Azərbaycan alimlərinin nanotexnologiya sahəsindəki yeni kəşfi respublikada ekoloji durumun yaxşılaşmasına artıq öz töhfəsini verməyə başlamışdır

 

AMEA-nın müxbir üzvü, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının (AMYA) prezidenti Nizami Süleymanov uzun illər apardığı elmi və texnoloji araşdırmalar nəticəsində müxtəlif düzülüşlü rəqəmlərin, hərflərin və ümumilikdə rəsmlərin vasitəsilə biofiziki sahənin müsbət enerjisini fəzanın bir hissəsindən digər hissəsinə bu vaxtadək elmə məlum olmayan yeni üsulla ötürülməsi imkanlarını kəşf etmişdir. Mövzunun aktuallığını nəzərə alan AzərTAc-ın müxbiri yenidən alimlə görüşmüş və ötən müddətdə əldə edilmiş nəticələr barədə ətraflı məlumat almışdır.

N.Süleymanov demişdir ki, ötən müsahibəmdə uzun illərdir avtomobillərdə və daxili yanma mühərriki ilə çalışan bütün texniki vasitələrdə yanacağın yanma keyfiyyətinin yaxşılaşması üçün nanotexnologiya əsasında hazırlanmış biozərrəciklərin müsbət enerjisini həmin avtomobillərin dövlət nömrə nişanlarına ötürülməsi nəticəsində müsbət halların baş verdiyi barədə danışmışdım.

Elmi-tədqiqat işlərinin aparılmasında Azərbaycan Texniki Universitetinin alimləri - kafedra müdirləri, professorlar Arif Məmmədov, Sübhan Namazovdosent Sülhəddin Gözəlov müxtəlif mərhələlərdə yaxından iştirak etmişlər. Sınaq meydanı kimi isə ilk gündən bizimlə birlikdə çalışan "Fidan" MMC avtomobil müəssisəsi olmuşdur. Onların iştirakı ilə 100-dən çox avtomobil sınaqdan keçirilmiş və yüksək nəticələr əldə edilmişdir. Müəssisənin rəhbəri Həmid Mərdəliyev respublikada avtomobil sahəsində yüksək səviyyəli mütəxəssis kimi tanınır və hər elmi yeniliyi uğurla tətbiq etməyi bacarır. O, Avropa dövlətlərinin bir çoxunun ən tanınmış təşkilatlarından gördüyü dəyərli işlərə və nümunəvi fəaliyyətinə görə medallar və təltiflər almışdır. "Fidan" MMC-nin faydalı təcrübəsindən yararlanaraq yeni texnologiyanın tətbiqinə bu müddət ərzində ölkə daxilində və xaricdə yeni avtomobil müəssisələri də qoşulmuş, alimlərin və avtomobil sahəsində çalışan mütəxəssislərin də yüksək elmi rəyləri rəsmi şəkildə təsdiqlənmişdir.

Ümumilikdə bu müddət ərzində ölkə daxilində və xaricdə 3000-dən artıq avtomobildə aparılmış işlərin ümumi nəticələrini əsas götürərək proqramçı Mirzə Hüseynovla birlikdə kompyuter proqramı hazırlamışıq. Bu proqram bütün Azərbaycanda mövcud olan bir milyondan artıq avtomobilin dövlət nömrə nişanına müsbət enerjini ötürməyi təmin edir. Beləliklə, iyun ayının ortalarından başlayaraq Azərbaycanda ümumilikdə nə qədər avtomobil və dövlət nömrə nişanı olan texniki vasitə (traktor, buldozer, motosiklets.) varsa, nanotexnologiya əsasında hazırlanmış biozərrəciklərin yaratdığı biofiziki sahənin müsbət enerjisi həmin avtomobillərə və texniki vasitələrə ötürülür. Bakıda fəaliyyət göstərən özəl və xidməti avtomobil sürücülərindən aldığımız məlumatlara görə ciddi texniki nasazlığı olmayan bütün avtomobillərdə yanacağa ən azı 10-20 faiz arasında qənaət edilir, ətraf mühitə atılan tüstünün və zərərli qazların miqdarı ya tamamən yox olur, yaxud da kəskin azalır. Məqsədimiz respublikamızın iri sənaye şəhərlərində ekoloji durumu kökündən dəyişməkdir. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə müraciət etmişik. Bu işdə nazirliyin Ətraf Mühitin Mühafizəsi və Milli Monitorinq departamentlərinin əməkdaşları faydalı məsləhətləri ilə bizə yaxından kömək göstərirlər. Milli Monitorinq Departamentinin Bakı şəhərində yerləşən stansiyalarındakı cihazlar vasitəsilə sutka ərzində 3 dəfə ölçü aparılır. İsti yay aylarında, adətən, zərərli qazlarla hisin miqdarının arta biləcəyi halda artım müşahidə olunmamış, əksinə, bunların, xüsusən də dəm qazının yuxarı həddi bu günədək 2 dəfə aşağı düşmüşdür. Nümunə üçün deyim ki, bu ilin aprel ayında dəm qazının miqdarı hər kubmetr üçün milliqram ölçü vahidi olaraq 2 idisə, may ayında bu rəqəm havaların istiləşməsi ilə əlaqədar 4-ə qalxmışdı. İyunun ortalarından isə yeni texnologiyanın ümumrespublika miqyasında tətbiqi nəticəsində bu göstərici ay üzrə orta hesabla 3-ə düşmüş, iyulda isə daha da azalaraq 2 təşkil etmişdir.

Bu gün bir çox alim və mütəxəssislər bizim müraciətlərimiz əsasında Bakı şəhərində müşahidələr aparırlar. Bu müşahidələr göstərir ki, əgər 2-3 ay əvvəl dizellə çalışan hər 3-5 avtomobildən ən azı birində tüstüləmə müşahidə olunurdusa, indi bu, müstəsna hallarda - 50-100 avtomobildən birində özünü göstərir. Nəticədə avtomobillərdən intensiv olaraq atmosferə atılan və insanlara boğucu təsir göstərən dəm qazının və hisin miqdarı kəskin şəkildə azalmış, ən sıx tıxaclarda belə əvvəllər kəskin hiss edilən boğucu hava demək olar ki, yox olmuşdur, yaxud kəskin azalmışdır.

Alim demişdir ki, belə tüstüləyən və ətrafa yüksək miqdarda dəm qazı və his buraxan avtomobillərin sayının azalması nəticəsində Bakının üzərində asılı vəziyyətdə qalan və hamının əvvəllər müşahidə etdiyi isti his kütləsi demək olar ki, yox olmuşdur. Bakı şəhərinin havası tədricən təmizlik baxımından ərazisində çox az saylı avtomobillər olan qəsəbələrin havasına yaxınlaşmaqdadır. Bu istiqamətdə tədqiqatlarımız davam etməkdədir. Çalışırıq ki, avtomobillər tərəfindən atmosferə atılan zərərli qazların miqdarına görə Bakı şəhəri yaxın gələcəkdə dünyanın ekoloji cəhətdən ən təmiz şəhərlərindən birinə çevrilsin.

 

 

AzərTAc

 

Xalq qəzeti.- 2012.- 4 avqust.- S. 4.