Yardımlı: dağlar gəl-gəl deyir qonağa burda...

 

Uşaqlıq xatirələrimin əlvan səhifələri Yardımlı ilə bağlıdır. Yay aylarında atam bizi kəndə aparanda sevinərdik. Təkdam şəlaləsinin buz kimi suyunda yuyunar, Viləş çayından balıq tutar, vadidə daş-daş oynayıb top qovar, ağac "ürgə"ləri yalaşağı səyirdərdik. Evdə qocaların namaz qılmasını təqlid etməyimizi, səhərlər bülbüllərin, gecələr isaq-musaq quşlarının səsinə qulaq asmağımızı həsrətlə xatırlayıram. Yardımlı mənim nəzərimdə dağlara sərilmiş, əriş-arğacı nağıl səhnələri ilə dolu qədimi bi xalçadır. Üstündən yarım əsr ösə , xatirə çeşniləri yaddaşımdan silinməyib...

İndilər Yardımlının xoş soraqları dağlar diyarına dövlət səviyyəsində göstərilən qayğının nəticəsi kimi diqqət çəkir. Bəzi özəllikləri dəyişməz qalsa da, Yardımlı daha əvvəlki gözdən-könüldən uzaq, ucqar bölgə deyil. Hüsnünə yeni naxışların vurulması fərəh doğurur.

Masallı İstisuyundan dolama yollarla üzüyuxarı, təbiətin möcüzəsi sayılan şəlaləyə doğru qalxdıqca sağda-solda sərgilənən gözəlliklər, ilahi tablolar adamı ilhama kökləyir. Dağların halayı, dərələrin vahiməli qucağı, təbii abidələrin "alın qırışları" bu yerlərin ulu tarixinin bələdçiləri, gözəlliyinin pozulmaz nişanələridir.

Ötən səfərlərimdən biri Yardımlıda millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının doğum gününə təsadüf etmişdi. Tədbirə mən qatıldım. Maraqlı çıxışları, məktəblilərin ifasında səslənən şeirlərini dinlədim. Gözəlliklərin zirvə ünvanı Yardımlı Sabir kimi çox şair yetirib, amma hələlik ən qabağa gedəni odur.

Sabir Rüstəmxanlı Hamarkənd adlı obada dünyaya gəlsə də, ömür yolu o qədər də hamar olmayıb. 1970-ci ildə çap edilmiş "Tanımaq istəsən" adlı ilk kitabıyla tanınıb. "Qan yaddaşı"nı oyadaraq "Ömür kitabını" yazıb. "Sağ ol, ana dilim" deyərək "Gəncə qapısı"ndan keçib və "Cavad xan"a doğru irəliləyib. Əsərləri bir çox dünya xalqlarının dilinə tərçümə olunub. Tədbirdə onun yazıçı xarakteri, ömür amalı, ictimai-siyasi mövqeyi barədə dəyərli fikirlər söyləndi. Bu gün "sərhədsiz ruhu" ilə türk dünyasını inamla dolaşdığı iftixarla vurğulandı.

Bəli, Yardımlının bugünkü gerçəkliklərindən biriburada tez-tez mədəni-kütləvi tədbirlərin, məşhur adamlarla görüşlərin, yaradıcılıq hesabatlarının, teatr tamaşalarının, idman yarışlarının təşkil edilməsidir. Necə deyərlər, dağlar diyarında bir mədəniyyət rüzgarı əsir...

İşlərinin çoxluğu vaxt qıtlığı yaratsa da, icra hakimiyyətinin başçısı Sevindik Hətəmov bizimlə görüşdü və Yardımlıda genişlənən abadlıq-quruculuq işlərindən konkret faktlarla danışdı. Öyrəndik ki, şəhərin girişindən başlayaraq dağların ayağında ornamentli istinad divarları hörülür, yollar genişləndirilir, suaxarları salınır, piyada səkiləri tikilir. İşlər başa çatdıqdan sonra yolun genişlənmiş sahəsinə asfalt döşənəcək. Eyni zamanda, YAP Yardımlı rayon təşkilatı üçün yeni inzibatı binanın tikintisi davam etdirilir. Statistika idarəsinin binasında tamamlama işləri aparılır, vergi terminalı isə açılışa hazırdır. Rayondakı bütün tikililər müasir tələblərə uyğun keyfiyyətlə aparılır. Prezident İlham Əliyev rayonda idmanın kütləviliyinə nail olmaq məqsədilə yeni, müasir idman kompleksinin tikintisi üçün sərəncam vermişdir. Həmçinin ümummilli lider Heydər Əliyevin adını daşıyacaq yeni parkın tikintisinə başlanıb. Şəhidlər xiyabanı abidə kompleksi yenidən qurulur. Bir neçə kənddə piyada keçidi və maşın körpüləri əsaslı təmir edilib. Telavar kəndində Milli Qəhrəman Bəhruz Mansurovun büstü qoyulub.

Əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə rayon icra hakimiyyəti və "Azərsu" ASC-nin birgə səyi ilə rayonun OdrağaranAlçabulaq kəndlərində artezian quyuları qazılıb. Viləş çayının Qaraqaya qolundan 18 kəndə su çəkilişi üzrə layihə hazırlanır. Bir neçə kənddə əhalinin ümumi istifadəsində olan bulaqlar əsaslı təmir edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü ilin sonuna qədər respublikada qazlaşdırmanın səviyyəsinin 95 faizə çatdırılmasını xüsusi tələb kimi qarşıya qoymuşdur. İndiyədək Yardımlı rayonunda şəhərətrafı 6 yaşayış məntəqəsi üzrə 1222 abonent təbii qazdan istifadə edir. Bu, ümumi tələbatın 15 faizi qədərdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində Əngövül kəndində 133 evə mavi yanacaq verilib. Eyni zamanda daha 8 kəndin qazlaşdırılmasına başlanıb. Nəqliyyat Nazirliyi tərəfindən şəhər və kənd yollarının təmiri məqsədilə müvəqqəti istifadə üçün rayona müxtəlif təyinatlı texnika ayrılıb. 44 saylı yol istismar idarəsinin də texnikalarından istifadə edilməklə 6 kilometrə yaxın şəhər yolunun, 7 kilometrlik Yardımlı-Bozayran-Bürzünbül yolunun əksər hissəsi çınqılla örtülüb. Uzunluğu 6 kilometrə yaxın Jiy-Ərsilə yolunun təmiri davam edir. Bundan əlavə, 7 kilometrlik olan Zeynələzir-Honuba yolunda torpaq işləri görülübyol genişləndirilib. Masallı-Yardımlı yolunda müəyyən təmir işləri aparılıb.

İlin əvvəlindən rayon üzrə 32,2 milyon manatlıq ümumi məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Bu müddətdə 302 min manatlıq sənaye, 8 milyon 600 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub, əhaliyə 20 milyon 441 min manatlıq ticarət, 555 min manatlıq nəqliyyat, 117 min manatlıq rabitə xidməti göstərilib. Rayonun büdcəsi hesabına 2 milyon 203 min manatlıq tikinti işləri həyata keçirilib. Bu müddət ərzində rayon üzrə orta aylıq əməkhaqqı 225 manat olub.

Sahibkarlığın inkişafına hərtərəfli dəstək verilir. Altı ayda 66 fiziki şəxs qeydiyyatdan keçib. Rayondakı sahibkarlıq subyektləri tərəfindən 31,2 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ümumi məhsulun 97 faizini təşkil edir. Rayon əhalisinin əsas hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. Rayonda mal-qaranın sayı 27 min 620 baş və davarın sayı isə 79 min 214 başdır. Altı ay müddətində 12 min 145 sentner ət 80 min 301 sentner süd istehsal olunub. Bu ilin məhsulu üçün ötən payız 2 min 872 hektar sahədə taxıl səpini aparılıb. Payızlıq bitkilərin 2662 hektarı əhali, 210 hektarı isə fermer təsərrüfatları tərəfindən əkilib. Əkinlərlə əlaqədar 1248 nəfər məhsul istehsalçısına 98 min manat yardım hesablanıb ödənilib, 1783 hektar sahədə yazlıq bitkilər əkilib. Hazırda rayonda taxıl biçini kampaniyası davam etdirilir.

Əhalinin sosial müdafiəsi daim diqqətdə saxlanır. Son 7 ildə rayon üzrə Qarabağ müharibəsi əlillərindən 19 nəfəri, şəhid ailələrindən 3 nəfəri mənzillə təmin olunub. Rayon üzrə 3712 nəfərə 661 min manat sosial müavinat və təqaüd, 7816 nəfərə 6 milyon 300 min manat əmək pensiyası ödənilib. Əmək pensiyalarının orta həddi 128 manatdır. Azərbaycan Prezidentinin imzaladığı fərmanla sovet dövründən qalmış əmanətlərin qaytarılması mütəşəkkil keçir.

Rabitə xidmətində elektronlaşma 100 faizə çatıb. Bütün kəndlərə günün 24 saatı işıq verilir. Rayona 50-yə yaxın ağac və dəmir dayaq, xeyli elektrik məftili, izolyator və digər materiallar gətirilib ki, bununla da xətt təsərrüfatı qismən yaxşılaşıb. Rayonda səkkiz ildə 3325 yeni yeri açılıb ki, bunun da yarıdan çoxu daimidir.

Dövlət Proqramına uyğun olaraq 220 yerlik Ostayır, Alçabulaq və Şəfəqli, 80 yerlik Gendərə və Gügəvar, eyni zamanda, 360 yerlik Kürəkçi məktəblərinin tikintisiÇayüzü uşaq bağçasının əsaslı təmiri davam edir. Bundan başqa, 80 yerlik Fındıqlı Qışlaq, SolğardZenqaran ibtidai, 180 yerlik Anzov, 220 yerlik Avaş və 360 yerlik Zevin orta məktəblərinin, eyni zamanda, 55 yerlik Yolocaq uşaq bağçasının tikintisinə başlanacaq. Yerli idarəetmə orqanları problemlərin həllində fəal iştirak edirlər. Yolocaq, Şıxlar, Vərov, Vərgədüz, Bozayran, Perimbel, Horavar, Telavar, Urakəran bələdiyyələri daxili imkanları hesabına 10 kilometrə yaxın kənddaxili və kəndlərarası yolda cari təmir işləri aparıblar.

Gavran kəndinin sərin bir guşəsində, çay süfrəsi arxasında söhbət etdiyim ağsaqqal Məlik kişi, tələbə yoldaşım Habil, şəhər sakini Ağamir və başqaları görülən işləri birmənalı təqdir elədilər. İnamla dedilər ki, bu gedişlə Yardımlının sabahı daha gözəl, camaatın güzəranı daha yaxşı olacaq.

Sağlıq olsun, gəlib görərik, sevinib həvəslə qələmə alarıq.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 23 avqust.- S. 6.