İndi Mingəçevirdən ayrılmaq olmur

 

Abad şəhər getdikcə daha da gözəlləşir

 

"Hava çox isti idi" - deməklə həmin mənzərəni, təbiətin insanı sınağa çəkdiyi məqamların yaratdığı təəssüratı tam ifadə edə bilməyəcəyimi əvvəlcədən bilirdim. Ona görə də bəzi xırda detalları yada salmaqla nəyəsə nail olmaq istəyirəm. Məsələn, bürkünün tamamilə yandırıb başqa rəngə saldığı ot və yabanı bitkilər Bozdağın rəngini daha da bozartmışdı. Yaxınlıqdakı ağacın budağına qonmuş quşlar sanki kölgədən ayrılmaq istəmir, qanadlarını bədəndən bir az aralı tutmaqla "istirahət edirdilər".

Külək olmadığına görə Mingəçevir dənizi də - tanıdığım bütün mingəçevirlilər bu gölə dəniz deməklə sanki onun statusunu böyütməyə çalışırlar - öz məcrasında xumarlanırdı. Yəni, təbiət öz təbii ahəngində idi.

Bir az aralıda isə cəmiyyətin öz ahəngi var idi. Bozdağ gündən-günə bozarır, onun qucağında on illərdən bəri böyüyən Mingəçevir isə aydan-aya, həftədən-həftəyə daha da gəncləşir, daha da yaşıllaşır və heç zaman olmayan bir şəkildə cilvələnir, bu "nur şəhəri"nin simasına daha çox sığal çəkilir. Bir zaman həmkarlarım Mingəçevirin sahil boyu sıralanan çinarlarını bir-birinin əlindən tutub gəzməyə gedən bağça uşaqlarına bənzətmişdilər. İndi həmin çinarların hər biri bir sərkərdə kimi, cəngavər kimi qürurlu, qüdrətli görünür. Bir zaman... Bəli, bir zaman Mingəçevir haqqında çox deyib, çox yazıblar. İndi isə bu gözəl şəhər tamamilə başqa görkəm alır. Küçələr, xiyabanlar, parklar, yaşıllıq zolaqları elə bil saatbasaat dəyişilir, gözəlləşir.

Əvvəllər Mingəçevir gölünün sahili boyunca uzanan "Sahil" parkında aparılan yenidənəqurma işləri barədə çox yazmışdıq. Doğrudan da çox işlər görülürdü. Amma, zamanın verdiyi imkanlar çərçivəsində. İndi isə bu park xüsusi layihə əsasında tamamilə yenidən qurulur. Özü də bugünkü, qüdrətli Azərbaycanın yeniləşmək, müasirləşmək tendensiyasına cavab verən şəkildə. Şəhər əhalisinin və qonaqların kütləvi istirahət yeri olan "Sahil" parkının müasirləşdirilməsi şəhər rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Parkın yenidən qurulmasıyla yanaşı, çimərliyə gedən 2-ci yolun bərpası başa çatdırılır, şəhərin əsas giriş avtomobil yolu genişləndirilir, Bayraq meydanı inşa edilir və sairə. Bütün bunlar isə son nəticədə "nur şəhəri"ni ölkənin əsas turizm ünvanlarından birinə çevirəcək. Elə şəhər rəhbərliyinin əsas məqsədlərindən biri də budur.

Mingəçevirdə son zamanlar həyata keçirilən sosial-iqtisadi yönümlü layihələrin bir neçəsi haqqında ətraflı şəkildə söhbət açmaqla yuxarıda qeyd etdiyimiz məqamlar barədə daha əhatəli təəssürat yarada bilərik. Məsələn, burada sənayenin əsas istiqamətlərindən olan enerji istehsalı sahəsində Dövlət Proqramına uyğun olaraq modernləşdirmə və yenidənqurma işləri əsasən başa çatdırılıb. Azərbaycan İstilik Elektrik Stansiyasında 8 enerji blokunda və Su Elektrik Stansiyası silsiləsində 6 hidroaqreqatdan 4-də görülməsi vacib olan işlər yekunlaşdırılıb. Nəticədə şəhər üzrə elektrik enerjisi istehsalı 26 faiz artaraq 4 milyard 342 milyon kilovat-saata çatdırılıb. Bu isə şəhər sakinlərinə, idarə və müəssisələrə, xüsusən, sahibkarlıq subyektlərinə elektrik enerjisinin fasiləsiz və dayanıqlı şəkildə verilməsini təmin edib. Yeri gəlmişkən, adıçəkilən abonentlərə təbii qaz və su da artıq tamamilə fasiləsiz olaraq və yüksək səviyyədə verilir.

Qısa müddət ərzində şəhərin müxtəlif küçə və prospektlərində 81 min kvadratmetr asfalt örtük çəkilib, 13 min kvadratmetr bina fasadı rənglənib, 5,2 min kvadratmetr dam örtüyü əsaslı şəkildə təmir olunub. Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin inkişafı, onların maddi-texniki bazasının daha da möhkəmləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Təbii ki, bütün bunlar insana, şəhər sakinlərinə daha yüksək səviyyədə xidmət edilməsi üçün reallaşdırılan tədbirlərdir. Şəhər icra hakimiyyəti başçısının yanında fəaliyyət göstərən Şuranın son iclasında bu məsələlər xüsusilə müzakirə olundu, əldə edilmiş uğurların yada salınması ilə yanaşı qarşıda duran vəzifələrin əhəmiyyəti də vurğulandı.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd etdi ki, iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılması 35 faiz artaraq 174 milyon, sənaye məhsulu istehsalı 17 faiz artaraq 89 milyon manat təşkil edib. Nəqliyyatda 1,7 milyon, rabitədə 600 min manatlıq xidmət göstərilib. Əsas kapitala 51 milyon manat investisiya yönəldilib. Məşğul əhalinin aylıq əmək haqqı 257 manat, sənayedə çalışanların əmək haqqı isə 312 manat olub. Enerji müəssisələrində işləyənlərin əmək haqqı isə daha çoxdur. Qısa müddət ərzində Mingəçevirdə hamısı daimi olmaqla 323 yeni iş yeri açılıb.

Təbii ki, Mingəçevir əsasən sənaye şəhəridir və ona görə də istənilən yazıda şəhərin sənaye müəssisələrinin göstəricilərinin xatırlanması zərurəti ortaya çıxır. Niyazi Bayramov Şura iclasında qeyd etdi ki, son aylar "Azneftmaaş" Açıq Səhmdar Cəmiyyəti 6,9 milyon, Akkord Mingəçevir Maşınqayırma zavodu 2,7 milyon, "İzolit" Açıq Səhmdar Cəmiyyəti 1,9 milyon, "Kür" elektron avadanlıqları istehsalı müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyəti 63,6 min, "Azəraqrartikinti" açıq Tipli Səhmdar Cəmiyyətinin Mingəçevir filialı isə 65 min manatlıq məhsul istehsal edərək sabit iş rejimi nüumayiş etdiriblər.

Şəhərin elektrik təsərrüfatında müasirləşdirmə tədbirləri davam etdirilib. Enerji itkisinin qarşısının alınması və xüsusən, istehlak olunan elektrik enerjisinin haqqının toplanmasının maksimum şəkildə təmin edilməsi üçün "Smart" tipli sayğacların quraşdırılması davam etdirilir. 269 ünvanda artıq yeni sayğaclar quraşdırılıb. 3 yarımstansiyada transformatorlar yenisi ilə əvəz olunub, 5 kilometrdən çox yuxarı hava xətti və kabel dəyişdirilib.

Qaz İstismarı Sahəsi şəhər əhalisini fasiləsiz təbii qazla təmin edib. Son aylar 227 fərdi evə qaz çəkilib, şəhər ərazisində müxtəlif ünvanlarda 7 kilomterdən çox qaz borusu dəyişdirilib, 174 ədəd sayğac quraşdırılıb, qaz tənzimləyici qurğularda cari təmir işləri aparılıb.

Şəhər əhalisinin, xüsusən, valideyn və müəllimlərin də dediyi kimi, Niyazi müəllimin daha çox diqqət mərkəzində saxldığı məsələlərdən biri də Mingəçevirin təhsil müəssisələridir. Çox qısa bir zaman ərzində təhsil müəssisələri üçün 168 min manatlıq inventar və avadanlıq alınıb, 17 min manatlıq cari təmir işləri görülüb, körpələr evi - uşaq bağçaları 140 min manatlıq zəruri ərzaq məhsulları ilə təmin edilib. Şəhərin 6 ümumtəhsil müəssisəsi buraxılış imtahanları zamanı ən yaxşı göstəriciyə nail olub. Texniki Humanitar Liseyin, 2, 5, 7, 16 və 17 nömrəli məktəblərin məzunlarının 100 faizi attestat alıb. Şəhər müəllimlərindən ikisi - Məlahət Səfərova və Könül Mustafayeva "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olublar.

Şəhərin səhiyyə müəssisələrinin təmir və bərpa işləri, maddi-texniki bazanın möhkəmləndirilməsi və əhaliyə tibb xidmətinin keyfiyyətinin yüksəldilməsi şəhər rəhbərliyinin daimi diqqət mərkəzindədir. Bu sahədə xüsusi tədbirlər planı hazırlanıb və icra olunur.

Biz ötən yazılarımızda Mingəçevirin mədəniyyət müəssisələrinin fəaliyyəti, xüsusən, Mərziyə Davudova adına Dövlət Dram Teatrının tamaşaları barədə təqdiredici fikirlər səsləndirmişdik. İndi isə yeni bir ənənənin təməli qoyulub. Şəhərin mədəniyyət müəssisələri birbaşa meydanlara, sakinlərin və qonaqların arasına gedir, bayram və əlamətdar günlərdə kütləvi tədbirlər təşkil edirlər. Xüsusən, Heydər Əliyev meydanında keçirilən tədbirlər daha zəngin repertuarlı və daha təntənəli olur. Bununla yanaşı, Dövlət Dram Teatrı son zamanlar 4 tamaşa və bir neçə ədəbi-bədii kompozisiya hazırlayıb.

Heydər Əliyev siyasi kursunun mühüm tərkib hissələrindən olan Gənclər siyasəti də Mingəçevirdə uğurla həyata keçirilir. "Azərbaycan Gəncliyi 2011 - 2015-ci illərdə" Dövlət Proqramının icrası ilə əlaqədar şəhər gənclər və idman idarəsində zamanın səsinə səs verən kütləvi tədbirlər hazarlanır, şəhər idmançılarının daha böyük uğurlar əldə etməsi üçün zəmin yaradılır. Bir sözlə, Mingəçevirin elə bir sahəsi, elə bir müəssisəsi yoxdur ki, orada dəyişiklik, yenidənqurma, inkişaf nəzərə çarpmasın. Amma Niyazi Bayramovun fikrincə, qarşıdakı vəzifələr daha böyük olduğu kimi, qazanılacaq uğurlar da daha geniqmiqyaslı olacaq. Neynək, qoy olsun. Onda bizim yazımızın da faktları, arqumentləri daha çox olacaq.

... Elə bil axşamın sərini Bozdağa rahat nəfəs almaq imkanı vermişdi. Elə bizim yanımızdakı güllər, çiçəklər, ağaclar da sanki bir-birinə axşamın şirin nağıllarını danışırmış kimi pıçıldaşırdılar. Onların "dirijoru" isə sərin meh idi. Bir tərəfdən də yenidən qurulmuş fəvvarənin şırıltısı, anaları, nənələri ilə gəzməyə çıxan körpələrin qığıltısı, qəh-qəhəsi... Adam Mingəçevirdən ayrılmaq istəmir. Ancaq getməliyik.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 9 avqust.- S. 4.