Milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir

 

Bizi xalq kimi qoruyub saxlayan milli-mənəvi dəyərlərimizdir, İslami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır. Əgər biz bundan sonra da ölkəmizin uğurlu inkişafını istəyiriksə, bu məsələlərə mütləq diqqət göstərilməlidir. İqtisadi islahatlar daha da sürətlə gedə bilər, ləng gedə bilər. Bu, o qədər də böyük problem yaratmaz. Ancaq əgər milli dəyərlərimizdə hər hansı bir boşluq yaranarsa, yaxud da ki, milli-mənəvi əsaslarımız zərər görərsə, onda əlbəttə, ölkə böyük çətinliklərlə üzləşər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Təşəkkül tapdığı dövrdən bugünədək xalqımız öz milli-mənəvi dəyərlərinə sadiq qalmış, bu dəyərləri hər şeydən uca tutmuşdur. Məhz bu amil Azərbaycan xalqının formalaşmasında həlledici rol oynamış, əsrlər boyu başqa dövlətlərin əsarətində yaşasaq da, öz mənliyimizi, milli mənsubiyyətimizi, dinimizi, dilimizi və adət-ənənələrimizi qoruyub saxlaya bilmişik. Bu gün hər bir azərbaycanlı milli-mənəvi, dini dəyərlərimizlə, adət-ənənələrimizlə qürur duyur.

Fəxrlə deyə bilərik ki, çoxmillətli və çoxkonfessiyalı müstəqil Azərbaycan Respublikasının şərəfli bir tarixi vardır. Bu tarixin böyük mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən, dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, dini-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətlər göstərmişdir. Qüdrətli şəxsiyyət bu sahədə özündən sonra böyük siyasi və dövlətçilik təcrübəsini miras qoymuşdur. Türk dünyasının böyük oğlu Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bu gün Azərbaycanın iqtisadi qüdrətinin, mədəni intibahının və beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi üçün böyük işlər görür. Eyni zamanda, tarixi-mədəniyyət abidələrinin, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması və dini ehtiyaclarının təmin olunması - bütün bunlar Azərbaycanın dini-mənəvi mühitini əks etdirən real göstəricilərdir. Bütün bunlar bir daha təsdiq edir ki, bu gün öz tarixinin silinməz möhtəşəm səhifələrindən birini yazan müstəqil Azərbaycan müxtəlif xalqların, millətlərin və din xadimlərinin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olmuşdur.

Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim ölkədən də yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir.

Bu günlərdə müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində geniş məzmunlu nitq söyləyən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərin qorunmasına və gənc nəsli əsrlərin sınağından çıxmış mənəvi, əxlaqi, dini dəyərlərimiz ruhunda tərbiyələndirməyin əhəmiyyətini vurğulayaraq demişdir: "Milli-mənəvi dəyərlərə söykənən, inkişafda olan gənc, müstəqil Azərbaycan həm iqtisadi, həm siyasi, həm də xarici siyasət sahələrində böyük uğurlara nail olmuşdur. Ancaq gələcəyimiz, gələcək inkişaf üçün milli dəyərlər daim diqqət mərkəzində olmalıdır, qorunmalıdır. Gənc nəsil milli dəyərlər əsasında tərbiyə edilməlidir, xüsusilə, indiki zəmanədə. Qloballaşan dünyada bəzi hallarda sərhədlər silinir. Bəzi hallarda ölkələr arasında sərhədlər, mənəvi sahədə sərhədlər pozulur, sərhədləri keçirlər. Buna yol vermək olmaz".

Azərbaycanda müqəddəs ziyarətgahların və məscidlərin əsaslı təmiri və yenidən qurulması möhtərəm Prezidentimizin diqqət mərkəzində saxladığı prioritet vəzifələrdən biridir. Məhz dövlət başçımızın göstərişi və maliyyə vəsaiti ayırması hesabına Bibiheybət məscidi, Gəncə şəhərindəki İmamzadə, Mir Möhsüm ağa ziyarətgahı, Şamaxı məscidi, Əshabu-Kəhf ziyarətgahı və digər dini etiqad mərkəzləri əsaslı təmir olunaraq yenidən qurulmuşdur. Azərbaycanın din xadimləri və ibadət əhli Prezident İlham Əliyevin bu nəcib və xeyirxah əməlini yüksək dəyərləndirərək Allah-Təaladan ona cansağlığı diləyirlər.

Azərbaycan xalqının dünyaya nümunə təşkil edən ən möhtəşəm tarixi nailiyyətlərindən bir də odur ki, əsrlər boyu müxtəlif millətlərin nümayəndələri, ayrı-ayrı dinə mənsub insanlar ölkəmizdə dostluq və qardaşlıq şəraitində yaşamışlar. Bu hissin getdikcə formalaşmasında tale ümumiliyinin də böyük rolu olmuşdur. Diqqətə çatdırılmalıdır ki, bu unikal gerçəkliyin yaranmasında və güclənməsində ölkə əhalisinin əsasını təşkil edən azərbaycanlıların və İslam dininin böyük xidmətləri olmuşdur. Bu gün də milli-mənəvi dəyərlərinə sadiq olan Azərbaycan xalqı tarix boyu formalaşmış möhtəşəm ənənələrini yaşatmaqdadır. Bütün bunlara əsaslanaraq, artıq qətiyyətlə demək olar ki, 1993-cü ildən etibarən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan artıq mədəniyyətlərarası inteqrasiya və dialoq məsələsinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir.

Ölkəmiz hazırda mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu təcrübənin güclü əsasları vardır. Çünki əsrlər boyu müxtəlif dövrlərdə, müxtəlif ictimai-siyasi quruluşlar çərçivəsində Azərbaycanda bütün xalqlar dözümlülük, tolerantlıq nümayiş etdirmişlər, multikulturalizm şəraitində yaşamışlar. Dövlət başçımız demişdir: "Bu güclü zəmin üzərində ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində müstəqillik dövründə biz bu meyilləri daha da gücləndirdik. Azərbaycan bu siyasəti seçdi. Biz özünü təcridetmə siyasətini deyil, dünyaya açıq olmaq, dünya ilə bir yerdə olmaq və ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq etmək siyasətini aparmışıq. Bu gün isə biz öz həyatımızla, öz dünyagörüşümüzlə və öz praktiki addımlarımızla təcrübəmizi dünya birliyinə təqdim edirik".

Bir sıra dünya siyasətçiləri, həmçinin beynəlxalq təşkilatlar dəfələrlə bəyan etmişlər ki, Azərbaycan Şərq və Qərb arasında körpü rolunu oynayır. Ölkəmizdə Avropa dəyərləri də, islami dəyərlər də qorunur, yaşadılır. Bu mənada bir çox ekspertlər də belə hesab edirlər ki, 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilən Bakı şəhəri gələcəkdə Avropa mədəniyyətinin də paytaxtı elan edilə bilər. Təvazökarlıqdan uzaq olsa da, etiraf edək ki, ölkəmizin yerləşdiyi coğrafi məkan, dövlət səviyyəsində həyata keçirilən uğurlu siyasət, həmçinin xalqımızın tarixi keçmişi, sahib olduğu milli-mənəvi dəyərlər buna imkan verir. Çünki heç vaxt Azərbaycanda dini zəmində heç bir münaqişə və qarşıdurma olmamışdır. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, ölkəmizin inkişafı üçün fəal çalışırlar.

Tolerantlıq Azərbaycanda çox möhkəm təməllər üzərində qurulmuşdur. Təkcə dövlət başçımız deyil, Heydər Əliyev Fondu da bu sahədə çox böyük fəaliyyət göstərir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin bərpasına deyil, eləcə də digər dinlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır. Bunun növbəti əyani sübutu olaraq Bakıda dinlərarası sivilizasiyaların dialoqunun keçirilməsi, eyni zamanda Azərbaycan xalqının yüzilliklər boyu formalaşmış tolerantlıq ənənəsinin yüksək səviyyədə olmasının göstəricisidir. Bununla yanaşı fondun Fransanın Versal sarayında nümayiş etdirilən iki abidənin bərpasına maliyyə yardımı göstərməsi də yüksək qiymətləndirilib. Strasburq şəhərinin meri Rolan Ris Heydər Əliyev Fondunun beynəlxalq miqyasda böyük layihələr həyata keçirməsini humanizm və mədəniyyətlərarası dialoq baxımından böyük rolunu qeyd edib. O, fondun Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə ayırdığı maliyyə yardımını səxavətli bir jest və Azərbaycanın Avropanın mədəni irsinə verdiyi layiqli töhfə kimi qiymətləndirib. R.Ris deyib: "Azərbaycan Avropa Şurasının üzvüdür. Azərbaycan öz mədəni irsinə diqqət göstərməklə yanaşı, Avropa mədəni irsinə də diqqət və qayğı göstərir. Orta əsrlərdə xristianlığın ən yüksək kilsəsi olan Strasburq Kafedral kilsəsi də Avropa mədəni irsinin bir parçasıdır. Mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında fəal iştirak edən Heydər Əliyev Fondu beynəlxalq arenada Azərbaycanın müsbət imicinin formalaşması və təşviqinə böyük diqqət göstərir".

Müstəqil Azərbaycan Respublikası dinlərarası və millətlərarası münasibətlərin qarşılıqlı əməkdaşlıq zəminində inkişaf etdirilməsində, tənzimlənməsində dünyaya nümunə göstərir. Ancaq bununla bərabər biz dünyada da mədəniyyətlərarası dialoqun yüksək səviyyədə olmasını arzulayırıq. İstəyirik ki, dünyanın hər yerində Azərbaycanda olduğu kimi, milli, dini qarşıdurmalar olmasın. Bu mənada bizi ən çox narahat edən məsələlərdən biri də islamofobiyanın genişlənməsidir. Dövlət başçımızın qeyd etdiyi kimi, buna yol vermək olmaz. Çünki bu yanaşmanın axırı yoxdur. Bu, böyük bir qarşıdurmaya gətirib çıxara bilər. İslama qarşı əsassız ittihamlar, islamofobiya meyillərinin güclənməsi, bəzi xarici mətbu orqanlarda İslamın terrorla bərabərləşdirilməsi halları bizi çox hiddətləndirir.

İslam sülh, qardaşlıq, mərhəmət dinidir. Bəzi hallarda terrorçuya islamçı deməklə bütün dinimiz, bütün müsəlman aləmi təhqir olunur. İslamçı terrorist deyildir. İslamçı İslam dininə mənsub olan insandır. Digər tərəfdən terrorçunun nə milləti, nə də dini vardır. Azərbaycan nümunəsində bunu daha aydın görmək olar. Belə ki, müstəqilliyimizin ilk illərində və ondan sonrakı dövrdə erməni terrorçuları ölkəmizə qarşı 30-dan çox terror aktı törətmişlər. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olmuşdur. Biz bu terror aktlarını hər hansı bir dinlə bağlamırıq. Ona görə də burada məsuliyyət məsələləri ön planda olmalıdır. Xüsusilə, siyasətçilərin məsuliyyəti. Bəzi hallarda biganəlik məsələnin müsbət istiqamətdə deyil, mənfi istiqamətdə getməsinə gətirib çıxarır.

Bu mənada son illərdə ölkəmiz şərəfli tarixi missiyanı öz üzərinə götürərək, mədəniyyətlər və dinlərarası dialoqun təşkilinə böyük töhfələr verir. 2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi, həmin ilin noyabrında isə "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və onun başçısı İlham Əliyevin bu istiqamətdə beynəlxalq səylərin artırılmasına töhfə vermək niyyətindən irəli gəlir. Diqqətə çatdıraq ki, Bakıda keçirilən dünya dini liderlərinin sammitində 33 ölkədən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak edirdi. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışlar. Bu qədər nüfuzlu din xadimlərinin Azərbaycanda keçirilən tədbirlərə qatılmaları tarixi hadisədir. Bu, həm də Azərbaycanda dinlərarası dialoqun, dini dözümlülüyün və tolerantlığın yüksək səviyyədə olmasından xəbər verir.

Keçən il aprelin 7-9-da isə Bakıda mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu keçirilmişdir. Bu forumun keçirilməsi heç də təsadüfi deyildi - o, Azərbaycan tərəfinin təşəbbüsü ilə başlanmış və "Bakı prosesi" adlanan prosesin məntiqi nəticəsi idi. Azərbaycanda bu prosesin əsası 2008-ci ildə Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin iclasında qoyulmuşdu. Keçən il oktyabrın 10-da Bakıda, "Gülüstan" sarayında "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumunu yada saldıqda isə bir daha aydın olur ki, həqiqətən də Bakı nəinki İslam mədəniyyətinin, həmçinin Avropa mədəniyyətinin paytaxtı olmağa da ən layiqli məkandır. Çünki həmin tədbir Azərbaycanın sivilizasiyalararası dialoqun məkanına çevrildiyini növbəti dəfə sübut edir. Rusiya və Azərbaycan ziyalılarının təşəbbüsü, hər iki dövlətin rəhbərliyinin bu təşəbbüsü dəstəkləməsi nəticəsində baş tutan Bakı Birinci Beynəlxalq Humanitar Forumunun mühüm ideya istiqamətlərindən biri də millətlərarası, dinlərarası mövcud problemlərə humanitar prinsiplər baxımından yanaşılması, humanitar dəyərlərin səfərbər edilməsi yolu ilə cəmiyyətin sosial-mədəni həyatının bu amillər əsasında inkişaf modelinin müzakirəsi idi. Qloballaşan dünyada , o cümlədən müasir Avropada ksenofobiyanın, radikalizmin və ekstremizmin mövcud olduğu bir şəraitdə dini və milli dözümlülüyü ilə seçilən Azərbaycanda bu tədbirin keçirilməsi özü-özlüyündə ölkəmizin dünyaya nümunə göstərilməsinin sübutudur.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 17 avqust.- S. 3.