Binəqədidə akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümü qeyd edildi

 

Binəqədi Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümü münasibətilə anım mərasimi keçirilmişdir. Tədbir iştirakçıları öncə 6-cı mikrorayonda yerləşən və alimin adını daşıyan parkda ucaldılmış abidəni ziyarət etmişlər. Rayon icra hakimiyyəti rəhbərliyinin, Milli Məclis deputatlarının və rayon ictimaiyyətinin fəallarının qatıldığı tədbirdə akademikin abidəsinin önünə əklil qoyulmuş, gül dəstələri düzülmüşdür.

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qeyd etmişdir ki, görkəmli alim Zərifə Əliyeva bütün mənalı ömrünü oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr etmiş, müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparmış, cərrahi əməliyyatlar həyata keçirmiş, gözdə qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsi baxımından dəyərli elmi-metodoloji fikirlər irəli sürmüş, göz həkimlərinin təkmilləşdirilməsi üçün səmərəli pedaqoji fəaliyyət göstərmişdir.

Zərifə xanımın zəngin və mənalı ömür yolundan danışan rayon icra hakimiyyətinin başçısı X. İsgəndərov demişdir ki, yüksək vətəndaşlıq mövqeyi, həssaslığı, insanlara qayğı və diqqəti sayəsində xalqın dərin hörmət və sevgisini qazanmış Z. Əliyeva, ilk növbədə, böyükparlaq şəxsiyyət idi. O, görkəmli dövlət xadimi, xalqımızın sədaqətli oğlu Əziz Əliyevin ailəsində doğulub böyümüş, gözəl tərbiyə və mükəmməl təhsil almışdı. Əsil-nəcabətli ziyalı mühitində formalaşan Zərifə xanım qayğıkeş və mehriban ana kimi övladlarına da ən yüksək mənəvi keyfiyyətləri aşılamışdı. Zərifə Əliyeva ətrafına nur saçan böyük ziyalı idi. O hesab edirdi ki, insan biliyi ilə mütləq cəmiyyətə fayda verməli, xeyirxah əməlləri ilə özündən sonra iz qoymalıdır.

Daha sonra tədbir Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında fəal rayon qadınlarının toplantısı ilə davam etdirilmişdir. Burada çıxış edən YAP rayon təşkilatı qadınlar şurasının sədri Məlahət İbrahimova, YAP qadınlar şurasının sədr müavini Məhəbbət İbrahimova, tibb elmləri doktoru Səadət Mahmudova, YAP Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü Zərifə Quliyeva və başqaları Zərifə xanım Əliyevanın xatirəsinin daim ürəklərdə yaşayacağını, ömür yolunungördüyü humanist işlərin heç vaxt unudulmayacağını bildirmişlər.

Çıxışlarda Zərifə xanım Əliyeva nəcib, qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanmışdır. Alimin oftalmologiya elmi sahəsində xidmətlərindən danışan natiqlər onun millətinə, Vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı ömrü yaşadığını, xeyirxah əməlləri ilə örnək olduğunu söyləmişlər.

 

V. BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 27 aprel.- S. 5.