Bütün zamanların sənətkarı

 

Müslüm Maqomayev-70

 

Azərbaycan musiqi tarixində onun öz yeri, öz çəkisi var. Zaman keçir, illər dəyişir, amma onun sənətinə və şəxsiyyətinə tükənməz sevgi nəinki azalmır, əksinə daha da artır. Bunun nəticəsidir ki, Müslüm Maqomayev təkcə azərbaycanlı kimi yox, bəşəri bir sənətkar kimi qəbul edilir, tanınır, öyrənilir...

Avqustun 17-də onun onsuz 70 illik yubileyini qeyd edəcəyik. Hər il avqustun bu günündə zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin xatirəsi anılır. O gün sənətə və əsl sənətkara hörməti olan hər bir kəs həmin gün Fəxri Xiyabana gələrək Müslüm Maqomayevin məzarını ziyarət edir, üzərinə təzə-tər güllər düzər.

Hər bir kəsin ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yaransa da, bunu Müslüm Maqomayev kimi sənətkarlara şamil etmək olmaz. Çünki onun zamanı heç vaxt dayanmayıb. Zaman və zamansızlıq, ölümölümsüzlük daim onunla birgə addımlayır. Bu mənada Müslüm Maqomayevin yaşı əllini də, yetmişi də, yüzüçoxdan haqlayıb. Onun yaşı dünyanın yaşı qədər qədim və gəncdir. Qədimdir ən azı ona görə ki, onu dinlədikcə kamilləşirsən, müdrikləşirsən, gəncdir ona görə ki, ona qulaq asdıqca dünyaya gəlişinə, varlığına içindən bir şükranlıq keçir, təravətini, cavanlığını qorumaq, zamanı saxlamaq istəyirsən. Bütün bunlar bir daha göstərir ki, qalibiyyət yalnız və yalnız Tanrı istedadını öz zəhməti sayəsində cilalamağı bacaranlara məxsusdur. Əbədiyaşarlığın kökündə, mayasında fitri istedadla yanaşı, onu qorumağı, tanıtmağı və milyonlara sevdirməyi bacarmaq dayanır.

Yayın isti avqust günlərində dünyaya göz açan Müslüm bütün bu yer üzünə sadədən sadə, adidən adi gəldi. İkinci cahan savaşının o qanlı-qadalı illərində bütün narahatlıqlara, gərginliklərə baxmayaraq gəlişi ilə sanki, doğmalarının qəlbinə bir sakitlik, həlimlik gətirdi. Hamı kimi o da müharibənin ağrısını-acısını daddı, doğma, əziz atasını itirdi. Amma özünü itirmədi, hər addımda, hər yerdə özü olmağı bacardı.

Azərbaycanın görkəmli operaestrada müğənnisi Müslüm Maqomayev 1942-ci il Bakı şəhərində anadan olmuşdur. Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanmışdır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıtmışdır. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc etmişdi. M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət OperaBalet Teatrının solisti olmuş, "La Skala" Milan teatrında təcrübə keçmişdir. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlamışdır.

1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Bütün bunlara görə ona 31 yaşında SSRİ xalq artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var. Böyük müğənni həm də gözəl mahnılar müəllifidir. Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilmişdir.

Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin gözəl tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirmişdir.

Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynamışdır. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olmuşdur.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.

Dünyanı fəth edən bariton Müslüm Maqomayevin ölümündən dörd il ötsə də, onun əziz xatirəsi unudulmur. Zəmanəmizin musiqi aləminin ən parlaq ulduzlarından olan Müslümlə bağlı xatirələr Azərbaycan xalqının qəlbində özünə əbədi yuva salmışdır.

Görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır.

Sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafı və təbliği işinə mühüm töhfələr vermiş Müslüm Maqomayevin 70 illik yubileyinin keçirilməsini ilə bağlı müvafiq qurumlara tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılmışdır.

Mədəniyyət və Turizm Nazirliyində artıq sözügedən plan hazırlanmış və sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır. Bu qəbildən olan ilk tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 24-də Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramı - Qəbələ IV Beynəlxalq Musiqi Festivalında baş tutmuşdur. "Qafqaz Resorte" otelinin kamera zalında keçirilən musiqi bayramının ilk konserti SSRİ xalq artisti, dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin 70 illik yubileyinə həsr edilmişdir.

Sənətkarın ömür-gün yoldaşı SSRİ xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyir: "Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçmişdir. Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi. Ad günündə onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidirikinci belə bir sənətkar dünyaya gəlməyəcəkdir".

Bizonun haqqında ürəyimizdən keçən sözlərdən bir neçəsini bu yubiley günündə dilə gətirdik ki, ölməz sənətkarımızın ruhu şad olsun.

Artıq 17 avqust Azərbaycan təqvimində xüsusi bir gün kimi qeyd olunmaqdadır. Bu günü tarixə çevirmiş böyük sənətkarımız Müslüm Maqomayev bütün zamanların sənətkarı olmaqla yanaşı, həm də təqvimləşmiş, musiqi tariximizin yaddaşında əbədiyaşarlıq qazanmış simalardandır. Ona görə də tarix hər zaman canlıdır, elə onun kimi.

 

 

Abdulla SUVAR

 

Xalq qəzeti.- 2012.- 17 avqust.- S. 4.