Şəki: qədim şəhər yenidən qurulur

 

Rəsmi qəzetin bölgə müxbiri vəzifəsində çalışmağın məsuliyyətli cəhətlərindən biri də odur ki, istənilən yerdə, istənilən tədbirdə fəaliyyət göstərdiyin zonanın həyatı ilə bağlı xəbərlər, məlumatlar axtarırsan. Maraqlıdır ki, "axtaran tapar" ifadəsi bu zaman daha çox kara gəlir. Məsələn, bu il iyulun 11-də Nazirlər Kabinetinin ölkə Prezidentinin sədrliyi ilə keçirilən ənənəvi yarımillik toplantısının televiziya materiallarına baxırdıq.

Həm Prezident İlham Əliyev, həm də digər natiqlər ilin geridə qalan 6 ayında əldə edilmiş sosial-iqtisadi uğurlar barədə kifayət qədər faktlar, rəqəmlər dilə gətirdilər. Gənc müstəqil dövlətimizin daha da qüdrətləndirilməsi baxımından bu göstəriciləri eşitmək kifayət qədər məmnunluq verən məqam idi. Ancaq mənim qulağım sanki səsdə idi. İstəyirdim ki, toplantının tribunasından fəaliyyət göstərdiyim Şəki - Zaqatala zonası barədə də nə isə eşidim. Çünki bu zona son illər sözün həqiqi mənasında ölkənin ümumi inkişaf tendensiyasına uyğun bir tərəqqidədir.

Gözlədiyim məqamı Respublikanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin dilindən eşitdim. İlin birinci yarısında ölkədə reallaşdırılan mədəni-kütləvi tədbirlər haqqında danışan nazir dedi: "May ayında Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi nə qədər böyük mədəniyyət layihəsi olsa da, yeganə misal deyildir. İyun ayının sonunda Şəkidə keçirilən "İpək yolu" Beynəlxalq musiqi festivalı, yaxın günlərdə Qəbələdə keçiriləcək ənənəvi Beynəlxalq musiqi festivalı (xatırladaq ki, cənab nazirin xatırlatdığı Qəbələ musiqi festivalı da artıq bütün dünyada böyük əks-səda yaratmış nəticələrlə yaddaşlara köçüb - İ.H.) Üzeyir Hacıbəyli, Mstislav Rastropoviç adına Beynəlxalq musiqi festivalları nəinki Bakıya, həm də Azərbaycanın regionlarına dünyanın ən nüfuzlu musiqi ustalarının və həvəskarlarının böyük axınına səbəb olmuşdur. Eyni zamanda, bu ayın əvvəlində Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayının 250 illik yubileyi Şəkidə beynəlxalq səviyyədə qeyd olunmuşdur". Cənab nazirin hesabatında səslənən möhtəşəm beynəlxalq tədbirlərin əksəriyyəti məhz mənim fəaliyyət göstərdiyim rayonların mədəni həyatındakı hadisələr idi. Ona görə də Şəkidən hazırlayacağım növbəti yazını qələmə alarkən ilk növbədə bu məsələni yada salmağı plandaşdırdım.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla söhbətimiz zamanı da ilk olaraq bu məsələ barədə söz açdım. Elə Elxan müəllimin özübu məsələlərə daim xüsusi önəm verir. O, rayonun sosial-iqitisadi inkişafının sürətləndirilməsi istiqamətində nə qədər səy göstərirsə, Şəkinin mədəni həyatının ölkə və dünya miqyasında təbliğ olunmasının qayğısına da bir o qədər qalır. Həmsöhbətim bu istiqamətdə həyata keçirilən tədbirlərə maraq göstərməyimizi nəzərə alaraq söhbətə çox yaxşı bir girişlə başladı:

- İyun ayının 30-dan iyulun 4-dək Azərəbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərimizdə "İpək Yolu" III Beynəlxalq Musiqi Festivalı və "Şəki Xan Sarayı"nın 250 illiyinə həsr olunmuş böyük bayram tədbiri keçirilib. Tədbirdərdə adını çəkdiyim hər iki respublika miqyaslı təşkilatla yanaşı Milli Elmlər Akademiyası Tarix İnstitutunun, Tarix Muzeyinin, AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun, o cümlədən ölkəmizdə akkreditə olunmuş bir sıra dövlətlərin - İordaniya, Özbəkistan, Niderland Krallığı, Bolqarıstan, Qazaxıstan, Belarus, Koreya, Braziliya, Rumıniya, Yaponiya, Latviya, Litva, Mərakeş, Pakistan, Ukrayna, Kuba, Polşa, Gürcüstanqardaş Türkiyənin səfirləri və səfirlik əməkdaşları, ATƏT-in Bakı ofisinin rəsmiləri, Türkiyə və Gürcüstanın bəzi bələdiyyə nümayəndələri, Milli Məclisin üzvləri qonaq qismində iştirak edirdilər. Tədbirdə iştirak etmiş qonaqlarımızın təmsil etdiyi ölkələrin coğrafiyasını bu şəkildə təfsilatı ilə sadalamağım təsadüfi deyil. Çünki həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin dünyada daha geniş şəkildə təbliğ olunmasını hər bir vəzifəli şəxsin önündə əsas vəzifələrdən biri kimi qoyublar. Biz bu tapşırığın yerinə yetirilməsi, yəni Azərbaycan mədəniyyətinin, xüsusən, Şəki Xan Sarayının tarixinin bütün dünyada əhatəli şəkildə təbliğ olunması üçün qarşıdakı dövrdə də çoxsaylı tədbirlər həyata keçirəcəyik.

Bundan başqa, həmin tədbirlərdə bir neçə ölkənin tanınmış musiqi kollektivləri və rəqs qrupları, əcnəbi ziyalılar, musiqişünaslar, kütləvi informasiya vasitələrinin təmsiçiləri, ümumiyyətlə, 700 nəfərdən çox qonaq iştirak edirdi. Təsəvvür edin, hər qonaq öz ölkəsində Azərbaycan və Şəki barəsində ikicə cümlə xoş təəssürat söyləmiş olsa... bu bizim bədxahlarımıza tutarlı cavab deyilmi? Mən hələ bu tədbirlərin ölkəmizin və bölgəmizin turizm potensialının təbliğ olunması istiqamətində olan əhəmiyyətindən danışmıram.

Elxan müəllim sonra söhbətini Şəkinin sosial-iqtisadi həyatına aid bəzi məqamların yada salınması ilə davam etdirdi: - Əlbəttə, biz ilin birinci yarısının yekunları barədə faktları, rəqəmləri öz hesabat toplantımızda səsləndirmişik. Ona görə də indi bu barədə əhatəli söz açmaq istəmirəm. Amma, bəzi məqamları yada salmaq lazımdır. Məsələn, bu ilin birinci yarasında Şəkidə adambaşına düşən daxili məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən, 132,2 faiz çox olub. Hamısı daimi olmaqla 514 yeni yeri yaradılıb. İstehsalqeyri-istehsal sahələrinin inkişafına 54 milyon manata yaxın investisiya yönəldilib. Əsas kapitala yönəldilmiş investisiyanın 92,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da müqayisədə 2 dəfə çoxdur. Rəqəmlər barədə danışmayaq dedik, amma yenə də rəqəmlərsiz keçinə bilmədik.

İcra başçısının söyləmək istəmədiyi, amma, qısa da olsa yada saldığı rəqəmlərdən biri mənim üçün daha maraqlı idi: "Əsas kapitala yönəldilmiş investisiyanın 92,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilib". Ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çox olan bu vəsait hesabına Şəki şəhərində və kəndlərdə görülən işlərin tam siyahısını bir qəzet məqaləsi çərçivəsində qələmə almaq mümkün deyil. Yenə də bir "amma" sözü yada düşür. "Amma, bəzi faktları qələmə alaq" - deyərək xatırladaq ki, Şəki Şəhər İcra Hakimiyyəti Respublika Arxitektura və Şəhərsalma Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş planını hazırlayıb. Bu plana uyğun olaraq artıq şəhərdə geniş təmir-tikinti, abadlıq və yenidənqurma işləri aparılır. İlin ilk 6 ayında şəhərin 17 küçəsində abadlıq işləri başlanılıb, 16 küçədə isə asfalt-beton örtük çəkilməklə yolların əsaslı təmiri planlaşdırılıb.

Heydər Əliyev, M.Ə.Rəsulzadə, M.F.Axundov prospektlərində, Salman Mümtaz küçəsində müasir işıqlandırma sisteminin qurulması davam etdirilib, bir sıra çoxmərtəbəli ictimai yaşayış binalarının dam örtükləri, fasadları təmir edilib.Prezident İlham Əliyevin Şəkiyə səfəri zamanı tikintisini tövsiyə etdiyi "Yay teatrı"nın inşasına başlanılıb. Bu il Şəkidə Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının, şəhər icra hakimiyyəti üçün yeni inzibati binanın tikintisi də nəzərdə tutulur. Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evinin, yetkinlik yaşına çatmayan uşaqlar üçün 30 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzi və 25 yerlik sosial sığınacağın tikintisibu il reallaşdırılacaq layihələr sırasındadır. Bu sırada şəhər təsərrüfatı üçün xarakterik olan bir çox başqa layihələr də vardır. Bir sözlə, Elxan müəllim Şəkinin əsaslı surətdə yenidən qurulmasını günün reallığına çevirir.

Şəkidə aqrar sektorun göstəricilərinin ildən-ilə deyil, aydan-aya yaxşılaşdırılması, əhaliyə elektrik enerjisi, təbii qaz, içməli su verilişinin müasirləşdirilməsi, səhiyyə, təhsil, rabitə, mədəniyyət sahələrinin ölkənin ümumi inkişaf tempinə uyğun olaraq yenidən qurulması, respublika əhəmiyyətli yerli yolların təmir və bərpa edilməsi, yeni körpülərin salınıması, sosial yönümlü tikintilərin böyük vüsət alması və bu kimi bir çox sahələrin hər biri ayrıca bir yazının mövzusudur. Həmişə olduğu kimi bu sahələr barədə yenə də söz açacağıq.

Amma bu yazının sonunda əvvəl toxunduğum məqama yenə də qayıtmaq istəyirəm. Yazının əvvəlində qeyd etmişdim ki, harada, hansı tədbirdə olur-olsun, işlədiyim zona barədə xəbərləri daha böyük məmnunluqla qəbul edirəm. Burada başqa bir həqiqət də var. Belə ki, işlədiyim zonada olanda da çalışdığım qəzet barədə deyilən ifadələri böyük həssaslıqla qarşılayıram. Belə həssas ifadələrdən birinin də Şəkidə keçirilən ümumrayon toplantısında eşitmişdim. Rayonda taxıl yığımının nəticələri haqqında söz açan icra başçısı ümumi göstəriciləri ifadə etmək üçün "Xalq qəzeti"nin 15 iyul tarixli nömrəsinə istinad edirdi: "Orada göstərilir ki, Şəki və Cəlilabad rayonlarının taxılçıları ümumi məhsul istehsalının miqdarına görə rekord nəticə əldə ediblər".

... Nə gözəldir, mədəniyyət tədbirlərində rekord, tikinti-quraşdırmada rekord, taxıl yığımında rekord. Bir məşhur mahnıda deyilidiyi kimi, belə ola həmişə...

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 8 avqust.- S. 6.