Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti dövlətçiliyimizin keşiyindədir

 

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları avqustun 23-də peşə bayramını qeyd edirlər. Dövlət başçılarının təhlükəsizliyini təmin edənlər sırf peşəkarlardan ibarət olur. Çünki, Prezidenti qorumaq elə dövləti qorumaq deməkdir. Tam əminliklə demək olar ki, Azərbaycan Prezidentinin mühafizəsinin təşkili etibarlı əllərdədir.

Dövlət başçısının Sərəncamı ilə avqustun 23-də peşə bayramını qeyd edən Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları da məhz bu prinsiplərə əsaslanaraq ölkədə təhlükəsizliyin qorunmasına öz töhfələrini verirlər. Əsas vəzifələri Azərbaycan Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin, həmçinin Azərbaycanda olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçmişdir. Ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradılması ilə başlayan bu yol, əslində milli dövlətçiliyimizin qorunması işinin mühüm töhfələri ilə yadda qalmışdır. 1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan mürəkkəb ictimai -siyasi vəziyyətlərdə belə mühafizə işinin yüksək peşəkarlıqla təşkil olunması Azərbaycanda bir sıra gərgin vəziyyətlərdən optimal çıxış yollarını sərgiləmişdir. Məhz o vaxtlar ölkəmizin müstəqilliyinin çətin sınaqlar qarşısında qaldığı bir dönəmdə Heydər Əliyevin əyilməz iradəsi Xüsusi Dövlət Mühafizə Xidmətinin işində də özünü göstərmişdir. Xidmətin şəxsi heyəti ulu öndərin Azərbaycan naminə həyata keçirdiyi məqsədlərə yüksək sadiqlik nümayiş etdirirdi.

Odur ki, ulu öndərin Azərbaycanın müəllifi olduğu neft-qaz kəmərlərinin də mühafizəsinin məhz bu quruma - öz peşəkarlığı ilə seçilən Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə etməsi heç də təsadüfi deyil. İndi bu işi qurumun tərkibindəki İxrac NeftQaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yerinə yetirir. Xüsusi Dövlət Mühafizə Xidməti Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz ixrac qaz boru kəmərlərinin Azərbaycandan keçən 443 kilometrlik hissəsinin mühafizəsini təşkil etməklə əslində əsrin layihəsinin qorunması işinə daha etibarlı və daha güvənli inam gətirmişdir. Odur ki, ölkə iqtisadiyyatının strateji xətti olan bu kəmərin mühafizəsində heç bir problem olmamışdır. Bakı-Supsa, Bakı-Novorosiski ixrac neft kəmərlərinin Azərbaycandan keçən hissələrinin mühafizəsinin uğurlu təşkili də məhz bu qənaətə gəlməyə imkan verir.

Xüsusi Dövlət Mühafizə Xidməti dövlət orqanları üçün operativlik və təhlükəsizlik tələblərinə cavab verən "Tetra" rabitə sistemini yaratmışdır. Bu sistem ixrac neftqaz boru kəmərləri boyunca genişləndirilmişdir. Hazırda bir çox dövlət orqanlarının operativ radiorabitə əlaqəsi bu sistem üzərində qurulmuşdur. 2010-cu ilin martında Prezident İlham Əliyevin Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin İdarəetmə Mərkəzinin açılışında iştirak etməsi də bu qurumun işinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasına səbəb olmuşdur.

Mərkəzdə dövlət orqanlarının internet informasiya resurslarının, operativlik və təhlükəsizlik tələblərinə cavab verən

"TETRA" radiorabitə sisteminin, "AzStateNet" optik DWDM şəbəkəsinin və mərkəzləşdirilmiş informasiya təminatı sisteminin avadanlığı yerləşdirilmişdir. "TİA942" standartlarına cavab verən 2 DATA mərkəzi yaradılmışdır.

Xüsusi Dövlət Mühafizə Xidmətinin həyatında daha bir əlamətdar hadisə 2011-ci ildə bu qurumun Müalicə Diaqnostika Mərkəzinin istifadəyə verilməsi olmuşdur. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın açılışında iştirak etdikləri mərkəzin tikilib istifadəyə verilməsi həm Xüsusi Dövlət Mühafizə Xidmətinin, həm də Milli Qvardiyanın əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımlardan biridir. Çünki əməkdaşların sağlamlığının qorunması, onların tibbi xidmətə olan ehtiyaclarının ödənilməsi məqsədi ilə inşa edilən bu mərkəzdə dünyanın ən müasir tibb avadanlığı quraşdırılmışdır. Yüksək peşəkarlıq mühafizə işinin əsas xüsusiyyətidir. Bununla belə müasir elmtexnikadan istifadə etmədən bu işin təşkili çox çətindir. Prezident, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim Tədris Mərkəzi dünya standartlarına uyğun, müasir hərbi kompleks olmaqla, regionda özünün xüsusi özəllikləri ilə seçilir. Burada eyni vaxtda 280 zabit və gizirlə, 180 əsgərlə hərbi təlimlər keçirilə bilər. Bu məqsədlə Təlim Tədris Mərkəzində 100 və 500 metrlik atəş meydançaları, regionda ilk dəfə inşa edilən İnteraktiv Atıcılıq Tiri yaradılmışdır. Bütün zəruri infrastrukturun yaradılması şəxsi heyətin hərbi tapşırıqları ən yüksək səviyyədə icra etməsinə şərait yaradan əsas amildir. Bu həm də Azərbaycanın hərbi qüdrətinin bariz göstəricisidir. Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının yüksək peşəkarlığı xarici dövlət başçılarının da diqqətini cəlb etmişdir.

Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu da keçmişdir. Ölkəmizin ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə şəhidlər vermişdir.

Beynəlxalq terrorizmin geniş vüsət aldığı bir vaxtda mühafizə işinin təkmilləşdirilməsi, müasir tələblərə cavab verən təlimlərin keçirilməsi, yüksək peşəkar kadrların hazırlanması əsas prinsiplərdəndir. Ölkəmizin ordu quruculuğuna töhfə verən Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək döyüş qabiliyyətinə malik heyəti də bu sırada fəallığı ilə diqqəti cəlb edir. Dövlətimizin başçısının tapşırıqlarını hər an yerinə yetirməyə qadir olan xidmətin şəxsi heyəti müstəqilliyi uca tutaraq dövlətçiliyin və xalqın seçdiyi Prezidentin etibarlı mühafizəsini özünün müqəddəs vəzifəsi hesab edir.

 

 

AzərTAc

 

Xalq qəzeti.- 2012.- 24 avqust.- S. 2.