Ədəbiyyatımızda deportasiya mövzusuna həsr olunmuş əsərlərə bir baxış

 

Rusların Azərbaycana gəlişindən, Türkmənçay və Gülüstan müqavilələrindən sonra hayların İrandan və Türkiyədən köçürülərək qədim oğuz-türk torpaqlarına yerləşdirilməsi türk və İslam dünyasının çökməsi üçün hazırlanmış məqsədyönlü siyasətin tərkib hissəsi idi. Ermənistan adlı bufer bir dövlətin Azərbaycan torpaqlarında yaradılması Azərbaycanı türk dünyasından ayırmağa xidmət edirdi.

Ermənilərlə türklər (müsəlmanlar) arasında milli-etnik zəmində münaqişələrin tez-tez baş verməsi Azərbaycanın bir parçası olan indiki Ermənistandan onun əzəli və əbədi sakinlərinin öz doğma yurdlarından məcburən çıxarılması, deportasiyası ilə nəticələndi.

İlk illər bu deportasiya gizli şəkildə aparılsa da, 1948-1953-cü illərdə müxtəlif adlar altında daha geniş və açıq müstəviyə keçdi.

"Ellər atasının" (İ.V.Stalinin - red.) 1947-ci il dekabrın 23-də imzaladığı SSRİ Nazirlər Sovetinin 4083 nömrəli qərarına əsasən, 1948-53-cü illərdə yüz minlərlə azərbaycanlı (əksəriyyəti türklər olan) əhalinin Ermənistandan Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi planlaşdırıldı.

Bəzi bədii, publisistik yazılarda bu proseslər üstüörtülü şəkildə yada salınsa da, 1948-53-cü illərdə azərbaycanlıların Ermənistandan Kür-Araz ovalığına köçürülməsinin əsl səbəbləri tam açıqlanmamış, hadisələr üstüörtülü qalmışdır. Bu haqda ilk dəfə 1988-ci il hadisələrindən sonra açıq danışılmağa başlanmışdır.

Lakin Ermənistan azərbaycanlılarının deportasiyaya məruz qalmasına, onların hüquqlarının pozulmasına dövlət səviyyəsində ilk dəfə münasibət bildirən ulu öndərimiz Heydər Əliyev oldu. Onun 18 dekabr 1997-ci ildə imzaladığı fərman 100 minlərlə Ermənistan azərbaycanlılarının qanayan yaralarına məlhəm qoydu. Hətta 1948-53-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyasının yaradılması, həmin komissiyaya ulu öndərin şəxsən özünün sədrlik etməsi onun ulu babalarının boy verdikləri qədim yurd yerlərinə olan sevgisindən irəli gəlirdi.

Bu gün deportasiya tarixi, siyasi bir mövzu kimi dövlət siyasətinin bir qolu olsa da, onun ədəbiyyatımıza gətirilməsi, deportasiyaya dair müxtəlif bədii fikir nümunələrinin yazılması, nəşr olunması bu mövzuya olan marağı bir daha özündə ehtiva edir. Demək olar ki, aşıq şeirimizin bayraqdarı olan Dədə Ələsgərdən üzü bu yana deportasiya, Vətən həsrəti mövzusunda yazılmış maraqlı ədəbi nümunələr oxucular tərəfindən sevilə-sevilə oxunur və gənc nəslin vətənpərvər böyüməsində, onlara yurd sevgisinin aşılanmasında mühüm yer tutur.

Hesab edirəm ki, ədəbiyyatımızda deportasiya mövzusu 4 istiqamətdə araşdırılmalıdır:

1.Şeirdə deportasiya mövzusu; 2.Nəsrdə deportasiya mövzusu; 3.Dramaturgiyada deportasiya mövzusu; 4.Publisistikada deportasiya mövzusu.

Lakin bu məqalədə dramaturgiyanı çıxmaq şərtilə şeirlərdə, nəsr əsərlərində və publisistikada deportasiya mövzusuna olan münasibətə aydınlıq gətirməyə çalışmışıq. Ancaq yuxarıda adlarını çəkdiyim istiqamətlərdə deportasiya mövzusunu ayrı-ayrılıqda işləsək və araşdırsaq daha məqsədəmüvafiq olardı.

Tarixi gerçəklikləri, reallıqları və bizdən gizlədilmiş arxiv materiallarındakı həqiqətləri araşdırdıqdan sonra məlum olur ki, haylar bizdən təkcə torpaq yox, milli kimliyimizi, maddi-mənəvi dəyərlərimizi, mədəniyyətimizi, min illər boyu yaratdığımız şifahi və yazılı ədəbiyyatımızı da almaq, mənimsəmək istəyirlər.

Görkəmli alimimiz Budaq Budaqovun "525-ci qəzet"in 25.9.2009-cu il tarixli nömrəsində çap olunmuş "Tariximiz dünyaya çıxır" adlı məqaləsində yazır: "Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi həmişə SSRİ-nin daxili məsələsi kimi təqdim edilirdi. Halbuki, mən, Cəmil Həsənlinin "SSRİ-Türkiyə: neytrallıqdan soyuq müharibəyə doğru (1939-1953" monoqrafiyası ilə tanış olduqda bu problemin daxili məsələ deyil, məhz həmin dövrün beynəlxalq siyasətinin tərkib hissəsi olduğuna, Sovet İttifaqının Türkiyəyə qarşı irəli sürdüyü ərazi iddialarının, İkinci dünya müharibəsindən sonra İ. Stalinin planı üzrə xaricdə yaşayan ermənilərin (hayların) repatriasiya (Vətənə dönüş) siyasətinin tərkib hissəsi olduğuna tam əmin oldum.

Cəmil Həsənli bu deportasiyaların müharibədən sonra kəskinləşən soyuq müharibələrin, SSRİ-Türkiyə münasibətlərinin bilavasitə tərkib hissəsi olduğunu ortaya qoyub. Onun azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı elmi dövriyyəyə gətirdiyi sənədlər siyasi baxımdan bu məsələnin beynəlxalq təşkilatlarda deportasiya kimi tanıdılması, 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlının Stalin rejiminin qurbanları sırasına daxil edilməsi üçün kifayətdir"- fikri deportasiya tariximizin araşdırılmasına elmi-nəzəri konsepsiyaların hazırlanması üçün bir çağırışdır və bu gün siyasi əqidəsindən asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan gerçəkliklərini dünyaya çatdırmaq üçün bütün gücünü səfərbər etməlidir.

Araşdırmalar göstərir ki, Azərbaycanın faktiki olaraq iki yerə parçalanmasından sonra hayların qədim oğuz-türk yurdlarına köçürülməsindən və azərbaycanlıların deportasiyasından sonra xalqın yaddaşında özünə yer eləmiş qaçqınlıq, köçkünlük heç zaman məlhəmi olmayan bir ağrı kimi yurd həsrətilə deyilmiş bayatılarda, ağılarda, qoşmalarda öz əksini tapmışdır. Bu yazımızda Dədə Ələsgərdən üzü bu yana yurd həsrətilə köklənmiş, deportasiyamıza həsr olunmuş bədii ədəbiyyat nümunələri haqqında söhbət açacağıq.

Məlumdur ki, Dədə Ələsgər qədim Göyçə mahalının Ağkilsə kəndində saza, sözə vurğun bir ailədə dünyaya göz açmışdır. İlahidən vergili olanHaqq aşığı kimi tarixə düşən Dədə Ələsgərin yaradıcılığında elə bir şeir növü yoxdur ki, işlənməsin. Şeirimizdə Füzuli sevgisi ilə yanaşı durmağa boy verən Ələsgər yaradıcılığı özündə gözəlliyi, mənəvi paklığı və kamilliyi aşılayan, dövrün ictimai-siyasi hadisələrini də canlı şəkildə əlvan çalarlarla əks etdirən bir böyük sənət abidəsidir. Onun tarixi səpkidə yazdığı qoşmaları, gəraylıları, müxəmməsləri bugünkü tarixşünaslığımız üçün əvəzolunmaz mənbələrdəndir. "Orta Sarıtel" havası üstə oxuduğumuz "Yaylaq" gəraylısındakı qəmginlik, yurd həsrəti bəlkə də çoxumuzun gözündən yayınıb. Düzdür, havacatın özü də qəmli notlara köklənib. Bəs görəsən, aşıq, nəyə görə:

 

Gözüm qaldı siyah teldə,

Bülbül öldü meyli güldə.

Kimsəm yoxdu qürbət eldə.

Sən mənə qəmxar ol, yaylaq.

 

"Yaxşı hörmət ilə, təmiz ad ilə" Qafqaz elini dolanan, qocaya "ata", cavana "qardaş" deyən, qızı, gəlini ana-bacı bilən Aşıq Ələsgər "Kimsəm yoxdu qürbət eldə", - deməklə nəyə işarə vururdu görəsən? Lakin bu şeirin harada yazılmasını araşdıranda məlum olur ki, ermənilər tərəfindən törədilən qırğın (soyqırımı) zamanı həmin qaçaqaç dövründə Ələsgər Kəlbəcərin Qanlıkənd (Qalaboynu) kəndində sığınacaq tapıb və Göyçəyə qayıdana qədər böyük mənəvi əzab-əziyyətlə üzləşib. Hətta həmin qırğında onun şəyirdi Aşıq Nəcəfin kürəyinə ermənilərin samovar bağlayıb işgəncə verdikdən sonra öldürmələri Aşıq Ələsgərə böyük mənəvi sarsıntı yaşadıb. Ermənilərin 1918-ci ilin mart ayında təkrarən törətdikləri fitnəkarlıq bütün göyçəlilərin ağır faciəsi ilə nəticələnir. Mənfur düşmən ələ keçirdiyi adamları qırır, qalanların da çoxu dağ aşırımlarında borana düşüb məhv olurlar. Onların arasında ömrünün sonuna qədər Ələsgərə həsrətlə baxıb köks ötürən Səhnəbanı da var idi.

Göyçə mahalının Pəmbək kəndindən olan balabançı Əli kişinin danışdığına görə, ermənilər Silikov adlı bir erməni polkovnikinin başçılığı altında "Göyçədə yeni hökumət qururuq"- deyə Göyçənin başbilənlərini, savadlı adamlarını, Bala Mərzə və Şişqaya kəndinin camaatını məscidlərə doldurub od vururlar. Bu mənada Ələsgərin "Dağlar" qoşması erməni vəhşiliyini özündə əks etdirən tarixi faktdır.

 

Hanı mən gördüyüm qurğu, büsatlar

Dərdməndlər görsə tez bağrı çatlar.

Mələşmir sürülər, kişnəşmir atlar,

Niyə pərişandı halların, dağlar?!

 

Hanı bu yaylaqda yaylayan ellər

Görəndə gözümdən car oldu sellər.

Seyr etmir köysündə türfə gözəllər,

Sancılmır buxağa güllərin, dağlar.

 

Həsənnənə, Həsənbaba qoşadı,

Xoşbulaq yaylağı xoş tamaşadı.

Arsız aşıq elsiz niyə yaşadı?!

Ölsün Ələsgər tək qulların, dağlar.

 

Araşdırmamızdan belə qənaətə gəlmək olar ki, başımıza gətirilən soyqırımlar, deportasiyalar xalqımızın epos təfəkkürünə söykənən yaddaşında qoşma, gəraylı, bayatı və ümumiyyətlə, aşıq şeir şəkillərində daha çox öz əksini tapıb. Buna görə də bu əsərlər xalqın dilində tez əzbərlənir, şifahi ədəbiyyat kimi bir formadan digər formaya düşür və beləcə nəsildən-nəsilə ötürülür. Aşıq Ələsgər ocağının layiqli nümayəndələrindən olan İsmixan Didərginin yaradıcılığı deportasiya ədəbiyyatımızda xüsusi yer tutur. Bəlkə də elə yurd həsrəti idi ki, İsmixanı vaxtsız ölüm sıralarımızdan apardı.

 

Dənizlərdə boğuluram,

Köpüklərə əl atıram.

Tümən-tümən səpən canım,

Qəpiklərə əl atıram.

 

Fələk nərdi verib tuza,

Kim oynaya, kim uduza.

Qarışmışıq dələduza.

Şəpiklərə əl atıram.

 

İsmixanam, yetməz bəyan,

qohum var, nə də həyan.

Hərdən-hərdən mənə dəyən.

Təpiklərə əl atıram.

 

Bu üçbəndlik gəraylıda bir şair, bir didərgin ömrünün keçirdiyi sıxıntılar, dili bir, dini bir doğmalar içində Vətəndən uzaqlarda özünü yad kimi hiss etmək hissi hakim kəsilib və gəraylının sonuncu bəndində "Hərdən-hərdən mənə dəyən, təpiklərə əl atıram" fikri incə məqamlardan xəbər verironu açmaq, onu duymaq oxucunun öz ixtiyarına verilir. İsmixan Didərginin şeirlərində ayrılığın şəklini görmək mümkündürbu şeirlərdə kədər qarışıq bir ümid işığı var. Təkcə "Ayrılıq" şeirində yeddi yer adı, yeddi toponim işlədilib və sözsüz ki, hamısı da öz ana türkcəmizdədir.

 

Dədə yurdum, elim-günüm, bəri gəl,

Gəl öpüşək, halallaşaq, ayrılaq.

Səcdə qılıb, diz çökürəm önündə.

Sinəmdəki ağrılara yaxşı bax.

Gəl öpüşək, halallaşaq, ayrılaq.

 

Bu nemətdən, bu torpaqdan harda var?

Bu obadan, bu oymaqdan harda var?

Bu təndirdən, bu ocaqdan harda var?

Alagöllər, Şışpilləkən, Qonurdağ.

Gəl öpüşək, halallaşaq, ayrılaq.

 

"Ermənistan SSR- Azərbaycan toponimlərinin dəyişdirilməsi barədə ilk fərman hələ 1935-ci ildə verilmiş, yaşayış məntəqələrinin, dağ, çay, bölgə adlarının dəyişdirilərək "erməniləşdirilməsi" siyasəti dövlət səviyyəsində ardıcıl surətdə həyata keçirilmişdir" (B.Ə. Budaqov, Q.Ə. Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lünğəti. səh. 9. "Oğuz eli" nəşriyyatı, Bakı, 1998) Bu yer-yurd adlarının şeirlərdə, folklorumuzda işlənməsi onların yaddaşlarda şəkillənib acılı-şirinli bir xatirə tək xatırlanması bu gün sabah böyüməkdə olan gənc nəslin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayacaq.

 

yoxuşa, Sarınərə,

Vida dedik neçə kərə.

Yelli gədik, Çətin dərə.

Mənim sizdə nəyim qaldı?

 

Müqəddəsdir düzüm, çölüm,

İsti yuvam, ağır elim.

Göz bəbəyim, Göyçəgölüm,

Mənim sizdə nəyim qaldı?

 

Bu misralar insana can verə bilməyən, gözü yollara dikilən, son nəfəsi boğazında düyünlənən bir ananı xatırladır yurdundan, yuvasından zorla qovulanları südəmər bir körpənin anasının südlü döşündən ayrılması ilə müqayisə etmək daha düzgün olardı. Şairin "Gəldim" qoşmasındakı dərdi ölçmək üçün gərək ürəyinə ürək bağlayasan.

 

Əlvida demədim mən öz yurduma,

Çölünü, düzünü gətirib gəldim.

Ulu çamalını basdım bağrıma,

Qarını, buzunu gətirib gəldim.

 

Hər daşa, divara sürtdüm əlimi,

Qucdum çəmənimi, öpdüm çölümü.

Yığıb gözlərimə Göyçə gölümü,

Göyçənin gözünü götürüb gəldim.

 

Vətən sevgisi milli kökdən, milli kimlikdən maya tutur İsmixan şeirlərinin bünövrəsi, özülü eyni zamanda fəlsəfi kökdədir. Özü bu fəlsəfə kosmopolit, mücərrəd fəlsəfə deyil, xalqın kökünə, onun min illərdən bəri sınaqdan çıxmış məntiqli təfəkkürünə söykənən fəlsəfədir. Əsl məna dəyər bundadır. Necə ki, böyük şairimiz Səməd Vurğun şeirlərinin birində deyirdi:

 

Köksüz bir ağacın meyvəsi varmı?

Adam da əslini heç unudarmı?

 

(ardı var)

 

 

Hafiz HACXALİL

 

Xalq qəzeti.- 2012.- 11 avqust.- S. 6.