Olimpiada finişin astanasında

 

Boksçumuz Teymur Məmmədov Olimpiadanın bürünc medalını qazanmışdır

 

Azərbaycan güləşçisi Yuliya Ratkeviç (55 kq) 9 avqust axşamında bürünc medal uğrunda görüşdə rusiyalı rəqibi Valeriya Jolobovaya heç bir ümid yeri qoymayıb, hər iki hissədə ondan güclü olduğunu inamla sübuta yetirərək Azərbaycan idmançılarının XXX Yay Olimpiya Oyunlarında medallarının sayını yeddiyə çatdırdıqda Pekin Olimpiadası yadımıza düşdü. Dörd il əvvəl də yığma komandamız Çin Xalq Respublikasının paytaxtından yeddi mükafatla qayıtmışdı. Fərq yalnız ondan ibarətdir ki, Olimpiada - 2008-də qazanılmış medallardan biri qızıl idi. Lakin Yuliyanın müvəffəqiyyətindən sonra London Olimpiadasında hələ qarşıda üç yarış günü dururdu və İngiltərə paytaxtındakı təmsilçilərimizin qızıl medal qazanmaq, fəxri kürsünün zirvəsində təbrikləri qəbul etmək imkanları tükənməmişdi. Deməli, oyunların finişində çox şey ola bilər.

Qadın güləşçilərimiz haqqında söhbəti davam etdirib, onların böyük uğurunu xüsusi vurğulayaq. Olimpiya xalçası üzərinə çıxan hər iki təmsilçimiz qaliblərin mükafatlandırılması mərasimində fəxri kürsüdə dayanmışdır. İndi artıq Olimpiya oyunlarının iki medalının sahibi olan Mariya Stadnikin (48 kq) gümüş mükafatından sonra onun rəfiqəsi Yuliya Ratkeviç ölkəmizi bürünc medalla sevindirdi.

İki nəfərə iki medal! Həqiqətən də, çoxlarının, o cümlədən hesabında heç bir mükafat da olmayan yüzdən artıq ölkənin həsəd apara biləcəyi bir nailiyyətdir.

Daha bir qadın idmançımız Aliyə Qarayevanın iştirakı ilə keçirilən bədii gimnastika yarışlarında Olimpiadanın qalib və mükafatçıları bu gün məlum olacaq. Aliyə təsnifat yarışlarının birinci günü həlqə və top ilə hərəkətlərin yerinə yetirilməsində ustalığını nümayiş etdirdi və onların yekununda beşinci oldu. Dünənki təsnifat yarışlarında isə o, gürzlər və iplə təmrinlərin icrasında da çıxışlarını ən yaxşı nəticə göstərən on iştirakçı sırasında başa vurub, adını çoxnövçülükdə final mərhələsi iştirakçılarının siyahısına yazdırmalı idi.

Olimpiadanın 13-cü günündən sonra Azərbaycan yığması 2 gümüş və 3 bürünc mükafatla medal qazanmış 80 ölkənin siyahısında (xatırladaq ki, Olimpiya oyunlarında 205 dövlətin nümayəndələri mübarizə aparırlar) 46-cı mövqedə qərar tutmuşdu. İlk üç yer isə belə bölüşdürülürdü: ABŞ - 90 medal (39+25+26), Çin - 80 (37+24+19), Böyük Britaniya - 52 (25+13+14).

Türkiyə komandasının cədvəldə xeyli irəlilədiyini də qeyd edək. Bu, taekvondoçu Sərvət Təzəqulun müvəffəqiyyəti sayəsində mümkün olmuşdur. Sərvət 68 kq-dək çəki dərəcəsində Olimpiadanın çempionu adını qazanaraq Türkiyəyə Londonda ilk qızıl medalın sevincini yaşatmışdır. Onun qələbəsindən sonra 1 qızıl və 1 bürünc mükafata malik Türkiyə olimpiyaçılarının yığma komandası Olimpiada medallarının əks etdirildiyi cədvəldə İrlandiyaLitva ilə 38-40-cı yerləri bölüşdürürdü.

Dünən, XXX Yay Olimpiya Oyunlarının 14-cü günü Aliyə Qarayeva ilə yanaşı, onun yığmamızdan olan daha bir neçə komanda yoldaşı yarış meydanına çıxmışdır. Gimnastımız Aliyə Qarayeva uğurla çıxış edərək, oyunların əsas finalına yüksəlmişdir. Bizim üçün gərgin və startlarla zəngin bir gün idi. Növbəti medallarımızı da gözləmək olardı. Taekvondoçular Ramin Əzizov (80 kq-dək) və Fəridə Əzizovanı (67 kq-dək), sərbəst üsulla güləşən Əşrəf Əliyevi (74 kq-dək) Olimpiadanın mükafatçıları sırasında, boksçular Teymur Məmmədov (91 kq-dək) və Məhəmmədrəsul Məcidovu (91 kq-dan yuxarı) London rinqinin finalında görmək arzusundaydıq. Təəssüf ki, taekvondoçularımız və sərbəst güləşçimiz yarışları medalsız başa vurdular. Azərbaycan boksçusu Teymur Məmmədov Olimpiadanın bürünc medalını qazanmışdır. Valentin Demyanenkonun kanoedə 200 metr məsafəyə avarçəkmə yarışlarının təsnifat mərhələsində uğurla çıxış edib final startlarına vəsiqə qazanacağına, demək olar, heç kim şübhə etmirdi. Onu öz qrupunda Avstraliya, Yaponiya, Braziliya, Fransa, İrlandiyaKanada idmançıları ilə rəqabət gözləyirdi. Bir sözlə, həyəcanlı bir gün yaşayırdıq.

Günə yaxşı başladıq. Əzizov ilk görüşdə təcrübəli rəqibi, Olimpiya oyunlarının ikiqat qalibibeş dəfə dünya çempionu Stiven Lopes (ABŞ) üzərində qələbə qazanaraq dörddəbir finala çıxdı. Bu mərhələdə Ramin axşam saatlarında İtaliya taekvondoçusu Mayro Sarmiento ilə qarşılaşacaqdı. Demyanenko isə ümidləri doğrultmadı. Avarçəkənimiz təsnifat yarışlarında finişə sonuncu çatıb final mərhələsindən kənarda qaldı. Bunu isə dünya çempionundan heç kim gözləmirdi.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 11 avqust.- S. 2.