Şəmsəddin - İstanbulun fatehi sultan II Mehmetin müəllimi

 

İstanbulun fəthi 1453-cü il oktyabrın 29- da gerçəkləşdi. Belə ki, 100 minlik Osmanlı ordusu Konstantinopolu mühasirəyə aldı.Bu şəhər min ildən çox idi ki, xristianlığın ideoloji mərkəzi,müsəlman Şərqinə hücumları dəstəkləyən bir imperiyanın paytaxtı idi. Vaxtilə Məhəmməd peyğəmbər (s.) demişdi: "İstanbul bir gün fəth olunacaq. O şəhəri fəth edən ordu gözəl ordu! O şəhəri fəth edən sərkərdə gözəl sərkərdə!" Beləcə, o gün gəlib çatdı. Türk sultanı II Mehmet öz müzəffər ordusu ilə böyük zəhmət itki hesabına olsa da, bu şəhəri fəth edib, adını ümumtürk tarixinə qızıl hərflərlə yazdırdı. Sultan II Mehmetə qədərki türk fatehlərinin ən böyük arzusu bu şəhəri fəth etmək olmuşdu. Lakin bu şərəf sultan II Mehmetə nəsib oldu. Səbəb? Bəlkə səbəblər çoxdu. Amma, zənnimizcə, əsas səbəblərdən biri bu idi ki, onların Şəmsəddin kimi müdrik müəllimi məsləhətçisi olmamışdı.

Əslən azərbaycanlı olan Məhəmməd ibn Şeyx Həmzə ( Şəmsəddin) 1389-cu ildə, bəzi mənbələrə görə, Şam şəhərində, bəzi tədqiqatçıların fikrincə isə Şamaxı şəhərində doğulmuşdur.Yetmiş il ömür sürən böyük alimin 1459-cu ildə vəfat etdiyi bildirilir. Dümağ saqqalı olduğu, həmişə paltarda gəzdiyi üçün xalq arasında Şəmsəddin kimi tanınmışdı.

Harada doğulmasından asılı olmayaraq, Şəmsəddin məşhur sufi alimlərindən olan, həmyerlimiz təbrizli Sührəverdinin nəslindəndir. Məhz bu baxımdan onun güclü ilahiyyat bilicisi, uşaq yaşlarından Quran hafizi bütün mənəvi-əxlaqi ölçülərə uyğun şəxs olması təsadüfi deyildi. Böyük İslam alimləri Şeyx Əbdülqadir Geylani, Mövlana Cəlaləddin Rumi, İmam Gəzzalinin əsərlərini dərindən öyrənsə bu, ona kifayət etməmiş, irfan məktəbi keçmək üçün mədrəsəni tərk etmiş Yaxın Şərqi dolaşdıqdan sonra, nəhayət, Anadoluda məşhur təsəvvüf alimi Hacı Bayram Vəlinin yanına şagird götürülmüşdür.

Hacı Bayram Vəli ilə onun tanışlığı maraqlı olmuşdur. Belə ki, təsəvvüfə olan hədsiz marağı Şəmsəddini Anadoluya, özünə layiq mürşid axtarmağa gətirir. Ona bir çoxları Hacı Bayram Vəlini məsləhət görürlər. Deyirlər ki, qazandığın bu zahiri elmi məna elmiylə, biliklərini eşq ilə, ağıl vergisini qəlb könül vergisiylə tamamlamağın gərəkdir. Bunu da tək bacarmazsan. Sənə bir mürşid lazımdır. Qalx yubanmadan Ankaraya get. Orada Hacı Bayram Vəliyə müraciət et. O səni tamamlasın,kamilləşdirsin. Sən bu dünyaya lazımlı bir adamsan.

Şəmsəddin bu sözlərdən ruhlanaraq Ankaraya yola düşür. Lakin gördüyü mənzərə onun xoşuna gəlmir. Ankarada Şəmsəddin Hacı Bayram Vəlini öz tələbələrinin nəfsini qırmaq, fəqir-füqəraya əl tutmaq, səfalətdən əziyyət çəkənləri sevindirmək üçün nəzir-niyaz qəbul edən, bazarda pul yığan vəziyyətdə gördükdə bura gəldiyinə peşman olur daha yaxşı bir mürşid tapmaq üçün Hələb şəhərinə gedir.

Hələbdə olarkən gecə yuxusunda boynuna bir zəncirin taxıldığını, bu zəncirin bir ucunun Hacı Bayram Vəlidə olduğunu onu Ankaraya dartdığını görür. Yuxudan ayılandan sonra bunun ilahi mənasını anlayaraq, yenidən Hacı Bayram Vəlinin yanına yola düşür. Ankaraya gəlib Hacı Bayram Vəlini tapır. O, müridləri ilə tarlada çalışırdı.Amma Hacı Bayram ona heç bir iltifat göstərmir. Şəmsəddin digər tələbələr kimi tarlada çalışmağa başlayır. Nahar vaxtı gələndə Hacı Bayram onun üzünə belə baxmır. Hazırlanan yeməyi tələbələrinə verdikdən sonra artıq qalanını yaxındakı itlərin qabağına tökür. Şəmsəddin özü-özünü məzəmmət edərək düşünür: "Sən buna layiqsən". Sonra isə itlərin qabağına atılmış yeməkdən götürüb yeməyə başlayır. Şəmsəddinin bu hərəkətini görən Hacı Bayram "Mürid, qəlbimizə girdin, yanıma gəl", - deyərək süfrəsində otuzdurur. əlavə edir: "Zəncirlə, zorla gələn müsafiri belə sınaqdan keçirərlər". Bundan hədsiz sevinən Şeyx onun irfan məclislərinə qoşulur. Hacı Bayram Vəlinin bütün sınaqlarından uğurla çıxan Şəmsəddin qısa müddət ərzində təsəvvüfün bütün sirlərinə yiyələnir...

 

İstanbulun fəthi

 

Osmanlı sultanı II Muradın Hacı Bayram Vəliyə xüsusi hörməti var imiş. Fürsət düşdükcə tez-tez onun ziyarətinə gələrmiş. Bir dəfə dörd yaşlı oğlu şahzadə Mehmet ilə onun yanına gəlmişdi. Sultan II Murad söhbət əsnasında Hacı Bayrama Konstantinopolu almaq istəyini, bu şəhəri bir İslam şəhərinə çevirmək istəyini bildirir. Hacı Bayram isə cavabında: "Allah ömrünüzü və dövlətinizi qorusun! Ancaq İstanbulun alındığını nə sən görəcəksən, nə də mən", - deyərək üzünü balaca Mehmetə və Ağ Şəmsəddinə tərəf tutaraq əlavə edir: "Amma bu şahzadə ilə bizim mürid görəcəklər."

Zaman keçir, Hacı Bayramın dediyi bu fikir çin olur. Şəmsəddinin həyatının ən parlaq günləri Osmanlı sultanı II Murad tərəfindən oğlu II Mehmetin müəllimi vəzifəsinə təyin edilməsindən sonra başlayır. Osmanlı sultanı fateh Mehmetin müəllimi olan Şəmsəddin həm onun ən yaxşı məsləhətçisinə çevrilir. Sultanı Ağ Şəmsəddindən ayrı təsəvvür eləmək olmurdu.

Ağ Şəmsəddin özü, övladları və bütün müridləri ilə İstanbulun fəthində iştirak edir. Şəhərə bir-birinin ardınca edilən hücumlar bir nəticə vermir, əsgərlər, sərkərdələr arasında həyəcan baş qaldırır. Çox adam bu fəthin gerçəkləşməyəcəyi haqqında düşünməyə başlayır. Lakin Ağ Şəmsəddinin işə dərhal müdaxilə etməsi,ordunu ruhlandırması, Məhəmməd peyğəmbərin (s.) bu şəhərin fəthi ilə bağlı dediklərini dönə-dönə xatırlatmasından sonra orduda əvvəlki ruh bərpa edilir. Vəziyyət o həddə çatır ki, Osmanlı ordusu çoxsaylı itki verməkdən nəinki qorxub çəkindi, əksinə, əsgərlər daha da cəsarətlənərək şəhərin alınması uğrunda əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Ulubadlı Həsən Konstantinopol qalasının divarlarına ilk qalxan döyüşçü olur. O, Osmanlı bayrağını qalanın üstünə sancır. Bədəninə qırxdan artıq oxun sancılmasına baxmayaraq, o, bayrağı enməyə qoymur. Və öz ölümü ilə də millətinə xidmət edir. Ordudakı bu mübarizlik ruhunu yaradan Ağ Şəmsəddin idi.

Lakin iş bununla bitmir. Ağ Şəmsəddin Konstantinopolun hansı gün, hansı tərəfdən hücum etməklə uğur əldə ediləcəyinin də dəqiq vaxtını və müjdəsini verir. Hətta İstanbulun fəthində istifadə edilmiş, dünya hərb tarixində görünməmiş üsulun- gəmilərin üzərlərinə piy sürtülmüş taxtaların üstü ilə limana salınması ideyasının da Ağ Şəmsəddinə məxsus olduğu bildirilir. Beləliklə, Sultan Mehmetin güclü sərkərdəlik məharəti, Ağ Şəmsəddinin mənəvi dəstəyi və ağıllı məsləhətləri, türk ordusunun yüksək şücaəti və əzmkarlığı ilə İslam Peyğəmbərinin (s.) vəsiyyətinə əməl olundu. İki qitənin qovuşağında, strateji əhəmiyyətli məkanda yerləşən bu qədim şəhər alındı. Bu zəfərdə sultanın payı nə qədər idisə, Ağ Şəmsəddinin də bir o qədər xidməti oldu. Təsadüfi deyildir ki, Ağ Şəmsəddini "İstanbulun mənəvi fatehi" adlandırırlar.

Osmanlı sultanı Fateh Mehmet öz müəlliminin əməyini yüksək dəyərləndirmiş və demişdir: "Zamanımda Ağ Şəmsəddin kimi bir mübarəkin tapılmasından duyduğum sevinc, İstanbulun alınmasından duyduğum sevincdən az deyildir."

 

Mikrobun kəşfi

 

Böyük ilahiyyat-təsəvvüf bilicisi, bütün elmlərə vaqif olan Ağ Şəmsəddin tibb sahəsi ilə bağlı dərin biliklərə sahib idi.O, həm cismani, həmdə ruhi xəstəliklərin müalicəsinə dair çoxsaylı fikirlər səsləndirmiş, əsərlər yazmışdır. Lakin bu sahədə onun ən böyük xidməti mikrobu kəşf etməsi olmuşdur. "Maddət-ül-həyat" əsərində insan anatomiyasının müalicəsi ilə bağlı qiymətli fikirləri ilə yanaşı, o, tibb elmində indiki mikrob adlanan terminin elmi izahını vermişdir. Bu gün mikrobun kəşfini Avropa alimi Luiz Pasterin adı ilə bağlayırlar. Amma ondan 400 il əvvəl Ağ Şəmsəddin öz əsərində bu barədə yazmışdır: "Xəstəliklərin birdən-birə kütləvi əmələ gəlməsi fikri yanlış və xətalıdır. Xəstəliklər insandan insana yayılma surəti ilə keçər. Bu yayılma gözlə görülməyəcək qədər kiçik, fəqət canlı toxumalar vasitəsi ilə keçər". Mənbələr Ağ Şəmsəddinin tibbi biliklərini kimdən aldığı barədə məlumat vermir, lakin bir çox tədqiqatçılar, xüsusilə də Avropa tədqiqatçıları onun bu biliyə Hacı Bayram Vəlinin yanında yiyələndiyini bildirirlər.

Beləliklə, Ağ Şəmsəddin İslam və Türk xalqları tarixində müstəsna xidmətləri olan şəxsiyyət, İstanbulun mənəvi fatehi və böyük təsəvvüf və tibb alimi kimi əbədi yerini tapmışdır.

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2012.- 5 avqust.- S. 5.