İmişli tərəqqi mərhələsini yaşayır, sürətlə dəyişir, gözəlləşir...

 

Bu gün İmişli şəhəri bura yolu düşən hər kəsi tikinti-quruculuq işlərinin olduqca geniş miqyası və bu işlərin xususi səliqə-sahmanı ilə heyrətə gətirir. İlk baxışda adamda elə təsəvvür yaranır ki, bütün şəhər sakinləri sanki fasiləsiz davam edən abadlıq marafonuna çıxıblar. İmişlililər deyirlər ki, indi bu şəhərdə kimi axtarsan, onu yalnız tikinti meydançalarında, iş başında taparsan. Həqiqətən belədir! Burada olduğum müddətdə hara getdimsə, orada inşaatçıların- bənna, dülgər, qaynaqçıların və başqalarının çoxsaylı tikinti obyektlərində böyük həvəslə işlədiklərini gördüm...

İmişli şəhərində parkmeydançalar çoxdur. İsti yay günlərində gündüzlər adətən təqaüdçülər, axşamlar isə yeniyetmələr və gənc ailələr parklarda istirahət etməyi sevirlər. İmişliyə bu dəfə səhər tezdən gəlmişdim. Şəhərin mərkəzi parklarının birində qocaman şəhər sakini, 60 ildən çox rabitə sistemində çalışmış Aydın Əliyevlə rastlaşanda çox sevindim. Dedi ki, səhər tezdən parkda dincəlməyə çoxdan adət edib. Sonra əlavə etdi ki, İmişlidə hazırda elə səriştə ilə geniş abadlıq işləri görülür ki, şəhər sakinlərin gözləri qarşısında büsbütün dəyişir, yeni, çox yaraşıqlı, müasir görkəm alır.

Öz şəhərləri barədə yaxşı, xoş sözlər deməyi sevən adamları başa düşürəm. Hər kəsin ona doğma olan yurdun, məkanının təəssübünü çəkməsi yaxşı haldır. Amma hər şeyə layiq olduğu, düzgün qiyməti vermək daha asandır. Bunu ona görə deyirəm ki, qocaman şəhər sakini bu dəfə doğma şəhəri barədə daha şövqlə danışırdı:

- Mən ömrüm boyu vəzifə və ya təmənna üçün kiməsə yarınmamışam. Amma gərək haqqı, ədaləti unutmayasan. İmişlidə bu gün görülən işlər adamın ürəyini dağa döndərir. Sözümün canı odur ki, möhtərəm Prezidentimiz İlham Əliyev Vilyam müəllimi (İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev nəzərdə tutulur-red) rayonumuza başçı təyin edəndən sonra, İmişli şəhəri də, rayonun kəndləri də əsl tikinti meydançasına çevrilib. Eşitmişdim ki, Vilyam müəllim Samuxda işlədiyi dövrdə orada da çox işlər görüb, inanıram ki, İmişlidə də yaxşı ad qoyacaq. Hər halda çox yaxşı başlayıb.

Söhbətə müdaxilə edərək dedim ki, yaxşı başlanğıc işin yarısıdır. Qocaman rabitəçi başının hərəkəti ilə dediklərimi təsdiqləyərək sözünə davam etdi.

- Bilirsinizmi, məni ən çox sevindirən nədir? Ən çox ona sevinirəm ki, indi şəhərdə bekar adam tapmaq çətindir. Rayonumuzda o qədər çoxlu işlər görülür ki, işsiz qalan demək olar ki, yoxdur. Hamı üçün tapılıb. İnsafən, yaxşı işləyənlərə zəhmətləri müqabilində yaxşı da əmək haqqı verirlər.

Ondan ayrılıb İmişli Rayon İcra Hakimiyyətinə gəldim. Rayonun baş memarı Emil Fərzəliyevlə görüşəndə məlum oldu ki, o, adəti üzrə tikinti obyektlərinə tələsir. Onunla birlikdə getmək, hər şeyi gözlərimlə görmək arzuma etiraz etmədi. yolboyu məlumat verdi ki, son vaxtlar İmişli rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına İmişli rayonunda geniş abadlıq, yenidənqurma və əsaslı təmir işləri aparılır. Təkcə İmişli şəhərinin özündə abadlıq-quruculuq işlərində hazırda 40-a yaxın tikinti briqadası çalışır. O, İmişlidə indi ən qızğın gedən obyektlərin adlarını bir-bir sadalamağa başladı: "İmişlinin mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzi Park büsbütün yenidən qurulur. Rayon tarix-diyarşünaslıq muzeyində əsaslı təmir işləri aparılır. Şahmat məktəbi yenidən tikilir, şəhərin dəmiryol vağzalının qarşısında bayraq meydanı salınır, İmişli şəhərinin giriş-çıxış qapıları təzədən inşa edilir, onlarla küçədə yaraşıqlı hasarlar çəkilir və ağlay tavaları ilə üzlənir. Meydan və küçələrdə müasir işıqlandırma sistemləri qurulur və sairə...

Əvvəlcə yolumuzu Heydər Əliyev adına Mərkəzi Parka saldıq. Parkın ərazisi genişləndirilərək 18 min kvadratmetrə çatdırılıb. Burada artıq 3 giriş qapısı inşa edilib, 10 min kvadratmetr əraziyə tamet plitələr döşənib. Parkda xaricdən gətirilən, hündürlüyü 2 metr 1 plafonlu 60 ədəd, 20 ədəd isə 3-5 plafonlu işıq dirəkləri quraşdırılmışdır. Eyni zamanda parkın 7100 kvadratmetr ərazisində yaşıllıq zolağı salınmışdır. Yaşıllıqların suvarılması üçün suvarma sistemi yaradılmışdır. 930 kvadratmetr ərazidə bəzəkli fontan kompleksi quraşdırılmışdır.

Parkın mərkəzində ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi ucaldılmışdır. Abidənin mərmər üzlük daşlarla bəzədilməsi başa çatmışdır. Burada mədəni-kütləvi tədbirlərin təşkili məqsədilə 500 yerlik konsert kompleksi ucaldılır. Kompleksdə əsaslı tikinti işlərinin böyük hissəsi artıq qurtarıb. Obyektdə indi tamamlama işləri aparılır. Burada tanış olduğum Murad adlı usta dedi ki, o, işindən, aldığı məvacibdən çox razıdır. Bir də söylədi ki, bir müddət əvvəl Rusiyaya gedib orada işləmək arzusunda olub. Amma indi doğma şəhərdə işləyərək ailəsini dolandıra bildiyi üçün sevinir. Murad həm də onu dedi ki, yaşadığı ev parkın bir neçə yüz metrliyindədir. Parkda abadlıq işləri başa çatan kimi, o, 5 yaşlı oğlunun əlindən tutub bura gətirəcək, birlikdə istirahət edəcəklər.

İmişli şəhərindəki "20 Yanvar" və "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" abidə kompleksində aparılan əsaslı təmir işləri ilə də tanış olduq. Hər iki abidə kompleksində köhnə beton örtüklər sökülərək götürülmüş, əraziyə çınqıl daşı verilərək hamarlama işləri aparılmışdır. Abidələrin ərazisi hasara alınaraq 20 santimetr qalınlıqda mişar daşından hörülmüş və hazırda hasarın ağlay tavaları ilə üzlənməsinə başlanmışdır. Artıq ərazidə dekorativ tamet tavaların döşənilməsi işlərinə başlanılmışdır. Abidələrin ərazisində 500 kvadratmetr ərazidə yaşıllıq zolağının salınması, müasir elektrik fanarlarının quraşdırılması, su təchizatı sisteminin yenidən qurulması nəzərdə tutulmuşdur.

İmişli şəhərinin bir çox küçələrini gəzdim. Burada da işlərin həcmi və səliqə-sahmanı diqqətimi cəlb etdi. Şəhərin Heydər Əliyev prospektində, S.Fətəliyev, M.Əzizbəyov, A.Şadlinski, S.Ağamalıoğlu, "20 Yanvar", H.Aslanov küçələrində, M.Ə.Sabir adına istirahət parklarında geniş abadlıq-quruculuq işlərinin incə zövqlə aparıldığının şahidi oldum. Bu küçələrdə yerləşən dövlətin balansında olan yaşayış binalarının dam örtükləri sökülərək müasir dam örtükləri ilə əvəz olunur. Küçələrdə ticarət və xidmət obyektlərinin fasaddam örtükləri müasir memarlıq üslubuna uyğun dəyişdirilir. Həmçinin vətəndaşlara məxsus həyət evlərinin giriş qapıları dəyişdirilərək, bütün prospekt və küçələr boyu eyni formatlı yen qapılarla əvəz olunur. Yadımdadır, bir neçə il bundan əvvəl İmişlinin Aran kəndindən olan Əsəd adlı təcrübəli bir fermer haqqında qəzetimiz üçün məqalə hazırlayırdım. Taxılçılıqda yüksək göstəricilərə nail olmuşdu. Söhbət əsnasında dedi ki, bu yaxınlarda o, paytaxtda olub, Bakıda gördükləri abadlıq işləri onu heyrətə gətirib. Əsəd o vaxt arzu edirdi ki, kaş paytaxtda olan abadlıq, tərəqqi İmişliyə də çataydı. Fikirləşdim ki, macal tapan kimi Əsədlə görüşüb onun İmişlidə indi aparılan tikinti işləri barəsində rəyini soruşacağam. Bilirəm ki, obyektiv adamdır, sevindiyini gizlətməyəcək, deyəcək ki, onun arzuladığı məqam çatıb. İndi İmişli yenidən qurulur, gözəlləşir!

Axşamüstü İmişli Rayon İcra Hakimiyyətinə qayıtdım. Təəssüratlarımı rayon icra hakimiyyəti başçısının birinci müavini Səfa Ağayevlə bölüşdüm. Məni diqqətlə dinləyib dedi:

- Dövlət başçısı möhtərəm İlham Əliyev ölkəmizin hər bir bölgəsi kimi, İmişlininsosial-iqtisadi inkişafına daim diqqət və qayğı göstərir. Ölkə Prezidentinin ötən il mayın 5-də bölgəyə səfər etməsi İmişlinin ictimai-siyasi həyatında xüsusi yaddaqalan hadisəyə çevrilmişdir. Səfər çərçivəsində dövlət başçısı İmişli Olimpiya İdman Kompleksinin, İmişli-Qaravəlli-Mirili avtomobil yolunun, Araz çayının yeni qolu üzərində salınmış körpünün, qarışıq yem, bitki yağları, çuğundur, yemqurutma zavodlarının, 40 min tonluq xammal anbarının açılışında iştirak etmişdir. Ölkə rəhbəri haqlı olaraq qeyd etmişdir ki, İmişlinin böyük iqtisadi potensialı var, bu potensialdan maksimum istifadə etmək bundan sonra da vacibdir. Möhtərəm dövlət başçımızın bütün tapşırıq və göstərişləri hazırda İmişlidə böyük məsuliyyət hissi ilə həyata keçirilir.

Bəli, İmişlinin həqiqətən çox böyük iqtisadi potensialı var. Fakt budur ki, İmişli son illər aqrar rayondan aqrar-sənaye rayonuna çevrilib. 2006-cı ildən fəaliyyətə başlayan, açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi İmişli şəkər zavodu ötən illər ərzində öz imkanlarını xeyli artırmışdır. Sutkalıq istehsal gücü 1500 ton olan zavodun çoxsaylı törəmə müəssisələri yaranmışdır. "Şəkər" İstehsalat Birliyinin nəzdində yeni yaradılan spirt, qarışıq yem, bitki yağları, çuğundur yemqurutma zavodları iqtisadi cəhətdən çox səmərəli işləyir. Törəmə müəssisə olan kəllə qənd zavodunun tikintisi isə hazırda müvəffəqiyyətlə davam etdirilir.

Rayonun sənayeyönümlü inkişafı yeni istehsalemal müəssisələrinin yaranması ilə müşayiət olunur. "İmişli broyler" markası ilə istehsal olunan məhsulların alıcıları hər yerdə artır. Şirə, konyak və çörək zavodları, "Araz" damazlıq-quşçuluq MMC istehsal güclərini artırırlar. Bu müəssisələrdə çalışan rayon sakinləri yüksək əməkhaqqı alırlar. Bəhramtəpə ərazisində tikilib istifadəyə verilmiş 50 min tonluq taxıl anbarı rayonda taxılçılığın inkişafına zəmin yaratmışdır. Bu, Ərzaq Təhlükəsizliyi Dövlət Proqramına verilən sanballı töhfədir. Diqqətəlayiq hal həm də odur ki, rayonun böyük emal və sənaye müəssisələri İmişli şəhəri və kəndlərində başlanan abadlıq-quruculuq işlərinə mümkün olan hər bir köməyi göstərirlər.

Sonda bir daha qeyd etmək istərdim ki, imişlililər öz şəhərlərini gözəl və yaraşıqlı görmək istəyirlər və çox sevinirlər ki, son aylarda İmişli həqiqətən özünün yüksəliş və tərəqqi dönəminə qədəm qoyub. Bu uğurun əsasında isə Azərbaycan dövlətinin bir an belə azalmayan diqqət və qayğısı, İmişli rayonunda son aylar bütün sahələrdə işlərin yüksək səviyyədə təşkil olunması, sakinlərin böyük hissəsinin bu quruculuq işlərinə fəal cəlb olunması, burada insanların əməyinə düzgün və ədalətli qiymət verilməsi və başqa həlledici amillər durur.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2012.- 3 avqust.- S. 4.