qədər təhlükəli olsa da belə cinayətkar fəaliyyətin iştirakçıları DİO tərəfindən zərərsizləşdirilib. "Kollektiv subyektlərdən" ibarət olan mütəşəkkil dəstə vahid plan üzrə, mütəşəkkil halda fəaliyyətə başlasa da 2011-ci ildə bu istiqamətdə DİN-in mübarizə kursu rəğbətlə xatırlanır. Yuxarıda bu barədə qeyd etdik.

Bu gün DİN-in cinayətkarlıqla mübarizə, dövlətçiliyə və xalqa sədaqətlə yadda qalan "portretinin" heç bir retuşa ehtiyacı qalmır. DİN spesifik xidmətini dövlət başçısının siyasətiniə uyğun peşəkar kollektivi ilə davam etdirir.

 

 

Şəmsəddin ƏLİYEV,

"Polisə Dəstək" İctimai

Birliyinin sədri

 

Xalq qəzeti.- 2012.- 21 aprel.- S. 6.