ASAIF ötən iki ildə gənclərin inamını qazanmağa müvəffəq olmuşdur

 

Ötən iki ildə biz gənclərin inamını qazanmağa müvəffəq olmuşuq. Sürətlə artan sıralarımızda tələbələr özlərini bir ailənin üzvləri kimi hiss edirlər.

Bu sözləri Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) sabiq sədri Orxan Əkbərov AzərTAc-a müsahibəsində demişdir.

ASAIF-in iki il əvvəl rəsmi qeydiyyatdan keçdiyini xatırladan sabiq sədr ötən müddətdə hərtərəfli və bacarıqlı komandanın formalaşdığını diqqətə çatdırmışdır. İlk illər qurumun əhatə dairəsinə 12 ölkə daxil idisə, bugünkü forumda 44 ölkədə təhsil alan tələbələr iştirak edirlər. Ötən dövrdə biz gənclərlə dövlət arasında körpü yaratmağa nail olduq. Tələbələrin problemlərinin həlli istiqamətində həyata keçirmiş layihələrlə onlara yardımçı olmuşuq. Bugünkü forumu keçirməklə gənclərin vahid çətir altında şəbəkələşməsinə nail olduq. Bütün bunlar bizi daha inamlı addımlar atmağa həvəsləndirir.

O.Əkbərov bildirmişdir ki, quruma rəhbərlik etdiyi dövrdə ASAIF-in ən yaddaqalan və möhtəşəm tədbirlərindən biri bu il fevralın 26-da Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı İstanbulun Taksim meydanında keçirilən aksiya olmuşdur. Biz qarşımıza məqsəd qoymuşuq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər keçirdiyimiz bütün forumlarda bu məsələni gündəmə gətirəcəyik və bu mövzu azərbaycanlı gənclərin diqqət mərkəzində saxlanılacaqdır. X Beynəlxalq Bakı Forumu çərçivəsində keçirilən birinci panelin mövzusu da "Azərbaycanlı gənclərin ölkədən kənarda lobbiçilik fəaliyyəti; Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasının yeni metodları" olmuşdur. Biz ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylə çalışacağıq.

 

 

Xalq qəzeti.- 2012.- 23 avqust.- S. 3.