Orta əsr Ağsu şəhərinin yerində arxeoloqlar tərəfindən daha bir dəfinə tapılmışdır

 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu Arxeoloji Ekspedisiyası Ağsu şəhərinin cənubunda yerli sakinlərin "Xaraba Şəhər" adlandırdıqları orta əsr Ağsu şəhəri yerində aparılan qazıntı işləri zamanı daha bir dəfinə - 24 ədəd gümüş sikkə tapmışdır. Gümüş sikkələr bir qədər bundan əvvəl aşkar edilmiş 37 ədəd qızıl sikkənin (Holland dukatları) tapıldığı yerdə - 7-ci qazıntı ərazisində üzə çıxarılmışdır. XVII-XVIII əsrlərə aid edilən gümüş sikkələr Şirvanşahlara məxsus hesab edilir. Hazırda sikkələrin üzərində dəqiq tədqiqat işləri aparılır.

Ekspedisiyanın rəisi tarix elmləri doktoru Qafar Cəbiyevin fikrincə 7-ci ərazi şəhərgahın maddi-mədəniyyət nümunələri ilə zəngin olan hissələrindəndir. 10 metr dərinlikdən tapılmış, uzunluğu 30, eni isə 8 metr olan bu binanın divarları və şimal hissəsində olan 19 pilləli pilləkəni tamamilə salamat qalmışdır. İlkin ehtimallara görə anbar hesab edilən bina şəhərə hücum zamanı dağıdılmışdır. Çökmüş tavanın altından top mərmilərinin qalıqları, habelə çaxmaqlı tüfəng güllələri aşkar olunmuşdur.

Əlbəttə, digər ərazilər də maddi-mədəniyyət nümunələri ilə zəngindir. Belə ki, 2-ci qazıntı ərazisində, hətta qızıl bəzək əşyası da tapılmışdır.

Hazırda 7-ci ərazidə qazıntı işləri davam etdirilir.

 

 

AzərTAc

 

Xalq qəzeti.- 2012.- 14 avqust.- S. 4.