Azərbaycanın Avropa siyasəti: enerji layihələrindən assosiativ sazişə doğru

 

Assosiativ saziş üzrə Azərbaycan-Avropa İttifaqı danışıqlarına dair qətnamənin qəbulu diplomatiyamızın böyük uğurudur

 

SSRİ dağılanda Azərbaycanın müstəqil dövlət kimi özünütəsdiqinə inananların sayı az idi. Hətta bu millətin azad yaşaya bilməyəcəyini müxtəlif "tarixi arqumentlərlə" sübut etməyə çalışanlar tapıldı. Bəzən Azərbaycanda yaşayanlar arasında belə bu ölkənin, xalqın, mədəniyyətin potensialına xor baxanlar oldu. Doğrudan da müstəqilliyin ilk illəri çox qarışıq, dolaşıq proseslərə şahidlik etdi. Ancaq tarix elə bir meydandır ki, hər şeyi yerbəyer edir.

 

Məhz tarixin hökmü ilə Azərbaycan rəhbərliyinə ümummilli lider Heydər Əliyev qayıdandan sonra ölkənin bütün sahələr üzrə əsl potensialı üzə çıxmağa başladı. Həmin qarışıq illərdə Azərbaycan cəmiyyət, dövlət və mədəniyyət məkanı olaraq regionun ən perspektivli ölkəsi olacağını hər fürsətdə dünyaya sübut etməyə başladı. Ulu öndərin əsaslı ideoloji, siyasi və praktiki səmərəli fəaliyyəti nəticəsində Azərbaycan postsovet məkanında müstəqil dövlət quruculuğunun bayraqdarı olmaq imkanını göstərdi. Bunun bariz nümunəsi ölkənin xarici siyasət kursu idi. Bu gün keçilən həmin yola baxanda qürur doğuran və təfəkkürümüzə nikbinlik verən bir mənzərəni görürük. Görürük ki, ulu öndər "Azərbaycan dünyaya Günəş kimi doğacaq" deyəndə nə qədər haqlı imiş. Bu cümlənin arxasında nə qədər geniş və dərin mənalar yatırmış. O mənaların bir qismini Azərbaycanın Avropa siyasətinin illərin sınağından keçib gələn incilərində aşkar etmək mümkündür. Həm də ona görə ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı dövlətimiz üçün mürəkkəb bir geosiyasi vəziyyətdə başlamışdı. Bu əməkdaşlığın tarixçəsi və təkamülü maraqlı və ibrətamiz dinamikaya malikdir. Bu məqalənin imkan verdiyi çərçivədə onu izləməyə çalışacağıq.

1992-ci il Maastrixt sazişindən sonra Avropa interqasiyanın yeni mərhələsinə qədəm qoydu. Bu mərhələdə iqtisadi sahə ilə yanaşı, siyasi sahədə Avropa İttifaqı ölkələrinin birləşməsi yeni səviyyəyə yüksəldi. Paralel olaraq keçmiş SSRİ respublikaları ilə əməkdaşlıq daha da aktuallaşdı. Əgər 1992-ci ildə Maastrixt sazişi avropalıların həyatında bir dönüş nöqtəsi oldusa, bir il sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan dövlətçiliyinin tarixində dönüş nöqtəsi oldu. Ulu öndər Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Avropaya interqasiya onların sırasında xüsusi yer tuturdu. Nəhayət, 2012-ci ilin aprel ayında Avropa Parlamenti assosiativ saziş üzrə Azərbaycan-Avropa İttifaqı danışıqlarına dair qətnamə qəbul etdi. Bu, tarixi bir hadisədir. Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin dediyinə görə, assosiativ saziş Avropa İttifaqının üçüncü ölkələrlə imzalaya biləcəyi ən geniş saziş tipidir. Yəni Azərbaycan hazırkı statusuna görə Avropa İttifaqı ilə əməkdaşlığın ən yüksək səviyyəsinə çata bilib. Bu, o deməkdir ki, ölkəmiz siyasət, iqtisadiyyat, mədəniyyət, hüquq, insan haqları və digər sahələr üzrə mühüm irəliləyişlər əldə edib. Çünki assosiativ saziş üzrə danışıqlar yalnız siyasi dialoq, ədalət, azadlıq və təhlükəsizlik, ticarət və iqtisadiyyat, sosial sektor və digər aspektlərdə konkret uğur əldə edən ölkələrlə aparıla bilər. Avropa İttifaqının növbəti inteqrasiya mərhələsinə qədəm qoyduğu bir dönəmdə Azərbaycanla assosiativ saziş üzrə müzakirələrin başlanması ayrıca məna kəsb edir. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində bu proses Azərbaycanın Avropaya interqasiyası istiqamətində növbəti mərhələnin başlaması deməkdir. Bir neçə aspektdə bu prosesin əhəmiyyətini dərk etmək lazımdır. Birincisi, Cənubi Qafqazda geosiyasi gərginliyin yüksəldiyi bir zamanda Azərbaycanın xarici siyasətində hansı istiqamətin əsas götürüləcəyi barədə bəzi mülahizələr söylənirdi. Rəsmi Bakı ulu öndərin yaratdığı xarici siyasət kursunu inamla davam etdirdiyini dünyaya növbəti dəfə sübut etdi. İkincisi, rəsmi Bakı ölkədə bütün sahələr üzrə islahatları davam etdirməkdə qətiyyətini bir daha ortaya qoydu. Prezident İlham Əliyev "heç kəs bizi yolumuzdan döndərə bilməz" mesajını verərək, Azərbaycanın dəqiq xarici siyasət kursu olan dövlət olduğunu göstərdi. Üçüncüsü, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sisteminin qurulmasında ciddi rol oynadığı Avropa İttifaqı tərəfindən etiraf edildi. Qurum rəsmilərinin assosiativ saziş üzrə danışıqlarla bağlı söylədiklərindən aydın olur ki, Avropanın Azərbaycanın enerji siyasətinin uğurlu olmasına böyük ehtiyacı vardır. Bu ehtiyac assosiativ sazişlə rəsmiləşdirilmiş olur. Dördüncüsü, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda sabitliyə və inkişafa ciddi əngəl olduğunu bir daha təsdiqlədi. Avropa Parlamenti assosiativ saziş üzrə danışıqların aparılması ilə bağlı keçirdiyi müzakirələrdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən təcili çıxmasını, humanitar fəlakətə son qoyulmasını, Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bərpa olunması zərurətini vurğuladı. Avropa parlamentarilərinin ritorikasının dəyişməsi Avropa İttifaqının Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətində yeni əlamətlərin formalaşmasının ilk nümunələrindən biri kimi qəbul edilməlidir. Görünür, burada son aylar bölgədə cərəyan edən geosiyasi proseslərin Aİ-nin xarici siyasətindəki qüsurları aydın üzə çıxarması həlledici rol oynayıb. Aİ Qafqaz siyasətində regional yanaşmadan istifadə etməklə həm həyata keçirdiyi proqramların effektivliyini aşağı salır, həm də real interqasiya imkanlarını minimuma endirirdi. İkili standartlardan imtina Avropanın Cənubi Qafqazda uğurunun təməl şərtidir. Artıq bu istiqamətdə kiçik də olsa, bir addımın atıldığını demək olar. Biz yalnız ilk addımdan danışa bilərik, çünki Aİ hələ çox məsələlərdə real olaraq ikili standartlardan imtina etməlidir. Məsələnin başqa tərəfi Azərbaycanın yeritdyi xarici siyasətə bağlıdır. Hesab edirik ki, məhz Azərbaycanın 1993-cü ildən həyata keçirdiyi xarici siyasət kursunun düzgünlüyü Avropanın mövqeyinin dəyişməsinə səbəb olur. Bütün şərtlərdə Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursunu inamla davam etdirdi. Azərbaycan rəhbərliyinin bu qətiyyəti, diplomatiyamızın vətənpərvərliyi və peşəkarlığı bütün geosiyasi gücləri öz mövqelərinə yenidən baxmağa məcbur etdi. Bu, həm geosiyasətin nəzəriyyəsi, həm də praktiki fəaliyyət üçün çox mühüm bir nəticədir. Bu səviyyənin daha aydın dərk edilməsi üçün Heydər Əliyevin 1993-cü ildən başlayan xarici siyasət kursunda Avropa istiqamətinin həyata keçirilməsinin əsas məqamlarına nəzər salmaq lazımdır.

Artıq qeyd etdiyimiz kimi, xarici siyasət konsepsiyasının formalaşması prosesi 1993-cü ilin yayında xalqın harayına səs verərək hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Məhz Heydər Əliyev xarici siyasətin konseptual əsaslarını yaradıb, onun əsas prinsip və istiqamətlərini müəyyənləşdirib. Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi Avropa istiqaməti seçilib. Bu istiqamətin tərkib hissəsi qismində ən nüfuzlu beynəlxalq təşkilatlardan biri olan Avropa İttifaqı ilə qarşılıqlı münasibətlərin qurulması və inkişaf etdirilməsi olub.

Aİ ilə ilk əlaqələr 1990-cı illərin əvvəlinə təsadüf edib. 1996-cı ildə Azərbaycan Aİ-də "xüsusi dəvətli" dövlət statusu alıb. Azərbaycan Prezidenti Heydər Əliyev 1996-cı il iyulun 8-də "Avropa İttifaqı və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb. Elə həmin ildə Prezident Heydər Əliyev Aİ-nin hazırladığı Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) imzalayaraq, Azərbaycanın bu qurumla əlaqələrini rəsmən qurub. 105 maddədən ibarət bu sənəd çərçivəsində Azərbaycanda bazar iqtisadiyyatının inkişafı, özəlləşdirmə proqramı və infrastruktur layihələrinin reallaşdırılması üçün Aİ-nin maliyyə və texniki dəstəyi nəzərdə tutulurdu.

Ümumilikdə, TƏS XXI əsrin əvvəllərində siyasət, iqtisadiyyat və mədəniyyət sahəsində dialoqun inkişafı üçün möhkəm əməkdaşlığın əsasını qoyub. Azərbaycan və Aİ arasında münasibətlər "MDB ölkələrinə texniki yardım" (TACIS) proqramı, "Yeni İpək Yolu" adlandırılan "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi" (TRACECA) təşəbbüsü, "Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram" (INOGATE), "humanitar yardım" (ECHO) və s. proqramlar çərçivəsində inkişaf edib. Yəni Aİ ilə Azərbaycan arasında əməkdaşlıq əsasən iqtisadi əməkdaşlıq, texniki yardım və maliyyə dəstəyi istiqamətlərində inkişaf edib. Bu, Avropanın müəyyən müddətə qədər Azərbaycanla iqtisadi və energetka sahəsində əməkdaşlığa üstünlük verməklə başqa sahələr üzrə inteqrasiyanın möhkəm təməlini hazırlamaq taktikasını seçdiyini göstərir. Belə bir xəttin seçilməsinin bir səbəbi bütövlükdə postsovet məkanında geosiyasi vəziyyətin mürəkkəbliyidirsə, digər səbəb Aİ-nin daxili inteqrasiya prosesinin ziddiyətli olmasından qaynaqlanır. Daha konkret desək, Aİ-də daxili inteqrasiya ilə onun genişlənmə prosesi arasında uyğunluğa nail olmanın optimal modeli tapılmırdı. Bu ziddiyyətin indi tamhəll edildiyi haqqında danışmaq mümkün deyil. Lakin 2007-ci ilə yanvarın 1-dən vəziyyət dəyişməyə başladı. Həmin tarixdən etibarən TACİS proqramı Avropa qonşuluq siyasəti (AQS) proqramı ilə əvəz olundu. Bu dəyişiklik Aİ-nin genişlənməsində sonuncu dalğanın başlaması ilə əlaqəli idi. Eyni zamanda, prinsipial olaraq Aİ daxilində inteqrasiyanın dərinləşməsinin yeni mərhələsinə qədəm qoyulurdu. Buna uyğun olaraq xarici siyasətdə konkret proqramlar həyata keçirilməli idi. AQS bunun bariz nümunəsidir.

Daha geniş mandata və əhatə dairəsinə malik olan AQS proqramı Aİ-nin planlarının həyata keçirilməsində əsas maliyyə aləti olaraq qalır. AQS Azərbaycan da daxil olmaqla 17 ölkəyə maliyyə yardımını nəzərdə tutur. Bu proqram özündə 3 əsas strateji məqsədi daşıyır. Bura demokratiya və insan hüquqlarına dəstək, bazar iqtisadiyyatına keçidin sadələşdirilməsi və davamlı inkişafa yardım, o cümlədən, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı daxildir. Bütövlükdə, Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələdir. AQS çərçivəsində Azərbaycan üzrə 2007-2013-cü illər üçün nəzərdə tutulmuş strategiya sənədi Aİ-nin yardımlarının məqsədlərini və siyasi məsuliyyətini əks etdirməklə əməkdaşlığın prioritet sahələrini müəyyənləşdirir. Bu prioritetlər bazar iqtisadiyyatının və Azərbaycanda demokratik idarə üsulunun inkişafına yardımı, birgə fəaliyyət planı və təhlükəsizlik məsələlərinin həyata keçirilməsini əhatə edir.

Aİ ilə münasibətlər müstəvisində Azərbaycan "Şərq tərəfdaşlığı" formatında fəal iştirakını davam etdirir. "Şərq tərəfdaşlığı" proqramı 2008-ci ilin mayında Aİ üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb. Proqramın əsas məqsədi iştirakçı dövlətlərin perspektivdə Aİ-yə inteqrasiyasını gücləndirmək, demokratik-hüquqi və siyasi islahatları sürətləndirməkdir. "Şərq tərəfdaşlığı" təşəbbüsünü AQS proqramından fərqləndirən əsas cəhət də məhz budur. Bu proqram Aİ-nin Şərq qonşuları ilə əlaqələrinin daha da dərinləşməsini nəzərdə tutur. Proqrama cəlb olunmuş Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus, Ukrayna ümumən Qərblə Şərq arasında əlverişli tranzit yollarının, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçdiyi ən əhəmiyyətli geosiyasi region hesab olunur. Proqrama daxil edilən ölkələrin gələcəkdə Aİ-yə qəbuluna dair konkret vəd olmasa da, onların avrostrukturlara inteqrasiya prosesinin sürətləndirilməsinin uzaq perspektiv üçün strateji hədəfləri kifayət qədər aydındır. Yaxın perspektivdə isə proqramda iştirak edən ölkələrlə ümumi daxili bazarın formalaşdırılması məqsədilə tədbirlər planının hazırlanması, vahid və hərtərəfli azad ticarət zonalarının yaradılması, vizasız gediş-gəlişin təmini, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Proqramın məqsədi tərəfdaş ölkələrdə aparılan islahatları və müasirləşdirmə prosesini dəstəkləmək, onlarda demokratik islahatların sürətləndirilməsinə, habelə iqtisadi inkişafa töhfə vermək üçün sərmayə qoymaqdır. 2008-ci ilin dekabrında təqdim olunan kommunikeyə əsasən, 2010-2013-cü illərdə bu məqsədlə 350 milyon avro vəsait ayrılmalı, 2020-ci ilə qədər isə bu məbləğ 1,5 milyard avroya çatdırılmalıdır.

1992-2006-cı illərdə TACİS və Aİ-nin digər proqramları çərçivəsində Azərbaycana 414 milyon avro məbləğində humanitar, texniki və ərzaq yardımı göstərilib. 1995-ci ildən etibarən Aİ-nin Tempus proqramında iştirak edən Azərbaycan təhsil sisteminin mükəmməlləşdirilməsinə yönəlmiş 50 layihəni həyata keçirib. 1998-ci ilin sentyabrın 8-də Bakıda Azərbaycan və Gürcüstan prezidentlərinin təşəbbüsü və Aİ-nin TRACECA proqramının dəstəyi ilə "Tarixi İpək Yolunun bərpası" adlı beynəlxalq konfrans keçirilib. 32 ölkə və 12 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı konfransın yekunu olaraq, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Ukrayna, Moldova, Rumıniya və Bolqarıstanın imzaladığı "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş" (Əsas Saziş) və onun Texniki Əlavələri imzalanıb. Bundan başqa, tədbir iştirakçıları adından Avrasiya ölkələri arasında regional inteqrasiya və hərtərəfli əməkdaşlığın prinsiplərini əks etdirən Bakı Bəyannaməsi qəbul olunub. Xəzər neftinin Avropa bazarlarına çıxışını təmin edən INOGATE proqramı çərçivəsində həyata keçirilən texniki əməkdaşlığa əlavə olaraq, Aİ zəngin təbii ehtiyatlara və strateji coğrafi əraziyə malik olan Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji təminatı və tranzit potensialının səmərəli istifadəsinə yönəlmiş fəaliyyətində AQS-ə daxil olan ölkələr daxil olmaqla bütün tərəfdaşların dəstəyi ilə enerji əməkdaşlığı prosesini genişləndirməkdədir. Bu əməkdaşlıq "Bakı prosesi" ttp://www.inogate.org/inogate_programme/inogate_events/ministerial-conferences/1st-energy-ministerial-conference-baku-13-nov təşəbbüsü ilə güclənmişdir. "Bakı prosesi" (və ya Bakı təşəbbüsü) 2004-cü il noyabrın 13-də Bakıda enerji nazirliklərinin konfransında Aİ, Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələri arasında enerji sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan siyasi dialoq şəklində gerçəkləşdirilir.

Hazırda Aİ ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olan Azərbaycan ümumavropa məkanına inteqrasiya siyasətini davam etdirmək niyyətində olduğunu nümayiş etdirir. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə dövlət komissiyasının yaradılması haqqında" Sərəncam imzalayıb. Bu qurumun əsas məqsədi Azərbaycan və Aİ arasında əlaqələrin bundan sonra möhkəmləndirilməsi üçün səmərəli və koordinasiyalaşdırılmış fəaiyyətin təmin edilməsindən ibarətdir. Belə bir qurumun yaradılması ölkənin Avropaya inteqrasiya olunmaq niyyətindən xəbər verir. Hazırda Aİ-Azərbaycan əməkdaşlığının siyasi, iqtisadi və humanitar sahələrdə prioritetləri 2 əsas sənəddə əksini tapıb. Bura Ölkə üzrə strategiya sənədi (2007-2013) və Milli indikativ proqram (2011-2013) daxildir.

Bundan başqa, Azərbaycanın əsas iqtisadi tərəfdaşı olmağa çalışan Brüssellə rəsmi Bakının siyasi yaxınlaşmasını gözləmək olar. AQS çərçivəsində əməkdaşlıq təkcə siyasi dialoq deyil, həmçinin, iqisadi, sosial, daxili və hüquq məsələlərini də əhatə edir. Azərbaycan Respublikası-Aİ Fəaliyyət Planı insan hüquqlarının müdafiəsi, demokratikləşdirmə, qanunun aliliyinin təmin edilməsi, səmərəli idarəçilik və möhkəm inkişaf məqsədi daşıyan siyasi və institusional islahatlar, eləcə də beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə ilə bağlı çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa, münaqişələrin həllinə töhfə vermək və beynəlxalq hüquqa riayət etmək kimi başlıca dəyər və prinsiplər əsasında qurulub. Bu plan mütəmadi dialoq, o cümlədən sosial-iqtisadi inkişaf və ticarət sahəsində dialoqu nəzərdə tutur.

Rəsmi Bakı Avropa ölkələri ilə iqtisadi əməkdaşlıq sahəsində nəzərəçarpacaq uğurlara nail olub. Aİ Azərbaycan üçün perspektivli regional layihələr və investisiyalar mənbəyinə çevrilib. Bununla belə, zəngin karbohidrogen ehtiyalarına malik olan ölkə öz tələbatını ödəmək iqtidarında olduğunu nümayiş etdirib.

Azərbaycan ilə Aİ arasında münasibətlər yüksək səviyyəli qarşılıqlı səfərlərlə də əlamətdar olub. Bu səfərlər zamanı tərəflər arasında əməkdaşlığın genişlənməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb. Belə ki, 2006-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" Azərbaycan və Aİ arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaradıb.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana səfəri çərçivəsində 2011-ci il yanvarın 13-də "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tərəfindən Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə", "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında Hərtərəfli İnstitusional Quruculuq Proqramının Çərçivə Sənədi üzrə Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma Memorandumu" imzalanıb.

Aİ ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq təsisatlarının iclasları konstruktiv və səmərəli olaraq Brüsseldə və Bakıda keçirilir. İclaslar zamanı tərəflər arasında tərəfdaşlıq üzrə siyasi, iqtisadi və humanitar istiqamətlərdə məsələlər müzakirə olunur.

Nəhayət, Aİ Şurası 2011-ci il dekabrın 9-da Avropa Komissiyasına readmissiya və viza rejiminin sadələşdirilməsi üzrə rəsmi Bakı ilə danışıqlar aparmaq mandatı verdi. Bundan bir neçə ay əvvəl, iyun ayının 22-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa Parlamentinin sədri Yeji Buzek ilə görüşdə digər məsələlərlə yanaşı, assosiativ saziş ilə bağlı fikir mübadiləsi aparmışdı. Beləliklə, Aİ-nin Azərbaycanla assosiativ saziş üzrə Azərbaycanla danışıqlara başlamasının sanballı tarixi vardır. Ulu öndər Heydər Əliyevin keçən əsrin 90-cı illərində əsasını qoyduğu xarici siyasət kursu perspektivini, yaşarlılığını və dayanıqlığını tam sübut etməkdədir. Bu siyasətin Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyi gün uzaqda deyil.

 

 

Kamal ADIGÖZƏLOV,

Bakı Dövlət Universitetinin

Diplomatiya və müasir inteqrasiya

prosesləri kafedrasının doktorantı

 

Xalq qəzeti.- 2012.- 27 aprel.- S. 3.