Ən böyük milli sərvətimiz

 

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

1 avqust Azərbaycan dili günüdür

 

Müasir dövrdə dünya xalqlarının və dövlətlərinin taleyində son dərəcə mühüm rol oynayan, ölkələrin sosial-siyasi,mədəni inteqrasiyasına və iqtisadi tərəqqisinə stimul verən qloballaşma prossesləri bütün böyük hadisələr kimi, müsbət xüsusiyyətləri ilə yanaşı bəzi mənfi cəhətlərə də malikdir. Bu sırada ilk növbədə xalqların milli-mənəvi dəyərlərinin aşınmaya məruz qalma və unudulma təhlükəsini qeyd etmək lazımdır. Bu hal milli-mənəvi dəyərlərin yabançı təsirlərdən qorunması zərurətini çağdaş dövrdə dünya xalqlarının qarşısında duran ən vacib vəzifələrdən birinə çevirmişdir.

Şübhəsiz ki, hər bir xalqın mənəvi sərvətləri sırasında ana dilinin heç bir dəyərlə müqayisəyə gəlməyən müstəsna əhəmiyyəti vardır. Ana dili xalqın varlığını təmin edən ən önəmli amildir. Xalq bütün maddi və mənəvi sərvətlərini, hətta torpaqlarını itirib yalnız dilini saxlasa, öz varlığını qoruyub mühafizə edə bilər. Lakin tarixin də dəfələrlə sübut etdiyi kimi, bütün sərvətlərini saxlayıb, dilini itirən xalq məhvə məhkumdur. Ana dili yalnız sadəcə ünsiyyət vasitəsi deyil, xalqın dünyagörüşünün, düşüncə tərzinin, ümumən mənəvi varlığının ifadə vasitəsidir. Buna görə də müasir beynəlxalq inteqrasiya şəraitində ana dilimizin qorunması, əsas mənəvi dəyər kimi onun toxunulmazlığının və işləkliyinin təmin edilməsi bir millət və dövlət olaraq bizim ən başlıca vəzifəmizdir.

Bu mənada "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişasına dair Dövlət Proqramı haqqında " Azərbaycan Respublikasi Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı və bunun ardınca verilmiş "AMEA Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" növbəti sərəncam Azərbaycan Respublikasının və onun rəhbərinin dövlət dilimizin qorunmasına və inkişafına qayğısının bariz nümunəsi kimi dəyərləndirilməlidir. Sərəncamda qeyd olunduğu kimi, " ölkəmizin zaman-zaman müxtəlif imperiyaların tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli mənəvi dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətədaşının müqəddəs borcudur."

Bəhs olunan sərəncam Azərbaycan dövlətinin ana dilimizlə bağlı həyata keçirdiyi növbəti hüquqi sənəddir. Buna qədər də dövlət dilinin qorunması və işləkliyinin təmin edilməsi ölkəmizdə müstəqil dövlət quruculuğunun prioritet istiqamətlərindən biri olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev hələ Sovet İttifaqı zamanında, mərkəzin ciddi müqavimətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail ola bilmişdi. Azərbaycan dilinin Müstəqil Azərbaycan Respublikasının ulu ondərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyasının 21-ci maddəsində təsbit edilmiş Dövlət Dili statusu isə artıq deklorativ yox, tam əməli xarakter daşımağa başladı və ana dilimiz mümkün olan ən yüksək ictimai dəyər qazanmış oldu.

Konstitusiyanın qəbulundan keçən illər ərzində bu məsələnin ayrı-ayrı konkret cəhətlərinə dönə-dönə qayıdılması, ana dilimizin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif qanunların qəbulu, fərman və sərəncamların verilməsi dövlətimizin ana dilimzə - dövlət dilinə nə qədər böyük önəm verdiyini sübut edir:

-"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli fərmanı ;

-"Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı; -"Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun (30 sentyabr 2002-ci il) ; -"Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanı. Bütün bu sənədlər müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmışdır.

Ana dilimizin ən möhtəşəm daşıyıcıları olan "Kitabi - Dədə Qorqud"un 1300 və Məhəmməd Füzulinin 500 illik yubileylərinin beynəlxalq səviyyədə, böyük təntənə ilə qeyd olunmasını da dövlətin ana dilimizə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi kimi qiymətləndirmək lazımdır.

Prezident İlham Əliyev dövlət siyasətinin bütün sahələrində olduğu kimi, dil siyasətində də ulu öndərin strateji xəttini inam və uğurla davam etdirir. 12 yanvar 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Prezident sərəncamı imzalanmış, 5 avqust 2004-cü ildə isə həmin sərəncamın tətbiqini reallaşdırmaq məqsədilə "Azərbaycan dilində orfoqrafiya qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabineti xüsusi qərar qəbul etmiş və bunun əsasında uzun müddətli fasilədən sonra dilimizin yeni orfoqrafiya lüğəti tərtib edilərək nəşr olunmuşdur.

Latın qrafikalı yeni Azərbaycan əlifbasının həyata keçirilməsinin xalqımızın ümumi mədəni inkişafına və ölkəmizin dünya birliyinə mədəni inteqrasiyasına yardımçı olmasını praktikada təmin etmək məqsədilə Prezident İlham Əliyev sonrakı iki ildə dünya ədəbiyyatı klassikasının Azərbaycan dilində nəşri ilə bağlı daha iki sərəncam imzalamışdır.

Xalqın böyük əksəriyyəti tərəfindən tam razılıq və məmnunluqla qarşılanan bu sənədlər dövlət dilimizin rəsmi statusunun həyatımızın bütün sahələrində qeyd-şərtsiz təmin olunmasını, tədrisinin və öyrənilməsinin yaxşılaşdırılmasını, işləkliyin genişlənməsini və saflığının qorunmasını nəzərdə tutur. Bu sənədlər dövlət dilinə məhz dövlətçilik atributu kimi yanaşmanın, ona ən yüksək səviyyədə himayədarlığın əyani nümunəsidir.

Müstəqillik illərində ana dilimizin dövlət dili statusunun təmin edilməsi üçün qeyd etdiyimiz rəsmi sənədlərdən başqa, bir sıra mühüm əməli tədbirlər də həyata keçirilib. Bu baxımdan ali məktəblərə qəbul zamanı Azərbaycan dili üzrə imtahanın bütün ixtisas qrupları üçün mütləq olmasını, rus bölməsi üzrə orta məktəblərin buraxılış, ali məktəblərin qəbul imtahanlarında Azərbaycan dili üzrə sualların zəruri xarakter daşımasını, telekanallarda veriliş və filmlərin Azərbaycan dilində yayımlanmasını xüsusi vurğulamaq lazmdır.

Görülən tədbirlərin praktik nəticələri də göz önündədir. Ölkəmizdə toplu halında yaşayan digər xalqların (milli azlıqların) ünsiyyət vasitəsi kimi Azərbaycan dilindən istifadə edilməsi nəzərəçarpacaq qədər artmışdır. Əvvəllər Azərbaycan dilində danışa bilməyən, yaxud danışmaq istəməyən çoxlu sayda ictimai xadimlər, siyasətçilər, ziyalılar, sənətçilər, məmurlar, sıravi vətəndaşlar indi bu dilə danışırlar (ən azı buna cəhd edirlər). Ancaq ana dilimizin taleyinə maksimum tələbkarlıq mövqeyindən yanaşmaq zərurəti göstərir ki, bütün bunlar hələ kifayət deyildir. Görüləsi işlər hələ də çoxdur.

Dövlət dilinin işlədilməsinə biganə münasibətə bütün sahələrdə qəti olaraq son qoyulmalıdır. Bu dili işlətməyin şərəfliliyini, nüfuz və hörmət gətirdiyini insanların beyninə yeritmək, ictimai şüurun atributuna, ümumi davranış normasına çevirmək lazımdır. Məhz bu amillər dövlət başçımızın haqqında bəhs etdiyimiz sonuncu sərəncamı imzalanmasını zəruri etmişdir. Sənəddə qeyd olunduğu kimi, son dövrlərdə müasir ədəbi dilimizin tükənməz ifadə imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik və qətiyyət gostərə bilmirlər. Nəticədə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər müşahidə olunur.

Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühim amili olduğunu nəzərə almayan bəzi mətbuat orqanlarında, telekanallarda, elektron informasiya vasitələrində ədəbi dil normalarının pozulması halları müşahidə edilir. Tərcümə və dublyaj nümunələrinin mətni dilimizin zəngin ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı bir sıra reklam lövhələrində, müxtəlif müəssisələrin ad göstəricilərində, digər tərtibat elementlərində Azərbaycan dilinin leksik və qrammatik normaları, dövlət dilinin tətbiqi prinsipləri kobudcasına pozulur.

Bir çox hallarda dilimizin tarixinə və mənşəyinə dair səsləndirilən yanlış və qərəzli mülahizələrə vaxtı-vaxtında tutarlı cavab verilmir. Bəzi hallarda elmi tədqiqatlar üçün müasir dünya dilçiliyinin nəzəri səviyyəsindən geri qalan, heç bir ciddi praktik əhəmiyyət daşımayan bəsit mövzular seçilir.

Azərbaycan dilində müasir dövr üçün zəruri kommunikasiya vasitəsi sayılan intrenet resurslarının azlığı, dilimizi öyrənmək istəyən əcnəbilər üçün tədris vəsaitlərinin müasir tələblərə cavab verməməsi real problemlərdir. Bütün bu çatışmazlıqların aradan qaldırılması məqsədilə Prezident sərəncamında Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkəmizdə dilçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanaraq qəbul edilməsi nəzərdə tutulur. Proqramın məqsədi dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilimizin istifadəsinə və öyrənilməsinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını, dilçi mütəxəssislərimzin bu elm sahəsinin aparıcı istiqamətlərində fundamental və tətbiqi araşdırmalarının inkişafına yönəlmiş yaradıcılıq səylərinin stimullaşdırılmasını, linqivistikanın müasir aktual ictimai problemlərlə bağlılığının gücləndirilməsini, qloballaşma şəraitində ana dilimizin dövrün tələblərinə uyğun istifadəsini təmin etməkdir.

Azərbaycan dövlətinin dil siyasəti ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi - "Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. " - prinsipinə əsaslanır.

 

 

İlham ABBASOV

 

Xalq qəzeti.- 2012.- 1 avqust.- S. 4.