Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin XXII konfransı

 

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin(MHİRK) XXII hesabat-seçki konfransı keçirildi. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət etdilər.

 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin akt zalında keçirilən tədbiri Dəmiryolçuların MHİRK-nın sədri Fəzail Bağırov açaraq konfransda 59 nümayəndənin, 25 dəvətlinin iştirak etdiyini bildirdi. O, əvvəlcə konfransa Rusiya, Ukrayna, Belarus, Türkiyə və başqa ölkələrdən, eləcə də AHİK-ə üzv olan respublika komitələrindən ünvanlanan təbrik məktublarını diqqətə çatdırdı. Natiq konfransın gündəliyi ilə iştirakçıları tanış etdikdən sonra Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin 2005-ci ilin oktyabrından 2012-ci ilin aprelinədək olan dövrdə gördüyü işlərdən danışdı.

Qeyd olundu ki, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin 22-ci konfransı olduqca əlamətdar hadisələrin qeyd olunduğu bir vaxta təsadüf edir. Xalqımız 2011-ci ilin oktyabr ayında dövlət müstəqilliyinin 20 illik yubileyini, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Novruz bayramını yüksək əhval ruhiyyə ilə qeyd etmişdir.

Beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinin uğurlu məntiqi nəticəsi olaraq Azərbaycan 2011-ci ilin oktyabrında 155 ölkənin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu tarixi qələbə Azərbaycanın müstəqillik dövründə ən möhtəşəm qələbəsidir. Azərbaycanın bu mötəbər tribunada söz sahibinə malik olması möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış diplomatik siyasətin təzahürüdür.

Ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən polad magistralın pozulmuş iş ahəngi 1996-cı ilin iyul ayında, hazırkı nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi dövrdən bərpa olundu və yolun iş həcminin artması tendensiyası başlandı.

Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə Arif Əsgərovun Azərbaycan Dövlət Dəmir Yolunun rəisi təyin olunması dəmir yolunun dinamik inkişafında görülən işlərin intensiv şəkildə davam etdirilməsi ilə nəticələndi.Bu təyinatın Dəmir Yolunun sonrakı fəaliyyətinin tənzimlənməsində mühüm rol oynadığı danılmaz reallıqdır. Sevindirici haldır ki, dəmir yolunda həyata keçirilən islahatlar ictimaiyyət tərəfindən maraqla izlənilir və ölkə başçısı tərəfindən yüksək qiymətləndirilir.

Danılmaz faktdır ki, respublikamızın sosial-iqtisadi inkişafında və maliyyə sisteminin möhkəmlənməsində dəmir yolu nəqliyyatının özünəməxsus rolu vardır. Bu baxımdan dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə Prezident İlham Əliyevin 20 iyul 2009-cu il tarixli "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" sərəncamı əslində dəmir yolunda yeni mərhələnin başlanğıcının təməlini qoymuşdur.

Artıq dinamik inkişaf bərpa olunub, ölkə başçısı tərəfindən dəmir yolunun gələcək inkişafına hesablanmış bir sıra mühüm qərarlar qəbul edilmişdir. Bunların sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 6 iyul 2010-cu ildə imzalanmış "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı mühüm yer tutur.

Bu, tarixi bir sənəddir. Çünki Dövlət Proqramında Azərbaycan polad magistralının sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb, vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr tədbirlər planında öz əksini tapmışdır.

F.Bağırov daha sonra dəmiryolçuların sosial-iqtisadi mənafelərinin qorunması, əməyin mühafizəsi, sağlamlıqlarının bərpası, onlara göstərilən qayğı barədə rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışdı.

Sonra Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Gennadi Kosolapov, Rusiya Dəmiryolçularının və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Sergey Çernov, Türkiyə Həmkarlar İttifaqları Komitəsinin maliyyə katibi, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin sədri Ergün Atalay çıxış edərək konfransın işinə uğurlar arzuladılar. Çıxışlarda azərbaycanlı həmkarları ilə əlaqələrindən razılıq bildirən qonaqlar axırda xatirə hədiyyələri təqdim etdilər.

Bir qrup dəmiryolçuya həmkarlar ittifaqlarının işində fəal iştirak etdiklərinə görə komitənin pul mükafatı və fəxri fərmanları verildi.

Lokomotiv şöbəsi BHİK-in sədri Niyaz İsmayılov, "Naxçıvan Dəmir Yolları" MMC-nin HİK sədri Eyvaz Əsgərov, İnfrastruktur Departamenti BHİK-nın sədri Namaz Nəzərov və Bakı Vaqon Deposu HİK-nın sədri Vaqif Bünyatov hesabat dövründə rəhbərlik etdikləri qurumda görülən işlərdən danışdılar.

Mandat komissiyasının sədri Hüseyn Cəfərov ilk təşkilatlarda keçirilən yığıncaqların nizamnaməyə uyğun keçirildiyini, bu tədbirlərdə F.Bağırovun yenidən Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə irəli sürdüklərini vurğuladı.

AHİK sədri, millət vəkili Səttar Mehbalıyev dəmir yolunda aparılan islahatları, tətbiq edilən yenilikləri yüksək qiymətləndirdi. Dövlət başçısının bu sahəyə qayğısından danışan AHİK sədri həmkarlar ittifaqı komitəsinin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə birgə işini xüsusi qeyd etdi. Dəmiryolçulara şərəfli işlərində uğurlar arzulayan natiq F. Bağırovu yenidən Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə irəli sürülməsini təklif etdi. Təklif yekdilliklə qəbul olundu.

Axırda AHİK-in katibi, aparat rəhbəri Həsən Cəfərov bir qrup dəmiryolçunun konfederasiyanın medal və fəxri fərmanları ilə təltif olnması haqqında qərarı oxudu, S.Mehbalıyev isə mükafatları sahiblərinə təqdim etdi.

Konfransın işində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov, Gürcüstan Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin sədri Hamlet Lomidze,Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin baş katibi Hüseyin Kaya və Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin mövzuat katibi İsmail Baygın iştirak edirdilər.

 

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2012.- 27 aprel.- S. 6.