N.Nərimanov: "Heç kim güllələnməsin..."

 

Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər. İşlərlə tanış olduqdan sonra mən İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasını təyin etdim və o zaman faktiki olaraq hər şeyi idarə edən Semyon Pankratovu dəvət etdim. Mən belə bir məsələ qoydum ki, İnqilab Komitəsinin sanksiyası olmadan heç kim güllələnməsin.

Mirzə Davud Hüseynov və Əliheydər Qarayev bunun əleyhinə çıxdılar. Beləliklə, hər şey əvvəlki kimi davam edirdi... Bütün bunların müəllifi, onlardan daha ağıllı olduğu üçün A.Mikoyan sayılır. Çevriliş baş verdikdən sonra A.Mikoyan dedi: "Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə mühasirəyə alarıq ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin, o bizim təsirimiz altında olsun".

Nəriman Nərimanov "Ucqarlarda inqilabımızın tarixinə dair" (İ.V.Stalinə məktub) kitabı, səh. 17-26.

Nahardan bir az keçmiş Azərbaycan Xalq Komissarı Soveti sədri Nəriman Nərimanovun qəbuluna XI ordu siyasi idarəsinin xüsusi şöbə rəisi Semyon Pankratov gəldi. Boz üzlü qovluğu açıb böyük bir siyahını stolun üstünə qoydu. Nərimanov: "Bu nə siyahıdır?" - deyə soruşanda Pankratov dedi:

- Bunlar fəhlə və kəndli düşmənləridir, dedi. - Tanış ola bilərsiniz, hər biri dindirilib, onlardan izahat alınıb. Sübut olunub ki, bunların hamısı güllələnməlidir.

Siyahını vərəqləyən İnqilab Komitəsinin sədri təəccüblə soruşdu:

- Yoldaş xüsusi şöbə rəisi, bu 99 adamın günahı nədir?

Yerində dikələn Pankratov həyasızcasına dedi:

- Axı, mən sizə dedim ki, onlar burjuydurlar... Yoldaş Nərimanov, siz məhz kimi soruşursunuz?

- Elə Hacıbəyovu, ya da general Mehmandarovu, Şixlinskini, Xosrov bəy Sultanovu, Mahmudbəyov qardaşlarını, hansı birini deyim?..

- Generallar Müsavat vaxtı hərbi nazirliyə rəhbərlik edəndə bizə, Rusiyaya qarşı silah qaldırıblar. Hacıbəyov isə yazdığı felyetonlarında biz rusları lağa qoyub. Mənə qəzet gətirdilər, oxuyub tərcümə etdilər. Hacıbəyovun orada çoxlu məqaləsi dərc olunub. Rusiyadakı bolşevik hökumətini ələ salıb gülür. O yazır ki, Lenin hökuməti ilə keçmiş Nikolay hökuməti arasında heç bir fərq yoxdur. İkisi də bir benzin qırağıdır. Mən qəlbən rusun düşməniyəm. Türkçülüyə rəğbətim isə əbədidir. Yoldaş Nərimanov, o hətta Azərbaycanın sadiq bolşeviki Əliheydər Qarayev yoldaşı da lağa qoyur.

- Siz bilirsinizmi felyeton janrı nədir, necə yazılır? Felyeton ona görə yazılır ki, insanın qüsurunu üzünə desin, səhvi olan adamı, düz yola qaytarsın. Görünür, yoldaş Qarayevin də haradasa səhvi olub. Burda cinayət tərkibli heç nə yoxdur. Yoldaş Hacıbəyov sağlam ruhlu ziyalıdır. Mən onu yaxşı tanıyıram. O ki, qaldı generallara, onlar hərbi nazir və müavin vəzifəsinə ona görə qoyulmuşdurlar ki, Vətəni qorusunlar. Bu, onların vəzifə, vətəndaşlıq borcu idi. Onlar qaçaq-quldur deyildilər...

- Hansı Vətəni?.. Bu generallar bizim Azərbaycanda qurduğumuz bolşevik hökumətini sevmirlər. General Şıxlinski "Hansı siyasi partiyanın və ya inqilabın mənafeyini müdafiə edirsiniz?" sualına cavab verdi ki, hər bir inqilaba əks-inqilab kimi yanaşıram, heç vaxt belə şeylərə qoşulmamışam... Onun naziri Mehmandarov isə həmin suala belə cavab verdi: "Bütün ömrüm boyu mən hər cür siyasətdən uzaq olmuşam".

Nəriman Nərimanov:

- Onlar düz fikirləşir və düz də cavab veriblər, - dedi. - Ona görə ki, onlar hərbçidilər. Axı, bunu siz bilməlisiniz. Hərbçi, paqon gəzdirən şəxs heç bir cəmiyyətin, partiyanın üzvü ola bilməz. Bu barədə hərbi nizamnamədə xüsusi qeyd olunub. Mənə verilən məlumata görə siz keçmişdə hərbi dəniz qüvvələrində xidmətdə olmusunuz. Matrossunuz. Elədir?

Pankratov şəstlə:

- Bəli, - deyə cavab verdi. - Odessada xidmətdə olmuşam... Dərhal da susdu. Az qaldı desin ki, ağqvardiyaçıyam. Çünki Qırmızı orduya gələnə qədər həmişə, hər yerdə ağqvardiyaçı olmağı ilə fəxr edirdi. Ağqvardiyaçılar Rusiya ərazisindən qovulandan sonra o, fürsət tapıb bolşevik ordusuna soxulmuşdu. Bunu orduda çox az adam bilirdi.

- Semyon Andreyeviç, sizin generallar haqqında dediyiniz iradlar həqiqətdən çox ara söhbətlərinə oxşayır. Siz bilirsinizmi, iki il əvvəl Azərbaycan adlı məmləkəti daşnaklardan qoruyan elə bu generallar olublar? Əgər ay yarım bundan əvvəl gələn bolşevik hökuməti bu qədər ziyalının və hərbçinin qətlinə fərman verirsə, özü də dəlilsiz-sübutsuz, onda bizim fəhlə-kəndli hökuməti xalqın məhəbbətini necə qazana bilər? Məlum olur ki, mən Azərbaycana gələnə qədər də xeyli adamı güllələmisiniz. Ona görə də mən məsələ qaldırdım ki, İnqilab Komitəsinin sanksiyası olmadan heç kim güllələnməsin.

- Onda Azərbaycanda bolşevik hökumətini qurmaq çox çətin olacaq, yoldaş Nərimanov.

- Biz Sovet hökumətini qanla, silahla yox, təbliğatla, xalqa yeni hökumətin nüfuzunu başa salmaqla qura bilərik. Respublikada elə bir vəziyyət yaratmalıyıq ki, hakimiyyət süngü ilə deyil, kütlələrin şüurluğu ilə müdafiə olunsun. Sizdən soruşuram, mən rayonlarda səfərdə olanda on iki Azərbaycan generalını və hərbçilərini nəyə görə, hansı əsasla güllələmisiniz?!

- Yoldaş Nərimanov, mən onları özbaşıma güllələməmişəm. Bu generallar yoldaş Orconikidze və yoldaş Mikoyanın əmri ilə güllələnib. Sanksiyanı da onlar verib. Mən əmri yerinə yetirmişəm.

- Bu yersiz qətlləri törətməklə siz fəhlə və kəndlinin də ürəyinə qorxu xofu salırsınız. Ona görə də fürsət tapan kimi ziyalılarımız qaçıb İrana, Türkiyə və Almaniyaya mühacirətə gedirlər. Bəs biz kimlərlə işləyəcəyik?.. Təkcə Gəncə üsyanının deyil, Zaqatala, Qarabağ, Tərtər və Dəvəçi üsyanlarının ölkəni ağzına almasının səbəblərini də burda axtarmaq lazımdır. Bakıda oturub qiymətli oğulları həbs etməkdənsə, qəzalara gedib camaatın dərd-sərinə əncam lazımdır.

Nərimanov masanın üstündəki qovluqlardan birini açıb iki gün əvvəl aldığı məktubu çıxartdı.

- Semyon Aleksandroviç, - dedi, - onsuz da sizi çağırtdıracaqdım, yaxşı oldu özünüz gəldiniz. Bu günlərdə siz və işçiləriniz Təzəpir məscidi yanında yaşayan tacir Hacı Qədirin evində olmusunuz?

- Bəli, - deyə Pankratov cavab verdi.

- Hacının mənzilinə getməkdə məqsədiniz nə idi?

- Əvvəla, mən oraya öz işçilərimlə getməmişdim. Bakı Komitəsinin katibi Sərkis Danilyanın və Qarayev yoldaşın mənə qoşduğu adamlarla getmişdim. Yeddi-səkkiz nəfər idik. Danilyan yoldaş bizə tapşırıq vermişdi ki, Hacı Qədirin və o ərazidə yaşayan Müsavat dövründə vəzifədə olan varlı adamların evində nə varsa hamısını gətirin. Danilyan bizə varlı adamların siyahısını da vermişdi.

Nərimanov Hacının məktubunu Pankratova göstərib dedi:

- Hacı Qədir mənə göndərdiyi məktubda onun təhqir və qarət olunduğunu yazır.

- Bizə demişdilər ki, onun çoxlu qızılı var. Əvvəlcə Hacı boynuna almadı, qızılım-zadım yoxdu, - dedi, - kasıb adamam. Onda evi axtarmalı olduq. Aynabəndin döşəməsində ağzı təzəcə sementlənmiş quyu aşkar etdik. Hacı müqavimət göstərmək istədi. Nikolay Unanyan silahı göstərib, kənara çəkilməsini əmr etdi. Quyudan böyük bir küp çıxdı. Onun içində 22 pud zinət şeyləri, on pud qızıl və gümüş pullar, həmçinin çoxlu brilyant və qiymətli daş-qaş vardı.

- Hamısını götürdünüz?

- Bəli, üstəlik də on yeddi iri ölçülü xalçanı da alıb gətirdik.

- Bu məktubda göstərilir ki, sizin dəstə həmin gün Təzəpir məscidi ərazisindəki əhalidən dörd min xalı-xalça götürüb.

- Doğrudur, o xalçaların hamısı da valyutaya gedən mallardır.

Nərimanov hirslə:

- Sizcə, bu soyğunçuluq və qarət deyilmi? - dedi. - Belə məlum olur ki, Qırmızı ordunun "Talan həftəsi" hələ də davam edir. Müsadirə olunan bu qiymətli mallar indi haradadır, maraqlanmısınızmı, xüsusi şöbə rəisi?..

- Xeyr, maraqlanmamışam. Biz o əşyaların hamısını sənədləşdirib Sərkis Danilyan yoldaşa təhvil verdik.

- Amma mən maraqlanmışam. O xalı-xalçalar, o zinət şeyləri vaqonlara yüklənib Moskva və İrəvana göndərilib. Azərbaycan xalqının qiymətli sərvətini respublikadan çıxarmağa heç kimin ixtiyarı yoxdur. Belə biabırçılıqlara son qoymaqdansa siz həbslərlə, güllələnmələrlə məşğul olursunuz.

Pankratov dinmədi. Müqəvva kimi susub, heç bir əsaslı cavab verə bilmədi.

Nərimanov onun pörtmüş sifətinə, bulanıq gözlərinə diqqətlə baxdı. Ona bir şey başa sala bildiyini az qala üz-gözündən oxumaq istədi. Amma o canilərə məxsus küt sifətdə rəhm görmədi. Ona görə də nifrətlə:

- Yaxşı, - dedi, - gedə bilərsiniz. Qoyun siyahı qalsın. Bir daha baxıb tanış olaram.

Semyon Pankratov gedən kimi Nərimanov köməkçisi Nurməmməd Şahsuvarovu (1881-1958) yanına çağırıb belə bir sərəncam verdi:

- Bu namərd əqidə dostlarının yanına çatmamış mənim adımdan həbsxana rəisinə bir əmr hazırla. Qoy 99 nəfərin hamısını azadlığa buraxsın. Məni həbsxana rəisi ilə telefonla calaşdır. Həbs olunanlardan general Səməd bəy Mehmandarovu və general Əliağa Şıxlinskini mənim yanıma gətirsinlər. Pankratova da xəbər verin ki, hər iki generalın dindirilmə protokollarını götürüb gəlsin.

 

* * *

 

Bir xeyli sonra sənədlərlə qayıdan Pankratovu Nərimanov dərhal qəbul etmədi. Köməkçisinə dedi:

- Protokolları və sənədləri ondan al gətir, qoy özü hələ gözləsin, bir azdan çağıraram.

Generalların hər biri haqqında on beş-iyirmi səhifəlik "Həbs vərəqəsi" tərtib olunmuşdu. Bir neçə rus və erməni bolşeviki dindirilmədə onların əleyhinə ifadələr vermişdilər. Nərimanov 717 nömrəli protokolu açıb oxuyanda donub qaldı. Buradakı azərbaycanlı rotmistrinin imzası ona daha ağır təsir etdi. Təəssüf hissilə başını yırğalayıb öz-özünə dedi: "Ay namərd İlyas bəy, kimi kimə satırsan? Vaxtilə adı, sanı ilə rus ordusunda şöhrət tapmış dindaşın olan sərkərdələrimizimi? Anam Həlimə haqlı deyərdi ki, oğul, hər çiy süd əmənə inanma, insanın naxələfliyi onun bəy və ya rəiyyət olmasına dəlalət eləmir. "Kotanı bərkdə, igidi yaman gündə sınarlar" - deyib babalar.

Bu dindirənlərin A.Qubin, Boris Qluxaryev, Semyon Pankratov olmalarını başa düşürəm. Bəs səni - ziyalı nəslin bəy balasını, rotmistri necə anlayaq. Ay namərd, gör nə ifadə vermisən:

"General Səməd bəy Mehmandarov nazir olanda fəhlə və kəndliyə düşmən gözü ilə baxırdı. O, Müsavat hökumətinin bu vəzifəyə təyin etdiyi əlaltısı idi. General Əliağa Şıxlinskinin isə Denikin ordusuna rəğbəti vardı".

İki saatdan çox sənədlərlə tanış olan Nərimanov heç kəsi qəbul etmədi. Xeyli fikirli dayanıb daş kimi hərəkətsiz qaldı. Otaqda sükutu yalnız divar saatının aramsız tıqqıltısı pozurdu. Qəlbinə dolan kəskin nifrət duyğusu ilə qarşısındakı sənədlərə indi ötəri baxırdı. Çox sevdiyi general eloğullarının əleyhinə yazılmış qarayaxma sətirlər gözlərini yandırırdı. Bayaqdan yarıaçıq qapıda dayanan köməkçi Nurməmməd məhəbbətlə ona baxırdı. Qayğıkeşliklə:

- Narahat oldum, yoldaş Nərimanov, - dedi, - yorulmadınız?..

Sədr köməkçisinin sualını cavabsız qoyub:

- Burax, gəlsin, - dedi, - onu...

İçəri girən Pankratov çox bikef idi. Hiss olunurdu ki, sədrin onu bu qədər gözlətməyi xətrinə dəymişdi.

Yoldaş Pankratov, mən sizin və Qubin familiyalı işçinizin dindirilmə protokolları ilə tanış oldum. Dəqiqlik naminə sizdən bəzi faktları bilmək istərdim. Bax, elə götürək general Əliağa Şıxlinski barədə yazılanları. Siz burada göstərirsiniz ki, Əliağa Şıxlinski ağqvardiyaçı general Denikinlə əlaqə yaradıb, Qırmızı ordunun məğlubiyyətinə sevinib və Qırmızı orduya qarşı hərbi qüvvələri indi də səfərbər edir. Bu faktlar hardandır və nə dərəcədə doğrudur?

- Bu faktları bizə agentimiz verib.

- Axı, burada agentin yox, xüsusi şöbənin böyük hərbi müstəntiqi Qubinin imzası qoyulub. Siz bu sənədi oxumusunuzmu?

- Yox, oxumamışam.

- Bəs dindirilmə protokolunun üstündə sizin dərkənarınız var. "Həbs olunsun və cəzalandırılsın?" yazmısınız.

- Mən əməkdaşlarıma özüm qədər inanıram.

- Necə inanırsınız ki, protokolu oxumadan az qala ölüm hökmünə qol çəkirsiniz. Görkəmli generalın taleyinə belə etinasız yanaşmaq nə dərəcədə doğrudur?

- İşimin çoxluğundan vaxt tapıb oxuya bilməmişəm.

- Onda mən oxuyum, siz də eşidin. "Tamamilə məxfidir". Tam artilleriya generalı, hazırda Azərbaycan Sovet Sosialist Respublikasının Hərbi-Dəniz Komissarının müavini Əliağa Şıxlinski təqsirli bilinir:

1. Ondan ötrü ki, 1917-18-ci illərdə Əliağa Şıxlinski hərbi hissələr təşkil etmiş və Sovet hökumətinə qarşı ən fəal iştirakçı olmuşdur.

2. 1920-ci ildə Qızıl ordu əleyhinə Azərbaycandakı bütün hərbi qüvvələri səfərbər etmişdir. 27 aprel çevrilişindən sonra Gəncəyə qaçmağa imkan tapmamışdır.

3. Fürsətdən istifadə edərək Hərbi-Dəniz Komissarının etibarını qazanmış və onun müavini olmuşdur. Bu vəzifədə olarkən fəhlə-kəndli hökumətinin Gəncədə və Gürcüstanda olan düşmənləri ilə gizli əlaqə saxlamışdır.

4. Sovet hökumətinə rəğbəti olan Azərbaycan zabitlərinin hamısını həbs etdirmişdir.

5. Azərbaycanda Sovet hökumətinin qələbəsindən sonra Könüllü Denikin ordusu ilə əlaqələri haqqında çox mühüm sənədləri mayın 15-17-də məhv etmişdir.

6. Mayın 25-də Gəncədə olan üsyan haqqında onun xəbəri olmuş və təşkilatçıları ilə əlaqə yaratmışdır.

 

(ardı var)

 

 

Şəmistan NƏZİRLİ,

yazıçı-publisist

 

Xalq qəzeti.- 2012.- 19 avqust.- S. 4.