Alimliyi xeyriyyəçiliklə birləşdirən ziyalı

 

Mən professor Qəzənfər Paşayevi keçən əsrin 60-cı illərindən tanıyıram. Ötən müddət ərzində o, ziyalı, müəllim, işgüzar insan və tədqiqatçı kimi həyatda uğurlar əldə edən həmkar, yoldaşdosta layiq hörmət qazanmışdır. Qəzənfər müəllimi ilk dəfə qocaman folklorşünas professor Məmmədhüseyn Təhmasiblə Nizami adına Ədəbiyyat İnstitutunda görmüşəm. Haqqında isə ilk dəfə mərhum alim Mirzağa Quluzadə məlumat verib: "Qəzənfər Paşayev İraqda bir neçə il tərcüməçi işləmiş və Azərbaycan bayatılarının ruhuna çox yaxın olan Kərkük xoyratlarını toplamaqla da məşğul olmuşdur. Xoyratlar bizim üçün tamamilə yeni bir şeydir".

Bir qədər sonra mətbuatda xalq şairi Rəsul Rzanın xoyratlar haqqında məqaləsini və Qəzənfər müəllimin ilk kitabına ("Kərkük bayatıları", 1968-ci il) yazdığı müqəddiməni oxudum. Aspiranturada oxuduğum o vaxtlar ərəb dilində yazıb yaratmış ədib və şairlərmizin bizə məlum olmayan irsini öyrənməklə məşğul idim. Ədəbiyyatda yeni olan hər bir hadisə və tapnıtı məni çox cəlb edirdi. Beləliklə, Q. Paşayev haqqında məndə ilkin tanışlıq yaratmaqda nüfuzlu müəllimlərimiz R.Rza, M.Quluzadə və M.Təhmasibin fikirləri böyük rol oynamışdır. Sonralar müşahidə etdim ki, o, dünyagörmüşnüfuzlu ziyalılarımızın xeyirxah əməllərindən öyrənməyə çalışır. Görkəmli alimlərimiz akademik Bəkir Nəbiyev, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Abbas Zamanov, Yaşar Qarayev, şair-alim Qasım Qasımzadə və şair-ədəbiyyatşünas-alim Ayaz Vəfalı ilə səmimi münasibətinin şahidiyəm. Tanınmış İraq-türkman şairi, ədəbiyyatşünası və ictimai xadimi Əbdüllətif Bəndəroğlu ilə qardaş-dost rəftarı məni həmişə riqqətə gətirmişdir. Bir sözlə, bu insan müəllim adını daşımağa layiq olan şəxslərdən öyrənməkdən zövq alır. Mənim qənaətimə görə o, çəkdiyi zəhmətin qədrini bildiyi üçün düşüncəsini sərf etdiyi subyektobyektin kimliyinə və mahiyyətinə ciddi diqqət verəndir. Maddi ehtiyacı yaxşı təmin olunmuş yüzlərlə imkanlı insanlardan fərqli olaraq Q.Paşayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimlərindən və elmi rəhbəri akademik Məmmədağa Şirəliyevdən əxz etdiyi biliklər və elmi vərdişləri bazasında tədqiqatçılıq və axtarışlar həvəsilə yaşayır. Əsl şagird o şəxsdir ki, müəllimlərindən bilik kəsb etməyi öyrənməklə yanaşı, həyatda yaşayış prinsiplərini, müxtəlif səviyyəli insanlarla rəftar qaydalarını, cəmiyyətin yazılmış və yazılmamış qanunlarını qəbul etmək və ya onları hansı formada özü üçün məqbul saymaq işinə yanaşma tərzini də onlardan əxz etsin. Lakin onun zəhmətkeşliyi və içindən gələn daha çox öyrənməyə marağı olmasaydı vurğuladığım diqqət nəticəsiz qalardı.

Ömrünün yetmiş beşinci ilini yaşayan Q.Paşayev hazırda ölkəmizdəki folklorşünas-ədəbiyyatşünaslar nəslinin ağsaqqallarından biridir. Filologiya elmləri doktoru, professor elmi dərəcəsi və adını almaqla yanaşı, həm də məşğul olduğu elm sahəsində nüfuzlu söz sahibidir. Q.Paşayevin folkloru toplamaq və tədqiq etmək yolunda zəhməti, çalışqanlığı, ciddiliyi, prinsipiallığı onun uğurları üçün əsas olmuşdur. Hər şeydən əvvəl, Qəzənfər müəllim Azərbaycanda öyrənilməmiş yeni bir sahənin - İraq türkmanlarının folkloruna baş vurmuşdur. Nə yaxşı ki, Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili şöbəsini bitirən, coşğun enerjiyə malik gənc Qəzənfər Allahın istəyi ilə (özünün dəfələrlə vurğuladığı kimi) tərcüməçi işləmək üçün İraqa göndərilmişdir. Əlbəttə, belə göndərişlər bizdə olmuşdur, özü də ən çox ərəb dili üzrə. Bu şəxsin daxilindəki maraq isə onun ərəb dilini öyrənməyə meylinitürkman folklorunun doğmalığına cazibəni gücləndirmişdir. O, ərəb danışıq dilini öyrənməyə nail olmuşbu təcrübəni başqaları üçün asanlaşdırmışdır. Mən 1985-1989-cu illərdə Bağdadda işlədiyim müddətdə Q.Paşayevin hazırladığı "Rusca-ərəbcə danışıq kitabı"ndan istifadə edildiyinin şahidi olmuşam. İraqda Qəzənfərin türkman folkloruna olan marağı tarixən və məkan baxımından uzaq düşmüş doğma xalqın şifahi ədəbiyyatına aid idi və gənc tədqiqatçının qəlbində bir sevdaya çevrilmişdi. Sonralar professor İraq-türkman folkloruna bağlılığını özü belə təsvir edir: "Taleyimi "Bilmirəm haralıyam, torpağım, daşım qərib" - deyən elatın - İraq türkmanlarının taleyi ilə bağladığım 1963-cü ildən bu günə qədər Kərkük folklorunun zənginliyi məni məftun etmiş, sehrləmişdir. O vaxtdan bəri bu qeyri-adi xalq müdrikliyinin əfsunu əsl məhəbbətə çevrilmişdir. Bu sevdam ölüncədi". Bu sevda dilçi mütəxəssis Qəzənfər Paşayevi folklorşünas-ədəbiyyatşünas kimi tanıtmağa qədər ucaltdı.

Orta əsrlər Şərqində ədəbiyyat elminin tarixində ədəbi tənqid və ya ədəbiyyatşünaslıqla məşğul olan alimlər bir qayda olaraq dilçi-qrammatiklər olmuşlar. Akademik İ.Y.Kraçkovski Şərq (ərəb, farstürkdilli ədəbiyyatlarda) poetik sistemindən bəhs edərkən qeyd edir ki, burada ilkin olaraq dil materialının öyrənilməsi əsas götürüldüyü üçün (söhbət ərəb poetika sistemindən gedir) dilçi filoloqlar aparıcı rol oynamışlar. Bizim ədəbiyyatşünaslığımızda da görkəmli dilçi alimlərin ədəbiyyatşünaslıq sahəsində qibtə ediləcək uğurları vardır. Mən AMEA-nın həqiqi üzvü Ağamusa Axundov, müxbir üzvlər Nizami Cəfərov, Kamal Abdulla, mərhum Aydın Məmmədovu nəzərdə tuturam. Bu baxımdan ingilis dilinin tədrisi və tədrisin təşkili ilə məşğul olan professor Q.Paşayevin folklorşünaslıq-ədəbiyyatşünaslıq fəaliyyəti çox uğurlu olmuşdur. Akademik Bəkir Nəbiyev, müxbir üzvlər Yaşar Qarayev, Nizami Cəfərov və doktor Əbdullətif Bəndəroğlunun göstərdikləri kimi, Q.Paşayev elm aləminə dilçi kimi gəlmiş, sonra isə folklor aləmində alimlik fəaliyyətini davam etdirmişdir. Müəllifi və ya tərtibçisi olduğu 40-a yaxın kitabdan 15-i folklorla bağlıdır. Bu əsərlər folklor əlaqələri, folklor janrları (dastan, bayatı, mahnı, atalar sözləri, tapmaca) toplama və tərtib kimi istiqamət və mövzuları əhatə edir. Professor Q.Paşayev şifahi xalq ədəbiyyatı ilə yanaşı, zəngin ədəbiyyat aləminə baş vurmuş və ədəbiyyatşünas kimi dəyərli işlər görmüşdür. O, ədəbiyyatımızın təbliği istiqamətində yeni nəşrlər hazırlamış, bir sıra portret kitabların müəllifi olmuşdur: Bəkir Nəbiyev, Hüseyn Arif, İsi Məlikzadə, Tofiq Bayram, Fikrət Qoca, Əlibala Hacızadə. Alimin ingilis dilindən Azərbaycan dilinə etdiyi tərcümələr onun maraq dairəsinin genişliyindən xəbər verir. Azərbaycan oxucusu Q.Paşayevin tərcüməsində Aleksandr Dümanın "Qafqaz səfəri", Sula Benetin "Necə yaşayasan, yüzü haqlayasan", Aqata Kristinin "Mavi qatarın sirri" əsərləri ilə tanış olmuşdur. O, "Nostradamusun möcüzəli aləmi" kitabını şərh edərək Azərbaycan dilində nəşr etmişdir.

Q.Paşayevin bir sıra kitabları İraqda, Türkiyədə, İranda ərəb və türk dillərində yayımlanmışdır. Onun əsərləri haqqında ölkəmizdə olduğu kimi, İraqda və Türkiyədə tanınmış alimlər Əta Tərzibaşı, Əbdüllətif Bəndəroğlu, İsa Özqan, Mahər Naqib, Sübhi Saatçı və başqaları müsbət rəylər söyləmişlər. Uzun müddətdir ki, mən professor Q.Paşayevlə bir yerdə - Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının işlərinin təşkilində əməkdaşlıq edirəm. O, şuranın sədr müavini, mən - elmi katib kimi. Bu şura ölkəmizdə ədəbiyyatşünaslıq elmi sahəsində ən mühüm ixtisaslarda elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri almaq üçün dissertasiyaların müdafiəsi keçirilən nüfuzlu şuradır. Onun tərkibində respublikamızın görkəmli alimləri cəmlənmişdir. Şuranın sədri vəzifəsini uzun müddət akademik Bəkir Nəbiyev və akademik Kamal Talıbzadə icra emişlər. Q.Paşayev şura iclaslarına sədrlik etdiyi zaman onların təqdirəlayiq cəhətlərindən öyrənərək obyektivliyi və prinsipiallığı gözləməyə çalışır. Müdafiə iclaslarında iddiaçıya və müzakirədə iştirak edənlərə lazım olan imkanı verir və müzakirənin canlı, diskussiyalı keçməsinə şərait yaradır. Yekun sözdə isə dövlətin mənafeyi nəzərə alınmaqla elmin inkişafı üçün dissertasiyaların əhəmiyyətinə xüsusi yer verməyi vurğulayır.

Professor Q.Paşayevin alimliyi işgüzarlığı, xeyriyyəçiliyi və insanlığı ilə birləşir. O, dost, yoldaş, həmkar qayğısına qalmağa həmişə vaxt tapır. Q.Paşayev sərhəd bilməyən xeyirxah əməllərilə tanınan Azərbaycan ziyalısıdır. Allahın ona qismət etdiyi imkanları zəhmətlərindən bəhrələndiyi müəllimlərinin, boya-başa çatdığı elinin, fikir və düşüncələrini bölüşdüyü, axtarış və tədqiqatlarını müzakirə etdiyi həmkarlarının, dost və yoldaşlarının qayğısına da yönəltmiş və yönəltməkdədir. Onun xeyriyyəçiliyi islam qanun-qaydalarının müəyyən etdiyi ehsanatın müxtəlif növlərini çevrəsinə alır: müəllimləri Məmmədağa Şirəliyev və Abbas Zamanovun qəbirüstünün düzəldilməsi, professor Bəhlul Abdullayevin müalicəsi ilə bağlı xərclər və s. Ərəb-islam aləmi ilə bağlı çalışmaları, xeyirxah əməlləri və elmi-ədəbi fəaliyyətinə görə professor Q.Paşayev Qafqaz Müsəlmanları İdarəsi nəzdindəki Elmi-dini şuranın yarandığı 1997-ci ildən onun üzvüdür. Folklorşünaslıqda nüfuzlu söz sahibi kimi professor Q.Paşayev bu elm sahəsində Əlaqələndirmə şurasının sədri təyin edilmişdir.

Səmərəli həyat təcrübəsi, Qərb və Şərq ziyalılığının əlamətlərini özündə birləşdirmək cəhəti, bütün şəraitlərdə obyektivlik və ədalət ölçüsünü, müdrikliyi gözləmək istəyi Q.Paşayevi ağsaqqallığa doğru aparır. Ziyalı ağsaqqallığı elmi təfəkkür sahibinə məxsus olmaqla, mühakimə və əməlləri böyük əksəriyyət tərəfindən qəbul edilən nüfuzlu və hörmətli şəxsiyyətə yaraşır. Bu məqamda mən keçən əsrin əvvəllərində, xüsusilə Azərbaycan Ali Sovetinin iclasında xalq şairi Bəxtiyar Vahabzadənin ağsaqqallığını xatırlamaq istəyirəm. 1994-cü ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin İraqda keçirildiyi günlərdə Azərbaycanın alimləri, şair, ədib, incəsənət xadimlərindən ibarət heyətdə Qəzənfər müəllim də var idi. Məhz onun tövsiyəsilə tanınmış türkman alimi Əta Tərzibaşı ilə ziyalılarımızın tarixi görüşü baş tutdu. Səfər günlərində o çağların ab-havasından irəli gələn fikir müxtəlifliyi də bəzən özünü göstərirdi. Belə mübahisələrin birinin - xalq şairi Zəlimxan Yaqub və "meydan hərəkatçısı" Pənahın arasında yaranan fikir ayrılığının Q.Paşayevin müdriklərə məxsus müdaxiləsindən sonra arzu olunan qaydada davam etməsinin şahidiyəm.

Q.Paşayev bir ailə başçısı kimi qismətinə düşən övlad və nəvələrindən böyük zövq alır. Onun Dəclə və Fərat ellərinə bağlılığını nəzərə alaraq İraq adətləri üzrə nəsil davamçılığının simvolu olan övlad adına hörməti yada salıram. Ataanaya müraciət edildikdə oğlan övladının (oğlan olmadıqda ilk qız uşağının) adı çəkilir. Dörd qız, bir oğul atası olan Qəzənfər müəllimin ailə bağları möhkəmdir və oğlu Muradın ilk övladı babasının adını daşıyır. Bu günlərdə 75 yaşı tamam olacaq görkəmli alimə bundan sonra da gümrahlıq və yeni-yeni uğurlar arzulayıram.

 

 

İmamverdi HƏMİDOV,

AMEA Nizami adına Ədəbiyyat

İnstitutunun Qədim dövr Azərbaycan

ədəbiyyatı şöbəsinin müdiri,

filologiya elmləri doktoru

 

Xalq qəzeti.- 2012.- 18 avqust.- S. 6.