Bakı forumu hüquq sahəsində Avropa təcrübəsini öyrənmək üçün çox faydalıdır

 

Son illərdə Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi adət şəklini alıb. Bu tədbirlər adətən elm, mədəniyyət, idman, təhsil və s. kimi bir çox sahələri əhatə edir, Bakı dünya çempionatlarına, qlobal forum və konfranslara ev sahibliyi edir.

 

Bütün bunları birmənalı olaraq Azərbaycanın Avropaya və sivil dünyaya inteqrasiyasının, eləcə də sosial-iqtisadi inkişafının, ilbəil artmaqda olan beynəlxalq nüfuzunun əyani göstəricisi hesab etmək olar. Son illərdə ölkəmiz, eyni zamanda, Avropa hüquq məkanına sıx inteqrasiya edib, hüquq, məhkəmə və dövlət idarəçiliyi sistemində geniş miqyaslı islahatlar aparıb, Avropa İnsan Hüquqları Konvensiyasına, 50-yə qədər digər Avropa konvensiyasına qoşulub.

Aprelin 27-də Bakıda daha bir beynəlxalq tədbir - Gənc Hüquqşünasların Beynəlxalq Bakı Forumu öz işinə başlayıb. Dünyanın bir çox ölkələrindən gəlmiş gənc hüquqşünasların toplaşdığı bu tədbir dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının, onların azad və sərbəst fəaliyyəti üçün yaratdığı münbit şəraitin nəticəsidir. "Hyyat-Recency" mehmanxanasında öz işinə başlayan tədbirin iştirakçıları ilə görüşüb beynəlxalq forumla bağlı fikirlərini öyrəndik.

Kəbirəlov Kamran, tələbə:

- Bu gün Bakıda keçirilən gənclərin beynəlxalq forumu Azərbaycan gənclərinin, xüsusən hüquqşünaslıq ixtisasına yiyələnən tələbələrin həyatında əlamətdar bir hadisədir. Təbii ki, Azərbaycan özünün dövlət müstəqilliyini cəmi 20 il bundan əvvəl bərpa etdiyindən ölkə həyatının bütün sahələrində hüquqi bazanın möhkəmləndirilməsi prosesi gedir. Bunun üçün yeni kadrların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Ona görə də gənc hüquqşünaslarımızın Avropanın qabaqcıl təcrübəsi ilə yaxından tanış olması çox önəmlidir. Bilirik ki, Avropada hüquq məsələləri böyük inkişaf yolu keçib. Biz də müstəqil bir respublika kimi Avropaya inteqrasiya edirik. Bu baxımdan Avropa hüququ ilə, xüsusən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki təcrübə ilə yaxından tanış olmaq bizim üçün də çox faydalıdır. Azərbaycanın sabahı olan gənclərin bu günkü kimi tədbirlərdə iştirak edərək beynəlxalq təcrübəni öyrənməsi və bu bilikləri gələcəkdə öz işlərində tətbiq etməsi vacib cəhətdir.

Bu gün Azərbaycan təkcə hüquqi deyil, təhsil sahəsində də Avropaya inteqrasiya yolunu tutub. Ancaq milli təhsilimizin inkişafı hələ də müəyyən problemlərlə müşayiət olunur. Bu cür forumlar bizə avropalıların təhsil sisteminə yaxınlaşmaq, bu sahədəki təcrübəni bölüşmək, ən azından bununla bağlı fikir mübadiləsi aparmaq imkanı verir. Ona görə də hesab edirəm ki, təkcə hüquq sahəsində deyil, təhsil, mədəniyyət və bütün digər sahələrdə Avropa təcrübəsini öyrənmək Azərbaycan gənclərinə çox gərəkdir.

Hazırda Bakıda keçirilən forum böyük bir beynəlxalq tədbirdir. Burada dünyanın 20-dən çox ölkəsindən nümayəndələr toplaşaraq fikir, təcrübə mübadiləsi aparır. Eyni zamanda, foruma Azərbaycanın dövlət strukturları tərəfindən diqqət böyükdür. Üç gün ərzində davam edəcək forumun yüksək səviyyədə təşkili üçün bütün mümkün işlər görülüb. Bu da dövlətimizin, xüsusən Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə, onun bir qolu olan gənc hüquqşünaslara gündəlik qayğısının əyani nümunəsidir.

Onu da qeyd etməliyəm ki, tədbirin Bakıda keçirilməsində ELSA təşkilatının da rolu olub. Avropa ölkələrindən 30 mindən çox tələbə bu təşkilatın üzvüdür. Avropanın 300-dən çox universitetində bu təşkilatın tədbirləri keçirilib. Azərbaycan ELSA-ya təzə qoşulub, 2011-ci ilin noyabr ayında təşkilatın tamhüquqlu üzvü olmuşuq. Və qısa bir müddətdə Bakıda belə möhtəşəm bir tədbirin keçirilməsinə nail olduq. Düşünürəm ki, Bakı forumu ELSA-nın nüfuzlu beynəlxalq təşkilata çevrilməsində, gələcəkdə öz sıralarını genişləndirməsində mühüm rol oynayacaq. Həm də inanırıq ki, yaxın zamanlarda ELSA çərçivəsində hüquq kadrlarının yetişdirilməsində, hüquqi islahatların aparılmasında, hüquq sahəsindəki beynəlxalq təcrübənin yayılmasında çox böyük işlər görüləcək.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2012.- 29 aprel.- S. 6.