"Təhsil" RİM-in Sumqayıt filialının təmsilçiləri yeni zirvəyə doğru

 

İdman ölkəsi kimi tanınan Azərbaycanda uşaq idmanının inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkədə idmanın müasir maddi-texniki bazasının qurulması, uşaq və yeniyetmələrin daha geniş surətdə idmana cəlb edilməsi üçün görülən işlər öz bəhrəsini verməkdədir. Uşaq idmanının inkişafında uşaq gənclər idman məktəblərinin rolu danılmazdır.

"Təhsil" Respublika İdman Mərkəzinin ("Təhsil" RİM) Sumqayıt filialı bu sahənin inkişafına öz töhfələrini verən idman ocağı kimi tanınır. Şahin İmranov, Niyaməddin Paşayev, Fuad Aslanov, Elnur Aslanov, Elxan Süleymanov, Zeynəb Məmmədyarova kimi Olimpiya oyunlarının, dünya, Avropa çempionatlarının iştirakçı və mükafatçıları olan bu idmançıların vaxtilə müxtəlif növlərin sirlərinə yiyələndikləri idman ocağında bu günperspektivli atletlər yetişir.

Filialda ağırlıqqaldırma, boks, yunan-Roma güləşi, sərbəst güləş, taekvondo, cüdo, sambo, idman gimnastikası, futbol, voleybol, stolüstü tennis, otüstü hokkey növləri üzrə 75 məşqçi-müəllim çalışır. Bu idman növləri üzrə 165 qrupda 2091 uşaq, yeniyetmə və gənc məşğul olur. Ötən il ərzində filialda fəaliyyət göstərən növlər üzrə 29 daxili yarış keçirilib, idman ocağının təmsilçiləri 140-a yaxın müxtəlif səviyyəli yarışlarda çıxış ediblər. Ümumi statistikaya nəzər salsaq, ötən tədris ilində "Təhsil" RİM-in Sumqayıt filialının yetirmələrinin əldə etdikləri nailiyyətlərin ürəkaçan olduğunu görərik. Belə ki, qurumun təmsilçiləri Avropadünya çempionatları, kubok və birinciliklərində 10, beynəlxalq turnirlərdə 15, "Təhsil" RİM-in çempionat və birinciliklərində 65, respublika turnirlərində 115, ölkə çempionatları, kubok və birinciliklərində 89, Yeniyetmələrin VIII Respublika Oyunlarında 22, Sumqayıt şəhər çempionatları və birinciliklərində 200 medal qazanmışlar. Ayrı-ayrı növlər üzrə idmançılar üçün səmərəli məşqlərin təşkili məqsədi ilə "Alüminiumçu" idman zalı, "Həmid" idman kompleksi, "Terim" idman kompleksi, Taekvondo Federasiyasının idman zalı, 1 və 2 saylı UGİM, 10 saylı peşə liseyi, Sumqayıt şəhər stadionu və şəhərin orta məktəblərinin idman bazalarından istifadə edilir. "Təhsil" RİM-in Sumqayıt filialının direktoru Bilal Məmmədov ölkəmizdə idmanın kütləviləşməsi, geniş təbliğ olunması ilə bağlı görülən işlər nəticəsində bədən tərbiyəsi və idmanın yüksək səviyyədə inkişaf etdiyini bildirdi və qeyd etdi ki, idman məktəbləri də öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. "Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da sürətli inkişaf baş verdi. Ucqar bölgələrimizdə belə uşaq və yeniyetmələrin yüksək səviyyədə idmanla məşğul olmaları üçün şərait yaradılır. Müasir standartlara cavab verən olimpiya idman kompleksləri, stadionlar, müxtəlif təyinatlı idman qurğuları yetişməkdə olan gənc nəslin sağlam böyüməsi, gənclərin öz asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl bir vasitəyə çevrilib. Avropa standartlarına cavab verən idman qurğularında uşaq və yeniyetmələr idmanın sirlərinə yiyələnməklə yanaşı, həm də fiziki və mənəvi cəhətdən sağlamlıqlarının qeydinə qalırlar. Sevindirici haldır ki, idman bölmələrinə uşaqların axını getdikcə güclənir. Uşaqların hərtərəfli inkişafında, vətənpərvər ruhda tərbiyəsində mühüm vasitə olan idmana Sumqayıtda da böyük diqqət və qayğı var. "Təhsil" RİM-in Sumqayıt filialında müxtəlif idman növləri ilə məşğul olan uşaq və yeniyetmələrin gələcəkdə peşəkar idmançı kimi yetişməsi üçün tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, yetirmələrimizin sorağı dünya arenalarında keçirilən mötəbər yarışlardan gəlir", - deyə Bilal müəllim əlavə etdi.

Ötən illər olduğu kimi son tədris iliidman ocağının yetirmələri üçün uğurlu olub. Filialın yetirmələri müxtəlif növlərdə böyük nailiyyətlər əldə ediblər. Buna döyüş növlərində qazanılan uğurları misal çəkmək olar. İstedadlı cüdoçu Vüqar Şirinli kişilər arasında keçirilən dünya kubokunda qızıl, 23 yaşlılar arasında Avropa birinciliyində bürünc medal qazanıb. Daha bir cüdoçu Elnur Abbasov Çexiya, AlmaniyaAvstriyada keçirilən yeniyetmələrin qitə kuboklarında qızıl, Monteneqrodo təşkil edilən analoji yarışda bürünc medal qazanıb. Yunanıstanda keçirilən gənclərin Avropa kubokunda Mehman Sadıqov qızıl, Almaniyada təşkil edilən yeniyetmələrin Avropa kubokunda Rüfət Tağızadə bürünc medala yiyələniblər.

Ankara şəhərində yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 1 qızıl, 2 gümüş, H.Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq yarışda 2 qızıl, Sankt-Peterburqda yeniyetmələrin XVII ənənəvi beynəlxalq festivalında 1 bürünc, Bakı şəhərində keçirilən Qran-pri turnirində 1 gümüş medal əldə edilib.

İdman ocağının boksçularının əldə etdikləri nailiyyətlər də təqdirəlayiqdir. Masallı şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə Heydər Heydərov bütün rəqiblərini üstələyərək birinci yeri tutub. Rəhman Şıxəliyev, Sərxan Babayev, Nəsir Niyazlı, Fərid və Ramal Quliyevlər Azərbaycan çempionatı və birinciliklərində mükafatalayiq yerlər qazanıblar. Qurumun ağırlıqqaldıranları da il ərzində ölkədaxili yarışlarda uğurlu nəticələr əldə ediblər. Soltan İbrahimov kişilər arasında keçirilən ölkə çempionatında gümüş, gənclərdə isə qızıl medal qazanıb. Məktəbin samboçusu Ceyhun Babakişiyev Rumıniyanın Buxarest şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyində gümüş medala layiq görülüb. Ümumiyyətlə, bu idman növü üzrə Azərbaycan çempionatı və birinciliklərində çoxlu medallar əldə edilib (yeniyetmələr arasında keçirilən birincilikdə 1 qızıl, 2 bürünc, gənclərdə 2 gümüş, böyüklər arasında isə 1 qızıl, 1 bürünc medal). Azərbaycan kubokunda sambo üzrə kişilər arasında Səbuhi Mürsəlov, Nizami Məmmədov, Əfqan Abdullayev, gənclər arasında Fəqan Eminoğlu, yeniyetmələrdə isə Ceyhun Babakişiyev medal qazanıblar. Ölkəmizdə geniş yayılmış idman növlərindən biri güləşin inkişafı və növ üzrə perspektivli idmançıların yetişdirilməsi idman ocağında da diqqət mərkəzindədir. Ölkədaxili, eləcə də beynəlxalq arenalarda təşkil edilən yarışlarda qurumun güləşçiləri uğurla çıxış edirlər. Dağıstanın Mahaçqala şəhərində yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə filialın yunan-Roma güləşçiləri Azər Muxtarlı, Zülfüqar Əliyev qızıl, İsmayıl Paşayev bürünc medala sahib olublar. Vilayət Qəhrəmanlı, Elnur İsmayılov, Ceyhun Bayramov, Elsevər Əhmədli, Azər Nəsibli yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı və birinciliklərində uğurla çıxış edərək, mükafatalayiq yerlər tutublar. Bakıda sərbəst güləş üzrə keçirilmiş beynəlxalq turnirdə isə filialın yetirməsi Elşən Alxanov bürünc medala yiyələnib. Sərbəst güləşçilər Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq respublika turnirində 1 gümüş, Dövlət Bayrağı Gününə həsr olunmuş turnirdə 4 qızıl, 3 gümüş, 3 bürünc medal, E.Kərimovun xatirəsinə həsr olunmuş turnirdə isə 2 qızıl, 1 gümüş, 1 bürünc medal aktivlərinə yazdırıblar. Böyüklər arasında keçirilən Azərbaycan çempionatında idman ocağının taekvondoçuları - Yelena Abbasova, Günel Eyvazova gümüş, gənclərdə Səməd Abdullazadə bürünc medal, yeniyetmələrin Azərbaycan birinciliyində isə məktəbin iki taekvondoçusu qızıl medal qazanıb. Ağırlıqqaldırma, stolüstü tennisidman gimnastikası üzrə də burada güclü potensiala malik atletlər yetişir. Yalnız Azərbaycan çempionatı, kuboku və birinciliklərində ötən tədris ilində qurumun stolüstü tennisçiləri 17 qızıl, 20 gümüş, 8 bürünc medal qazanmışlar. Ağırlıqqaldırma üzrə isə Soltan İbrahimov kişilər arasında ölkə çempionatında ikinci, gənclər arasında birinci yeri tutub. Yeniyetmələrin ölkə birinciliyində isə İsfəndiyar Vəliyev bürünc medal qazanıb. İdman gimnastikası üzrə təşkil edilən Azərbaycan çempionatında filialın yetirmələri 4 qızıl, 3 gümüş, 3 bürünc, ölkə birinciliyində isə bir qızıl, 2 gümüş, 3 bürünc medal qazanıblar.

Filialda komanda növlərində müxtəlif yaş dərəcələri üzrə uğurlu nəticələr əldə edilib. "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı filialda da əməli işlər görülür. Ötən tədris ilində AFFA və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən 13 və 14 yaşlı uşaqlar arasında keçirilən Azərbaycan birinciliyinin zona yarışlarında filialın komandası ikinci yeri tutması təsadüf deyil. Filialın voleybolotüstü hokkeyçiləri üçün də ötən tədris ili yaddaqalan olub. Qurumun voleybolçuları Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş respublika turnirində gümüş, Yeniyetmələrin VIII Respublika Oyunlarının finalında qızıl medal qazanıblar. İdman ocağının otüstü hokkeyçiləri isə kişilər arasında Azərbaycan çempionatının I dəstəsində və yeniyetmələr arasında ölkə birinciliyində qızıl medallar əldə ediblər.

Filialın direktoru yeni tədris ilində uşaq və yeniyetmələrin müxtəlif idman növlərinin sirlərinə daha dərindən yiyələnmələri üçün bir sıra tədbirlərin görüldüyünü diqqətə çatdırdı: "Çalışacağıq ki, yetirmələrimiz idman növlərinin sirlərinə daha dərindən yiyələnsinlər və yarışlardakı nəticələrini bir qədər də yaxşılaşdırsınlar. Buyaxınlarda başa çatmış London Olimpiadasında idmançılarımız möhtəşəm qələbə qazandılar və bir daha sübut etdilər ki, Azərbaycan idmanı yüksək səviyyədə inkişaf edib. İdman məktəbimiz də bu inkişafa öz töhfəsini vermək üçün bundan sonra da əlindən gələni edəcək".

İdman məktəbindən xoş təəssüratla ayrıldım. "Təhsil" RİM-in Sumqayıt filialının təmsilçilərinin daha uca zirvəyə doğru atdıqları addımlar yeni-yeni qələbələrdən soraq verirdi.

 

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2012.- 17 avqust.- S. 4.