Azərbaycan - Tacikistan əlaqələrinin genişlənməsi diqqət mərkəzindədir

 

Azərbaycan Respublikasının Tacikistandakı səfiri Abbasəli Həsənov avqustun 17-də Tacikistanın nəqliyyat naziri Nizom Xakimovla görüşmüşdür.

Səfir dəmiryolu işçilərinin peşə bayramı münasibətilə naziri və Tacikistanın dəmiryolu işçilərini təbrik etmişdir. Görüş zamanı Tacikistan Prezidenti Emomali Raxmonun cari ilin iyul ayında Azərbaycana rəsmi səfərinin uğurla keçdiyi vurğulanmış, ikitərəfli iqtisadi-ticarət əlaqələri müzakirə olunmuşdur.

Səfir Abbasəli Həsənov qeyd etmişdir ki, hazırda Bakı - Tbilisi - Qars dəmiryolunda intensiv tikinti işləri gedir. Layihə bu ilin sonunda başa çatdırılacaqdır. Həmçinin Tacikistan - Əfqanıstanın şimalı - Türkmənistan - Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa dəmir yolu layihəsi tam istismara verildikdə yeni strateji nəqliyyat koridoru yaranır: Asiya - Qafqaz - Avropa Tacikistan - Qırğızıstan - Çin dəmir yolunun birləşdirilməsindən sonra Çin - Qafqaz - Avropa dəhlizi yaranır və bu, regionun bütün ölkələrinin iqtisadi inkişafına böyük təkan verəcəkdir.

Görüş zamanı dövlət başçıları tərəfindən razılaşdırılmış məsələlərin əməli surətdə həyata keçirilməsi məqsədilə müvafiq tədbirlərin reallaşdırılmasının vacibliyi xüsusi diqqət mərkəzində olmuşdur. Qeyd olunmuşdur ki, Gəncə və Tacikistan alüminium zavodlarının arasında əməkdaşlığın daha səmərəli olması üçün nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinə böyük ehtiyac duyulur.

Nazir Nizom Xakimov yaxın zamanlarda danışıqlar aparmaq üçün geniştərkibli səlahiyyətli nümayəndə heyətinin Bakıya ezam olunacağını bildirmişdir.

Səfir Abbasəli Həsənov vurğulamışdır ki, bütün sahələrdə əlaqələrimizi inkişaf etirmək və ticarət dövriyyəsini artırmaq üçün birbaşa reys mütləq fəaliyyət göstərməlidir. Görüş qarşılıqlı anlaşma və səmimiyyət şəraitində keçmişdir.

 

 

Xalq qəzeti.- 2012.- 18 avqust.- S. 4.