Elmar
MƏMMƏDOV: Fərdi birdəfəlik ödəmə almaq
hüququna malik olan hər bir vətəndaşın bu
hüququ təmin ediləcəkdir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" 2012-ci il 14 mart tarixli Fərmanına əsasən, iyunun 1-dən etibarən fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinə başlanılmışdır. "Kapital Bank" ASC idarə heyətinin sədri Elmar Məmmədov fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi ilə bağlı AzərTAc-ın suallarını cavablandırmışdır.
- Elmar müəllim, məlum olduğu kimi, 2012-ci il iyunun 1-dən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinə başlanmışdır. İlk iki ayın nəticələri hansı təəssüratları yaradır?
- Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi üzərindən 20 ildən artıq müddət keçmiş bir məsələyə aid olduğundan, eyni zamanda, kifayət qədər böyük əhali kontingentini əhatə etdiyindən prosesin ilk mərhələsinin bir sıra çətinliklərlə, ortaya çıxan müxtəlif məzmunlu suallarla müşayiət olunacağı gözlənilirdi. Bununla belə, bütün mümkün çətinliklərə, problemlərə baxmayaraq, ilk mərhələnin uğurla keçdiyini söyləmək olar.
Proses bu
gün də öz normal axarında davam etdirilməkdədir.
Bildiyiniz kimi, fərdi birdəfəlik ödəmələrin
verilməsi 65-i Bakı şəhərində, 78-i
respublikamızın digər regionlarında olmaqla "Kapital
Bank" tərəfindən ölkə üzrə
yaradılmış 143 xidmət məntəqəsində həyata
keçirilir.
Müraciətlərin
sayı barədə onu demək olar ki, 2012-ci il iyulun 30-na olan
məlumata görə, "Kapital Bank"ın xidmət məntəqələrinə
449 min 69 müraciət daxil olmuşdur. Bu
müraciətlərdən 393 min 16-sı məntəqələrdən
mərkəzə təqdim edilmişdir. Bu dövr ərzində
263 min 215 əmanətçiyə ümumilikdə 147131879,60 manatlıq vəsait ödənilmişdir.
Sevindirici
məqamlardan biri budur ki, belə bir genişmiqyaslı proses vətəndaşlarımızın
mühüm hissəsinin internet resurslarına
çıxış imkanlarına, informasiya-kommunikasiya
texnologiyaları ilə işləmək vərdişlərinə
malik olduqlarını bir daha göstərdi. Əmanətçilərin
müəyyən qisminin ərizə formalarını internetdən
əldə etməsi, müraciət etməli olduğu məntəqəni
Maliyyə Nazirliyinin və "Kapital
Bank"ın saytlarındakı elektron xəritə vasitəsilə
müəyyənləşdirməsi, hər gün müxtəlif
məsələlərlə bağlı Bankın
ünvanına daxil olan onlarla elektron sorğu, hər halda,
bunun göstəricisidir.
- Fərdi
birdəfəlik ödəmələrin verilməsi prosesinə
start verilən ərəfədə hər bir müraciətin
cəmi 5 iş günü ərzində icra ediləcəyi
elan olunsa da, icra müddətlərinin gecikməsi hallarına
təsadüf edilir. Bu nə ilə
bağlıdır?
-
Mövcud prosedurlarda, həqiqətən, hər bir müraciətin
5 iş günündən gec olmayaraq icrası nəzərdə
tutulmuşdur. "Kapital Bank" müraciətlərin
prosedurlarda müəyyən edilmiş müddət ərzində
icrası üçün bütün imkanlarından istifadə
edir. Məntəqələrə daxil
olmuş hər bir müraciət araşdırma
üçün onlayn rejimində "Kapital Bank"ın
baş ofisində fəaliyyət göstərən Əmanətçilərə
Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinə
ötürülür. Sənədlər
tam qaydasında olduqda, əmanətçilər tərəfindən
təqdim edilən məlumatlarla Bankda qorunan arxiv məlumatları
arasında ziddiyyət üzə çıxmadıqda,
heç bir əlavə araşdırmaya ehtiyac qalmadıqda, mərkəz
tərəfindən müsbət qərar qəbul edilir və
ödəmə operativ qaydada həyata keçirilir.
Əmanətçilər tərəfindən təqdim
edilmiş sənədlərdəki məlumatlarla bankın
malik olduğu arxiv məlumatları arasında hər hansı
uyğunsuzluq aşkarlandıqda, sənədlərdə
müəyyən çatışmazlıqlar olduqda və s.
bu kimi hallarda isə əlavə araşdırmalara ehtiyac
yaranır ki, bu da icra müddətinin bir müddət
yubanmasını zərurətə çevirir.
Nəzərə
almaq lazımdır ki, bu cür araşdırmalar müəyyən
qədər zaman tələb edən işdir. Aradan uzun müddət keçmişdir. Əmanət hesablarına dair arxiv sənədlərinin
qorunmasında keçmiş SSRİ vaxtında müəyyən
nöqsanlara yol verilmişdir. Bəzi sənədlər
düzgün tərtib edilməmişdir. Ümumiyyətlə,
80-ci illərin sonlarından başlayaraq, qısa müddət
ərzində bu sahədə ardıcıl olaraq müxtəlif
dəyişikliklər və s. həyata keçirilmişdir. Bütün bunlardan irəli gələrək bir
sıra məqamların, ortaya çıxan sualların
aydınlaşdırılmasına çox tez-tez ehtiyac
yaranır. Ona görə də sənədlərinin
əlavə araşdırılmasına ehtiyac yaranan əmanətçilərdən
bu vəziyyəti anlayışla qarşılamalarını,
icra müddətinin bir müddət gecikməsindən narahat
olmamalarını xahiş edərdik.
Müraciətlərin həddən ziyadə
çoxluğu da gecikmələrə təsir göstərən
amillərdən biridir. İlk aylarda xidmət məntəqələrinə
kifayət qədər müraciətlərin olacağı əvvəlcədən
proqnozlaşdırılsa da, açığı, bu qədər
kütləvilik bir qədər gözlənilməz idi.
Lakin bütün bunlar müvəqqəti
hallardır və tədricən aradan qalxacaqdır. Müraciətlərin sayı azaldıqca, ödəmələri
nəinki 5 gün ərzində, hətta sənədlər qəbul
edildikdən bir neçə saat sonra vermək mümkün
olacaqdır.
Bir daha əmanətçilərin nəzərinə
çatdırmaq istərdik ki, müraciətlərin icra
müddəti ilə bağlı narahatlığa heç bir
əsas yoxdur.
Banka daxil olan bütün müraciətlərə
qanuna müvafiq qaydada baxılır və baxılacaqdır.
Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin 2012-ci il 14 mart tarixli Fərmanında da fərdi birdəfəlik
ödəmələrin verilməsi üçün əlavə
bir il müddət nəzərdə tutulmuşdur. 2013-cü il dekabrın 31-dək bütün məsələlər
aydınlaşdırılacaq, fərdi birdəfəlik ödəmə
almaq hüququna malik olan hər bir vətəndaşın bu
hüququ təmin ediləcəkdir.
- Fərdi
birdəfəlik ödəmələrin hesablanması ilə
bağlı da ara-sıra müəyyən narazılıqlar
nəzərə çarpır. Bəzi vətəndaşlar
ödəmələrin düzgün hesablanmadığını,
onlara gözlədiklərindən az vəsait
verildiyini bildirirlər. Bu narazılıqları
yaradan nədir? Doğrudanmı ödəmələrin
hesablanmasında yanlışlıqlara yol verilir?
- Fərdi
birdəfəlik ödəmələrin hesablanması mexanizmi
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli Fərmanı
ilə təsdiq edilmiş "Keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan
Respublikasının vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsi
Qaydaları"na əsasən müəyyən edilmişdir.
"Kapital Bank"da fərdi birdəfəlik
ödəmələr həmin qaydaların tələbləri
əsasında hazırlanmış kompyuter proqramı vasitəsilə
hesablanır. Hesablama proqram təminatı
vasitəsilə aparıldığından burada hər
hansı yanlışlıq tam istisnadır.
Bu məsələdə əmanətçilər
arasında anlaşılmazlıq yaradan başlıca səbəb
isə bəzi əmanətçilərin hesablama qaydaları
barədə lazımi qədər məlumatlı
olmamaları, əmanət qalığının tarixi ilə
bağlı əsas şərtin bir çox hallarda nəzərə
alınmamasıdır.
Sənədlərin qəbulu zamanı xidmət məntəqələrində
əmanətçilərə verilən qəbzdə əmanət
hesabındakı qalıq tam göstərilir, vətəndaşların
müəyyən bir qismi də güman edir ki, ödəmə
qəbzdə göstərilmiş məbləğ üzrə
hesablanmalıdır. Lakin bu, belə deyildir. Fərdi birdəfəlik
ödəmə Əmanət Bankında yalnız 1992-ci il yanvarın 1-dək olan qalığa verilir. Bu tarixdən sonrakı dövrə aid olan əmanət
qalığı hesab bağlanarkən ödəmə məbləğinə
əlavə edilsə də, həmin qalığa fərdi
birdəfəlik ödəmə hesablanmır.
Ona
görə də vətəndaşlar onlara çatacaq fərdi
birdəfəlik ödəmənin məbləğini
hesablamaqdan ötrü xidmət məntəqələri tərəfindən
verilmiş qəbzdəki son qalığa yox, 1992-ci il yanvarın 1-dək olan əmanət
qalığına əsaslanmalıdırlar. 1992-ci il yanvarın 1-dən sonra Əmanət
Bankına pul yerləşdirmiş vətəndaşlar bilməlidirlər
ki, həmin əmanət qalığının hesablanması
qaydası fərdi birdəfəlik ödəmənin
hesablanması qaydasından fərqlidir.
- Bunu
nümunə ilə izah etmək olarmı?
- Bəli,
bu cür nümunəli izahlar indiyə qədər də
"Kapital Bank" tərəfindən verilmiş, kütləvi
informasiya vasitələrində
yayılmışdır.01.01.1994-cü il
tarixinə qədər olan əmanət qalığı
1994-cü ildə manatın ölkə ərazisində yeganə
ödəniş vasitəsi elan edilməsi ilə əlaqədar
10-a, 01.01.2006-cı il tarixinə qədər olan əmanət
qalığı isə 2006-cı ildə aparılmış
denominasiyaya uyğun olaraq 5.000 əmsalına bölünməklə
hesablanır. Məsələn, 01.01.1992-ci il tarixinə əmanət
hesabında 2000 rubl olmuşdursa, sonra 1993-cü ildə həmin
hesaba 10000 rubl əlavə mədaxil edilmişdirsə,
ümumi məbləğ, yuxarıda da qeyd edildiyi kimi,
01.01.1994-cü ildə rublun manata keçidi ilə əlaqədar
olaraq 10-a bölünür və hesab üzrə qalıq 1200
AZM manat qalır.
Əgər,
1994-2005-ci illərin müəyyən dövrlərində
tutaq ki, hesaba 400.000 AZM manat mədaxil edilmişdirsə,
artıq yuxarıda qeyd edildiyi kimi, denominasiya ilə əlaqədar
olaraq, 01.01.2006-cı il vəziyyətinə 401200 AZM qalıq
5000-ə bölünür və yekun məbləğ 80 AZN
manat 24 qəpik təşkil edir. Deməli, 01.01.1992-ci il
tarixinə 2000 rubl məbləğində olan qalığa
300 AZN fərdi birdəfəlik ödəmə, əlavə
olaraq 80 AZN 24 qəpik, eləcə də 80.24 AZN-ə
01.01.2006-cı ildən 01.06.2012-dək hesablanmış faizlər
də nəzərə alınmaqla əmanətçiyə
381 manat 54 qəpik ödənilir.
*Qeyd:
Əmanətçiyə qəbz verilərkən son əməliyyat
tarixinə qalıq 401.200 AZM göstərilir. Lakin birdəfəlik
ödəmə məbləği 01.01.1992-ci il
tarixinə olan 2000 rubla əsasən, 300 AZN hesablanır.
- İlk günlərdə xüsusi kompensasiya əmanət
hesabları üzrə müraciətlərin "Kapital
Bank"ın xidmət məntəqələri tərəfindən
qəbul edilməməsi hallarına da təsadüf edildi. Belə məhdudiyyətlər
indi də qalırmı?
- Prosesin
ilk günlərində bu cür əmanət hesabları
üzrə sənədlərin qəbulundakı müəyyən
məhdudiyyətlər bu sahədə bəzi hüquqi-texniki
məsələlərin aydınlaşdırılması, eləcə
də əvvəlki indeksasiyalarda bu əmanət növünə
heç bir kompensasiya hesablanmadığı üçün
yeni baza məlumatlarının yaranması ilə bağlı
idi. Artıq bu məsələlər öz həllini
tapmışdır və hazırda həmin əmanət
hesabları üzrə müraciətlərin qəbulunda da
heç bir məhdudiyyət yoxdur. Belə
əmanət hesabı üzrə əmanət kitabçasına
malik olan hər bir kəs fərdi birdəfəlik ödəmə
almaq üçün müvafiq sənədlərlə xidmət
məntəqələrinə müraciət edə bilər.
Ola bilər ki, əmanətçi xüsusi
kompensasiya əmanət hesabı üzrə əmanət
kitabçasına malik deyil, lakin əmanət hesabının
nömrəsi ona məlumdur. Həmin əmanətçilər
də hesab nömrəsini müvafiq sənədlərlə
birgə xidmət məntəqəsinə təqdim etməklə
fərdi birdəfəlik ödəmə almaq
üçün ərizə verə bilər. Yerli struktur bölmələrdə müəyyən
araşdırma aparıldıqdan sonra əgər hesabın
olmasını təsdiq edən sənədlər aşkar
edilərsə, bu zaman ödəniş aparmaq
mümkündür.
- İtmiş, yaxud təqdim edilmək üçün
yararsız vəziyyətə düşmüş əmanət
kitabçaları üzrə müraciətlər çox
daxil olur?
- 2012-ci il iyulun 30-dək Banka ümumilikdə 7838 belə
müraciət daxil olmuşdur. Bildiyiniz kimi, itmiş, yaxud
yararsız vəziyyətə düşmüş əmanət
kitabçaları üzrə müraciətlərin qəbulu
məqsədilə Bakıda 3, Gəncə, Sumqayıt və
Naxçıvan şəhərlərinin isə hər birində
1 əlavə ərazi məntəqəsi fəaliyyət
göstərir. Digər rayonlarda isə bu
cür müraciətlərin qəbulu "Kapital
Bank"ın yerli filialları tərəfindən həyata
keçirilir.
Belə müraciətlərdə əmanətçinin
verdiyi məlumatlar üzrə Bankda aparılmış
tutuşdurma nəticəsində həmin məlumatlar təsdiqini
taparsa, əmanətçiyə əmanət
kitabçasını əvəz edən sənəd verilməsi
üçün Bank tərəfindən Xüsusi Komissiyaya
müraciət edilir və verilən sənəd əsasında
fərdi birdəfəlik ödəmə həyata
keçirilir.
Bəzən vəfat etmiş şəxsin vərəsələri
əmanət kitabçasına, eləcə də əmanət
hesabı haqqında heç məlumata malik olmadan sadəcə,
mərhumun Əmanət Bankında hesabının
olub-olmadığını aydınlaşdırmağa
çalışırlar. Bunun üçün
onlar ilk növbədə vərəsəliyin təsdiqlənməsi
üçün dövlət notariat kontoruna, yaxud məhkəməyə
müraciət etməlidirlər. Bu zaman
Banka notarial və yaxud məhkəmə qaydasında sorğu
verilir, həmin sorğu əsasında araşdırma
aparılır.
- Eyni
şəxs bir neçə əmanət hesabına malik
olduqda fərdi birdəfəlik ödəmə hansı qaydada
hesablanır?
- Fərdi
birdəfəlik ödəmələrin məhz əmanətçilərə
verilməsi nəzərdə tutulduğundan, eyni əmanətçinin
hesablarında olan qalıqlar toplanmaqla, ödəmələr
hesablanıb verilir.
- Müxtəlif
ərazilərdə bir neçə əmanət hesabına
malik olan əmanətçi Banka bir dəfə, yoxsa hər
bir əmanət hesabı üzrə ayrı-ayrılıqda
müraciət etməlidir?
- Bu halda əmanətçi
hər bir əmanət hesabı üzrə
ayrı-ayrılıqda müəyyən edilmiş məntəqəyə
müraciət edir. Təbii ki, hər bir əmanətçi
fərdi birdəfəlik ödəməni
yaşadığı ərazidəki xidmət məntəqəsindən
almaq arzusundadır. Xüsusən, faktiki
yaşadığı ərazi ilə mənsub olduğu
rayonun inzibati orqanlarının yerləşdiyi ərazi
arasında böyük məsafə fərqi olan məcburi
köçkünlərin, vaxtilə əmanət
hesabını Naxçıvan Muxtar Respublikasında
açmış vətəndaşların gediş-gəlişlə
bağlı müəyyən çətinlikləri
vardır. "Kapital Bank" bu kateqoriyadan
olan əmanətçiləri nəzərə alaraq müəyyən
tədbirlər üzərində düşünür.
Yəqin ki, belə əmanətçilərdən
sənədlərin qəbulu məqsədilə gələcəkdə
Bakıda əlavə bir xidmət məntəqəsi də
yaradılacaqdır. Hazırda işin
çox olması, təəssüf ki, buna imkan vermir.
- Əmanətçi fərdi birdəfəlik ödəməni
ödəniş kartı vasitəsilə ala bilərmi?
- Bəli,
əgər vətəndaşın "Kapital Bank"da və
yaxud digər hər hansı bir bankda hesabı varsa (cari,
plastik kart və s.) ödəmə məbləği onun
hesabına da köçürülə bilər. Vətəndaş bu istəyini ərizəsindəki
xüsusi bölmədə göstərməlidir. Bu zaman əmanətçinin fərdi birdəfəlik
ödəməni nağd qaydada almaqdan ötrü vaxt və zəhmət
sərf edib növbəti dəfə xidmət məntəqəsinə
gəlməsinə ehtiyac qalmır.
- Fərdi
birdəfəlik ödəmələrin verilməsi prosesində
şəffaflıq prinsipləri hansı səviyyədə təmin
olunur?
- Əmanətçilərə fərdi birdəfəlik
ödəmələrin verilməsi prosesinin tam şəffaf
mühitdə aparılması, vətəndaşları
narazı salan hər hansı neqativ halların
qarşısının dərhal alınması
üçün müvafiq addımlar atılır, nəzarət
tədbirləri mütəmadi qaydada davam etdirilir. İndiyədək
fərdi birdəfəlik ödəmələrin verilməsi
zamanı korporativ normaları və vəzifə
borclarını pozan bir neçə Bank əməkdaşı
inzibati qaydada cəzalandırılmışdır. Bu cür hallara qarşı gələcəkdə də
sərt tədbirlər görüləcəkdir.
Vətəndaşları narahat edən məsələlərlə
bağlı müraciətlərin qəbulu üçün
Bankın baş ofisində yaradılmış "Qaynar xətt"
daimi fəaliyyətdədir. Vətəndaşlardan
yazılı şəkildə həm Banka, həm də
müvafiq dövlət orqanlarına daxil olan müraciətlər
də operativ qaydada araşdırılaraq rəsmi qaydada
cavablandırılır. Bu müraciətlər
prosesin nəzarətdə saxlanması, xidmət məntəqələrinin
fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi,
yerlərdə yol verilə biləcək hər hansı
neqativ halların vaxtında aşkarlanaraq
qarşısının alınması üçün
"Kapital Bank"a verilən böyük ictimai dəstəkdir.
Ona görə də vətəndaşlardan
xahiş edərdik ki, bu prosesdə şahidi olduqları hər
hansı pozuntu faktı barədə dərhal Banka məlumat
versinlər.
Əlbəttə, belə genişmiqyaslı
prosesdə, hər hansı nöqsanların ortaya
çıxması da istisna deyildir. Bununla belə prosesin
gedişində zaman-zaman qarşıya çıxan problemlər
operativ şəkildə həll edilir. İnanırıq ki, əmanətçilərə
fərdi birdəfəlik ödəmələrin verilməsi
2013-cü ilin sonunadək tam şəkildə və uğurla
başa çatdırılacaqdır.
Xalq qəzeti.- 2012.- 1 avqust.- S. 5.