Tovuz təhsilinin uğurları

 

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, gərgin mübarizələrdən sonra möhkəmləndirilmiş müasir müstəqil Azərbaycan dövləti günü- gündən inkişaf edir, daha da çiçəklənir. Dövlət başçımız - möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamlı addımlarla irəliyə doğru inkişaf edir. İqtisadiyyatın, sosial həyatın, mədəniyyətin inkişafı göz qabağındadır. Biz hər gün yeni-yeni fabrik və zavodların, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikilib istifadəyə verilməsinin canlı şahidləriyik. Son 9 ildə yüz minlərlə yeni yerləri açılmış, əhalinin gəlirləri əsaslı şəkildə artmışdır. İndi hər bir azərbaycanlı fəxrlə öz ölkəsinin nailiyyətlərindən qürur hissi keçirdiyini ifadə edir, Azərbaycanın xoşbəxt gələcəyinə inanır.

Ölkəmizin nailiyyətləri içərisində təhsilin öz xüsusi yeri vardır. Qədim maarifçilik ənənələrinə malik, qüdrətli zəka sahiblərinin olduğu Azərbaycanda həmişə xalqın təhsilinə diqqət və qayğı göstərilmiş, təhsilin və elmin inkişafında əvəzsiz nailiyyətlər qazanılmışdır. Ümummilli liderimiz Heydər Əliyev uzaqgörənliklə təhsilimizin inkişafına xüsusi önəm verirdi.

Müasir dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin hərtərəfli tərbiyəsi, gənclərin sağlam həyat tərzinin yaxşılaşdırılması istiqamətində gecəli-gündüzlü, yorulmaq bilmədən fəaliyyət göstərirlər.

Azərbaycan təhsilinin qabaqcıl dəstələrindən olan Tovuzda da təhsilin inkişafına, onun problemlərinin həllinə diqqət və qayğı göstərilir. Tovuz təhsilinin müasir inkişaf səviyyəsi öz bəhrəsini əvvəlki illərin zəngin ənənələrindən alır. Rayonda vaxtı ilə yaşayıb-yaratmış təcrübəli maarif fədailərinin ruhları qarşısında baş əyərək bugünkü inkişafın əsasını yaxşı təməllər üzərində qurduqları üçün onları minnətdarlıqla yad etmək hər birimizin müqəddəs borcudur.

Bu gün fəaliyyət göstərən, qurub-yaradan təhsil işçiləri öz ata və babalarının ənənələrini layiqincə davam etdirirlər. Rayonda 66 tam orta, 17 ümumi orta və 3 ibtidai məktəbdə təhsil alan 23548 nəfər şagirdin təlim-tərbiyəsi ilə 4 min nəfərdən artıq pedaqoji işçi çalışır. Gənclərin dərsdənkənar yaradıcılıqlarının təşkili ilə məşğul olan 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Rayonda təhsilin idarə edilməsi ilə bilavasitə Tovuz Rayon Təhsil Şöbəsi məşğul olur. Təhsil şöbəsinin müdiri Şəmil Alıyevin səriştəli, elmi idarəetmə metodlarına əsaslanan rəhbərlik üsulu vardır. Şöbədə fəaliyyət göstərən işçilərin əksəriyyəti böyük təcrübəyə malik, uzun illər rayonun müxtəlif məktəblərində işləyib nəticələr əldə etmiş şəxslərdir. Son illərin nailiyyətlərinə nəzər salsaq, müvəffəqiyyətlər göz önündə canlanar. Cari ildə fənn olimpiadalarının respublika mərhələsində 1 nəfər şagird ikinci, 1 nəfər üçüncü, 2 nəfər dördüncü yeri tutmuşdur. Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq, Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş rəsm müsabiqəsində 3 yaş qrupu üzrə qalib olmuş 15 rəsm işi Təhsil Nazirliyinə təqdim olunmuşdur. E.Tağıyev adına Cəlilli kənd tam orta məktəbin VII sinif şagirdi Qasımov Kənan Rafiq oğlununN.Tusi adına məktəb-liseyin IX sinif şagirdi Məmmədova Sumarə Firdovsi qızının rəsm işləri mükafata layiq görülmüşdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsində rayonun Azaflı kənd tam orta məktəbinin X sinif şagirdi Hüseynzadə Əfsanə Adil qızı rayon müsabiqəsinin qalibi olaraq respublika mərhələsində iştirak etmək hüququ qazanmış, may ayında keçirilən respublika müsabiqəsində isə qalib gələn şagirdlərdən biri olmuşdur.

Həmin şagird M.Ə.Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsində III dərəcəli diploma layiq görülmüşdür. Bu ilin yanvar ayında rayonun E.Bayramov adına Əyyublu kənd tam orta məktəbinin XI sinif şagirdi Zeynalova Nərgiz Lətif qızı xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş respublika inşa yazı müsabiqəsində II dərəcəli diploma layiq görülmüşdür. Cari ilin birinci rübündə Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş respublika şahmat turnirində bir nəfər rayon məktəblisi I yeri tutmuşdur. Rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinə xüsusi diqqət yetirilir. Qabaqcıl təcrübədən bəhrələnən müəllimlər öz işlərini müasir metodlarla qurur, hər bir şagirdin dərin elmi biliklərə yiyələnməsi üçün məqsədyönlü şəkildə fəaliyyət göstərirlər. Məhz bunların nəticəsidir ki, aliorta ixtisas məktəblərinə qəbul olunanların sayı ilbəil artır. Rəqəmlərin dili ilə danışsaq görərik ki, 2006-2007-ci tədris ilində rayon məktəblərini bitirmiş 2016 nəfər şagirddən 312 nəfəri ali məktəblərə qəbul olunmuşsa, 2010-2011-ci dərs ilində ali məktəblərə sənəd vermiş 1005 nəfərdən 487 nəfəri qəbul olunmuşdur. 151 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Keçən tədris ilində orta məktəbləri bitirən məzunlardan 60 nəfəri muxtəlif ali hərbi məktəblərə və hərbi liseylərə qəbul olunanlardır.

Ali məktəblərə qəbul olunanlardan 16 nəfəri 600-dən, 67 nəfəri 500-dən yuxarı bal toplamışdır. Müstəqil Azərbaycanın təhsili tarixində ilk dəfə medala layiq görülənlərin 49 nəfəri respublikanın, 4 nəfəri isə xarici ölkələrin ali məktəblərinə yüksək balla qəbul olunmuşdur.

O cümlədən orta məktəbi qızıl medalla bitirmiş, rayonun M.Ələkbərov adına şəhər tam orta məktəbinin məzunu Səmədzadə Sevinc Yaşar qızı 690 bal toplayaraq respublikada II ixtisas qrupu üzrə 690-700 bal toplayan 7 nəfərdən biri olmuşduro, Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakultəsinə qəbul olunmuşdur.

Rayonun orta məktəblərindən 38 məktəbin məzunları 400-dən, 23 məktəbin məzunları 500-dən, 10 məktəbin məzunları isə 600-dən yuxarı bal toplamışlar. Bu il də qəbul imtahanlarında rayon məktəblərinin məzunlarının yüksək nəticələr göstərəcəkləri istisna deyildir. Ali məktəbə yüksək balla qəbul olunmuş məzunlarımızdan M.Ələkbərov adına şəhər tam orta məktəbin məzunu Səmədzadə Sevinc Yaşar qızı və E.Məmmədov adına Aşağı Öysüzlü kənd tam orta məktəbin məzunu Ələkbərova Fəridə Əli qızı Prezident təqaüdünə layiq görülmüşlər.

2011-2012-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşmiş qaydada keçirilmişdir. Rayonda buraxılış imtahanları 13 iyun 2012-ci il tarixdə əvvəlcədən hazırlanmış 5 mərkəzdə təşkil olunmuşdur. İmtahanlarda IX siniflər üzrə 2433 nəfərin iştirakı təmin olunmuş, 6 nəfər imtahanlara buraxılmamış, 39 nəfər iştirak etməmiş, 548 nəfər kəsilmiş, 1885 nəfər qiymət almış, müvəffəqiyyət faizi 76,07 olmuşdur.

XI siniflər üzrə isə 1594 nəfər şagirdin iştirakı təmin olunmuş, 4 nəfər imtahanlara buraxılmamış, 1 nəfərin biliyi qiymətləndirilməmiş, 9 nəfər iştirak etməmiş, 189 nəfər kəsilmiş, 1405 nəfər müvəffəq qiymət almış, müvəffəqiyyət faizi 87,38 olmuşdur. İmtahanların gedişində ciddi təlimat pozuntusu halları müşahidə edilməmişdir. 2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsində müvəffəqiyyət qazanmış rayonun E.Bayramov adına Aşağı Ayıblı kənd tam orta məktəbi və "Ən yaxşı müəllim" müsabiqəsində müvəffəqiyyət əldə etmiş Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin sinif müəllimi Hacıyeva Kəmalə Bahadur qızı dövlət başçımız cənab İlham Əliyevin müvafiq sərəncamları ilə mükafatlandırılmışlar.

2011-2012-ci tədris ilində qızıl medala rayonun ümumtəhsil məktəblərinin 7 nəfər məzunu namizəd göstərilmişdir. Buraxılış imtahanları zamanı həmin məzunların hamısı onlara olan ümidləri doğrultmuş, bütün imtahanlardan "əla" qiymət almışlar. Bu il qızıl medallar almağa namizəd olan A.S.Puşkin adına şəhər tam orta məktəbin məzunu Cəfərov Emil Sahib oğlu, C.Sadıqov adına Qədirli kənd tam orta məktəbin məzunları Abbasova Səma Şahlar qızı və Abbasov Baba Eldar oğlu, A.Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta məktəbin məzunu Həsənli Şahmar İlqar oğlu, İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbin məzunları Rzayev Həsən Aslan oğluHüseynli Nərmin İsmayıl qızı, Azaflı kənd tam orta məktəbin məzunu Ələkbərova Nübar Rizvan qızı test üsulu ilə keçirilən imtahanlardan müvəffəqiyyətlə keçərək ali məktəblərə qəbul olunmuşlar. Bu il keçirilən II ixtisas qrupu üzrə test imtahanlarında rayonun Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin məzunu Əliyeva Səlmi Mehman qızı 687 bal toplayaraq hələlik rayon üzrə ən yüksək göstəriciyə nail olmuşdur.

Ümid edirik ki, bu il rayon təhsilinin bütün parametrlər üzrə göstəriciləri əvvəlki illərdən daha yüksək olacaqdır. Bu uğurlar Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun məktəblərin maddi-texniki bazasını möhkəmləndirmək uğrunda apardığı məqsədyönlü işləri, təhsilin səviyyəsinin yüksəldilməsində planlı şəkildə ardıcıl tapşırıqlarının və tələbkarlığının nəticəsidir. İcra başçısının gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi, sağlamlığı, idman, musiqi dərslərinin keyfiyyətinin yüksəldilməsi, yazı qaydalarının, ingilis dili fənninin müasir tələblər səviyyəsində öyrədilməsi, tədrisin davamlılığını təmin etmək üçün ayda 1 dəfə test tapşırıqlarının verilməsi, ali hərbi məktəblərə və liseylərə hazırlaşan şagirdlərin nəzarətdə saxlanılması istiqamətində həyata keçirdiyi işlər öz bəhrəsini verməkdədir. Hər il olduğu kimi, bu ilorta məktəbləri bitirəcək şagirdlərdən bir qrupu ali hərbi məktəblərə və hərbi liseylərə daxil olmağa hazırlaşır. Həmin şagirdlərlə, onların valideynləri ilə görüşlər keçirilmiş, məktəblərdə ayrı-ayrı fənlər üzrə xüsusi məşğələlər təşkil edilmişdir. Hərbi məktəblərə qəbul olunmaq arzusunda olan gənclərin marafon qaçışı təşkil olunmuş və qaliblər mükafatlandırılmışlar. Əminik ki, bu il nəticələr daha sevindirici olacaqdır. Rayonun təlim-tərbiyə müəssisələri rayon rəhbərliyinin təhsilin inkişafı üçün qarşıda qoyulmuş vəzifələri yaxşı dərk edirbunun üçün əllərindən gələni əsirgəmirlər. Rayonda gənclər Azərbaycanın dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi daim diqqət mərkəzində saxlıanılır. Rayon məktəblərinin hər bir şagirdinin Azərbaycan Respublikasının bayrağına, gerbinə, himninə dərin hörmət bəsləməklə bərabər, onları dəqiq və dərindən öyrənmələrinə, dövlət rəmzlərinin mahiyyətini anlamalarına nail olmaq ümdə vəzifə kimi təlim-tərbiyə və məktəbdənkənar müəssisələrin qarşısında ciddi vəzifə kimi qoyulmuşdurbuna əməl edilir.

Tovuzda məktəb tikintisi sahəsində görülən işlər xüsusilə təqdirəlayiqdir. Son illərdə rayonda 3956 şagird yerlik 12 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. 12 məktəb isə əsaslı təmir edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun xüsusi diqqət və qayğısı nəticəsində təkcə bu il 2436 şagird yerlik 5 məktəb binası - X.Cəfərov adına Qazıqulu kənd ümumi orta, N.Tusi adına şəhər, E.Məmmədov adına Aşağı Öysüzlü, M.Yusifov adına Məşədivəllər kənd tam orta, S.Kazımov adına Qovlar qəsəbə tam orta məktəbləri üçün yeni məktəb binalarının tikintisinə başlanmışdır. Qazıqulu kənd ümumi orta məktəbinin binası artıq istifadəyə hazırdır. Rayonun 3 məktəbinə - Z.Yusifov adına Bayramlı, Papaqçılar və Səfərli kənd tam orta məktəblərinə yeni binanın tikintisi üçün bütün sənədləşmə işləri tam hazırlanıb başa çatdırılmış və həmin məktəblərin tikintisinin yeni dərs ilinə qədər başlanılması nəzərdə tutulmuşdur. Hazırda rayonda maddi-texniki vəziyyəti yararsız olan məktəblərin yenidən qurulması üçün əsaslı tədbirlər hazırlanıb həyata keçirilməyə başlanmışdır. Tovuzda təhsilin inkişafı, necə deyərlər, göz qabağındadır. Nailiyyətlər də bəllidir, nöqsanları da görürük. Rayonda təhsilin inkişafı sahəsində gələcəkdə də uğurlar qazanılacağı böyük ümidlər verir. Biz buna inanırıq. Çünki təhsilin idarə edilməsi etibarlı əllərdədir.

 

 

Mayıl QASIMOV,

Azərbaycan Təhsil İşçiləri Azad

Həmkarlar İttifaqı Tovuz

Rayon Komitəsinin sədri

 

Xalq qəzeti.- 2012.- 3 avqust.- S. 6.