Xocalı soyqırımı beynəlxalq hüquqi-siyasi qiymətini almalıdır

 

Xocalı soyqırımını tanıtdırmaq üçün biz - dövlət, hökumət, diplomatiyamız, ictimai təşkilatlar, diaspor təşkilatlarımız çox böyük işlər görmüşük. Bu, çox vacib və çox önəmli məsələdir. Artıq üç ölkə - Kolumbiya, Meksika və Pakistan Xocalı soyqırımını soyqırımı kimi rəsmi qaydada qəbul etmişdir. Əminəm ki, bu proses davam etdirilməlidir və etdiriləcəkdir. Həm səfirliklərimiz, əlbəttə ki, dövlət qurumları, ictimai təşkilatlar bu məsələ ilə bağlı öz səylərini davam etdirəcəklər. Getdikcə Xocalı soyqırımını soyqırımı kimi tanıyan ölkələrin sayı daha da çoxalacaqdır".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

1988- ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş faciə, tarixdə xüsusi qəddarlıqla həyata keçirilmiş hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən olan Xocalıda baş vermişdir. Xocalı qətliamı XX əsrin ən dəhşətli favciələri olan Xatın, Liditse faciələri ilə müqayisə oluna bilər.

Xocalı Xankəndi şəhərindən 14 kilometr şimal-şərqdə, Qarabağ dağ silsiləsinin ətəyində yerləşir.

1992- ci ilin qanlı faciəsinə kimi Xocalı şəhərində 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndidən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989 - cu ildə Fərqanədən qovulmuş Axıska türklərinin bir hissəsi Xocalıya pənah gətirərək burada məskunlaşmışdır.

1992 - ci il fevralın 25 - dən 26 - na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərindəki keçmiş SSRİ- nin 366- cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etmişdir. Əvvəlcə şəhər dörd istiqamətdən erməni qoşun birləşmələri tərəfindən mühasirəyə alınmış, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş acılmış, az bir vaxt ərzində şəhər yandırılmış, tamamilə alova bürünmüşdür. Silahsız və köməksiz dinc əhali qanına qəltan edilmişdir. Fevralın 26- sı səhər saat 5- ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmiş, bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan olmuşdur. Canınıı götürüb qaçmaq üçün dağlara, meşələrə üz tutmuş dinc əhali erməni faşistləri tərəfindən güllələnmiş, onlara amansız divan tutulmuşdur.

Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız- gəlin əsir düşmüş, girov götürülmüş, nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsa da, onlardan çoxu soyuqdan, şaxtadan məhv olmuşdur. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisinin 613 nəfəri vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin- qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyil.

Bu, əsl soyqırımı idi. Xocalıda qətlə yetirilmiş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə qocalardır. Xocalı faciəsində 8 ailə bütovlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan bəziləri diri- diri yandırılmış, başları kəsilmiş, bədən üzvlərinin dərisi soyulmuş, bədən üzvləri kəsilib götürülmüş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etməkdən belə çəkinməmişlər. Bu faciəni yaşamış bir şəxs kimi deyə bilərəm ki, bu cür faciəni törədən millət insanlığa aid edilə bilməz.

Xocalı faciəsinə real hüquqi qiymət ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra verildi. Ümummilli liderin təşəbbüsü ilə 1994- cü ilin fevral ayının 24- də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Xocalı soyqırımı"na hüquqi- siyasi qiymət verilmiş, 1 mart 1994- cü ildə isə Prezident Heydər Əliyev xüsusi fərman imzalamışdır.

1997- ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir.

1992- ci ildən başlayaraq hər il 26 fevral Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad olunur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gərgin əməyi və siyasi iradəsi nəticəsində Xocalı soyqırımı əsas müzakirə mövzularından biridir. Dövlət başçımızın Xocalı faciəsinin XX ildönümü haqqında imzaladığı 17 yanvar 2012- ci il tarixli xüsusi sərəncamı ölkə rəhbərinin Xocalı soyqırımına hansı həssaslıqla yanaşdığının göstəricisi kimi qəbul edilə bilər.

2001- ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi həmvətənlərimizin təşkilatlanması işində böyük addım oldu. "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002 - ci il 5 iyul tarixli Prezident fərmanı isə Azərbaycan diasporunun fəaliyyətinin kordinasiya edilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması, onların təşkilatlanması işində ciddi rol oynadı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008 - ci il noyabrın 19- da imzaladığı sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da məhz bu zərurətdən irəli gəlmişdir. Aparılan uğurlu xarici siyasət nəticəsində artıq xarici ölkələrdə 420- dən çox diaspor təşkilatımız fəaliyyət göstərir. Bunun nəticəsidir ki, dünyanın 100-dən çox ölkəsinin parlamentində Xocalı faciəsi məsələsi müzakirəyə çıxarılıb.

Artıq 3 ölkə Pakistan, Meksika və Kolumbiya Xocalı soyqırımını tanıyıb, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstəyini bir daha təsdiq edib. İƏT- in 7-ci sessiyasında "Azərbaycan Respublikasına Ermənistan Respublikasının təcavüzü" adlı qətnamə qəbul edilmişdir. Qətnamədə göstərilir ki, Konfransa üzv ölkələrin parlamentlərini 2012- ci ildən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992- ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir".

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımının 20- ci ildönümü dünyanın 120- dən artıq nöqtəsində geniş şəkildə qeyd edilmişdir. Heydər Əliyev Fondunun hazırladığı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli- ideoloji vasitəyə çevrilən təbliğat materialları artıq bir sıra xarici ölkələrdə müxtəlif dillərdə yayılıb və yayılmaqdadır. Soyqırımına həsr olunmuş mərasimlərin 2005- ci ildən başlayaraq Vaşinqton, Nyu-York, Varşava, London, Pekin, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Roma, Tbilisi, Sarayeva və başqa şəhərlərdə silsilə tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə soyqırımına həsr olunmuş kitablar, broşürlər çap edilir, kinofilimlər çəkilərək dünya ictimaiyyətinə çatdırılır.

Artıq dünyanın iri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə küçələrə və parklara Xocalı adı verilir. Xocalı haqqında həqiqətlər ictimaiyyətə təqdim edilir. Bunlara misal olaraq 2012- ci il fevral ayının 24- də Bosniya və Herseqovinanın paytaxtı Sarayevada Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan "Dostluq parkı"nın və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidənin açılışı olmuş, fondun vitse - prezidenti Leyla xanım Əliyeva şəhər ictimaiyyətinə Xocalı soyqırımını ilə bağlı geniş məlumat vermiş və tədbir iştirakçılarına soyqırımı əks etdirən videoçarxlar təqdim etmişlər.

Xocalı faciəsinin oxşarı olan Liditse 1942- ci ildə alman faşistləri tərəfindən yerlə yeksan edilmiş və əhalisi terrora məruz qalmışdır. Xocalı və Liditse faciələrinin oxşarlığı məhz ona səbəb olmuşdur ki, 2007- ci ildə Liditse muzeyi və Xatirə kompleksində Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş 3 ay davam edən silsilə tədbirlər keçirilmişdir. Çexiyanın Liditse qəsəbəsində Xocalı adlı küçənin açılışı və eyni zamanda hal-hazırda Xocalı sakinlərinin əksəriyyətinin məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Liditse küçələrinin açılışı və bu iki yaşayış məntəqəsinin eyni tale yaşamış qardaş yaşayış məntəqələri olduğu vurğulanmışdır.

Çexiyadakı səfirliyimizdən aldığımız məlumata əsasən bildirmək istərdik ki, 18 iyun 2012 - ci il tarixində Liditse şəhərinin meri Veronika Kellerova və "Liditse Xatirə Abidə Kompleksi" nin direktoru Milouş Çervensi ilə görüş keçirilmişdir.

V.Kellerova ilə görüş zamanı Xocalı Rayon İcra Hakimiyyəti ilə Liditse Xatirə Abidə Kompleksi arasında imzalanmış Əməkdaşlıq Memorandumundan sonra hər il "Liditse" faciəsinin ildönümünün Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qeyd edilməsi xatırladılmış, Xocalı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Aşağı Ağcakənd qəsəbəsindəki küçələrdən birinə "Liditse" adının verilməsi və küçənin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ayrılmış vəsait hesabına əsaslı təmir olunması barədə ətraflı məlumat verilmişdir. Həmçinin, 12 iyun 2012- ci il tarixində Aşağı Ağcakənd qəsəbəsində "Liditse" faciəsinə həsr olunmuş xatirə lövhəsinin açılışında Çexiya Respublikasının ölkəmizdəki səfiri Radek Matula, Xocalı rayon ictimaiyyətinin nümayəndələri və bir sıra vəzifəli şəxslərin iştirakı qeyd edilmiş və həmin küçədə yerləşən Xocalı şəhər 4 saylı orta məktəbində "Liditse" və "Xocalı" faciələrinə həsr olunmuş sərginin keçirildiyi bildirilmişdir.

Keçirilən tədbirlərlə bağlı minnətdarlığını bildirən V.Kellerova ilə gələcək planlar barədə fikir mübadiləsi aparılmış, şəhərlərarası əməkdaşlığın zəruriliyi qeyd olunmuşdur. Həmçinin, yaxın zamanlarda Liditse şəhərində "Xocalı" faciəsinə aid xatirə lövhəsinin açılması planları barədə müzakirələr aparılmışdır.

Faciənin 20 illiyi ilə əlaqədar keçirilən tədbirlərdən ən izdihamlısı və eyni zamanda, böyük türk birliyini nümayiş etdirən tədbir 26 fevral 2012- ci il tarixdə Türkiyənin İstanbul şəhərində Taksim meydanında baş tutdu. Bu tədbirdə Türkiyənin nüfuzlu dövlət xadimləri, dünya dövlətlərinin İstanbuldakı səfirlikləri, Azərbaycandan dövlət və hökumət adamları ilə yanaşı, bizim Xocalı rayonundan da bir qrup ziyalılar, soyqırımı şahidləri və soyqırımında xəsarət almış şəxslər iştirak edirdilər.

Bu tədbir eyni zamanda Türkiyə və Azərbaycan "Bir millət - iki dövlət" anlamını bir daha sübut etdi. Bununla yanaşı, bir çox yerlərdə məsələn, 2009- cu il martın 31-də Nevada ştatının qubernatoru tərəfindən "Azərbaycanın soyqırımı günü"nün anılması tarixi elan olundu. 2010- cu il fevralın 25- də Massaçusetis ştatında, 2011 - ci il 26 fevralda Texas, Nyu- Cersi, Corciya ştatlarının Nümayəndələr Palatası Xocalıda çox ağır cinayət törədilməsi faktını tanıyıb və qətnamə qəbul olunmuşdur.

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012 - ci il fevralın 23-26- da Almaniyanın Berlin və Hamburq şəhərlərində, fevralın 27-28- də isə Belçikanın Brüssel şəhərində silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin üzvləri- Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və Milli Məclisin deputatı Rövşən Rzayev, icmanın üzvü Anar Usubov, həmçinin Xocalı rayonunun 8 nəfər sakini iştirak etmişlər.

Ümumiyyətlə, Xocalı soyqırımının 20- ci ildönümü ilə əlaqədar dünyanın 7- dən çox ölkəsində yürüşlər, anım mərasimləri, aksiyalar, mitinqlər, konfranslar, sərgilər keçirilmiş, çoxsaylı kitab, buklet və s. əyani vəsaitlər paylanmışdır, videomaterial nümayiş etdirilmişdir. "Xocalıya ədalət" kampaniyası ermənilərin qanlı əməllərini ifşa etmək, faciənin mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq, Xocalı qırğınına ədalətli siyasi- hüquqi qiymət verilməsinə nail olmaq və beynəlxalq ictimaiyyətin diqqətini təqsirkarların cəzalandırılmasının vacibliyinə cəlb etmək olmuşdur.

Soyqırımının 20- ci ildönümü ilə əlaqədar İstanbul şəhərində izdihamlı yürüş- mitinqdə 100 minlərlə insan Azərbaycanın haqq işinə dəstək vermiş, dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsini pisləmiş və dünya ictimaiyyətini bu cinayəti soyqırımı kimi tanımağa çağırmışdır. Bu möhtəşəm aksiya Azərbaycan və Türkiyə xalqları arasında sarsılmaz birliyin əyani sübutu olmuş və göstərilmişdir ki, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur, dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır.

Dünyanın nüfuzlu KİV-ində Xocalı soyqırımının 20- ci ildönümü ilə bağlı geniş materiallar verilmiş, keçirilən tədbirlər işıqlandırılmışdır. ABŞ, Avropa İttifaqı ölkələri, Rusiya, Türkiyə, Pakistan, Liviya və digər ölkələrin aparıcı KİV- inin reportajlarında, şərh və təhlillərində Xocalı faciəsi soyqırımı, insanlığa qarşı cinayət kimi xarakterizə edilmiş və bu faciənin soyqırımı kimi tanınmasına dair çağırışlar edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012- ci il fevralın 26- da iştirak etdiyi 100 minlik ümumxalq yürüşü Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirmişdir.

Budur Azərbaycanın uğurlu siyasətinin bariz nümunəsi. Ölkəmizin günü- gündən qüdrətlənməsi, ictimai-siyasi uğurları məhz Qarabağımızın xilasını heç də uzaqda deyil, yaxın dövrdə düşməndən azad olunacağını göstərir.

Tarix unudulmayacaq. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Xocalılar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara, haqq- ədaləti və həqiqəti müdafiə etmək Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək və pozulmuş hüquqlarını müdafiə etməklə bağlı müraciətlər ünvanlayırlar.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatdırılmalıdır. Hal- hazırda bu soyqırımın baş verməsində hər hansı şəkildə iştirakı olmuş, əlləri Xocalı şəhidlərinin qanına batmış şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər. Ancaq vaxt gələcəkdir ki, onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Prezident İlham Əliyevin sədrliyi ilə 11 iyul 2012 ci il tarixdə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında digər məsələlərlə yanaşı, "Xocalı faciəsinin" 20-ci ildönümü ilə əlaqədar faciənin detallarını bir daha vurğulamış və bu yönümdə görüləcək işlərə dair müvafiq tapşırıq vermişdir.

Tədbirdə vurğulanmışdır ki, Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən quruculuq işləri ilə yanaşı işğal altındakı ərazilərimizin azad olunması istiqamətində də səylər davam etdirilir. Təsadüfü deyil ki, Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistanın işğalından azad edilməsi istiqamətində göstərilən fəaliyyətin tərkib hissəsi olaraq Azərbaycan həqiqətlərinin təbliği, xalqımıza qarşı törədilən vəhşiliklərin dünyaya çatdırılması məqsədilə daim iş aparılır.

Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev Xocalı soyqırımı haqqında həqiqətlərin ölkədə və respublikadan kənarda təbliğinə daim həssas yanaşıb. Bildiyimiz kimi, Xocalı faciəsinin yaddaşlarda daha da möhkəmləndirilməsi məqsədilə hər il ölkə daxilində çoxsaylı kütləvi tədbirlər keçirilir, uşaqlar və gənclər arasında bununla bağlı müxtəlif müsabiqələr təşkil olunur. Bununla yanaşı, mütəmadi olaraq respublikada faciə qurbanlarını anım mərasimləri təşkil edilir, müxtəlif rayon və qəsəbələrdə soyqırımı abidələrinin açılışı gerçəkləşdirilir. Dövlət başçısının birbaşa diqqəti və nəzarəti altında görülən bu işlər sayəsində ölkədə böyüyən yeni nəsil bu tarixi faciə ilə bağlı həqiqətləri dərindən mənimsəyir. Digər tərəfdən, beynəlxalq miqyasda bu sahədə görülən tədbirlər nəticəsində Ermənistanın əsl siması ifşa edilir, dünya birliyi azərbaycanlıların məruz qaldığı erməni vəhşiliklərindən xəbərdar olur. Pakistan, Meksika və Kolumbiya parlamentlərinin, ABŞ-ın bir neçə ştatının Xocalı faciəsini soyqırımı kimi qəbul etməsi bunun əyanı göstəricisidir.

Prezident İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına 23 fevral 2012-ci il tarixli müraciətində ölkəmizin bu faciə ilə bağlı mövqeyi növbəti dəfə birmənalı şəkildə öz əksini tapıb. Müraciətdə bildirilir ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər: "XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı səhifəsi idi. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün tədbirlərdə, o cümlədən beynəlxalq səviyyəli danışıqlarda ermənilərin Xocalıda törətdiyi soyqırımını xüsusi olaraq qeyd edir. Respublika Prezidentinin iyul ayının 16-da 2012-ci ilin birinci yarımilliyinin yekunları ilə əlaqədar keçirilən müşavirədə Xocalı soyqırımına xüsusi yer ayırması ölkə rəhbərinin xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş kütləvi qırğın hadisəsinə daim həssaslıqla yanaşmasının ifadəsi kimi qəbul edirik. Respublika Prezidentinin qeyd olunan müşavirədə Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirləri əsas kimi qəbul edərək biz də rayon icra hakimiyyəti olaraq Xocalı soyqırımı haqqında həqiqətlərin daha geniş miqyasda təbliğ edilməsi üçün Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi ilə birgə xüsusi tədbirlər planı hazırlamışıq. Fəaliyyətimizi həmin tədbirlər planına uyğun davam etdirəcəyik.

 

 

Ş.USUBOV,

Xocalı Rayon İcra Hakimiyyətinin

başçısı, Dağlıq Qarabağın

Azərbaycanlı İcmasının üzvü

 

Xalq qəzeti.- 2012.- 14 avqust.- S. 5.