Zəfər sevinci

 

Azərbaycanın məşhur güləşçisi İbrahim Paşa Dadaşovun nəticəsini təkrarlayan Rəhim Novruzov 30 illik fasilədən sonra - 1983-cü ildə Azərbaycana yenidən SSRİ Xalqları Spartakiadasının qızıl medalını qazandırdı

 

 Rəhim Novruzov 1958-ci ildə Qubadlı rayonunda anadan olub. 14 saylı Sumqayıt şəhər orta məktəbi, Politexnik Texnikumunu Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu bitirib. Alüminium zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb, "Neftçi" "Ehtiyat Əmək Qüvvələri" cəmiyyətində məşqçi, idman məktəbinin direktoru vəzifələrində çalışıb.

Hazırda Respublika Bədən Tərbiyəsi Mərkəzində ali orta ixtisas təhsili şöbəsinin müdiridir. 1970-ci ildən əməkdar məşqçi Firdovsi Ömərovun rəhbərliyi altında sərbəst güləşlə məşğul olub. Dəfələrlə ölkə çempionu olub. Gənclər arasında SSRİ birinciliyi SSRİ kubokunun gümüş mükafatına layiq görülüb. 1983-cü ildə SSRİ çempionatının SSRİ Xalqları Spartakiadasının qalibi olub. Dünya kubokunun qızıl, Avropa çempionatının bürünc medalçısıdır.

 

Zirvəyə doğru

 

İdmançı ömrünün qısa olması fikri onu üzür, tez keçdi o illər, - deyə düşünürdü... Həyata yenidən gəlsəydi, yenə şərəfli idmançı ömrünü yaşayacaq, enişli-yoxuşlu yollarla zirvəyə doğru irəliləyəcəkdi. Bu yolda çəkilən əzablar, acılı-şirinli xatirələr onun həmdəmi olacaqdı, elə indiki kimi.

Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəlləri idi. 10 yaşlı oğlan futbola həvəs göstərir, yaşıdları ilə məhəllədə top qovurdu. Onlarla bir binada yaşayan Firdovsi Ömərov onu güləş zalına çağıranda, qəlbində işaran qığılcım az qala alova çevrildi: "Əslində küçədə yaşıdlarımla güləşmədiyim gün olmurdu. Hətta özümdən yaşca böyüklərin belə kürəyini yerə vurmasaydım, sakitləşməzdim. Bütün bunlar mənə asan başa gəlmirdi. Sözün həqiqi mənasında, yaxşıca əzişdirilirdim. Qələbə qazandıqda, bütün ağrı-acılar unudulurdu. Səhərin üzü açılanda, yenidən sevimli məşğuliyyətimə başlayırdım", - deyə Rəhim xatırlayır.

Zala gəldiyi ilk gündən möhkəm iradə sahibi olmasını göstərdi. Pəhləvan gənclik illərini belə xatırlayır: "Ən kiçik yarışlarda, hətta yoldaşlıq görüşlərində belə məğlub olmamaq üçün üzərimdə çox işləyirdim". Mütəxəssislər Rəhim Novruzov barəgə belə deyirlər: "Ən müqəddəs müharibə insanın özü-özünə qalib gəlməsidir. İnsan iradəsi möcüzələr yaratmağa qadirdir. Rəhim o idmançılardan olub ki, iradəsi, yüksək ruhu hesabına böyük qələbələr əldə edib. Elə idmançı olur ki, məhz istedadı, qeyri-adi gücü ona qələbə qazanmağa kömək edir. Rəhim isə gərgin aramsız məşqləri ilə zirvəyə ucalıb".

 

26 ilin gərgin dəqiqələri

 

30 illik fasilədən sonra - 1983-cü ildə Azərbaycanın məşhur güləşçisi İbrahim Paşa Dadaşovun nəticəsini təkrarlayaraq, Azərbaycana yenidən SSRİ Xalqları Spartakiadasının qızıl medalını qazandıran istedadlı pəhləvan Rəhim Novruzov ömür kitabını bir-bir səhifələdi: "SSRİ Xalqlarının Spartakiadasında adlı-sanlı pəhləvanlar güclərini sınayırdılar. Yarışların keçirildiyi 40 il ərzində (Bu yarış 4 ildən bir keçirilirdi onu bəzən kiçik olimpiada da adlandırırdılar), azərbaycanlılardan, yalnız məşhur pəhləvanımız İbrahim Paşa Dadaşov qızıl medal qazanmışdı. Bu yarışın qalibləri SSRİ çempionatında mübarizə aparacaqdılar. Ona görə, burada, yalnız, "qızıl" qazanmalıydım. Bunun üçün gecə-gündüz, usanmadam məşq edirdim. SSRİ, qitə dünya çempionatlarının qalib mükafatçılarının mübarizə apardığı yarışda ekspertlər 6 yaxud 7-ci yeri tuta biləcəyimi düşünürdülər. Amma onlar unutmuşdular ki, ürəyimdə "püskürən vulkan" onların dediklərini alt-üst edəcək. Finala qədər maneəsiz irəliləməyim, yığma komandamızın qızıl medala ümidini artırırdı. Finalda erməni güləşçisi, SSRİ çempionu Musayanla gücümü sınayacaqdım bu döyüşün asan olmayacağını bilirdim. Diqqət etsəniz görərsiniz ki, o zaman bu növdə ermənilər, yarışlarda daha çox medal qazanırdılar. Bu spartakiada da istisna deyildi. Spartakiadada rəsmi nümayəndələr iştirak edirdilər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini Fikrət Əhmədov idi. Oyundan qabaq Fikrət Əhmədov respublika idman komitəsinin sədri Gennadi Rzayev qaldığım mehmanxanaya gəldilər. Gennadi əlini çiynimə qoyub, "Fikrət müəllim? bizim artıq gümüş medalımız var", - dedi. F.Əhmədov bu sözləri soyuq qarşıladı, bir anlığa susub, əlavə etdi: "Bizə" gümüş" yox, "qızıl" lazımdır. Əgər sən qızıl medal alsan, həmin medalı boynundan özüm asacağam. Əmin ola bilərsən. Özü fikir ver, gör sən kiminlə görüşürsən, erməni ilə. Əsrlər boyu bizim düşmənlərimiz olub. İndi bunun adını qoymuşuq xalqlar dostluğu. Qeyrətini sübut elə. Bir məsələni demək istəyirəm. Final döyüşlərini Siyasi Büronun üzvləri izləyəcəklər. Heydər Əliyeviçi sevindirmək lazımdır (1983-cü ildə ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü idi). O biri oyunlarda Kasparov, Popova, Timoxin qalib gələcəklərsə? bu respublikanın, sən qalib gələrsənsə, həm respublikanın, həm millətin adı ilə bağlı olacaq".

Musayanla görüşüm gözlədiyimdən gərgin keçdi. Final döyüşündə 26 illik ömrümün ən gərgin dəqiqələrini yaşadım. İki xəbərdarlıq aldım, hesab 3:2 Musayanın xeyrinə idi. Oyunun qurtarmasına 20 saniyə qalmış fənd işlətdim, 1 xal qazandım, bu vaxt oyun qurtardı. Bütün həngamə bundan sonra başladı. Ermənilər hay-küylə etiraz etdilər ki, xal qonq səslənəndən sonra verilib bu sayılmamalıdır. Həmin lent efirə buraxıldı etiraz edənlər referinin əlini qaldırıb xalı elan etdikdən sonra, əlini aşağı saldığı zaman qonqun səsləndiyini görüb məğlubiyyətlə barışdılar.

Fikrət Əhmədov məni bağrına basanda, ona dedim ki, tərliyəm, kostyumunuz bulaşar, cavabında mənə dedi ki, bu tərin qiyməti yoxdur. Həmin günlər paralel olaraq, həm SSRİ çempionatı keçirilirdi. Fikrət müəllim "Orada da qalib gəlsən tarixə düşəcəksən. Azərbaycana eyni vaxtda iki qızıl medalla hələ heç kim qayıtmayıb", - dedi.

 

Vətənpərvərlik hissindən doğan qələbə

 

Rəhim Novruzovun əldə etdiyi nailiyyətlər, həm də vətənpərvərlik hissindən doğan qələbə idi. O, yarışların açılış mərasimində Azərbaycan bayrağı ilə meydana daxil olmasını qürur hissi ilə belə xatırlayır: "SSRİ Xalqlarının Spartakiadasının açılış mərasimində Azərbaycan bayrağını aparmağı mənə həvalə etmişdilər. Siyasi Büronun üzvləri də açılış mərasimini izləyirdilər. Alqışlar altında meydana daxil olanda, əlimdə bayraq, gözüm meydandakıları əks etdirən tabloya sataşdı. Ekranda növbə ilə Azərbaycan bayrağı, sonra ümummilli lider Heydər Əliyevin özünəməxsus təbəssümlü işıqlı siması canlanırdı. Azərbaycana rəhbərliyi dövründə, ölkədə digər sahələr kimi, idmanın inkişafı istiqamətində də böyük işlər görmüş ümummilli lider Heydər Əliyevin bu böyük əməyinin müqabilində doğma Azərbaycanımızı layiqincə təmsil etmək bizim vətəndaşlıq borcumuz idi". Rəhim 1984-cü ildə Avropa çempionatında, 1985-ci ildə dünya kubokunda qazanılan qələbə ilə, Azərbaycanın güləş məktəbinin ənənələrinin layiqli davamçısı olduğunu bir daha sübut etdi.

 

İdmançı ömrünün mənası - daha uca zirvələri fəth etmək

 

Günəş yavaş-yavaş qürub edirdi. Dəqiqələr ona əsrlər qədər uzun görünürdü. Səhərdən bikef dayanıb günəşin doğmasını, sarı saçaqlarını yer üzünə səpərək, ilıq nəfəsi ilə təbiəti qızdırmasını, göyün lap ortasında dayanaraq, qızmar istisindən bütün varlıqlara pay verməsini, sonra dağların arxasını hədəf seçib, sakit və yorğun halda qürub etməsini seyr edirdi. "İdmançı ömrü bir növ günəşə bənzəyir", - deyə öz-özünə düşündü... Lakin ümidsizliyə qapanmağa dəyərmi? Günəş qürub edir ki, sabah daha şövqlə işıq saçsın, daha parlaq olsun, şüaları ilə bütün aləmi nura qərq etsin. Ürəyində qəribə hisslər baş qaldırdı. Bütün vücudundan uzun illərdən bəri alışdığı bir titrəyiş keçdi. Ömrü boyu qəlbinin və şüurunun ən dərinliklərində saxladığı, onu heç vaxt tərk etməyən ilahi bir həqiqət - qələbəyə doğru aparan yüksək ruh bütün varlığına hakim kəsilmişdi, estafeti ötürdüyü gənc nəsil üçrəngli bayrağımızı hələ çox salonlarda ucaldacaq. Gələcək qalibiyyət sevincindən qəlbi qürurla döyündü.

Yeyin addımlarla güləş zalına tələsdi. Onu işıqlı gələcəyin qurucuları, daha uca zirvələrin fatehləri gözləyirdi.

 

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2012.- 4 avqust.- S. 6.