Azərbaycanın sənaye potensialı sürətlə artır

 

Bu ilin ilk yarısında ölkəmizin sosial-iqtisadi inkişafını xarakterizə edən bütün statistik göstəricilər çox uğurludur. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizin valyuta ehtiyatları getdikcə artır. İndi strateji valyuta ehtiyatlarımızın 40 milyard dolları ötməsi qarşıya qoyulan istənilən məsələnin həllinə imkan yaradır. Təsadüfi deyil ki, hazırda ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya qoyulur və bu proses getdikcə artır.

Göründüyü kimi, 2012-ci ilin birinci yarısında ölkəmizin iqtisadisosial həyatında dinamik inkişaf prosesi davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı artmışdır. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndirmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası bölgələrdə iqtisadi fəallığı xeyli artırmış, yeni istehsal sahələrinin yaradılması prosesini bir qədər də sürətləndirmişdir. Bu da bölgələrin inkişafı üçün əlverişli imkan yaratmışdır.

Ölkəmizdə sənaye sektorunun inkişafı ilə bağlı dövlət başçımız İlham Əliyev demişdir: "Sənaye istehsalının inkişafına gəldikdə, yenə də neftin hasilatının aşağı düşməsi nəticəsində ümumi rəqəm mənfidir. Ancaq ölkə iqtisadiyyatının qeyri-neft sənayesində artım əldə edilmişdir. Bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş investisiyalar, sahibkarlığın inkişafı hesabına mümkün olmuşdur. Bu, verilən kreditlərin, sahibkarlığın inkişafı üçün qəbul edilmiş proqramların və dövlət siyasətinin çox uğurlu olmasının nəticəsidir.

Beləliklə, bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifə, yəni, ölkədə güclü sənaye potensialının yaradılması üçün tədbirlərin görülməsi vəzifəsi uğurla icra edilir. Həm böyük müəssisələr yaradılır, böyük texnoparklar fəaliyyətə başlayır. Eyni zamanda, ortakiçik həcmli müəssisələr də fəaliyyətini gücləndirir, onların sayı artır və yenə də deyirəm, bu artımın səbəbi ondan ibarətdir ki, dövlət tərəfindən özəl sektora çox böyük dəstək göstərilir, kreditlər verilir. Bu artımın səbəblərindən biriondan ibarətdir ki, dövlət şirkətlərini beynəlxalq şirkətlərə çevirmək üçün konkret tədbirlər görülür. İndi dövlət şirkətlərimiz həm peşəkarlıq, həm maddi-texniki bazanın gücləndirilməsi, həmtexnika təchizatı baxımından güclü şirkətlərə çevrilmişdir".

Sənaye sektorunun inkişafından danışarkən, əvvəlcə bir məqama toxunmağı zəruri sayırıq. Dövlət ölkədə iqtisadi inkişafın davamlı olması üçün kapital qoyuluşuna xüsusi əhəmiyyət verir. Bunun nəticəsidir ki, əsas kapitala yönəldilmiş vəsaitin 77,9 faizini daxili investisiyalar təşkil etmişdir. Bu investisiyaların 71,3 faizi dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, 28,7 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşmüşdür. Cari ilin 6 ayında dövlət büdcəsindən inşaat işləri üçün nəzərdə tutulmuş vəsaitin 2402,9 milyon manatından istifadə edilmişdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Birinci üç ayda investisiyalar 4,3 milyard dollar təşkil etmişdir. Hələ ki 6 ayın investisiya rəqəmləri hesablanır və bu da müsbət göstəricidir. Keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 30 faiz artmışdır. Əgər biz ilin sonuna qədər bu templə işləsək və mən hesab edirəm ki, temp daha da yüksək olacaqdır, - təqribən 18, bəlkə də 19 milyard dollar investisiyaya çatacağıq. Bu da əhalisi o qədər də çox olmayan Azərbaycan kimi ölkə üçün böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il 10 milyard dollardan az olmayaraq investisiyalar qoyulur, növbəti illərdə ölkə qarşısında duran bütün infrastruktursosial məsələlər öz həllini tapacaqdır".

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri ümumi vəsaitin 46,4, bank kreditləri 4,6, büdcə vəsaitləri 42,3, büdcədənkənar fondların vəsaitləri 3,9, əhalinin şəxsi vəsaitləri 2,5 faiz təşkil etmişdir.

Dövlət, eyni zamanda ölkədə sənayenin inkişafına xüsusi qayğı göstərir. Belə ki, cari ilin birinci yarısında əsas kapitala yönəldilmiş bütün vəsaitin 38,6 faizi sənaye sahələrinin inkişafına xərclənmişdir. Yanvar-iyun aylarında əsas kapitala yönəldilən ümumi vəsaitin 28,6 faizi neft bölməsinin, 71,4 faizi qeyri-neft bölməsinin, o cümlədən 10 faizi qeyri-neft sənaye bölməsinin inkişafına sərf edilmişdir.

Xarici investorların iqtisadiyyatımıza yatırdığı sərmayənin də həcmi artmışdır. Başqa sözlə, cari ilin birinci yarısında xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz çox olmuşdur. Bizim əsas xarici investor partnyorlarımız Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya Respublikası və Fransadır. Bu ölkələrin investorları əsas kapitala yönəldilmiş xarici vəsaitin 93 faizinin sahibidirlər.

Cari ilin yanvar-may aylarında inşaat bölməsində çalışmış 83,6 min nəfərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz artaraq 551,5 manat təşkil etmişdir. İriorta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı 578,4 manat olmuş, mülki təyinatlı inşaat işlərində işləyən işçilərdə 15,7, ixtisaslaşdırılmış tikinti işlərində isə 16,6 faiz artım müşahidə olunmuşdur. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 17,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz azalmışdır. Məhsulun 77,1 faizi mədənçıxarma bölməsində, 17,6 faizi emal bölməsində, 4,8 faizi elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2011-ci ilin birinci yarısı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 5,4 faiz azalmış, emal bölməsində 13,6 faiz, elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 4,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 4,8 faiz artmışdır.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,7 faiz artmış, neft sektorunda isə 5,2 faiz azalmışdır.

Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 22,2 milyon ton, əmtəəlik qaz hasilatı 8,8 milyard kubmetr təşkil etmişdir. Emal sektorunda qida məhsulları istehsalı 5,2 faiz, içki istehsalı 11,6 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 98,8 faiz, geyim istehsalı 65,2 faiz, poliqrafiya fəaliyyəti 2,1 dəfə, rezinplastik məmulatlar istehsalı 3,4 dəfə, tikinti materialları istehsalı 22,9 faiz, metallurgiya sənayesi məhsulları 12,1 faiz, hazır metal məmulatları istehsalı 82 faiz, kompyuter və digər elektron avadanlıqları istehsalı 12,9 dəfə, elektrik avadanlıqları istehsalı 3,1 dəfə, maşın və avadanlıqların istehsalı 14,4 faiz, sair nəqliyyat vasitələri istehsalı 14 faiz, mebel istehsalı 3,5 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 13,1 faiz artmışdır. İlin ilk yarısında 10,6 milyard kv.saat, yaxud 10,5 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.

Azərbaycanın strateji valyuta ehtiyatları hazırda 40 milyard dollardan çoxdur. Bu da ölkəmizdə yeni istehsal sahələrinin yaradılmasına, iqtisadi fəallığın bir qədər də artmasına səbəb olmuşdur. İlin əvvəlindən həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində ölkəmizdə nəhəng infrastruktur layihələrinin icrası davam etdirilmişdir. Yeri gəlmişkən, ölkə sənayesinin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft startegiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə bağlanmış sazişlər Azərbaycanda neftqaz sənayesinin sürətli inkişafını təmin etmiş, adıçəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırmışdır. Bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməsinə imkan yaratmışdır. Ötən il qeyri-neft sənaye bölməsinin əksər sahələrində istehsalın həcmi təqribən 10 faiz artmışdır. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində yeni istehsalemal müəssisələri yaradılır, idxalı əvəzləyən rəqabətədavamlı məhsul buraxılışının həcmi artır. İndi hətta Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq da getdikcə çoxalır. Göründüyü kimi, ölkədə sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur. Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə isə, mədənçıxarma və ya hasilat sənayesi Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olaraq qalmışdır. Yaxın illərdə ölkəmizdə sənayeləşmə tendensiyası daha da sürətlənəcək. Azərbaycanın yeni neft strategiyasının uğurla reallaşdırılması, ikinci regional inkişaf proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi, eləcə də yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və s. amillər ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayeyə daha yüksək inkişaf perspektivləri vəd edir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 5 avqust.- S. 1.