Qloballaşma fəlsəfəsi və Azərbaycan

 

Qloballaşma nədir və son dövrlərdə leksikonumuza daxil olmuş bu terminin yaranma tarixi nə vaxtdan başlayır? Qloballaşma və onun mahiyyəti barədə fikirlər ilk olaraq XX əsrin 60-cı illərində səslənməyə başladı. Dünyada baş verən iqtisadi və siyasi dəyişikliklər, bir sıra sahələrdə bütövləşmənin,eyniləşmənin baş verməsi bu terminin istifadəsinə yol açdı. Buna bütünləşmə, kürəsəlləşmə kimi adlar da vermək olar. Hansı sahədə olursa -olsun- istər siyasət,istər iqtisadiyyat,istərsə də mədəniyyət - bu, bir eyniləşmə prosesidir. Lakin 1983-cü ildə Teodor Levitin özünün "Bazarların qloballaşması" əsərini yazmaqla və bu terminin elmi izahını verməklə, həm də bu sözü sanki patentləşdirdi.Bundan sonra amerikalı sosioloq-alimlər, xüsusilə Robertson bu termindən daha çox istifadə edərək onu elmi-ictimai səviyyədə geniş yaydılar. Azərbaycanda isə akademik Ramiz Mehdiyev, Səlahəddin Xəlilov və digər filosof və politoloqlar qloballaşma barədə elmi məqalələr və əsərlər yazdılar.

Əslində, tarixin müxtəlif dövrlərinə nəzər salsaq, indi qloballaşma adlandırdığımız bu fəlsəfi terminin mahiyyətini görmək mümkündür.Hələ Makedoniyalı İskəndər Şərqə yürüş edərkən,onun əsas amalı Asiyanı fəth etmək və yunan ellin mədəniyyəti ilə Yaxın Şərq elam mədəniyyətini birləşdirmək,qədim Aristotel,Platon fəlsəfəsi ilə Şərq fəlsəfəsini sintez etmək idi. Bu ideyalarla o dünyaya yeni düzən vermək və yəni "özü yaratdığı" dünyanı idarə etmək istəyirdi. Sonralar xristian dini yarandıqdan sonra ideoloji mərkəzi Roma Konstantinopol olan dini yayılma arealı meydana gəldi. Bütün Avropa Afrikanın böyük bir hissəsi sürətlə xristianlaşmağa doğru getdi.Bununla da adət-ənənələrə təsir mexanizmi kimi Avropanın Şərqə doğru genişlənmək istəyi onun xaç yürüşlərində özünü biruzə verdi. Bundan əlavə, İslam dininin Ərəbistan yarımadasında meydana gəlməsi hələ tayfa,qəbilə strukturu ilə yaşayan bədəvi ərəblərin sürətlə birləşməsinə yeni güc mərkəzinin yaranmasına gətirib çıxardı.Ərəblər İslam dininin onlara verdiyi ideoloji -mənəvi gücdən qüvvət alaraq yarımadanın sərhədlərini aşdılar Atlantik okeanından-Hindistana qədər əraziləri nəzarət altına aldılar.Nəticədə yeni din özü ilə yeni yaşama modeli,yeni həyat tərzi,yeni dil,yeni əlifba gətirərək bu coğrafiyada hakim mövqeyə çevrildi.Ərəblər İslam dini vasitəsilə dünyanın super etnoslarından birinə çevrilərək bir çox təsir rıçaqlarına sahib oldular. Bundan savayı, Osmanlı imperiyasının mövcud olduğu dönəmdə türk-islam mədəniyyəti mərkəzi Avropaya, İtaliya Avstriyaya qədər gedib çıxdı. Lakin digər xalqların yaşam tərzinə zorla deyil, öz cazibədarlığı ilə təsir etdi. Qeyd olunan bu ərəb-türk fəthlər dövrünü "İslam qloballaşması" adlandırsaq daha doğru olardı. Bütün bunlar qloballaşmanın tarixi köklərinin hələ qədimlərə gedib çıxdığını bir daha sübut edir. Dəyişilən sadəcə coğrafi arealın dünyanı əhatə etməsi, qarşısıalınmaz sürət faktoru,axının Qərbdən gəlməsi, mühafizəkar baxışların aradan qalxması iqtisadi amillərdir.

Qloballaşma ideyası müasir günümüzdə anqlo-sakson idarəetmə sisteminin yeni üsullarından biri kimi dəyərləndirilir. Hələ, XVIII əsrin ortalarından başlayan ingilis müstəmləkəçilik siyasəti XX əsrin ortalarına kimi davam etmiş bir müddət dünya dövlətlərini öz iqtisadiyyatından asılı vəziyyətə gətirmişdi.Lakin SSRİ-nin ərəb Afrika dövlətləri üzərində təsiri onlara yardımı nəticəsində ingilis müstəmləkəçilik sistemi 1950-ci illərdən sonra getdikcə iflasa uğradı. Təşəbbüsü ələ almağa cəhd edən Amerika isə SSRİ ilə bir çox siyasi məsələlərdə kompromisə gedir bu super dövlətin maraqlarına zidd getməyə bir növ cəsarət etmirdi.Lakin SSRİ dağıldıqdan sonra Avropanın Amerikanın postsovet Yaxın Şərq ölkələri üzərində nüfuzu getdikcə artdı qloballaşmanı həyata keçirmək üçün real imkan ələ düşdü. Hazırda Çini, İranı bəzi dövlətləri çıxmaq şərti ilə bu proses bütün dünya ölkələrinin daxil olduğu bir sistem halına gəlməkdədir. Qloballaşma bir çarx kimi dünya üzərində hərəkət edir dövlətlər bir-birinin ardınca bu çarxın hərəkətinin iştirakçısına çevrilir. Bu çarx siyasi,iqtisadi,texniki, sosial mədəni sahələri bilavasitə nəzarətdə saxlamaq,inkişaf etdirmək ya iflasa uğratmaq üçün böyük dövlətlərin, ələxsus da ABŞ-ın "görünməz silah"ı kimi qiymətləndirilir.

 

Görünən və görünməyən tərəflər

 

Əvvəla, onu qeyd edək ki, qloballaşma ilk növbədə dövlət və cəmiyyət arasındakı dərin bağlılığa müsbət və mənfi mənada təsir göstərən tərəflərə malik prosesdir. Bu barədə fəlsəfə elmləri doktoru, hörmətli akademikimiz Ramiz Mehdiyevin fikirləri maraq doğurur: " Qloballaşmanın milli məkanlara təsiri prosesində dövlətin daxili siyasi inkişafı böyük əhəmiyyət kəsb edir. İnteqrasiya proseslərinin təsiri yeni qavrayış, təfəkkür tərzi formalaşdırır, sonra isə yeni dövrün bu komponentlərinə həyat verir. Davranışın yeni stereotipləri və formaları meydana gəlir. Demokratik dövlət kimi Azərbaycan hüquqi və demokratik əsasları möhkəmləndirmək istiqamətində irəliləyir. Müstəqillik əldə edildiyi gündən 16 il keçəndən sonra əminliklə demək olar ki, əslində, totalitar dövrün kütləvi şüur formasının açıq, şəffaf və demokratik cəmiyyət elementləri ilə zənginləşmiş şüur forması ilə əvəz olunmasını nəzərdə tutan ictimai transformasiya baş vermişdir. Bu, bütövlükdə cəmiyyətdə yeni siyasi oriyentirlərin formalaşmasına əhəmiyyətli təsir göstərir, funksional baxımdan yeni siyasi təşkilatların yaradılmasına gətirib çıxarır. Formalaşan siyasi məkan xeyli dərəcədə əhalinin bütün təbəqələrinin mənafelərini ifadə edir. Demokratik cəmiyyətdə monosentrik siyasi sistemlərdən danışmağın əsassız olması tamamilə təbiidir. Lakin siyasi məkan hətta ikiqütblü, yaxud polisentrik olsa belə, kütlənin tələblərinə cavab verməli, əhalinin mənafelərini ifadə etməli, inkişafa və tərəqqiyə kömək göstərməli, başlıcası isə dövlət müstəqilliyinin əsası kimi milli suverenliyi, - o cümlədən daxili siyasi məsələlərdə, - qoruyub saxlamalıdır."

Son illər dünyada baş verən hadisələr onu göstərdi ki, istər iqtisadi olsun,istərsə də siyasi proseslər - bunların hamısı sanki bir nöqtədən idarə edilməkdədir. Qəti demək olmaz ki, bu idarəetmə sükanı sırf ABŞ-a məxsusdur. Nə qədər güclü göstəricilərə malik olsa da ABŞ-a alternativ ola biləcək dövlətlər mövcuddur.Lakin bir şeyi unutmaq olmaz ki, böyük dövlətlər böyük addımları atarkən bir neçə illər onun strateji planını hazırlayır sonra bu işə başlayır. Nəzərə alsaq ki, Qərbin xüsusilə ABŞ-ın sosiolojistrateji institutları dövlətin strategiyasının qurulmasında böyük rol oynayır, onda verilən qərarların, bəlkə də, uzun illər öncə hesablandığı və həyata keçirilməyə start götürüldüyü faktoru dəqiqləşir. Bu baxımdan dövlətin dünyanı əhatəyə alan bu prosesdə cəmiyyətlə olan ənənəvi bağlılığını daha da artırmaq və ölkəmizin qaçılmaz qlobal layihələrdən kənarda qalmaması şərti ilə daxili ideya bütövlüyünü əlində saxlaması son dərəcə vacibdir.

 

Üç hədəf

 

Qloballaşmanın üç hədəfi dedikdə, şübhəsiz ki, siyasət,mədəniyyət və iqtisadiyyat sahələri nəzərdə tutulur.

Qloballaşmanın siyasi hədəfi əsasən beynəlxalq birliklərin qurulması,inkişaf etdirilməsi, dünya idarəetməsində aparıcı mövqe əldə etməsidir. Bu proses dünyanın hegemon təşkilatları Beynəlxalq Amnistiya Təşkilatı, Beynəlxalq Şəffaflıq Təşkilatı, Avropa İnsan Haqları Məhkəməsi, İnsan Haqları İzləmə Komitəsi və s. kimi transmilli, Avropa Birliyi, NAFTA, BMT kimi beynəlxalq qurumlara həvalə edilməkdədir.Bu beynəlxalq qurumlar siyasi,iqtisadi və mədəni sahələrdə təşəbbüsü ələ almaq,proseslərə müdaxilə etmək, və onları idarə etmək səlahiyyətinə sahib olmağı əsas götürürlər. Bu da öz növbəsində ABŞ-ın dünyadakı pərdəarxası siyasi hakimiyyətini ifadə edir. Bir çox tədqiqatçılar ABŞ-ın həyatımızın bütün sahələrinə təsirinin sübutu kimi belə bir fikiri əsas götürürlər. Vahid dünya dövləti kimi utopik ideyaları irəli sürən qloballaşmaya izah verənlər əslində bu ideologiyanın ABŞ-ın bəşəri dominantlıq istəyinə xidmət etdiyini qeyd edirlər.

Qloballaşmanın mədəni hədəfi siyasi hədəfinə alternativ olaraq aparılır və belə desək "bir güllə atmadan" prinsipi ilə hərəkət etməyi və məqsədə çatmağı əsas götürür. Qloballaşmanın mədəni istiqaməti hədəf götürməsini şərtləndirən amillərdən ən əsası milli-ictimai dəyərlərin arxa müstəviyə keçməsi,kosmopolit dəyərlərin xalqların həyatını əhatə etməsi və öz praktik əhəmiyyətini artırmasıdır.

Dünyada qloballaşma çarxının hərəkəti sürətləndikcə millətlərin minillərdən bəri qoruyub saxladığı adət-ənənə sisteminin fəaliyyəti tədricən səngiyir. Bəzi tədqiqatçılar qloballaşma prosesinin mədəniyyətlərə təsir etmədiyini,bunun sadəcə mühafizəkar alimlər tərəfindən bir kompleks halına gətirildiyini iddia edirlər. Lakin müşahidələr və gerçəklik onu göstərir ki, bu beynəlxalq prosesin milli mədəniyyətlərə və onların fəaliyyətinə təsiri varbu təsir zahirən hiss edilməsə də öz aktuallığını artırmaqdadır. Doğrudur, dünyada Yaponiya, Tayvan, Sinqapur, Honkonq nümunələrini göstərməklə qloballaşmanın mədəniyyətlərə təsirinin mümkün olmadığı təəssüratını yarada bilərik. Amma nəzərə alaq ki, bu ölkələr həm dini-fəlsəfi dünyagörüşü çox konservativ olan xalqların yaşadığı ölkələrdir, həm də ümumiyyətlə bu dövlətlərdə siyasətin istiqaməti,modeli digər dövlətlərdən fərqlidir. Bundan əlavə, bilmək olmaz ki, gələcəkdə bu ölkələr həmin proseslərdən nə dərəcədə sığortalanmışdır. Çünki müasir kommunikasiyainformasiya texnologiyalarının "ildırımsürətli" inkişafı və yayılması, internet imkanlarının genişlənməsi məlumat bolluğunu elə səviyyəyə qaldırmışdır ki, insanlar başqa məfhumlar barədə fikirləşmək belə istəmir,yalnız yeni fikir,ixtira,icad,hər hansı bir hadisə haqqında düşünür və danışırlar. Məlumatların rəngarəngliyi bəzən xeyirli olsa da, əksər hallarda cəmiyyətin gözləmədiyi şəkildə alt şüur deformasiyasının başlanması ilə nəticələnir. İnsanların aldıqları kortəbii və bol informasiya onların müstəqil düşünmək, fikir yürütmək, əl-qol açmaq,ənənəvi addımları biratmaq kimi vərdişlərini minimuma endirir. Artıq cəmiyyət dünyada qürurla qeyd etdiyi özünəməxsusluğunu sanki arxivə atmış olur və tədricən başqa bir cəmiyyətin klonuna çevrilir. Bir sözlə, qloballaşma mədəniyyət çərçivəsində dinə,dilə,sosial həyata,incəsənətə təsir edərək Qərb düşüncə sistemini təbliğ edir.

Qloballaşmanın iqtisadi hədəfi qeyd etdiyimiz hədəflərdən daha sürətli və genişmiqyaslı xarakter daşıyır. Belə ki, iqtisadiyyat hər zaman yaşamın əsas şərti olduğu üçün məqsədyönlü məsələlərdə ən çox istifadə edilən və əhəmiyyəti çox olan sahədir. Bu baxımdan qloballaşmanın ideoloji mahiyyəti iqtisadi qloballaşmanı ön plana keçirməklə, ölkələrin milli iqtisadiyyatlarının vahid bir iqtisadi sistem halında birləşməsi,onların qarşılıqlı asılı vəziyyətə gəlməsi və dövlətlər arasındakı bütün iqtisadi münasibətlərin liberallaşmasıdır.Bu proses əsasən milli dövlətlər arasında hər cür maliyyə,iqtisadi və informasiya sərhədlərini aradan qaldırmalı,azad ticarət,azad rəqabət və tam sərbəstlik üçün əlverişli şəraitin yaradılmasına hesablanmışdır.

Qloballaşmaya iqtisadi baxımdan nəzər saldıqda bəzi komponentləri birmənalı olaraq görmək mümkündür. Məsələn "Coca-Cola", "Adidas", "Samsung", "Nokia", "BMW" ," Mercedes" "Mcdonalds" ticarət nişanlarının dünyada əsas brendlərə çevrilmələri bu kimi transmilli şirkətlərin son dərəcə aktiv fəaliyyət göstərmələrinə gətirib çıxarıb.Lokal bazar və müştəri uğrunda zaman-zaman gedən mübarizə beynəlxalq səviyyədə aparılır. Dünyanın istənilən nöqtəsində oturub istənilən ərazinin bazarlarına daxil olmaq mümkündür.Bütün bunlar iqtisadi qloballaşmanın göstəriciləridir.

İqtisadi qloballaşmanın 2 əsas komponenti var: birinci qlobal bazarın yaranması və ikinci istehsalın qloballaşması. Qlobal bazar tarixən bir-birindən ayrı olan milli bazarların bir yerə cəmləşdiyi nəhəng çətirdir. Yuxarıda sadalanan ticarət nişanlarının bütün dünyada istehlak məhsulu kimi qəbul olunması qlobal bazarın ən bariz nümunəsidir. Müxtəlif milli zövq və seçimlər qloballaşmaya ən böyük maneə kimi görünsə də, artıq qloballaşma dünyada xüsusi vahid zövq, dəb və seçim meydana gətirmişdir. Qlobal bazarın ən əsas və diqqəti cəlb edən xüsusiyyətlərindən biri budur ki, daxili bazarda bir-birinə rəqib olan transmilli şirkətlər artıq vahid dünya bazarı uğrunda rəqabət aparırlar, həmçinin əksinə yerli bazara daxil olan xarici rəqiblərə qarşı mübarizə aparırlar.

İqtisadi qloballaşma kapitalın hərəkətini sürətləndirən və yeni ideyaların tətbiqini təmin edən vahid qlobal maliyyə və informasiya məkanının formalaşması və inkişafı prosesidir. Tanınmış alim Manuel Kastels qlobal iqtisadiyyatı bütün planet miqyasında real zaman rejimində işləmək qabiliyyəti olan vahid iqtisadi sistem kimi xarakterizə etmişdir. Manuel Kastelsə, görə dünya iqtisadiyyatının qloballaşması anlayışı dünya təsərrüfatının inteqrasiyası anlayışından daha genişdir.

Beləliklə faktlar onu göstərir ki, iqtisadi qloballaşma prosesi mədəni və siyasi qloballaşmadan daha sürətlə gedir və "azad iqtisadiyyat" və " azad investisiya" vasitəsilə milli iqtisadiyyatı deformasiyaya uğratmaqmilli sərhədlərin "şəffaflığı"na nail olmaq üçün işlənmiş dahiyanə mexanizmdir.

 

Azərbaycan: proses düzəlişlərlə davam edəcək

 

Nəticə ondan ibarətdir ki, qloballaşma dediyimiz bu beynəlxalq proses getdikcə dünyanı əhatə etməkdə israrlı və qarşısıalınmaz bir qüvvə kimi görünür. Qlobalistlərin və antiqlobalistlərin bu prosesə özünəməxsus şərhləri olmaqla yanaşı,eyni zamanda hər birinin haqlı və haqsız iddiaları da yer almaqdadır. Fikrimizcə, dünyanı dövr etməyə israrlı görünən bu "çarx"ın müsbət və mənfi tərəflərini olduğu kimi qəbul etmək,düzgün şərh vermək zamanı çatıb. Bu böyük ideologiyanın qatı əleyhdarı olub hadisələrə seyrçi qalmağın öz yanlışlıqları olduğu kimi, hədsiz tərəfdarı olmaqla da hansısa bir gerçək nailiyyətdən danışmaq yersiz olar.

Hələ 20 ildir ki, müstəqilliyinə qovuşmuş bir dövlət üçün belə ümumdünya platformasında cərəyan edən hadisələrdən "baş çıxarmaq" nə qədər çətin olsa da, azad,suveren dövlət kimi, biz bu prosesləri müsbətləri və mənfiləri ilə qarşılamağa hazır olmalıyıq.

Qloballaşma Azərbaycana xeyli uğurlar gətirə bilər.Neft- qaz və digər təbii sərvətlər baxımından zəngin olan ölkəmiz üçün bu prosesdə beynəlxalq layihələrə qoşulmaq,transmilli korporosiyalarla qarşılıqlı əməkdaşlıq etmək,ölkəyə kapital axınını sürətləndirmək, beynəlxalq turizm sisteminə qoşulmaqondan yararlanmaqs. amillər ölkəmizin sosial-iqtisadi inkişafı üçün münasib imkanlar açır. Lakin qloballaşmanın gətirdiyi uğurların əksinin də baş verməsi mümkündür. Əgər bir proses lokallıqdan çıxırsa və yaxud qloballaşırsa onda onun xeyrinin və zərərinin miqyasıda qlobal xarakter alır. Bu prosesin güclənməsi milli şirkətlərin sıxışdırılması daxil olmaqla, dünya miqyasında qlobal cinayətlərin,qlobal mənəvi və mədəni dəyişmələrin getməsi üçün yardımçı rolunu oynayır. Narkomaniya,beynəlxalq miqyasda mütəşəkkil cinayətkarlıq, böyük mafiyaların, beynəlxalq terrorun hərəkətləri buna nümunə ola bilər.Bu baxımdan Azərbaycan Respublikası öz siyasi,iqtisadi və mədəni dayanıqlılıq strategiyasını işləyib hazırlamalıdır. Necə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BDU-nun 90 illik yubiley mərasimindəki çıxışında bildirir: "Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə, belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Mən çox şadam ki, Azərbaycanda milli ənənələr güclənir, möhkəmlənir və bu prosesləri daha da sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir." Dünyada qaçılmaz prosesə çevrilən bu axının içərisində əriməmək,itib-batmamaq mümkündür. Sadəcə olaraq adekvat tədbirlər görmək,çevik olmaq,hadisələri qabaqlamaq,müsbət və mənfi nəticələri əvvəlcədən müəyyənləşdirib hərəkət etmək tələb olunur. Burada əsas amil dövlətçilik institutunun fundamental şəkildə inkişaf etdirilməsi, savadlı və milli kadrların idarəçilik strukturlarına yerləşdirilməsi və ən başlıcası cəmiyyətin milli-mənəvi kimlik şüurunun bəşəri duyğular çərçivəsində inkişaf etdirilməsidir.

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2012.- 7 avqust.- S. 5.