XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları böyük təntənə ilə qarşılanmışlar

 

Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıtmışlar.

Londonda Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış olimpiyaçıları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə, musiqi sədaları altında qarşılamışlar.

XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 10 medal qazanmışlar. Sərbəst güləşçilər Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Yunan-Roma güləşçiləri Rövşən Bayramov (55 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) gümüş, yunan-Roma güləşçisi Emin Əhmədov (74 kq), sərbəst güləşçi Xetaq Qazyumov (96 kq), qadın güləşçi Yuliya Ratkeviç (55 kq), boksçular Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və ağır atlet Valentin Xristov (56 kq) bürünc medallar qazanmışlar.

Azərbaycanın olimpiya yığması bu göstərici ilə 205 ölkə arasında 30-cu olmuşdur. Millimiz Avropa ölkələri arasında 15-ci, MDB dövlətləri arasında 5-ci yerdə qərarlaşmışdır. Ölkəmiz türkdilli dövlətlər arasında yalnız Qazaxıstandan geri qalır.

Ölkəmizdə idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropadünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi dəstək verməsi, onları ruhlandırması da vacib məqamlardandır.

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünyaAvropa çempionatları keçirilmişdir. Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir.

İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyevin idmançılarımızdan gözlədiyi məhz qalib olmaq, dövlətimizin adını ucaltmaq idi.

Qeyd edək ki, qarşılanma mərasimi Gənclər və İdman Nazirliyi tərəfindən yüksək səviyyədə təşkil olunmuşdur.

 

 

Xalq qəzeti.- 2012.- 16 avqust.- S. 3.